Məhkəmə qərarları › İş №2(089)-160/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-160/2025

01.07.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-160/2025 01.07.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölmüş hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 04 iyul 1973-cü il təvəllüdlü X7 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, əri X11 ilə 2000-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan 2002-ci ildə Ruhiyyə, 2004-cü ildə Günay, 2009-cu ildə Ukrayna dövlətində Nicat adlı uşaqları doğulmuşdur. 2006-cı ildə Məhərrəm işləmək üçün Ukrayna dövlətinə getməyi qərara almış və ailələri ilə birlikdə Ukrayna dövlətinə gedərək Donetsk vilayətində məskunlaşmışlar. Rusiya və Ukrayna dövlətləri arasında baş verən münaqişələr səbəbindən 2014-cü ilin may ayında o, uşaqlarla birlikdə Culfa şəhərinə qayıtmış, Məhərrəm isə işləmək üçün Ukraynanın Donetsk vilayətində qalmışdır. Rusiya və Ukrayna dövlətləri arasında baş verən silahlı münaqişələr onların yaşadığı Donetsk vilayətində daha kəskin qarşıdurmalarla müşahidə olunmuşdur. 13 dekabr 2014-cü il tarixindən sonra Məhərrəmin evə qayıtmadığı, itkin düşdüyü xəbərini almışlar. Məhərrəmin anası və qardaşı tərəfindən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinə, Ukrayna dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə və digər orqanlara X5 itkin düşməsi ilə bağlı müraciətlər olunmuşdur. Lakin bu günədək hər hansı müsbət məlumat verilməmişdir. Donetsk vilayətinin MPBİ-nin Krasnoarmeysky PB-nin verdiyi arayışa görə X7 itkin düşməsi faktı üzrə xx.xx.2015-ci il tarixli 42-1126 nömrəli “Axtarış“ kateqoriyalı əməliyyat-axtarış işi açılmışdır. Şifahi verilən məlumatlara əsasən Məhərrəmin itkin düşdüyü tarixdən üç gün sonra idarə etdiyi "Qazel“ markalı yük maşını tapılmış, amma özü barədə hər hansı izə rast gəlinməmişdir. Bundan sonra müraciəti əsasında Culfa Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(089)-413/2017 nömrəli qətnaməsi ilə əri, 04 iyul 1973-cü il təvəllüdlü X11 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Dövlət tərəfindən ailəsinə-uşaqlarına qanunla müəyyən edilən sosial təminat hüquqularının, həmçinin əmlak və şəxsi-qeyri əmlak hüquqlarının həyata keçirilməsi üçün əri X7 ölümü barədə müvafiq sənəd tələb olunur ki, həmin sənədi başqa formada əldə edə bilmir. Artıq altı ildən çoxdur ki, əri X3 Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(089)-113/2017 nömrəli qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Bu günədək əri X7 harada olması barədə heç bir məlumat əldə edə bilməmişlər. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak etmiş Ərizəçi izahatında bildirmişdir ki, X11 ilə 2000-ci ildə ailə qurmuşlar. Ailə qurduqdan sonra Culfa şəhərində yaşamışlar. Birgə nikahlarından 3 uşaqları doğulmuşdur. 2006-cı ildə yaşamaq və işləməd üçün Ukrayna dövlətinə getmişlər və Donetsk vilayətində məskunlaşmışlar. Rusiya və Ukrayna dövlətləri arasında baş verən müharibəyə görə 2014-cü ilin may ayında o və uşaqları Culfa şəhərinə qayıtmış, Məhərrəm isə orada qalmış, 2-3 aya qayıdacağını bildirmişdir. 13 dekabr 2014-cü ildən sonra Məhərrəmə zəng çatmamış, ondan xəbər ala bilməmişlər. Oradakı tanış insanlardan maraqlanmışlar, axtarışa verilmiş, konsulluğa müraciət edilmiş, lakin Məhərrəmdən heç bir xəbər çıxmamışdır. Bu günə qədər də məlumat ala bilməmişlər. Ərinin ölmüş elan edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsinə səbəb uşaqlarına sosial müavinət verilməsi üçün X7 ölümü barədə müvafiq sənədin tələb edilməsi olmuşdur. Məhkəmə tərəfindən maraqlı şəxs Culfa rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş, maraqlı şəxs xx.xx.2025-ci il tarixə məhkəməyə ərizə təqdim edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadəsi: Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir ki, Məhərrəm onun qardaşıdır. Qardaşı ailəsi ilə birlikdə 2006-cı ildə Ukraynanın Donetsk vilayətinə getmiş, orada yaşamışlar. O da qardaşı ilə birlikdə orada yaşamış, birlikdə işləmişlər. 2014-cü ildə o, Rusiya və Ukraynada arasındakı müharibəyə görə Culfa şəhərinə qayıtmışdır. 13 dekabr 2014-cü il tarixdən qardaşı Məhərrəmə zəng çatmamış, ondan heç bir xəbər ala bilməmişlər. Bütün aidiyyəti orqanlara müraciət etmişlər, lakin qardaşı tapılmamışdır. 11 ildir ki, Məhərrəm barəsində heç bir məlumatları yoxdur. Düşünür ki, qardaşı sağ olsa idi, mütləq onlarla əlaqə saxlayardı. İş materiallarında olan: 038409 nömrəli vəsiqədən görünür ki, X8 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən müddətsiz vəsiqə verilmişdir. 05 dekabr 2024-cü il tarixli, 789 nömrəli arayışdan görünür ki, Ərizəçi ailə üzvləri həyat yoldaşı X11, qızı X10, oğlu X6 ibarət tərkibdədir. Culfa Rayon Məhkəməsinin 2(089)-113/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 04 iyul 1973-cü il tarixdə Culfa şəhərində doğulmuş X11 xəbərsiz itkin düşmüş hesab edilmişdir. 453276 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 04 iyul 1973-cü il tarixdə doğulmuş, atası Əliyev Məcid, anası Əliyeva Zenfiradır. 407634 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 və Ərizəçi arasında nikah 06 avqust 2000-ci il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 49 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsindən verilən məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Məhərrəm Əliyevin olduğu yer üzrə qeydiyyata alınma və müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Culfa Rayon Polis Şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1973-cü il təvəllüdlü X11 barəsində Culfa Rayon Polis Şöbəsində hər hansısa bir təqsirləndirici material yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 04 iyul 1973-cü ildə Culfa rayonunda doğulmuş X2 dövlətinin vətəndaşı kimi xəbərsiz itkin düşdüyünə görə (pasport nömrə və seriyası: EH 760219) barəsində xx.xx.2024-cü il tarixdə Donetsk şəhər Kirov rayon X17 axtarış işi açılmış, xx.xx.2024-cü il tarixdə isə Rusiya Federasiyası tərəfindən dövlətlərarası axtarış elan olunmuş və hazırda dövlətlərarası axtarışdadır. M.M.Əliyev sonuncu dəfə xx.xx.2008-ci il tarixdə Bakı-Donetsk təyyarə reysi ilə Ukrayna istiqamətində ölkə ərazisini tərk etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: tarix – xx.xx.2008, istiqamət – çıxış. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X11 barəsində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə hər hansı məlumat daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1- ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 41.1- ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2- ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Həmin Məcəllənin 41.3- cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4- cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 42.1- ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Həmin Məcəllənin 42.2- ci maddəsinə əsasən nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 42.3- cü maddəsinə əsasən ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Həmin Məcəllənin 42.4- cü maddəsinə əsasən əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 305.1.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 312 –ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidi dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1973-cü il tarixdə doğulmuş X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: tarix – xx.xx.2008, istiqamət – çıxış. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1- ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3- cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Beləliklə, xx.xx.1973-cü il tarixdə doğulmuş X7 ölkədən çıxması və ya ölkəyə qayıtması, yaşayış yerində onun harada olması barədə beş ildən artıq müddətdə məlumatın olmaması, ərizəçinin onun axtarışı üçün müraciət etdiyi müvafiq qurumların apardığı tədbirlərin nəticəsiz qalması iş materialları ilə sübut edilir. Məhkəmə hesab edir ki, hüquqi faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından, ərizə təmin edilərək, xx.xx.1973-cü il təvəllüdlü X11 ölmüş elan edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutub məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü il tarixdə Culfa şəhərində doğulmuş X11 ölmüş elan edilsin. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün X7 ölüm günü hesab edilsin. xx.xx.1973-cü il tarixdə Culfa şəhərində doğulmuş X7 ölümü barədə qeydin aparılması Culfa rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar