Məhkəmə qərarları › İş №2(088)-60/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-60/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-60/2024 03.06.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Vətəndaş İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 6465 manat məbləğində borc pulun və dövlət rüsumu olaraq ödənilmiş 85 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək izahatında bildirmişdir ki, həmkəndlisi,əvvəlcədən tanıdığı və sevgi münasibətində olduğu Cavabdeh vacib pul lazım olduğundan hardan olur olsun pul tapıb verməyini xahiş etdiyini, Həsənin adına Kapital Bankda kredit borcu olduğundan, Kapital Bankdan öz adına xx.xx.2022-ci il tarixində, 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 4500 manat məbləğində, xx.xx.2022-ci il tarixində, 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 5600 manat məbləğində,və xx.xx.2023-cü il tarixində, 24 ay müddətinə illik 15.5 faiz dərəcəsi ilə 7200 manat məbləğində pul götürərək cavabdehə verdiyini, mütəmadi olaraq razılaşmalarına əsasən hər ay Həsənin kredit borcunu və faizini vaxtı vaxtında ödədiyini, 01 oktyabr 2023-cü il tarixdə aralarında sevgi münasibətlərinin pozulduğunu, bundan sonra Həsənin kredit borcunu ödəməkdən yayındığını, dəfələrlə Həsəndən kredit borcunu ödəməsini tələb etdiyini hətta özlərinə aid olan telefonda olan vhatsap vasitəsilə kredit borcunun keçirilməsini tələb etdiyini, vhatsap vasitəsilə Həsənin tez bir zamanda maşınını sataraq borcu ödəyəcəyini bildirdiyini, əlavə olaraq Həsənin onun adına bir kart alaraq mütəmadi olaraq həmin kartdan pul çəkdiyini, sonradan həmin birkarta olan borcunu 1045 manat pulu bir dəfəyə ödədiyini, kredit borcundan isə sonuncu dəfə Həsənin dostu Orucun işə qarışdıqdan sonra 5 ay hər ay 202 manat olmaqla ödədiyini, son aylar qalıq olaraq qalan 6465 manat kredit borcunu ödəmədiyini, haliyyədə çox acınacaqlı halda olduğunu, bu baxımdan məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirdi. İş üzrə məhkəmə iclasında iştirak edən Cavabdeh izahtında iddianı qəbul etməyərək bildirdi ki, 2021-ci ilin sonlarında həmkəndlisi İddiaçı ilə ailə qurmaq məqsədi ilə sevgi münasibətlərində olduqlarını, bir neçə il mütəmadi olaraq günlərini bir yerdə keçirdiklərini, həqiqətən Aytacın adına birkart aldıqlarını, həmin kartdan istifadə etməklə pulu yerinə qoyduqlarını, sonuncu dəfə 2023-cü ildə birkarta olan 1045 manat borcu bir dəfəyə ödəyib borcu bağladığını, Aytacın iddia etdiyi kredit borcundan xəbəri olmadığını və həmin kreditin Aytac tərəfindən götürülüb ona verilmədiyini, öz telefonu ilə Votçap yazışmasında Aytaca borcu etiraf etməsinin səbəbinin həmin günü sərxoş olduğunu, Aytacın ondan dəfələrlə müvafiq orqanlara şikayət etməsini sonuncu dəfə Sədərək Rayon İcra Hakimiyyətinə şikayət etdiyini, işdən çıxarılmasından qorxduğuna görə Aytacın adına olan kredit borcunu və faizini 5 (beş) ay müddətində hər ay 202 manat ödədiyini, sonrada qohumlarının məsləhəti ilə kredit borcunu ödəmədiyini, Aytacın bankdan götürdüyü pulu ona vermədiyini, sadəcə olaraq kənddə biyabır olmasın və işindən çıxarılmasın deyə Aytacın adına olan birkarta 1045 manat pulu və Aytacın adına olan kredit borcunu 5-6 ay müddətində hər ay 202 manat ödədiyini bildirdi. Məhkəmə iclasında iş üzrə iddiaçının şifahi vəsatəti üzrə dindirilən şahid X1 ifadəsində bildirdi ki, iş üzrə tərəflərlə həmkəndli olmaqla yanaşı isti münasibətdə olduğunu, 2023-cü ildə iş yoldaşı İddiaçı həmkəndlisi Cavabdeh ona pul borcu olduğunu və bununla bağlı ondan kömək istədiyini, Həsənlə yaxın dost olduğuna görə bu məsələnin böyüməməsi və yayılmaması üçün Həsənlə bu barədə söhbət etdiyini, Həsənin həqiqətən Aytaca borcu olduğunu dediyini və müəyyən zaman istədiyini, bir müddətdən sonra Həsənlə yenə bu barədə söhbət etdiyini, Həsənin yenə də vaxt istədiyini, maşınını satmaqla borcunu ödəyəcəyini əks təqdirdə maşınını ona verəcəyini, bu barədə Aytaca məlumat verdiyini, maşını Aytacgilin qapısına qoyularsa və onun adına rəsmiləşdirildiyi halda razı olacağını, Həsənin isə onunla razılaşmadığını, onların arasında borcun hansı məbləğdə olduğunu dəqiq bilmədiyini, lakin 10000 min manata yaxın olduğunu bildiyini, çünki Həsənin maşınını 18000 manata satışa qoyduğunu bildiyini, Həsənə dəfələrlə maşının qiymətini bir az yendirb satmasını və borcunu ödəməsini dediyini, Həsənin hərdən bir bəhanə gətirərək verdiyi sözə əməl etmədiyindən və Aytaca olan borcu ödəməyindən onun borcu barədə bütün kənd bildikdən sonra Həsənlə bu barədə heç bir söhbət etmədiyini bildirdi. Məhkəmə iclasında iş üzrə cavabdehin şifahi vəsatəti üzrə dindirilən şahid X4 ifadəsində bildirdi ki, Sədərək Rayon Sədərək kəndində yaşamaqla Sədərək Rayon İcra Hakimiyyətində köməkçi vəzifəsində işlədiyini, 2023-cü ilin oktyabr-noyabr aylarında Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı İddiaçı şikayəti əsasında Sədərək Rayon İcra Hakimiyyətinin başçısının göstərişinə görə Sədərək Rayon İcra Hakimiyyətinin Sədərək kənd İƏD üzrə Nümayəndəliyinin müavini vəzifəsində işləyən Cavabdeh atasına zəng edərək oğlu Həsənin İddiaçı olan borcunu ödəməsini, sonra isə Cavabdeh ilə telefon əlaqəsi saxlayaraq başçının tapşırığına əsasən borcunun ödəmədiyi təqdirdə işini itirəcəyini dediyini, Həsənin və atasının Aytacın adına götürülmüş kredit borcunu beş aydır ödədiklərini və heç bir etiraz etmədiklərini, bundan sonrada borcu davamlı olaraq ödəyəcəklərinə söz verdiklərini və sabahı günü ödədikləri 5 aylıq qəbzləri gətirib onlara göstərdiyini, Həsənin Aytaca olan borcu barədə bütün Sədərək kənd əhalisinin hamısının bildiyini göstərdi. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sitemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Sədərək royon Sədərək kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sədərək Rayon İcra Hakimiyyətinin Sədərək kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 337 nömrəli arayışından görünür ki, iş üzrə İddiaçı Sədərək Rayon Sədərək kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC-nin xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ödəniş qrafiklərindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində, 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 4500 manat məbləğində, xx.xx.2022-ci il tarixində, 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 5600 manat məbləğində və xx.xx.2023-cü il tarixində, 24 ay müddətinə illik 15.5 faiz dərəcəsi ilə 7200 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş vhatsap mobil tətbiqi vasitəsi ilə yazışmalarından aydın olur ki, Cavabdeh iddiaçıdan aldığı borcu etiraf etmiş, borcunu ödəyə bilmədiyi təqdirdə özünə aid olan avtomobili sataraq iddiaçının adına olan kredit borcunu ödəyəcəyini bildirmişdir. İş üzrə iddia ərizəsinə və məhkəmə baxışı zamanı başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiacının iddiasına görə Cavabdeh ilə 2021-ci ilin dekabr ayından sevgi münasibətlərində olduğundan və cavabdehlə münasibətlərinin çox yaxın olduqları üçün cavabdehə vacib pul lazım olduğundan, cavabdehin adına Kapital Bankda kredit borcu olduğundan öz adına xx.xx.2022-ci il, xx.xx.2022-ci il və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 7200 manat Kapital Bank ASC-dən kredit götürərək hər ay borcu və faizləri cavabdehin ödəməsi şərti ilə pulu cavabdehə vermişdir. Cavabdeh isə mütəmadi olaraq həmin kredit borcu və faizini vaxtı vaxtında ödəmiş, lakin xx.xx.2023-cü ildə cavabdehlə aralarında olan sevgi münasibəti pozulduqdan sonra cavabdeh həmin aldığı borc və faizini banka ödəməmişdir. Bu baxımdan bankdan kredit götürüb cavabdehə verdiyi borc puldan bu günə 6465 manat borcu yaranmışdır. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırarkən müəyyən etdi ki, işin hallarından məlum olur ki, İddiaçı Kapital Bank ASC-dən xx.xx.2022-ci il tarixində, 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 4500 manat məbləğində, xx.xx.2022-ci il tarixində, 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 5600 manat məbləğində,və xx.xx.2023-cü il tarixində, 24 ay müddətinə illik 15.5 faiz dərəcəsi ilə 7200 manat məbləğində pul götürmüş və sevgi münasibətlərində olan iş üzrə Cavabdeh kredit borcu və ona hesablanmış faiz borcunu ödəmək şərti ilə vermişdir. Ona görə ki, iş üzrə tərəflərin və şahid ifadələri bir daha təsdiq edilir ki, cavabdeh 2023-cü və 2024-cü illərdə iddiaçının adına götürülmüş kredit borclarını mütamadi olaraq heç bir təsir və təziq olmadan ödəmiş və bununla bağlı etirazını bildirməmişdir. Əlavə olaraq məhkəmə iclasında dindirilmiş tərəflərin və şahidlərin ifadələrindən də aydın olur ki, Cavabdeh iddiacıdan aldığı borcu etiraf etmiş, borcunu ödəyə bilmədiyi təqdirdə özünə aid olan avtomobili sataraq iddiaçının adına olan kredit borcunu ödəyəcəyini bildirmişdir. İşə əlavə edilmiş tərəflər arasında telefon vhatsap yazışmalarından da məlum olur ki, cavabdeh iddiacıya olan borcunu etiraf etmiş və ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında da cavabdeh həmin vhatsap yazışmalarının ona aid olduğunu bildirmişdir. Əlavə olaraq cavabdehin izahatından da bir daha müəyyən olunur ki, iddiaçının adına olan birkarta 1045 manat bir dəfəyə ödəniş etmiş və 5 ay isə hər ay 202 manat iddiaçının adına olan Kapital Bank ASC-nə olan kredit borcunu ödəmişdir. Bu haldan da belə məlum olur ki, cavabdeh iddiaçının adına olan borçları istər Kapital Bank ASC olan kredit borcunu, istərsə də birkarta olan borcunu ödəməsi bilavasitə iddiaçıya olan borcunu etiraf etməsidir. Mülki işin araşdırılan hallarından da məlum olur ki, tərəflər öz aralarında hər hansı sonrakı mübahisənin olmayacağı düşüncəsi ilə pulun verilib–alınması qaydalarını şifahi və qarşılıqlı razılıq əsasında həll etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinin tələbinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Azərbaycan Respublikası MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə hesab edir ki, pul tələbi ilə bağlı sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göründüyü kimi iddiaçının, cavabdehin izahatlarından və şahidlərin ifadəsindən aydın olur ki, iddiaçının Kapital Bank ASC-dən götürdüyü kredit pulunu sevgi münsaibətlərində olduğu cavabdehə kredit borcunun və faizlərini ödəmək şərti ilə vermiş, cavabdeh iddiaçının adına olan kredit borcunu və faizləri bir müddət ödədikdən sonra iddiaçı ilə aralarında sevgi münasibətləri pozulduqdan sonra kredit borcunu və faizləri ödəməməsi müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-1, 284-5.3, 284-6, 358.0.3 ,360 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 6465 manat pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 6465 manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar