Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-812/2025 10.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, Ərizəçi, şahidlər Şahid1 və Şahid2 iştirakları ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “05” dekabr 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək xx.xx.2000-ci il tarixdə ölmüş atası X15 və xx.xx.2022-cı il tarixdə ölmüş anası X1 miras qalmış Babək rayon Gülşənabad kəndində yerləşən miras əmlakın onun tərəfindən qəbulu faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın "Dövlət Kadastrı və Reyestri X24" tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mərhum atam X15 və mərhum anam X2 adlarına ümumi birgə hüquq əsasında Babək rayon Gülşənabad kəndində 0.1838 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 132.28 kv.m olan fərdi yaşayış evi dövlət qeydiyyatına alınmışdır. Həmin daşınmaz əmlakı qardaş və bacılarmıın razılığına əsasən öz adıma rəsmiləşdirmək istəsəm də atam və anam rəhmətə getdiyi üçün bu mümkün olmamışdır. Belə ki, atam X15 xx.xx.2000-ci il tarixdə hipertoniya 3-cü dərəcə beyin insultu xəstəliyindən, anam X9 isə xx.xx.2022-cı il tarixdə dəqiqləşdirilməmiş hipostatik pnevmaniya xəsəliyindən ölmüşlər. Mən əvvəlcə atamın, sonradan isə anamın ölümlərindən sonra onlardan qalmış miras əmlakı faktiki qəbul edərək sahiblik etmişəm. Miras əmlakının öz adıma rəsmiləşdirilməsinə hər hansısa etiraz və mübahisə yoxdur. Bununla bağlı Maraqlı şəxs1nə ərizə ilə müraciət edərək mərhum atam X10 və mərhum anam X2 ölümlərindən sonra miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəsəm də Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli, 298/2025 saylı və xx.xx.2025-cil tarixli 300/2025 saylı qərarlarına əsasən vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından vərəsəliyin açılmasından imtina edilmişdir. Bu səbəbdən də mərhum atam X15 və mərhum anam X2 ölümlərindən sonra miras qalmış əmlakın mənim tərəfindən qəbulu faktının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9 və Maraqlı şəxs10 maraqlı şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında atası X10 1999-2000-ci ildə vəfat etdiyini, ondan ev miras qaldığını, evin hazırda anası X3 adına olduğunu, anasının vəfat etdiyini, valideynlərinin birgə nikahından Maraqlı şəxs3, Sənubər Məmmədova, Zəkiyyə Məmmədova, Maraqlı şəxs5, Talıb Məmmədov və özünün dünyaya gəldiyini, bacısı Sənubərdən başqa digər bacı-qardaşlarının sağ olduğunu, Sənubərin 2008-ci ildə vəfat etdiyini və onun 4 qızı olduğunu, miras qalmış əmlakda yaşamaqla mirası qəbul etdiyini bildirib ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs4 məhkəmə iclasında verdiyi izahatında atasının 2000, anasının 2022-ci ildə vəfat etdiyini, onlardan köhnə bir evin miras qaldığını, həmin evdə qardaşı Ərizəçi ailəsi ilə birlikdə yaşadığını, miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsinə etirazı olmadığını bildirmişdir. Maraqlı şəxs5 və Maraqlı şəxs6 məhkəmə iclasında verdiyi izahatında miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsinə etirazları olmadığını bildirmişdirlər. Maraqlı şəxs10, Maraqlı şəxs7 və Maraqlı şəxs8 da anaları Sənubərin 2008-ci ildə vəfat etdiyini, onun adından nənələrindən qalmış miras əmlakı qəbul etmədiklərini, miras əmlakda dayıları Ərizəçi yaşadığını bildirib ərizənin təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçi ilə uzun müddətdir ki, yaxın qonşu olduqlarını, Rəşidin atasının Talıb, anasının Rəziyə olduğunu, onların yas mərasimlərində iştirak etdiyini, Rəşidin digər bacı və qardaşlarının hələ Talıb kişinin sağlığında ayrılıb başqa evdə yaşadığını, Sənubərin vəfat etdiyini, Talıb kişi və Rəziyənin ölümündən sonra miras əmlakda ərizəçinin yaşadığını, hazırda da orada ərizəçinin yoldaşı Sevinc və oğlu Talıbla birlikdə qaldığını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçi ilə qonşu olduqlarını, ərizəçinin anasının 4-5 il əvvəl, atasının isə çoxdan rəhmətə getdiyini, onların ölümündən sonra miras əmlakda Rəşidin yaşadığını, hazırda da orada arvadı Sevinc və oğlu Talıbla birlikdə yaşadığını bildirmişdir. Məhkəmə sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X15 və X1 ümumi mülkiyyətdə olan Babək rayonu Gülşənabad kəndində 0.1838 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 132.28 kv.m olan fərdi yaşayış evinin miras qalması, mirasın ərizəçinin atası X10 xx.xx.2000-ci ildə vəfat etməsi və anası X2 isə 5.02.2022-ci vəfat etməsi ilə açılması, onların sağ qalan birinci növbə vərəsələrinə Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Ərizəçi daxil olması, birinci növbə vərəsələrdən X5 xx.xx.2008-ci il tarixdə vəfat etməsi və miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmaması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli nikah akt qeydləri kitabından çıxarışdan X15 ilə X11 arasında xx.xx.1949-cu il tarixdə nikahın bağlanması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş V-JQ seriyalı, 337196 nömrəli xx.xx.2025-ci il tarixli ölüm akt qeydləri kitabından çıxarışdan X10 xx.xx.2000-ci il tarixdə vəfat etməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 05/09İS/109555-25 nömrəli arayışdan xx.xx.2000-ci il tarixdə vəfat etmiş X10 vərəsələrinə X11 (VƏFAT EDİB xx.xx.2022), Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 Talib oğlu, X12 (VƏFAT EDİB xx.xx.2008), Maraqlı şəxs5 və Ərizəçi daxil olması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 872970 nömrəli xx.xx.2025-ci il tarixli ölüm akt qeydləri kitabından çıxarışdan X6 xx.xx.2022-ci il tarixdə vəfat etməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 05/09İS/135587-25 nömrəli arayışdan xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 vərəsələrinə X15 (VƏFAT EDİB xx.xx.2000), Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 Talib oğlu, X12 (VƏFAT EDİB xx.xx.2008), Maraqlı şəxs5 və Ərizəçi daxil olması; - Naxçıvan rayon Cəhri kənd soveti tərəfindən verilmiş AZ seriyalı, ******* nömrəli, xx.xx.1969-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X15, anası X11 olan Maraqlı şəxs2 xx.xx.1950-ci il tarixdə doğulması, bunun doğum akt qeydləri kitabında 65 nömrə ilə qeydə alınması; - İE seriyalı, 644900 nömrəli, xx.xx.1953-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X15, anası X11 olan Maraqlı şəxs3 xx.xx.1953-cü il tarixdə doğulması, bunun doğum akt qeydləri kitabında 02 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 424904 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X15, anası X11 olan Maraqlı şəxs4 xx.xx.1957-ci il tarixdə doğulması, bunun doğum akt qeydləri kitabında 119 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, İ-İE seriyalı, 734725 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X15, anası X11 olan Məmmədova (Babayeva) Sənubər Talıb qızının xx.xx.1960-cı il tarixdə doğulması, bunun doğum akt qeydləri kitabında 61 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 331383 nömrəli xx.xx.2025-ci il tarixli ölüm akt qeydləri kitabından çıxarışdan Məmmədova (Babayeva) Sənubər Talıb qızının xx.xx.2008-ci il tarixdə vəfat etməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2026-cı il tarixli, 05/09İS/003473-26 nömrəli arayışdan xx.xx.2008-ci il tarixdə vəfat etmiş Məmmədova (Babayeva) Sənubər Talıb qızının vərəsələrinə Maraqlı şəxs6, X14 (vəfat edib xx.xx.1981), Maraqlı şəxs7, X13 (vəfat edib xx.xx.2021), Maraqlı şəxs8, Maraqlı şəxs9 və Maraqlı şəxs10 daxil olması; - xx.xx.1962-ci il tarixli, Az seriyalı, 165945 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X15, anası X11 olan Maraqlı şəxs5 xx.xx.1962-ci il tarixdə doğulması, bunun doğum akt qeydləri kitabında 195 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X15, anası X11 olan Ərizəçi xx.xx.1965-ci il tarixdə doğulması, bunun doğum akt qeydləri kitabında 109 nömrə ilə qeydə alınması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X24 tərəfindən verilən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan Babək rayonu, Gülşənabad kəndində yerləşən 0.1838 ha torpaq sahəsi və onun üzərində yerləşən 132.28 m2 fərdi yaşayış evinin X15 və X6 ümumi mülkiyyətində olması müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətlərinə cavab olaraq Maraqlı şəxs1 notariusu tərəfindən şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin mübahisəli halının həlli ilə bağlı ərizəçinın və maraqlı şəxslərin izahatlarını mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan həmin məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. İş materiallarına əlavə edilmiş: - Naxçıvan MR Babək Rayon İcra hakimiyyəti Payız kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 164 saylı arayışda Ərizəçi Babək rayonu, Gülşənabad kəndində pasport qeydiyyatında olması və həmin ünvanda yaşaması müəyyən olunur. - xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən Ərizəçi xx.xx.2000ci ildə vəfat etmiş atası X7 və xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X4 qalmış bütün mirasın qanun üzrə ona çatası hissəsini qəbul etdiyi və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyi müəyyən olunur. - 15.02.2026-cı il tarixli ərizədən Maraqlı şəxs2 atası X7 və anası X4 qalmış miras əmlakı qəbul etmədiyi, miras əmlakdan ona çatan paydan imtina etdiyi, həmin miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının tanınmasına etiraz etmədiyi müəyyən olunur. - 15.02.2026-cı il tarixli ərizədən Maraqlı şəxs9 vəfat etmiş babası X7 və nənəsi X4 qalmış miras əmlakı qəbul etmədiyi, miras əmlakdan ona çatan paydan imtina etdiyi, həmin miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının tanınmasına etiraz etmədiyi müəyyən olunur. - 29.01.2026-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən Maraqlı şəxs3 vəfat etmiş atası və anasının mülkündən ona düşən paydan imtina etdiyi aydın olur. Məhkəmə araşdırması gedişində maraqlı şəxslər ərizəyə qarşı etirazını bildirməmiş, müəyyən olunması tələb olunan faktları izahatlarında təsdiq etmişlər. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və yazılı sübutlar) əsasında müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası X15 və xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X4 miras qalan əmlakı onların ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X15 və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Babək rayonu, Gülşənabad kəndində 0.1838 ha torpaq sahəsi və onun üzərində yerləşən 132.28 m2 fərdi yaşayış evinin Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. Babək rayonu, Gülşənabad kəndində yerləşən 0.1838 ha torpaq sahəsi və onun üzərində yerləşən 132.28 m2 fərdi yaşayış evinin xx.xx.2000-ci il tarixdə vəfat etmiş X7 miras qalmış hissəsinin Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Babək rayonu, Gülşənabad kəndində yerləşən 0.1838 ha torpaq sahəsi və onun üzərində yerləşən 132.28 m2 fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış hissəsinin Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №2(079)-812/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-812/2025
10.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver