Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-217/2025 08.09.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh “X34 Mərkəzi” X31 nümayəndələri X12 və X14 iştirakı ilə, İddiaçı cavabdeh “X34 Mərkəzi” X27rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, “X34 Mərkəzi” X31 14 may 2025-ci il tarixli, 57 nömrəli əmrinin ləğv edilərək öz vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxdığı 14 may 2025-ci il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2016-cı ildən əmək müqaviləsi əsasında Culfa Rayon Mərkəzi Xəstəxanasında tibbi bacısı vəzifəsinə təyin edilərək əmək fəaliyyətinə başlamışdır. Həmçinin əmək fəaliyyəti dövründə hər hansı intizam tənbehi almamışdır. “X34 Mərkəzi” X31 direktoru İlqar Vəliyevin 14 may 2025-ci il tarixli, 57 nömrəli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Müvafiq əmrlə razı deyil, əmr faktiki hallar və hüquqi əsaslar baxımından əsaslandırılmamışdır. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş yazılı etiraz ərizəsində qeyd edilmişdir ki, Culfa Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh “X34 Mərkəzi” X30 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi” barədə iddiası ilə əlaqədar olaraq bildirilir ki, İddiaçı öz ərizəsi əsasında “X34 Mərkəzi” X31 direktorunun 01 iyul 2024-cü il tarixli, 15 mömrəli əmri ilə “X34 Mərkəzi” X31 tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi X3 Şöbəsində rentgen-texnik vəzifəsinə təyin edilmiş və əmək müqaviləsi (kontraktı) tərəfindən “Əmək və məşğulluq" altsistemində (ƏMASda) imzalanmışdır. İddiaçı 07 may 2025-ci il tarixdə Ordubad rayonu, Üstüpü kənd sakini X15 rentgen çəkilişi edə bilməyərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməmiş, rentgen plyonkalarını korlamış, göstərilən tibbi xidmətdən narazı qalınmış, həmin vaxt X18 məcbur olub rentgen çəkilişi üçün Naxçıvan şəhərinə gedərkən Culfa Rayon Mərkəzi Xəstəxanasına geri qaytarılmış və Culfa Rayon Mərkəzi X3 Şöbəsində rentgen-texnik vəzifəsində işləyən X2 xəstəni rentgen çəkilişi etmişdir. Bu halın baş verməsi İddiaçı, “X34 Mərkəzi” X31 tabeliyində fəaliyyət göstərən Ordubad Rayon Mərkəzi X3 Şöbəsində şüa diaqnostikası üzrə həkim vəzifəsində işləyən - Culfa Rayon Mərkəzi X3 Şöbəsində şüa diaqnostikası üzrə həkim vəzifəsini icra edən X6, “X34 Mərkəzi” X31 tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi X3 Şöbəsində rentgen-texnik vəzifəsində işləyən X1 və “X34 Mərkəzi” X31 tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi X11 Şöbəsində böyük tibb bacısı vəzifəsində işləyən X9 verdikləri 08 may 2025-ci il tarixli yazılı izahatları ilə təsdiq olunmuşdur. 08 may 2025-ci il tarixdə “X34 Mərkəzi” publik hüquqi şəxsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məsələsinə münasibət bildirilməsi üçün “X34 Mərkəzi” X31 Həmkarlar İttifaqı Komitəsinə təqdimat vermişdir. “X34 Mərkəzi” X31 Həmkarlar İttifaqı Komitəsi 08 may 2025-ci il tarixdə iclas keçirmiş, 14 may 2025-ci il tarixli, 09 nömrəli rəy vermişdir. “X34 Mərkəzi” X31 Həmkarlar İttifaqı Komitəsinin iclasında İddiaçı 20 il işlədiyi yerdən bildirilmədən, onu kursa göndərilmədən yerindən çıxarıldığını, səhhəti ilə bağlı hazırkı işdə işləyə bilmədiyini, otaqda otura bilmədiyini, ona görə dəhlizdə gəzdiyini, işin öhdəsindən gələ bilmədiyini, işini öyrənə bilməyəcəyini, işinin öhdəsindən gələ bilməsə də işi pozacağını, işi pozduğu halda xəstələrdən bəzilərinin şikayət edəcəklərini, işi bacarmasa da gecələr geləcəyini və xəstə qəbul edəcəyini, rəhbərliyin dalınca və başqa işçilər (X19, X20 və X16) barəsində bəzi sözlər söylədiyini, poliklinika şöbəsində EKQ aparatı olan otaq olduğu müddətdə ya həmin otağa qaytarılmasını, ya da otağın bağlanmasını tələb etdiyini, əks halda digər qurumlara müraciət edərək şikayət edəcəyini bildirmişdir. Həmçinin 13 may 2025-ci il tarixdə eyni məsələ ilə bağlı “X34 Mərkəzi” X31 Tibbi Şurasının iclası da keçirilmiş, həmin iclasda İddiaçı rentgen çəkilişi edə bilmədiyini, hazırkı vəzifəsinə xəstəxananın əvvəlki rəhbərliyi tərəfindən təyin edildiyini, nə qədər cəhd etsə də işinin öhdəsindən gələ bilmədiyini bildirmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə “X34 Mərkəzi” X31 14 may 2025-ci il tarixli, 57 əmri ilə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hörmətli Məhkəmədən yuxarıda qeyd olunanların nəzərə alınmasını, İddiaçı cavabdeh “X34 Mərkəzi” X30 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, 20 ilə yaxın Culfa xəstəxanasında işləmişdir. Rentgen-texnik vəzifəsinə təyin edilmiş, lakin onu iş qaydası ilə tanış etməmişlər. Rəhbərliyə dəfələrlə onu kursa göndərmələrini bildirmiş, rəhbərlik isə “şəkildi, vur çəksin, get Kəmalə xanım öyrətsin” demişdir. Öz ixtisası mamadır. Həmin vəzifəyə təyin etmələrini istəmiş, lakin rəhbərlik yer olmadığını bildirmişdir. Bayram Mikayılovun qorxusundan ərizə yazmış, ixtisasına uyğun işə təyin edilməsini xahiş etmişdir. Qanunsuz, icazəsiz onun videosunu çəkmişlər. Xəstəxanadakı hər kəs fərqli işlər görmüş, lakin yalnız o gözlərinə görünmüşdür. Ona qarşı qərəzli müansibət olduğunu düşünür. Yeni direktor onu çağırmış, mama olaraq işə götürəcəyini, lakin məcburi iş buraxma dövrü üçün əmək haqqının verilməyəcəyini bildirmiş, o da qəbul etməmişdir. Hesab edir ki, onu qanunsuz olaraq işdən çıxarmışlar. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, izahatında həmçinin bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuş, lakin işəgötürən tərəfindən buna ciddi əsaslar müəyyən edilməmişdir. İşdən çıxarılma dövründə Həmkarlar İttifaqına təqdimatla müraciət edilməmişdir. X25 rentgen çəkilişi edilmiş, onun tərəfindən İddiaçı qarşı hər hansı şikayət daxil olmamışdır. Həmçinin bildirir ki, rəhbərlik tərəfindən İddiaçı kursa göndəriləcəyi bildirilmiş, lakin o, kursa göndərilməmiş, rentgen-texnik vəzifəsi üzrə ixtisaslaşması üçün heç bir addım atılmamışdır. Cavabdeh tərəfindən əmək qanunvericiliyinin ciddi şəkildə pozulması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. İddiaçıya işə bərpa ilə bağlı təklif də gəlmiş, lakin məcburi iş buraxma müddəti üçün əmək haqqı verilməyəcəyindən iddiaçı bu təklifi rədd etmişdir. Hesab edir ki, hadisə ilə bağlı “X34 Mərkəzi” X31 əməkdaşları tərəfindən verilmiş izahatlar hazırkı mülki iş üzrə sübut qismində nəzərə alınmamalıdır. Çünki, həmin işçilər hər bir halda öz işəgötürənlərinin mövqeyindədilər. İddiaçı əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “X34 Mərkəzi” X31 nümayəndəsi X12 məhkəməyə ünvanlanan etiraz ərizəsinin məzmununa uygun izahat vermiş, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş “X34 Mərkəzi” X31 nümayəndəsi X21 məhkəməyə ünvanlanan etiraz ərizəsinin məzmununa uygun izahat vermiş, iddianın rədd olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, İddiaçı “X34 Mərkəzi” X26 əvvəlcə poliklinika şöbəsində tibbi bacısı, daha sonra isə şüa-diaqnostika şöbəsində rentgen-texnik vəzifəsində çalışmışdır. Əvvəlki rəhbərlik tərəfindən vəzifəsi dəyişdirilmişdir. İddiaçı EKQ otağında qalmaq istəmiş, başqa iş görmək istəməmişdir. Xəstəxananın başqa əməkdaşları da İddiaçı işi öyrətməyə çalışmışlar, lakin öyrənməmişdir. 2025-ci ilin aprel ayında “X34 Mərkəzi” X30 yeni direktor təyin edilmiş, hər kəsin öz vəzifə funksiyalarını yerinə yetirməsi barədə göstəriş vermiş, bundan sonra narazılıqlar başlamışdır. Həmçinin bildirir ki, İddiaçı sonuncu dəfə tibbi bacısı kimi sertifkasiyadan keçmişdir ki, tibb bacısı da rentgen-texnik vəzifəsində çalışa bilər. Bu səbəbə görə İddiaçı həmin rentgen-texnik vəzifəsinə təyin edilmişdir. Hər hansı qanunsuz iş görülməmişdir. İş materiallarına əlavə olunmuş- 14 may 2025-ci il tarixli, 57 nömrəli əmrdən görünür ki, “X34 Mərkəzi” X31 tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi X3 şöbəsində rentgen-texnik vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. “X34 Mərkəzi” X31 Həmkarlar İttifaqı Komitəsinin 08 may 2025-ci il tarixli, 08 nömrəli iclas protokolundan görünür ki, “X34 Mərkəzi” X31 tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi X3 şöbəsində rentgen-texnik vəzifəsində işləyən İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinin ləğv edilməsinə ““X34 Mərkəzi” X31 Həmkarlar İttifaqı Komitəsi etiraz etməmişdir. “X34 Mərkəzi” X31 Tibbi Şurasının 13 may 2025-ci il tarixli, 01 nömrəli iclas protokolundan görünür ki, “X34 Mərkəzi” X31 tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi X3 şöbəsində rentgen-texnik vəzifəsində işləyən İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinin ləğv edilməsinə “X34 Mərkəzi” X31 Tibbi Şurası etiraz etməmişdir. “X34 Mərkəzi” X31 Həmkarlar İttifaqı Komitəsinin 14 may 2025-ci il tarixli, 09 nömrəli rəyindən görünür ki, “X34 Mərkəzi” X31 08 may 2025-ci il tarixli təqdimatı ilə əlaqədar olaraq bildirilmişdir ki, “X34 Mərkəzi” X31 tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi X3 şöbəsində rentgen-texnik vəzifəsində işləyən İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədiyindən 07 may 2025-ci il tarixdə Ordubad rayonu, Üstüpü kənd sakini X15 rentgen çəkilişi edə bilməmiş, rentgen plyonkalarını korlamış, vətəndaşın narazılığına səbəb olmuş, tibbi xidmətin fəaliyyətinə mənfi təsir göstərmişdir. Bu halın olması araşdırma materiallarından da müəyyən edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsini “X34 Mərkəzi” X31 Həmkarlar İttifaqı Komitəsi məqsədə uyğun hesab etmişdir. Ordubad Rayon Mərkəzi X3 Şöbəsində şüa diaqnostikası üzrə həkim vəzifəsində işləyən - Culfa Rayon Mərkəzi X3 Şöbəsində şüa diaqnostikası üzrə həkim vəzifəsini icra edən X13, “X34 Mərkəzi” X31 tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi X3 Şöbəsində rentgen-texnik vəzifəsində işləyən X2 və “X34 Mərkəzi” X31 tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi X11 Şöbəsində böyük tibb bacısı vəzifəsində işləyən X17 08 may 2025-ci il tarixdə verdikləri yazılı izahatlarla İddiaçı 07 may 2025-ci il tarixdə Ordubad rayonu, Üstüpü kənd sakini X15 rentgen çəkilişi edə bilməyərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədiyini, rentgen plyonkalarını korladığını, göstərilən tibbi xidmətdən narazı qalındığını bildirmişlər. 01430 nömrəli sertifkasiya şəhadətnaməsindən görünür ki, İddiaçı 27 may 2022-ci il tarixində sertifkasiya imtahanından keçmiş və ona “Tibb bacısı” ixtisası üzrə praktik tibb və ya əzcaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilmişdir. 01 iyul 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı tərəfindən “X34 Mərkəzi” PHŞ-nin həmin dövrdə direktoru olmuş Bayram Mikayılova ərizə ünvanlanmış, ixtisasına uyğun bir işlə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, işdə iştirak edən şəxslərin izahatlarını, təqdim edilmiş sənədləri və mövcud sübutları araşdıraraq müəyyən etdi ki: İddiaçı cavabdeh “X34 Mərkəzi” X31 tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi Xəstəxanasında rentgen-texnik vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. 07 may 2025-ci il tarixində baş vermiş konkret hadisə nəticəsində iddiaçı öz əmək funksiyasını yerinə yetirə bilməmiş, rentgen çəkilişi düzgün aparılmamış, nəticədə tibbi xidmətdən istifadə edən şəxs başqa tibb müəssisəsinə yönləndirilmiş və bu səbəbdən narazılıq yaranmışdır. Hadisə ilə bağlı cavabdeh tərəfindən 08 may 2025-ci il tarixində izahatlar toplanmış, həmin izahatlarda iddiaçının əmək funksiyalarını yerinə yetirməkdə çətinlik çəkdiyi təsdiq olunmuşdur. Habelə 13 may 2025-ci il tarixində keçirilmiş Tibbi Şura iclasında iddiaçı özü də etiraf etmişdir ki, hazırkı vəzifəsinin öhdəsindən gələ bilmir, işin ona uyğun olmadığını düşünür və bu səbəbdən əmək funksiyasını layiqincə yerinə yetirə bilmir. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməzdən öncə qanunla nəzərdə tutulan prosedurlar gözlənilmiş, yəni məsələ ilə bağlı Həmkarlar İttifaqına təqdimat verilmiş, 08 may 2025-ci il tarixdə Həmkarlar İttifaqının iclası keçirilmiş və 14 may 2025-ci il tarixli rəy əsasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə ilk növbədə mübahisələndirilən əmrlə bağlı tələb və etirazın dəlillərinə dair mövqeyini bildirməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. -10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir - 70-ci maddəyə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 71-ci maddənin İİ hisssinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71-ci maddənin İİİ hisssinə əsasən İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəyə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 186-cı madddənin 1-ci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir. - 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verə bilər. - 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. - 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. - 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. - 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə iş materiallarını araşdırıb, qeyd edilən maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyən işçiyə qarşı işəgötürənin əmək müqaviləsinə xitam vermək hüququ vardır. Qeyd edilən faktlar iş materialları ilə təsdiq olunur və işəgötürənin əməli qanunvericiliyə tam uyğun hesab edilir. Həmçinin iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi bir dəfəlik təsadüfi hal kimi deyil, onun özünün də bildirdiyi kimi təcrübə və sınaq çatışmazlığından qaynaqlanan davamlı uyğunsuzluq olaraq qiymətləndirilməlidir. Belə olan halda işəgötürənin əmək münasibətlərinə xitam verməsi hüquqi əsaslara söykənir. Belə ki, iş materiallarından da görünür ki, İddiaçı öz ərizəsi əsasında “X34 Mərkəzi” X31 tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi X7 Şöbəsində rentgen-texnik vəzifəsinə təyin edilmişdir. 07 may 2025-ci il tarixdə Ordubad rayonu, Üstüpü kənd sakini X15 rentgen çəkilişi edə bilməyərək konkret tibbi xidməti düzgün və səmərəli yerinə yetirə bilməmişdir. Bu hadisə nəticəsində vətəndaş tibbi xidmət ala bilməmiş, Naxçıvana göndərilmiş və nəticədə təcili olaraq geri qaytarılmışdır. Həmin hadisə əmək fəaliyyətində ciddi pozuntu, konkret zərər və xidmətin dayanması ilə nəticələnmişdir ki, bu da əmək funksiyasının icra edilməməsi deməkdir. Həmçinin, hadisə digər əməkdaşların yazılı izahatları ilə də təsdiqlənmişdir. Ordubad Rayon Mərkəzi X3 Şöbəsində şüa diaqnostikası üzrə həkim vəzifəsində işləyən - Culfa Rayon Mərkəzi X3 Şöbəsində şüa diaqnostikası üzrə həkim vəzifəsini icra edən X13, “X34 Mərkəzi” X31 tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi X3 Şöbəsində rentgen-texnik vəzifəsində işləyən X2 və “X34 Mərkəzi” X31 tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi X11 Şöbəsində böyük tibb bacısı vəzifəsində işləyən X17 tərəfindən verilmiş 08 may 2025-ci il tarixli yazılı izahatlar iddiaçının həmin tarixdə rentgen çəkilişi edə bilmədiyini və bunun nəticəsində xəstənin tibbi xidmət ala bilmədiyini təsdiqləyir. Həmçinin işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmədən öncə lazımi prosedurlara əmək edilmiş, X4 rəyi alınmış, 08 may 2025-ci il tarixdə X8 təqdimat verilmiş, 14 may 2025-ci il tarixli, 09 nömrəli rəy alınmış, həmçinin Tibbi Şuranın 13 may 2025-ci il tarixli iclası keçirilmişdir. Bütün bunlar göstərir ki, xitam qərarı qanunla müəyyən edilmiş qaydada, əsaslandırılmış və prosedura uyğun qəbul edilmişdir. Həmçinin İddiaçı 08 may 2025-ci il tarixdə “X34 Mərkəzi” X36 verdiyi izahatda, Həmkarlar İttifaqı iclasında verdiyi izahatlarda dəfələrlə bildirmişdir ki, “işi öyrənə bilməmişdir, rentgen çəkilişi edə bilmir, işin öhdəsindən gələ bilmir, işin öhdəsindən gələ bilməsə də işi pozacaqdır”. İddiaçının “kurs keçirilməyib”, “səhhəti ilə bağlı hazırkı işdə işləyə bilmədiyi” iddiaları yalnız şifahi bəyanatdır. Bunları təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, əmək funksiyasının yalnız təkrarlılığı deyil, nəticəsinin ağırlığı da xitam üçün əsas ola bilər. Xidmətin yarımçıq qalması, xəstənin başqa yerə göndərilməsi əmək funksiyasının əhəmiyyətli şəkildə pozulması kimi qiymətləndirilə bilər. Həmçinin iddiaçının həmkarları, rəhbərlik və iş şəraiti haqqında səsləndirdiyi ifadələr kollektivdə qarşılıqlı etimada zərər vurmuş, bu hallar əmək münasibətlərinin sağlam şəkildə davam etdirilməsini mümkünsüz etmişdir. Beləliklə də, məhkəmə işin faktiki hallarınına əsasən hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar mövcud olmuşdur. İddiaçının barəsində verilmiş əmək müqaviləsinə xitam verilməsi əmrinin əsassız və qanunsuz verildiyi üçün ləğv edilməli olmasına dair tələbi ilə bağlı iddiaçının irəli sürdüyü dəlillərlə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Başqa sözlə, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar, əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı ona qarşı qərəzli münasibət sərgilənməsinə dair öz hüquqi mövqeyini sübut edə bilməmiş, əsassız və qanunsuz işdən azad edilməsinə dair əmrin verilməsinə dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, işəgötürən əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmamış, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə, yəni, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam verilməsinə dair cavabdehin əmri qanuni və əsaslı olmuşdur. Məhkəmə iddianın mübahisələndirilən əmrin ləğv edilməsi tələbinin əsassız olması nəticəsinə gəldiyi üçün, digər tələblər, yəni, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi kimi tələblərin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh “X34 Mərkəzi” X27rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh “X34 Mərkəzi” X27rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim əvəzi: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(089)-217/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-217/2025
08.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver