Məhkəmə qərarları › İş №2(080)-241/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-241/2024

06.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-241/2024 06.11.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərə məxsus əşyaların məcburi qaydada götürülməsi və istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ordubad rayonu Azadkənd kəndində 0.1117 ha torpaq sahəsində yerləşən 147.90 kv.m olan, 2 mərtəbəli fərdi yaşayış evinin arxa tərəfinin 1-ci mərtəbəsində cavabdehlərə məxsus əşyaların məcburi qaydada götürülmsəi və istifadəyə maneənin aradan qaldınlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim etdiyini, işin çoxluğunu nəzərə alaraq xx.xx.2024-cü il tarixə, saat 14:00-a təyin edilmiş məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işə iddiaçının və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İddia tələbinin dəlilləri; Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə edərək ifadəsində bildirmişdir ki, Ordubad rayonu Azadkənd kəndində yerləşən 0.1117 ha torpaq sahəsində yerləşən 147.90 kv.m fərdi yaşayış evi mülkiyyət hüquqi ilə ona məxsusdur. Həmin əmlak mərhum atası Rzayev Adil oğlu ilə X1 ilə birgə nikah dövründə əldə edilmiş əmlakdır. Mərhum atası X8 1983-cü ildə vəfat etdikdən sonra miras əmlak olaraq X1nın adına rəsmləşdirilmişdir. X1 0.1117 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 147.90 kv.m hissəsi notarial qaydada 2023-cü il tarixdə ona bağışlamışdır. Sözü gedən mənzildə cavabdehlər qardaşı Cavabdeh2, onun həyat yoldaşı Cavabdeh1 və onların 1 övladı yaşayırlar. Qardaşının həyat yoldaşı Cavabdeh1 2000-ci ildə ailə quraraq həmin mənzilə köçmüş, 24 ildir həmin mənzildə yaşayırlar. Həmin fərdi yaşayış evi 2 mərtəbədən ibarətdir və evin arxa tərəf 2-ci mərtəbəsində cavabdehlər və onların övladı yaşayır. Fərdi yaşayış evinin ön hissəsinin birinci və ikinci mərtəbəsi bacısına, arxa hissəsinin 1-ci və 2-ci mərtəbəsi isə ona məxsusdur. Hal-hazırda X1 evin ön hissəsinin birinci mərtəbəsində yaşayır. X1 yaşlıdır, xəstədir və yeriyə bilmir və onun qulluğa ehtiyacı vardır. Cavabdehlər Cavabdeh1 və qardaşı Cavabdeh2 anasına heç bir diqqət və qayğı göstərmirlər. Həmin evin ona məxsus arxa tərəfinin birinci mərtəbəsi yaşayış üçün əlverişsizdir. İddiaçı evin 1ci mərtəbəsinin arxa hissəsində anası üçün hamam və ayaqyolu olmaqla əlverişli şərait yaratmaq istəyir. Buna baxmayaraq evin arxa tərəfinin 1-ci mərtəbəsində cavabdehlərə məxsus əşyalar var. İddiaçı istəyir ki, cavabdehlər ona məxsus evin arxa tərəfinin 1-ci mərtəbəsini boşaldıb onlara məxsus əşyaları götürsünlər. O, bir neçə dəfə cavabdehlərə onlara məxsus əşyaların boşaldılmasını bildirsə də, onlar tərəfindən buna heç bir məhəl qoyulmamışlar. O da məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ordubad rayonu Azadkənd kəndində 0.1117 ha torpaq sahəsində yerləşən 147.90 m2 mərtəbəli fərdi yaşayış evinin arxa tərəfinin 1-ci mərtəbəsində cavabdehlərə məxsus əşyaların məcburi qaydada götürülmsəi və istifadəyə maneənin aradan qaldınlması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan- Azərbaycan Respublikası NMR İN yanında ƏMDX tabeliyində “DƏDK və R” PHŞ-in xx.xx.2023-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Ordubad rayon Azadkənd kəndində yerləşən 147,90 m2 sahəsi olan yaşayış evinə və 0,1117 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. 161 saylı xx.xx.2024-cü il tarixli arayıdan görünür ki, Rzayev X6 Rayonu Azadkənd kəndində yaşayır və qeydiyyatdadır. 162 saylı xx.xx.2024-cü il tarixli arayıdan görünür ki, Rzayev X9 Rayonu Azadkənd kəndində yaşayır və qeydiyyatdadır. 112 saylı xx.xx.2024-cü il tarixli arayıdan görünür ki, Cavabdeh1 Ordubad Raynu Baş Dizə kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ordubad rayonu Azadkənd kəndində yerləşən 0.1117 ha torpaq sahəsində yerləşən 147.90 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh1 iddiaçının qardaşı Cavabdeh2 ilə 2000-ci ildə ailə quraraq həmin mənzilə köçmüş, 24 ildir həmin mənzildə yaşayırlar. İddiaçı cavabdehlərdən Ordubad rayonu Azadkənd kəndində 0.1117 ha torpaq sahəsində yerləşən 147.90 m2 mərtəbəli fərdi yaşayış evinin arxa tərəfinin 1-ci mərtəbəsində cavabdehlərə məxsus əşyaların götürülmsəi və istifadəyə maneənin aradan qaldınlmasını tələb etsə də, cavabdehlər hələ də həmin fərdi yaşayış evinin 1-ci mərtəbəsindən cavabdehlərə məxsus əşyaları götürməyərək iddiaçının istifadəyə maneənin aradan qaldımamışlar. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdehlər isə iddia tələbi ilə bağlı fikirlərini bildirməmişlər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.” “1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasına Konvensiyada “qanun” və “qanuni” anlayışı anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir.” Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Konstitusion hüquq təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir.Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki, mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya məxsus mənzili 25 ildən artıq müddət ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı onun mülkiyyətində olan mənzilin üzərində olan sərəncam, sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır- 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər’- 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir. Belə ki, hazırki işdə iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus Ordubad rayon Azadkənd kəndində yerləşən fərdi yaşayış evi (reyestr nömrəsi: **********58-10301, qeydiyyat nömrəsi **********) 0.1117 hektar torpaq sahəsinin üzərində yerləşən 147.90 m2 iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən təsərrüfat təyinatlı ( birinci mərtəbənin, 1-ci və 3-cü otaqları), 24.30 m2 və 25.31 m2 olan otaqlardan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus əşyalar məcburi qaydada çıxarılması barədədir. İddiaçının sözügedən mənzilin birinci mərtəbənin, 1-ci və 3-cü otaqlarından çıxarılmasını istədiyi şəxslər qardaşı Cavabdeh2, onun həyat yoldaşı Cavabdeh1 və onların 1 övladıdır. İddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur və həmin çıxarışın ləğvi, mübahisələndirilməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Beləliklə hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamaldır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini, habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Ordubad rayon Azadkənd kəndində yerləşən fərdi yaşayış evi olan (reyestr nömrəsi: **********58-10301, qeydiyyat nömrəsi **********) 0.1117 hektar torpaq sahəsinin üzərində yerləşən 147.90 m2 iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən təsərrüfat təyinatlı ( birinci mərtəbənin, 1-ci və 3-cü otaqları), 24.30 m2 və 25.31 m2 olan otaqlardan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus əşyalar məcburi çıxarılmalı və cavabdehlərə otaqlardan istifadə edilməsi qadağan edilsin.

Nəticə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan və Ordubad rayon Azadkənd kəndində yerləşən fərdi yaşayış evi olan (reyestr nömrəsi: **********58-10301, qeydiyyat nömrəsi **********) 0.1117 hektar torpaq sahəsinin üzərində yerləşən 147.90 m2 iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən təsərrüfat təyinatlı ( birinci mərtəbənin, 1-ci və 3-cü otaqları), 24.30 m2 və 25.31 m2 olan otaqlardan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus əşyalar məcburi qaydada çıxarılsın. Cavabdeh1 və Cavabdeh2, İddiaçı xüsusi mülkiyyətində olan (reyestr nömrəsi: **********58-10301, qeydiyyat nömrəsi **********) və Ordubad rayon Azadkənd kəndində yerləşən fərdi yaşayış evi olan 0.1117 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 147.90 m2 olan iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən təsərrüfat təyinatlı ( birinci mərtəbənin, 1-ci və 3-cü otaqları), 24.30 m2 və 25.31 m2 olan otaqlardan istifadə edilməsi qadağan edilsin. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar