Məhkəmə qərarları › İş №2(080)-79/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-79/2024

15.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-79/2024 15.03.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə,İddiaçı cavabdeh Əndəmic kənd tam orta məktəbinə qarşı intizam tənbehinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Bağırova X1 tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində bildirmişdir ki, cavabdeh Əndəmic kənd tam orta məktəbinin 21 sentyabr 2023- cü il tarixli, 50 nömrəli əmri ilə mənə töhmət elan edilmiş və dərs yüküm 2 saat azaldılmışdır. Cavabdeh Əndəmic kənd tam orta məktəbinin 21 sentyabr 2023-cü il tarixli, 50 nömrəli əmri 16 oktyabr 2023-cü il tarixdə rəsmi qaydada mənə verilmişdir.Cavabdehin əmri ilə razı deyiləm və hesab edirəm ki, əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, 21 sentyabr tarixində Əndəmic kənd tam orta məktəbində dərs tədris edərkən başqa bir müəllimə sinfə daxil oldu və bildirdi ki, həmin dərsi o tədris edəcək. Mən də bildirdim ki, ilin əvvəlində dərs bölgüsü olub həmin dərs mənə verilib. Bu vaxt həmin müəllimə səs küy salaraq direktorun otağına getdi. Mən isə dərsə davam etmək istəyirdim ki, məni direktorun otağına çağırdılar. Otağa daxil olarkən həmin müəllimə üstümə hücum çəkərək, məni təhqir etdi. Mən dəfələrlə onu sakitləşdirməyə cəhd etsəm də, alınmadı. Bundan sonra direktor bildirdi ki, sənin barəndə tədbir görüləcək. Halbuki mən heç nə etməmişdim. Eyni zamanda bildirim ki, həmin müəllimə polisə gedib şikayət edib ki, guya mən məktəbdə səsküy salmışam və onu təhqir etmişəm. Polis idarəsində bir neçə müəllim və mən də gedib izahat verdik. Şikayət təsdiqini tapmadığından Polisdə işə xitam verildi. Bundan sonra eşitdim ki, mənə töhmət verilib və dərs yüküm 2 saat azaldılıb. Həmin əmr verilərkən nə mənim izahatım alınıb, nə də pedaqoji şuranın iclası keçirilib. Sonradan bütün sənədləri tərtib edib barəmdə sözü gedən əmr veriblər.Bu səbəbdən də cavabdeh Əndəmic kənd tam orta məktəbinin ona töhmət elan edilməsi haqqında 21 sentyabr 2023cü il tarixli, 50 nömrəli əmrinin ləğv edilməsi və dərs saatlarının bərpa edilməsi (iki saat artırılması ) barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 14:00-a təyin edilmiş və tərəflərə məlumat verilmiş lakin tərəflər məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməmələri və ya iştirak etməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə hazırlıq iclasını təxirə salınmışdır. Mülki işin təkrar olaraq yenidən xx.xx.2024-cü il tarixə saat 12:00-a hazırlıq iclası təyin edilmiş tərəflər təkrar olaraq məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iddiaçı iddiasını müdafiə etməsi barədə məhkəməyə rəsmi olaraq məlumat verməmişdir. Məhkəmə mülki işi nəzərdən keçirib belə nəticəyə gəlir ki iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6 maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6, 259.0.7, və 260-cı maddələrini rəhbər tutaraq qərara aldı İddiaçı cavabdeh Əndəmic kənd tam orta məktəbinə qarşı “intizam tənbehinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar