Məhkəmə qərarları › İş №2(089)-106/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-106/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-106/2023 26.04.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 2450 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Şurud kəndində yaşayır, təsərrüfatla məşğul olur. 2022-ci ildə Cavabdehla aralarında şifahi alqı-satqı müaviləsi bağlanmış, cavabdehə nisyə bir baş 450 manat olmaqla, 9 baş iribuynuzlu mal (dana) satmışdır. Cavabdeh ona olan 4050 manat borcunu qısa müddətdə ödəyəcəyini öhdəsinə götürmüş, həmçinin həmin məbləğdən 50 manatı yol pulu üçün çıxacağını bildirmiş, cavabdehlə razılaşmışdır. Cavabdeh borc məbləğindən 350 manatı 16 iyul 2023-cü il tarixdə ona vermiş, qalan 3650 manat borcu verməmişdir. 13 oktyabr 2022-ci il tarixədək cavabdehə ona olan borcunu verməsi üçün dəfələrlə mürciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh 13 oktyabr 2022-ci il tarixdə ona 3650 pulu borcunun olmasını etiraf etməsi, həmçinin borc məbləğindən 2000 manatı 20 oktyabr 2022-ci il tarixədək, 1650 manatı isə 27 oktyabr 2022-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürməsi barədə iltizam yazmışdır. 13 oktyabr 2022-ci il tarixdən sonra cavabdehin qardaşı ona 250 manat pul vermiş, cavabdehin ona 3400 manat borcu qalır. Ona görə cavabdehdən 3400 manat deyil, 3450 manat tələb edir ki, cavabdeh 4050 manat məbləğində pulu müəyyən edilmiş vaxtda qaytarmamışdır. 3450 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iltizamda qeyd edilmişdir ki, “Mən Cavabdeh Culfa rayon Şurut kənd sakini Əlmərdan kişidən 3650 manat dəyərində mal götürmüşəm və bu pulun 2000 manatını 20 oktyabr 2022-ci il tarixdə, 1650 manatını 27 oktyabr 2022-ci il tarixdə ödəyəcəyimə söz verirəm. Əgər bu pulu söz verdiyim tarixdə ödəməsəm mənim Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq cəza alacağım bildirildi”. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2400 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə nisyə bir baş 450 manat olmaqla, 9 baş iribuynuzlu mal (dana) satmışdır. Cavabdeh ona olan 4050 manat borcunu qısa müddətdə verəcəyini öhdəsinə götürmüş, borc məbləğindən 350 manatı 16 iyul 2023-cü il tarixdə iddiaçıya vermişdir. Cavabdeh 13 oktyabr 2022-ci il tarixdə iddiaçıya 3650 pulu borcunun olmasını etiraf etməsi barədə iltizam yazmış, həmçinin borc məbləğindən 2000 manatı 20 oktyabr 2022-ci il tarixədək, 1650 manatı isə 27 oktyabr 2022-ci il tarixədək ödəyəcəyini bildirmişdir. 13 oktyabr 2022-ci il tarixdən sonra cavabdeh iddiaçıya 250 manat pul vermiş, cavabdehin iddiaçıya 3400 manat borcu qalmışdır. İddiaçı iddia ərizəsində, izahatında cavabdehin borcun etirafı barədə yazdığı iltizamda qeyd edilmiş borc məbləğindən 3450 manatı qaytarmadığını bildirsə də, cavabdeh tərəfindən yazılmış iltizam və iddiaçının verdiyi izahatından müəyyən edilir ki, cavabdehin iddiaçıya 3450 manat deyil, 3400 manat borcu var. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş, qeyd edilən borc məbləğini iddiaçıya qaytarması barədə məhkəmə sübut təqdim etməmişdir. Cavabdehin iddiaçıya 13 oktyabr 2022-ci il tarixdə 3650 manat məbləğində borcunun olması borcun etirafı ilə bağlı cavabdehin əlyazma ilə yazdığı iltizamla təsdiqlənir ki, həmin məbləğdən də 250 manat iddiaçıya ödənilmişdir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış iltizama istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 13 oktyabr 2022-ci il tarixə 3650 manat məbləğində borclandığını etiraf etmiş, həmin pulun 2000 manatını 20 oktyabr 2022-ci il tarixədək, 1650 manatını isə 27 oktyabr 2022-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürmüş, lakin göstərilən tarixədək bu öhdəliyini qismən yerinə yetirmiş, cəmi 250 manat pul ödəmişdir. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmçinin cavabdeh məhkəməyə iddiaya qarı etiraz təqdim etməmiş, iddianın əksini sübut etməmişdir. Azərbaycan respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 3400 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 54.50 manat məbləğində dövlət rüsumunun 53.70 manat hissəsi cavabdehdən alınb iddiaçıya verilməli, 0.80 manat hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3400 manat məbləğində pul və ödənilmiş 54.50 manat məbləğində dövlət rüsumunun 53.70 manat hissəsi alınb İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 54.50 manat məbləğində dövlət rüsumunun 0.80 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edənMehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar