Məhkəmə qərarları › İş №2(089)-102/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-102/2022

11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-102/2022 11.05.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən hakim Məmmədov Mehrab Fərmayıl oğlu Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Ərizəçi xx xxxx 1942-ci il tarixdə Culfa rayonunun Camaldın kəndində doğulması faktının müəyyən edilməsi tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, MPM-nin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, ərizədə ərizəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, telefon nömrəsi qeyd edilməmiş, ərizəyə ərizəçinin tibb müəssisəsində və ya tibb müəssisəsindən kənarda doğulmasını təsdiq edən sənədin olmamasını barədə sənəd əlavə edilməmiş, həmçinin Culfa rayon Qeydiyyat şöbəsindən təqdim edilmiş 20 aprel 2022-ci il tarixli, 05/Q-54/15 nömrəli məktubdan müəyyən edilmişdir ki, ərizəçi Qeydiyyat şöbəsinə doğumun qeydiyyata alınması, doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı deyil, doğum akt qediyyatının bərpa edilməsi məqsədilə müraciət etmiş, ərizəçiyə doğum akt qeydinin bərpa edilməsi üçün əsaslar izah edilmiş və məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. .Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.6-cı bəndindən görünür ki, tibb müəssisəsindən kənarda doğulmuş uşağın doğulmasını təsdiq edən həkim sənədi olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu səbəbdən də bildirilir ki, Culfa Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq edilir. Göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizədə Ərizəçi şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, telefon nömrəsi qeyd edilmədiyindən, ərizəyə ərizəçinin tibb müəssisəsində və ya tibb müəssisəsindən kənarda doğulmasını təsdiq edən sənədin olmaması barədə tibb müəssisəsinin məkubu əlavə edilmədiyindən, həmçinin ərizəçi Qeydiyyat şöbəsinə doğumun qeydiyyata alınması, doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmədiyindən ərizənin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir, geri qaytarılmalıdır. Ərizə geri qaytarıldığından, hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən 05 may 2022-ci il tarxdə 10630 nömrəli qəbzlə Culfa rayon maliyyə şöbəsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar