Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-9/2025 24.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna yaranan maneənin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “30” iyul 2024-cü ildə Babək Rayon Məhkəməsinə Cavabdeh qarşı mülkiyyət hüququna yaranan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh məxsus yaşayış evinin eni 1 metr 20 santimetr, hündürlüyü 1 metr 35 santimetr ölçülərdə olan iki pəncərəsinin öz hesabına bağlanması və 40 santimetr eni, 21 metr uzunluğunda olan hasarın sökülərək mülkiyyət hüququna yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Babək rayon, Naxışnərgiz kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə mənə məxsusdur. Qonşum Cavabdeh təmir etdiyi evin mənim həyətimə baxan hissəsində 2 ədəd pəncərə qoymuşdur. Eni 1 metr 20 sm, uzunluğu 1 metr 35 sm ölçülərdə olan 2 ədəd pəncərə mənim həyətimə düşür. 2023-cü ilin payız ayında mənim həyətimə düşən hissədən hasar çəkilmişdir. Qonşunun qaz xətti mənim hasarım boyunca çəkilib. Həmçinin kanalizasiya sistemi də qanunsuz şəkildə mənim həyətimdən çəkilib. Mən tək qadınam. Qonşum qanunsuz olaraq mənim mülkiyyət hüquqlarımı pozur və mənim dediklərimə məhəl qoymur. Mülkiyyət hüquqlarımı pozmasından əlavə davamlı şəkildə mənim şəxsiyyətimə nalayiq ifadələr işlədir. Bu məsələ ilə bağlı mən Naxçıvan Mr Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmişəm. Oradan məni Babəkin Torpaq Komitəsinə yönləndirdilər. Babəkin Torpaq Komitəsinin əməkdaşları gəldi və akt tərtib olundu. O akt da qonşum Şirxanın mənim hüquqlarımı pozmasını təsdiq edir. 06 iyun 2024-cü il tarixli aktın surəti işə əlavə olunur. Qonşumun qanunsuz tikilmiş hasarı, pəncərələri sökmək niyyəti yoxdur. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, kimsəsiz qadınam. Bir qızım var və ərə gedib. Yaşlı anamla birlikdə qalıram. Cavabdehlə torpaq sahələrimiz həmsərhəddir. Mən 27 ildir ki, ev tikmişəm. Cavabdeh evi təqribən 10 il olar ki, tikib. Cavabdehin pəncərəsi mənim həyətimə açılan otağı sonradan təqribən 6 il bundan əvvəl tikilib. Mən həmin vaxt ona etiraz etdim, lakin cavabdeh torpaq sahəsinin özünə aid olduğunu bildirib məni təhdid etdi. Bu səbəbdən də bu günədək buna səssiz qaldım. Onun evinin pəncərəsi mənim həyətimə tərəfdir. O, pəncərəni açıb siqaret çəkir. Mən bu səbəbdən həyətimdə iş görə bilmirəm. Bunu ona bildirdikdə isə məni təhqir edir. Cavabdeh hasarı tikərkən mənim həyətimə keçib. Həmin torpaq sahəsi isə mənim gediş-gəliş yolumdur. Həyətimə keçən hasarın eni 40 santimetr, uzunluğu isə 26 metdir. Cavabdeh hasarı təqribən 9 ay bundan əvvəl çəkib. Həmin vaxtdan onunla aramızda mübahisə başlayıb. Ərizəmdə qeyd etdiyim divarın və pəncərələrin ölçüsünü özüm ölçmüşəm. Cavabdeh hasarı öz həyətindən tikəcəyini bildirsə də, mən işə getdikdən sonra hasarı mənim həyətimdən çəkməyə başlamış və tamamlamışdır. Mən işdən gələn vaxt onun hasarı mənim həyətimdə tikdiyini gördüm və ondan nəyə görə hasarı mənim həyətimdən tikdiyini soruşdum. Cavabdeh isə “torpaq sənin, hasarın xərci də mənimdir” dedi. İşdən gələndə cavabdeh hasarı mənim boyum qədər hörmüşdü və sonra isə tamamladı. Hasarın uzunluğu 21 metr deyil, 26 metrdir. İddia ərizəsində hasarın uzunluğunu yanlışlıqla 21 metr olaraq qeyd etmişəm. Mən Şirxana etiraz etdiyim vaxt orada heç kim yox idi. Mən onu çağırdıqdan sonra o, hasarın digər tərəfindən mənə cavab verdi. Həmçinin ev və hasar arasında mənim həyətimə qapı qoyub. Mən isə qapını söküb zeştlə tıxdım. Şirxanın nəyə görə həyətimə qapı qoyduğunu bilmirəm. Mən bununla bağlı bir çox dövlət orqanlarına müraciət etmişəm. Bununla bağlı Ali Məclisə şikayət etmişəm. Orada isə məhkəməyə müraciət etməyimi bildirdilər. Sonra Babək Rayonu İcra Hakimiyyətinə müraciət etdim. İcra hakimi Ovni müəllim kəndin icra nümayəndəsinin çağırıb məsələni həll etməsini istədi, Şirxan isə həmin vaxt pəncərəsinin söküləcəyi halda özünü öldürəcəyini bildirdi. Bu səbəbdən də icra nümayəndəsi məhkəməyə müraciət etməyimi mənə bildirdi. Pəncərələri isə qoyan vaxt kəndin bələdiyyəsi Qəzənfər müəllim gəlib cavabdehdən pəncərələri öz həyətinə qoymağını istədi. Hasarın təməlini mən qoymamışam. Sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Mən cavabdehin ucbatından öz həyətimdə sərbəst hərəkət edə bilmirəm. İstədiyi vaxt pəncərəsini açıb mənim həyətimi izləyə bilər. Boşanmış bir qadın olaraq bunu qəbul edə biilmirəm. Hamı kimi o da pəncərəsini öz həyətinə və ya yola açmalıdır. Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirəm. Evimlə divar arasında 70 santimer məsafə var. Hasarı tikən usta Məhərrəm qardaşımla qudadır. Torpaq sahələrimiz arasında əvvəlcə çəpər var idi. Mən həyətimin aşağı hissəsində hasar tikərkən iddiaçıya torpaq sahələrimiz arasında olan çəpəri söküb yerində zeştdən hasar çəkməyi təklif etdim. Həmçinin ona çəpəri sökməsini və hasarın təməlini qazmasını, qalan xərcləri isə özümün qarşılayacağımı bildirdim. İddiaçı isə buna razı oldu və çəpəri söküb özü hasarın təməlini qoydu. Hasarı tikən usta da buna şahiddir. Sonra mən ora beton verib, hasar çəkdim. Mən bir gün ərzində hasarı tikməmişəm. Hasarın tikintisi ən az 10 gün çəkib. Hasarı 2023-cü ilin sentyabr-oktyabr aylarında tikmişəm. Hasarın eni 40 santimetrdir, uzunluğunu isə xatırlamıram. İddiaçı isə izahatında hasarı tikib qurtaran vaxt buna etiraz etdiyini bildirdi. İddiaçı hasarı tikərkən onun həyətinə beton verməyimi istədi. Mən isə qum və sementin həyətdə olduğunu, nə qədər lazımdırsa götürüb istifadə edə biləcəyini ona bildirdim. Mən hasarı borc-xərclə tikmişəm. Atamın dayısının oğlu isə iddiaçının əri olub və onu boşayıb. Bu səbəbdən də iddiaçı bizimlə prinsipə düşüb. Hansı yol ilə olursa olsun məndən qisas alacağını və şərləyib tutduracağını bildirib. Evin pəncərəsinin şüşəsi xrustaldır və onun həyəti görsənmir. Mən ona pəncərənin açılan tağlarını bağlaya biləcəyimi, belə olan halda onun həyətinin tamamilə görünməyəcəyini bildirsəm də, iddiaçı buna razı olmayıb və pəncərələri sökdürəcəyini bildirib. Mən 7-8 il olar ki, həmin otaqları tikib pəncərələri qoymuşam. İddiaçı həmin vaxt buna etiraz etməyib. Mən evin içərisini təmir etmişəm. Pəncərələri çıxarsam otaqları yenidən təmir etmək məcburiyyətində qalacağam. Evimin iddiaçıya tərəf olan hissəsində 70 santimetrlik torpaq sahəsi mənim mülkiyyətimdədir. Hasarın yanından ora getmək üçün qapı qoymuşam, həmçinin orada kanalizasiya xətləri yerləşir. İddiaçı isə həmin hissəni özününkü hesab edir. Torpaq sahələri ölçmək üçün torpaq komitəsinə müraciət etmişik və orqanın nümayəndələri gəlib torpaq sahələrini ölçüblər. İddiaçı isə mənim onlara pul verdiyimi, bu səbəbdən də mənə kömək etdiklərini bildirdi. Mən də ona özünün torpaq komitəsinin əməkdaşlarını çağırmasını təklif etmişəm. Evin 2 pəncərəsi var. Pəncərələrin eninin uzunluğuna nisbəti təqribən 1.50-2 metrdir. Pəncərələrin hər ikisinin 1 tağı açılır. Mən iddiaçıya açılan tağları bağlamağımı təklif etsəm də o, buna razı olmayıb. Ekspertin qeyd etdiyi kimi pəncərələri açsam, o zaman evin işıqlanması olmayacaq. İddiaçı pəncərələri açarkən etiraz etməyib. Nadirə Xudarverdiyeva sonradan həyətinə beton verməyimi istədi. Mən isə buna razılıq vermədiyimdən iddiaçı pəncərələrin bağlanmasını istəyir. Bütün problemlər bundan sonra başlayıb. İddiaçının həyətinə açılan pəncərələrin biri uşaq otağının, digəri isə salonun pəncərəsidir. Salonda həmin pəncərədən əlavə öz həyətimə açılan bir ədəd də pəncərə boşluğu vardır. Uşaq otağında isə cəmi bir ədəd pəncərə vardır və əgər həmin pəncərə bağlansa açılacaq pəncərə yola baxacaq, bu isə evin yenidən təmir olunması və xərc deməkdir. Bu səbəblərdən də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X9 ekspert rəyinin mübahisəli mübahisəli sahələrlə birlikdə yerində müayinə zamanı verdiyi izahatında 21 metr uzunluğunda, 0.40 m enində olan qonşu torpaq sahələrini bir hissədə bir-birindən ayıran hasarın cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində inşa olunduğunu və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyini bildirmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahələri qonşuluqda yerləşir. Cavabdehin yaşadığı fərdi yaşayış evi iddiaçının torpaq sahəsinin şimal-qərb hissəsindədir. Torpaq sahələrinin arasında briketdən inşa edilmiş hasar yerləşir. Cavabdehə məxsus fərdi yaşayış evinin yan divarının iddiaçının torpaq sahəsinə tərəf olan hissəsində 2 ədəd ağ rəngli plastik pəncərə yerləşir. Pəncərələrin şüşələri naxışlı olub, görünməzdir. İddiaçının mübahisələndirdiyi hasar cavabdehin fərdi yaşayış evinin yan divarının sonundan başlamaqla qərbə doğru uzanır. Evin yan divarı ilə hasar arasında qapı kimi boşluq buraxılmış, həmin boşluq sonradan bağlanmışdır. Cavabdehə məxsus fərdi yaşayış evinə baxış zamanı iddiaçının torpaq sahəsinə tərəf olan hissəsində olan pəncərələrin birinin yataq otağında, digərinin isə salonda olması vizual olaraq müşahidə edilir. Mülki işin materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını tədqiq edərək məhkəmə müəyyən edir ki, mübahisəli tikilinin yerləşdiyi Babək rayonu, Naxışnərgiz kəndində yerləşən sahəsi 0.1837 hektar olan torpaq sahəsinin İddiaçı, həmin torpaq sahəsinə qonşu olan 600 m2 torpaq sahəsinin bağışlama müqaviləsi əsasında Cavabdeh mülkiyyətində olması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması iş materiallarına əlavə edilmiş aşağıdakı sübutlarla təsdiq olunur: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 09 aprel 2020-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan Babək rayonu, Naxışnərgiz kəndində yerləşən və sahəsi 0.1837 hektar olan torpaq sahəsinin İddiaçı tam mülkiyyət hüquuqu ilə məxsus olması; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 14 oktyabr 2020-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan Babək rayonu, Naxışnərgiz kəndində yerləşən və sahəsi 0.12 hektar olan torpaq sahəsinin Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olması; - Babək rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş 01 noyabr 2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən X4 tərəfindən B tikilisi ilə birlikdə 950.83 m2 torpaq sahəsinin Cavabdeh hədiyyə verilməsi; - Babək rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş 01 noyabr 2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən Cavabdeh tərəfindən 600 m2 torpaq sahəsinin X3 hədiyyə verilməsi; - cavabdehin izahatından bağışlama müqavilələrindən sonra tərtib olunan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın alınmadığı müəyyən olunur. İşin mübahisəli halı isə tərəflərin sahibliyində olan qonşu torpaq sahələrini bir-birindən ayıran, Cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi və Cavabdeh istifadəsində olan tikiliyə aid iddiaçının həyətinə baxan iki ədəd pəncərə boşluqlarının cavabdehin öz hesabına bağlanmasıdır. Mülki işin mübahisəli hallarının araşdırılması zamanı məhkəmənin təşəbbüsü ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspert rəyində o nəticəyə gəlmişdir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH ******* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Naxışnərgiz kəndində yerləşən, X1 mülkiyyətində olan 1837,0 m2 torpaq sahəsinin sərhəd ölçüləri həmin çıxarışa əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsündə göstərilən ölçülərlə uyğundur. Babək rayonu, Naxışnərgiz kəndində yerləşən, Cavabdeh mülkiyyətində olan 1200,0 m2 torpaq sahəsinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş A 024349 nömrəli, 01 oktyabr 2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündə göstərilən ölçüləri faktiki istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsi Torpaq sahəsinin planı və ölçüsündə 1200,0 m2 göstərilsə də, faktiki istifadə vəziyyətində 1442,4 m2 təşkil edir. 1442,4 m2 torpaq sahəsinin eni qərbdə 27,84 metr, şərqdə 23,52 metr, uzunluğu şimalda 34.51 metr, cənubda 39,11 metr olmaqla 874,4 m2 hissəsi **********54-10301 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edilmişdir. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntu aşkar edilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən sayır. Ekspert rəyinin mübahisəli torpaq sahəsində ekspert və tərəflərin iştirakı ilə müayinəsi zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa olunan 21 metr uzunluğunda, 0.40 m enində olan qonşu torpaq sahələrini bir hissədə bir-birindən ayıran hasar cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində inşa olunmuşdur və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin məcəllənin 238.2-ci maddəsinin tələbinə görə əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Belə olan halda iddiaçının həmin hasarın öz torpaq sahəsinin hüdudları daxilində yerləşməsi səbəbindən cavabdehin hesabına sökülməsi ilə bağlı iddiası dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçi olaraq cavabdehə verdiyi sənədlər əsasında cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Məhkəmə araşdırması zamanı verilmiş ekspert rəyi ilə cavabdehin hesabına inşa olunan mərzin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çəkilməsi müəyyən olunmamışdır. Belə olan halda qanunvericinin hətta tərəflər arasında mübahisəli ərazidə yerləşdiyi halda belə qonşulardan birinin çəkilmiş hasarın qalmasında maraqlı olduğu halda uçurulmasının qadağan olunmasına dair qadağanedici norması mövcud olduğu halda ümumiyyətlə cavabdehin tərəfindən öz torpaq sahəsində inşa edilən hasarın sökülməsindən söhbət gedə bilməz. İddia tələbinin iddiaçıya məxsus qonşu torpaq sahəsinə baxan cavabdehin sahibliyində olan tikiliyə aid pəncərə boşluqlarının bağlanmasına dair hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Göründüyü kimi konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, həmin hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -148.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-cı maddəsində qeyd edilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 157.2-ci maddəsində görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-ci maddəsində görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -169.1-ci maddəsi ilə müəyyən edilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. -170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. - 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. -172.3-cü maddəsində göstərilir ki, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Ekspert tərəfindən cavabdehin yaşadığı fərdi yaşayış evinin arxa tərəfində inşa olunan 2 ədəd pəncərə boşluğunun şəhərsalma və tikinti normalarına uyğun olub-olmaması ilə bağlı suala cavab olaraq bildirilmişdir ki, pəncərə boşluqları Şəhərsalma və Tikinti Məcəlləsinin 70 və 70.1-ci maddələrinin tələblərinə uyğundur, fədi yaşayış evinin pəncərələrinin qonşu torpaq sahəsinə tərəf açılmasının mümkünlüyü ilə bağlı normalar yoxdur, bu cür mübahisəli məsələlərin qarşısının alınması məqsədilə Cavabdeh yaşadığı fərdi yaşayış evinin arxasında qonşu hissəyə açılmış iki ədəd pəncərə boşluğu baxış zamanı əldə olunmuş faktlara əsasən cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin tərkibində yerləşən yaşayış otaqları təyinatlı tikililərinin daxilindədir, mübahisə olunan və sözügedən pəncərə boşluqlarının qeyd edilən yaşayış otaqlarında qonşuya tərəf açılan hissələrdən bağlanmaqla həmin tikililərin daxilində digər divarlardan açılmasının texniki cəhətdən mümkündür. Məhkəmə belə hesab edir ki, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyəti vardır, öz mülkiyyət hüququnu həyata keçirən mülkiyyətçi qonşunun mülkiyyətinə bu cür hədsiz təsirdən çəkinməli idi. Belə ki, şəxsin pəncərə boşluqlarının qonşunun həyətinə baxması davamlı olaraq iddiaçıda güdülməsi şübhəsini yarada, onda bununla bağlı mənəvi narahatlıq yarana və öz mülkiyyətində olan torpaq sahəsində öz mülahizəsinə uyğun rahat hərəkət etmək imkanı aradan qalxa bilər. Məhkəmə belə hesab edir ki, iddiaçının sözügedən pəncərələrin sökülməsi ilə bağlı tələbi onun mülkiyyət hüququndan sui-istifadəsi kimi qiymətləndirilə bilməz. Belə ki, şəxsin sözügedən tələbi başqasına ziyan vurmaq məqsədinə deyil, mülkiyyət hüququnu maneəsiz həyata keçirmək niyyətinə xidmət edir. Verilmiş ekspert rəyi və ona əlavə edilmiş fotoşəkillər, həmçinin yerində müayinə protokolu ilə cavabdehin evinin işıqlandırılması üçün lazım olan pəncərə boşluqlarını küçəyə və öz həyətinə baxan divarlardan açmaq imkanı mövcuddur. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə cavabdehin sözügedən tikilini tikərkən həmin pəncərələrin qonşunun həyətinə açılacağını bilməsi, iddiaçının həmin vaxt da orada əvvəlcədən inşa olunmuş tikilidə yaşadığı müəyyən olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, sözügedən məsələdə iddiaçının mülkiyyətçi olaraq mənafe üstünlüyü dəqiq ifadə edilmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslıdır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən tikilinin eni 1.20 metr, hündürlüyü 1.35 metr ölçülərdə olan İddiaçı mülkiyyətində olan qonşu torpaq sahəsinə açılan iki ədəd pəncərə boşluqları Cavabdeh tərəfindən onun öz hesabına hörülərək bağlanmalı, iddia qalmış hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iş üzrə məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından, iddia tələbi qiymətləndirilməyən iddia tələbinə aid olduğundan, İddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib 50 (əlli) manat miqdarında hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yekunda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Babək rayonu, Naxışnərgiz kəndində yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən tikilinin eni 1.20 metr, hündürlüyü 1.35 metr ölçülərdə olan İddiaçı mülkiyyətində olan qonşu torpaq sahəsinə açılan iki ədəd pəncərə boşluqları Cavabdeh tərəfindən onun öz hesabına hörülərək bağlansın. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl.
Məhkəmə qərarları › İş №2(079)-9/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-9/2025
24.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver