Məhkəmə qərarları › İş №2(089)-154/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-154/2024

06.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-154/2024 06.06.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və cavabdeh Culfa rayon X4 orta məktəbin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Culfa rayon X4 orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş Culfa rayon X4 orta məktəbinin 20 sentyabr 2019-cu il tarixli, 105 nömrəli əmrinin ləğv edilməsi, X4 orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əməkhaqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə X4 orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə təyin edilərək əmək fəaliyyətinə başlamışdır. X4 orta məktəbinin direktorunun 20 sentyabr 2019-cu il tarixli, 105 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən vəzifədən azad olunmuş, əmək müqaviləsinə xitam verilmişdir. Müvafiq əmrlə razı deyil. Belə ki, əmr faktiki hallar və hüquqi əsaslar baxımından əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç„ bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç„ bəndində göstərilən əsalarla əmək müqaviləsinin ləğv edilməsi həmin məcəllədə təsbit edilmiş müvafiq əsaslara və qaydalara riayət edilməsi ilə şərtləndirilmişdir. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin müvafiq maddənin 3-cü bəndində göstərilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndində göstərilir ki, 70-ci maddənin "ç„ bəndində qeyd olunan əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi həmkarlar ittifaqının qabaqcadan razılığı alınmaqla ləğv edilə bilər. Göründüyü kimi müvafiq əmr verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç„ bəndinin tətbiqini şərtləndirən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci, 3-cü və 80-ci maddəsinin 1-ci, 2-ci bəndlərindən irəli gələn tələblərə riayət edilməmişdir. Belə ki, işəgötürən tərəfindən həmkarlar ittifaqı qarşısında hər hansı təqdimatla çıxış edilməmiş və belə bir təqdimata baxılmamışdır. Əmrdə istinad olunan "kobud səhvlərin,, konkret hansı səhvlərdən bəhs etdiyi göstərilməmiş, əmr əsaslandırılmamış və Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 hissəsinin 5 və 7-ci bəndlərində nəzərdə tutulan məlumatlar göstərilməmişdir. Əmrdə istinad olunan "kobud səhvlər,, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi və 72-ci maddəsi anlamında əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qəbul edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsində 8 fərqli əsas təsbit edilmişdir ki, cavabdeh əmrdə bunlardan birini göstərməyə borclu idi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsinin 1 hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmçinin əmrin əsaslandırılmasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci madəsinin "ə„ bəndinə istinad edilir ki, bu da tamamilə əsassızdır. Belə ki, əmək fəaliyyəti dövründə Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə„ bəndi anlamında ümumiyyətlə işəgötürən tərəfindən ona hər hansı intizam tənbehi verilməmişdir. Bundan başqa əmrdə X4 orta məktəbin Pedaqoji Şurasının 20 sentyabr 2019-cu il tarixli, 02 nömrəli qərarından bəhs edilir ki, belə bir şuranın keçirilməsindən heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh Culfa rayon X4 orta məktəbin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, İddiaçı xx.xx.2012-ci il tarixdə X4 orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə təyin edilərək əmək fəaliyyətinə başlamışdır. İddiaçı işlədiyi müddətdə işinə səhlənkar yanaşmış, əmək funksiyasını, vəzifə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. İddiaçı X4 orta məktəbinin direktorunun 20 sentyabr 2019cu il tarixli, 105 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən vəzifədən azad olunmuş, əmək müqaviləsinə xitam verilmişdir. X4 orta məktəbinin direktorunun 20 sentyabr 2019-cu il tarixli, 105 nömrəli əmrinin surəti, əmək kitabçası iddiaçıya təqdim edilmiş, iddiaçı dörd ildən sonra işə bərpa və əməkhaqqı tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulan iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. İddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan 20 sentyabr 2019-cu il tarixli, 105 nömrəli əmrdən görünür ki, X4 orta məktəbin ibtidai sinif müəllimi Məmmədov X2 MR Təhsil nazirliyi Kollegiya iclasının 05 aprel 2019-cu il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydalarının 4.1.9, 4.2.1 və 4.3.2-ci maddələrini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin tələblərini kobud surətdə pozduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsinin “ç” bəndinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrdə İddiaçı işəgötürənlə əmək müqavilənin ləğv edilməsinə səbəb Naxçıvan MR Təhsil nazirliyi Kollegiya iclasının 05 aprel 2019-cu il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydalarının 4.1.9, 4.2.1 və 4.3.2-ci maddələrinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin tələblərinin kobud surətdə pozulması, əsas isə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi” göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə isə “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan və iddia müddəti buraxıldığından iddia təmin edilməməlidir. İşin faktiki və mübahisə edilməyən hallarından aşkar görünür ki, İddiaçı cavabdeh X4 orta məktəbində ibtidai sinif müəllimi işləmiş, X4 orta məktəbin 20 sentyabr 2019-cu il tarixli, 105 saylı əmri ilə onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. “X4 orta məktəbin 20 sentyabr 2019-cu il tarixli, 105 saylı əmri iddiaçıya vaxtında təqdim olunması, habelə son-haqq hesabın qanunauyğun aparılması halları da mübahisə doğurmamış, bununla yanaşı iş materialları ilə habelə proses iştirakçılarının məhkəmə iclasında vermiş olduqları izahatları ilə bir daha təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmək məcəlləsinin 72-ci maddəsinin ə bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İş materiallarına əlavə edilmiş, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 30 yanvar 2018-ci il tarixli, 144 nömrəli əmrdən müəyyən olunur ki, İddiaçı işlədiyi müddətdə məktəbin ictimai işlərinə laqeyd münasibət bəslədiyindən, Dövlət sənədi olan proqram materiallarını lazımi qaydada işləmədiyindən və ya yarımçıq işlədiyindən, gündəlik icmalları təsdiq etdirmədən dərslərə başladığından, məktəbin rəhbər işçilərinin dəfələrlə xəbərdarlığına baxmayaraq işlərini qaydaya qoymadığından töhmət verilmişdir. 31 may 2019-ci il tarixli, 38 nömrəli əmrdən müəyyən olunur ki, Cavabdeh monitorinq qrupunun yoxlaması zamanı İİ b sinfin rəhbəri İddiaçı sinif jurnalının aparılmasına dair təlimatı pozduğundan, Azərbaycan dili fənni üzrə xx.xx.2019-xx.xx.2019, texnologiya fənni üzrə xx.xx.2019, təsviri incəsənət fənni üzrə xx.xx.2019, riyaziyyat fənni üzrə xx.xx.2019xx.xx.2019-cu il tarixlərdə Kiçik summativ qiymətləndirmə aparmadığından, ballar yazılmadığından, Azərbaycan dili fənni qrafasına müəllimin adının yerinə şagirdin adını yazdığından, icmal yazmadığından töhmət verilmişdir. Azərbaycan Respublikası Əmək məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən Əmək Məcəlləsinin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlardan, cavabdehin nümayəndəsinin izahatından müəyyən edilmişdir ki, iddiaçı işlədiyi müddətdə qəsdən və ya səhlənkarlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməmiş, bu da müvafiq iş yerində işin ahəngini pozulmuşdur. Azərbaycan Respublikası Əmək məcəlləsinin 80-ci maddəsinə əsasən Əmək Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı həmkarlar ittifaqının üzvü olmuş, işəgötürən həmkarlar ittifaqının üzvü olan İddiaçı əmək müqaviləsinə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almaqla xitam vermişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə ilk öncə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verərək qeyd edir ki, iddia müddətinin ötürülməsi üzürlü sayılmamalıdır. Belə ki, iddiaçının izahatından müəyyən olunur ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası, təxminən 10 gün sonra ona təqdim edilmişdir. İddiaçı isə işə bərpa ilə əlaqədar 15 aprel 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da, İddiaçı 30 sentyabr 2019-cu il tarixdən 1 təqvim ayı ərzində işə bərpa tələbi ilə məhkəməyə 30 oktyabr 2019-cu il tarixədək müraciət etməli olduğu halda, 4 il 6 ay sonra məhkəməyə müraciət etmiş, iddia ərizəsi 15 aprel 2024-cü il tarixdə qeydə alınmışdır. Ona görə də, iddiaçı bir aylıq müddəti ötürdüyündən hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi zəruridir. İddiaçı məhkəməyə xəstələnməsi, yaşayış yerindən kənarda olması, yaxın qohumlarının ölməsi və digər obyektiv hallarla bağlı sübut təqdim etməmiş, izahatında ona məhkəməyə müraciət etməməsi üçün təsir edildiyini bildirmiş, iddia müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Məhkəmənin qənaətinə görə, məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilibverilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Araşdırmalar nəticəsində müəyyən edilsə ki, iddia müddəti üzrlü səbəblərdən ötürülmüşdür, məhkəmə həmin müddəti bərpa edir və iddia tələbinin təmin edilməsi və yaxud rədd edilməsi barədə qətnamə qəbul edir. İddia müddətinin bərpası əsaslarına iddiaçının şəxsiyyəti ilə əlaqədar olan müstəsna hallar daxildir. Buraya ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq halları konkret göstərilsə, digər halların olması da, istisna edilmir. Məhkəmə qeyd edir ki, iddiaçının bildirdiyinə görə məhkəməyə müraciət etməməsi üçün ona təsirin edilməsi iddia müddətinin bərpası üçün müstəsna hal kimi nəzərə alınmamalıdır. Həmçinin iddiaçı qeyd edilənlərlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə bildirir ki, qanunvericiliyə əsasən iddiaçının iddia tələbi sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisidir. Məhkəmədə sübut olunmayan halları məhkəmə mövcud olmayan kimi rədd edir. Bu mənada, proses iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal yaranır. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Sübutlar obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıldıqdan sonra bu sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verilir. İddia tələbinin təsdiqlənməsi üçün iddia edən şəxsin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etmək səlahiyyətindədir. Eyni zamanda məhkəmə vurğulayır ki, əmək münasibətləri iştirakçısının şəxsi münasibətlər zəminində kollektiv üzvləri ilə bağlı yaranan emosional vəziyyəti, Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş müddəaların pozulması anlamına gəlmir və qanuni əsaslarla xitam verilmiş əmək münasibətlərinə təsir göstərmir, qəbul edilmiş əmrin ləğv edilməsinə səbəb olmur və tərəflər arasında qarşılıqlı anlaşma əsasında yeni əmək münasibətləri yarana bilər. Göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xitam edilməsi barədə 20 sentyabr 2019-cu il tarixli əmrdən eyni tarixdən də məlumatı olmuş, bildirdiyinə görə əmrin surəti və əmək kitabçası 10 gün sonra ona təqdim edilmiş, lakin iddia tələbi ilə məhkəməyə yalnız 15 aprel 2024-cü il tarixdə müraciət olunmuşdur. Əmək Məcəlləsinin 296-ci maddəsinin 2-ci bəndinə əsasən, ... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi ... gün hesab olunur. Beləliklə, məhkəmə iclasında müəyyən edilir ki, İddiaçı 20 sentyabr 2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olmuş, iddia etdiyi pozuntunu bilmiş, lakin iddia tələbi ilə 15 aprel 2024-cü il tarixdə məhkəməyə müraciət etməklə fərdi əmək mübahisəsinin həlli üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, buraxılmış müddətin bərpa edilməsi imkanı həmin müddətin davamiyyəti ilə əlaqəli olmalı, hüquq normasından sui-istifadəyə yol açmamalıdır. Şikayət vermək hüququ, konkret şəxsin mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir, lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Bu hüquqdan belə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq təmin edilsin. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini nəzərə alıb hesab edir ki, İddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin dispozisiya şərtlərini pozmuş, iddia qaldırmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisə açdığı hallara dair digər dəlillərini tam həcmdə dəyərləndirməklə mübahisənin bütün xüsusatlarına hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddiaçı cavabdeh Culfa rayon X4 orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar