Məhkəmə qərarları › İş №2(079)-891/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-891/2025

10.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-891/2025 10.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs2, şahidlər Şahid2 və Şahid1 iştirakları ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “30” dekabr 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək mərhum anası İbrahimova (Məmmədova) Fatma Məmməd qızının vəfatından sonra ondan miras qalmış Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.2184 hektar fərdi yaşayış üçün həyətyanı torpaq sahəsindən ibarət, onun üzərində inşa edilmiş 353.03 m2 fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq qəbul edilmə faktının təsdiq edilməsi və tam payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X14 K.Əli oğlu ilə mərhum anam İbrahimova (Məmmədova) Fatma Məmməd qızı xx.xx.1948-cı ildə nikaha giriblər. X14 K.Əli oğlu xx.xx.1986-cı il tarixdə Babək rayon Nehrəm qəsəbəsində vəfat etmişdir. Anam İbrahimova (Məmmədova) Fatma Məmməd qızı isə xx.xx.2019-cu il tarixdə Babək rayon Nehrəm qəsəbəsində vəfat etmişdir. Anam İbrahimova (Məmmədova) Fatma Məmməd qızından Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.2184 hektar fərdi yaşayış üçün həyətyani torpaq sahəsindən ibarət, onun üzərində isə inşa edilmiş 353.03 m2 fərdi yaşayış evi miras olaraq qalmışdır. Məhrum İbrahimova (Məmmədova) Fatma Məmmədqulu qızının aşağıdakı vərəsələri olub: 1.X17 K.Əli oğlu : xx.xx.1986-cı il tarixdə vəfat edib; 2.Qızı Həsənova (İbrahimova) Səkinə Qurban qızı xx.xx.1957-cü il tarixdə doğulub. Qeydiyyatda olduğu ünvan: Babək rayon Nehrəm qəsəbəsi: faktiki yaşadığı ünvan: Babək rayon Nehrəm qəsəbəsi Ş/V-in seriya nömrəsi: AZE 0*******; FİN: xxxxxxx; Əlaqə nömrəsi: (077) 250-03- 26: 3.Oğlu Maraqlı şəxs3: xx.xx.1961-ci il tarixdə doğulub. Qeydiyyatda olduğu ünvan: Babək rayon Nehrəm qəsəbəsi. Faktiki yaşadığı ünvan: Babək rayon Nehrəm qəsəbəsi: Ş/V-in seriya nömrəsi: A5481967; FİN: xxxxxxx: Əlaqə nömrəsi: (060) ***-**-** 4.Oğlu X12 xx.xx.1975-ci il tarixdə vəfat edib: oğlu:xx.xx.1964-cu il tarixdə doğulub 5.Oğlu Ərizəçi:xx.xx.1967-ci il tarixdə doğulub. Yaşayır (Ərizəçi); Qeyd edim ki, anam İbrahimova (Məmmədova) Fatma Məmməd qızının vəfatından sonra Babək rayon Nehrəm qəsəbəsi ünvanında yerləşən 0.2184 hektar fərdi yaşayış üçün həyətyanı torpaq sahəsindən ibarət, onun üzərində isə inşa edilmiş 353.03 kv metr fərdi yaşayış evin mən faktiki olaraq qəbul edərək idarə etməyə başlamışam. Sözügedən torpaq sahələrində əkin-biçin, üzərində inşa edilmiş fərdi yaşayış evində isə abadlıq-quruculuq işlərin aparmışam. Belə ki, evin dam örtüyün müasir standartla uyğun olaraq dəyişmişəm, evin çöl divarlarını sementlə suvamışam, daxilin isə əsaslı təmir etmişəm. Lakin onu da qeyd etmək istəyirəm ki, mirası faktiki qəbul etsəm də, idarəçiliyə başlasam da miras hüquqlarını bu günədək Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestrində qeydiyyatına sala bilmirəm. Mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 14 noyabr 2025-ci il tarixdə Maraqlı şəxs1nə ərizə ilə müraciət etdim. Lakin Maraqlı şəxs1 19 noyabr 2025-ci il tarixli cavab məktubunda mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etdi. Onu da qeyd etmək istəyirəm ki, mərhum İbrahimova (Məmmədova) Fatma Məmməd qızının vəfat etmiş və hazırda sağ olan vərəsələri (maraqlı şəxslər) 26 dekabr 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Belə ki vərəsələr mirası vaxtında qəbul etmək maraqları olmayıb. Bu da mirasdan imtinaya səbəb olur. xx.xx.2026-cı il tarixdə Ərizəçi iddia tələbini dəqiqləşdirərək mərhum anası İbrahimova (Məmmədova) Fatma Məmməd qızının vəfatından sonra ondan miras qalmış Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.2184 hektar fərdi yaşayış üçün həyətyanı torpaq sahəsindən ibarət, onun üzərində isə inşa edilmiş 353.03 kv metr fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq qəbul edilmə faktının təsdiq edilməsi həddində baxılmasını xahiş etmiş və ərizəyə dəqiqləşdirilmiş iddia elementləri həddində baxılmışdır. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında atasının 1986-cı ildə, anası X1 isə 2019cu ildə vəfat etdiyini, valideynlərinin birgə nikahından 4 uşaq dünyaya gəldiyini, qardaşı Maraqlı şəxs3 və bacısı Səkinə İbrahimovanın sağ olduğunu, digər qardaşı Cəfərin 12 yaşında vəfat etdiyini, mirasın onun tərəfindən qəbulu ilə bağlı qardaş və bacıları arasında heç bir mübahisə olmadığını, torpaq sahəsinin bir hissəsini satmaq istədiyini bildirib ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs2 məhkəmə iclasında verdiyi izahatında miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsinə etirazı olmadığını bildirmişdir. Maraqlı şəxs3 məhkəmə iclasında verdiyi izahatında anasının 2019-cu ildə vəfat etdiyini, anasının ölümündən indiyədək miras əmlakda Ərizəçi ailəsi ilə birlikdə yaşadığını, bacısının 1973-cü ildə, özünün isə 1984-cü ildə hələ atalarının sağlığında ailə qurub həmin evdən çıxdıqlarını, miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsinə etirazı olmadığını bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçinin kredit götürdüyünü, borcu ödəyə bilmədiyindən torpaq sahəsinin bir hissəsini satmaq istədiyini, Qurbanın 1986-cı ildə vəfat etdiyini, Fatmanın ölüm vaxtını dəqiq xatırlamadığını, miras əmlakda ərizəçinin yaşadığını, təmir işləri apardığını, həyətə qulluq etdiyini, indiyə kimi də orada ərizəçinin ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçi ilə qohum olduqlarını, Fatmanın 10 ilə yaxın olar ki, vəfat etdiyini, ərizəçinin digər bacı və qardaşlarının ailə qurub getdiklərini, miras əmlakda ərizəçinin təmir işləri apardığını, abadlıq işləri gördüyünü, miras qoyanın ölümündən sonra orada ərizəçinin yaşadığını bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, İbrahimova (Məmmədova) Fatma Məmməd qızından Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.2184 hektar həyətyanı torpaq sahəsi və üzərində 353.03 m fərdi yaşayış evinin miras qalması, mirasın ərizəçinin anası İbrahimova (Məmmədova) Fatma Məmməd qızının isə xx.xx.2019-cu vəfat etməsi ilə açılması, onun sağ qalan birinci növbə vərəsələrinə Maraqlı şəxs2, Ərizəçi və Maraqlı şəxs3 daxil olması, birinci növbə vərəsələrdən X3 xx.xx.1975-ci il tarixdə vəfat etməsi və miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmaması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli nikah akt qeydləri kitabından çıxarışdan İbrahimov Qurban K.Əli oğlu X8 arasında xx.xx.1948-ci il tarixdə nikahın bağlanması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İİİ-JQ seriyalı, 341657 nömrəli xx.xx.2025-ci il tarixli ölüm akt qeydləri kitabından çıxarışdan İbrahimov Qurban K.Əli oğlunun xx.xx.1986-cı il tarixdə vəfat etməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 748547 nömrəli xx.xx.2025-ci il tarixli ölüm akt qeydləri kitabından çıxarışdan X4 xx.xx.2019-cu il tarixdə vəfat etməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 05/09İS/137046-25 nömrəli arayışdan xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsələrinə X10 (VƏFAT EDİB xx.xx.1986), Maraqlı şəxs2, Maraqlı şəxs3, X9 (VƏFAT EDİB xx.xx.1975) və Ərizəçi daxil olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 427848 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası İbrahimov Qurban K.Əli oğlu, anası X8 olan Həsənova (İbrahimova) Səkinə Qurban qızının xx.xx.1957-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 119 nömrə ilə qeydə alınması; - Naxçıvan rayonu, Nehrəm kənd soveti tərəfindən verilən xx.xx.1961-ci il tarixli, İİ-İE seriyalı, 127818 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası İbrahimov Qurban K.Əli oğlu, anası X8 olan Maraqlı şəxs3 xx.xx.1961-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 167 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 592286 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası İbrahimov Qurban K.Əli oğlu, anası İbrahimova (Məmmədova) Fatma Məmməd qızı olan X3 xx.xx.1964-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 183 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, İ-JQ seriyalı, 323863 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X3 xx.xx.1975-ci il tarixdə vəfat etməsi, bunun ölüm kitabında 60 nömrə ilə qeydə alınması; - Naxçıvan rayonu, Nehrəm kənd soveti tərəfindən verilən xx.xx.1967-ci il tarixli, Az seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası İbrahimov Qurban K.Əli oğlu, anası İbrahimova (Məmmədova) Fatma Məmməd qızı olan Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 254 nömrə ilə qeydə alınması; - xx.xx.2025-ci il tarixli, 3326 inventar nömrəli daşınmaz əmlakın texniki pasportundan Babək rayon Nehrəm qəsəbəsində yerləşən fərdi yaşayış evinin hüquq subyektinin X8 olması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X20 tərəfindən verilən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.2184 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 353.03 kv metr fərdi yaşayış evinin X4 tam mülkiyyətində olması müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Maraqlı şəxs1 notariusu tərəfindən şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin mübahisəli halının həlli ilə bağlı ərizəçinın və maraqlı şəxslərin izahatlarını mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan həmin məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Naxçıvan MR Babək Rayon İcra hakimiyyəti Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışlardan Ərizəçi Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla mərhum anası X5 məxsus Nehrəm qəsəbəsində yerləşən evdə yaşaması müəyyən olunur. Həmçinin iş materiallarına əlavə olunmuş Babək rayonu, Nehrəm Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12 nömrəli arayışdan Ərizəçi mərhum X7 məxsus həyətyanı sahədə yaşayaraq əmlak vergisini və kommunal xərcləri ödəməsi müəyyən olunur. İş materiallarına əlavə olunmuş 18049 nömrəli əhali istehlakçılarının təbii qazla təmin edilməsi, istismar və istifadə qaydaları haqqında və ******* nömrəli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilələrindən Babək rayon Nehrəm qəsəbəsindəki fərdi yaşayış evinin istehlakçısı və abonentinin Ərizəçi olduğu aydın olur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə Ərizəçi xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum anası X2 qalmış bütün mirasın qanun üzrə ona çatası hissəsini qəbul etdiyi və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyi müəyyən olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələr ilə Maraqlı şəxs2 və Maraqlı şəxs3 xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum anaları X2 qalmış və istənilən əsaslarla (irsi transmissiya, təmsilçilik və s.) onlara çatası miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirmədiklərini, miras əmlaka dair istənilən əsaslarla onlara çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmədiklərini, vərəsələr sırasına daxil edilmədən vərəsəliyin rəsmiləşdirilməsinə etiraz etmədikləri müəyyən olunur. Məhkəmə araşdırması gedişində maraqlı şəxslər ərizəyə qarşı etirazını bildirməmiş, müəyyən olunması tələb olunan faktları izahatlarında təsdiq etmişlər. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və yazılı sübutlar) əsasında müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum anası M X2 miras qalan əmlakı onun ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 miras qalmış Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.2184 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 353.03 kv metr fərdi yaşayış evinin miras əmlak olaraq Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 miras qalmış Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.2184 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 353.03 kv metr fərdi yaşayış evinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar