Məhkəmə qərarları › İş №2(089)-233/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-233/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-233/2025 12.11.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 13600 manat pul və ödənilmiş 130.80 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə Cavabdeh Bakı şəhərindən ev almaq məqsədi ilə ilkin ödəniş 7000 manat pul vermiş, sonra isə hər ay 500 manat olmaqla 2020-ci ilədək cəmi 17.500 manat məbləğində pul ödənilmişdir. Lakin onlar evin sənədini Cavabdeh tələb edən zaman müxtəlif bəhanələrlə evin sənədini verməkdən yayınmışdır. Ev almaq üçün Cavabdeh ödədikləri pulu geri tələb etmişlər və cavabdeh 2023-cü ildən başlayaraq hissə-hissə pulu onlara geri ödəməyə başlamış, son ödənişi isə 400 manat olmaqla, təxminən 4-5 ay bundan əvvəl ödəməklə, cəmi 3900 manat ödəniş etmişdir. Lakin, Cavabdeh qalıq 13600 manat pulu bu günədək ödəməmiş və ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etmişdir. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, o və oğlu İddiaçı Bakı şəhərində ev almaq məqsədi ilə Cavabdeh 17500 manat məbləğində pul vermişlər. Pulun 7000 manatını özü, qalan məbləğini isə hər ay 500 manat ödəməklə oğlu vermişdir. 17500 manat pul oğlu Muxtara məxsus olmuşdur. Lakin, cavabdeh bu pulun qarşılığında onlara ev verməmişdir. Bakı şəhərində binaya aparmış, onlara göstərmiş, orada evləri olacağını bildirmiş, evin qapısını döyəndə isə qapını başqa şəxs açmışdır. Cavabdeh Culfa rayonunun Yaycı kəndində bir neçə nəfəri də ev almaq adı ilə aldatmışdır. Məhkəməyə müraciət edəcəklərini cavabdehə bildirmişlər. Yoldaşı xəstədir, bankdan 11000 manat məbləğində kredit götürmüşdür. Hazırda maddi olaraq çətin vəziyyətə düşmüşlər. Cavabdehə verdikləri 17500 manat pulun 3900 manat hissəsini almışlar, lakin qalan məbləği cavabdeh ödəməmişdir. Cavabdehlə telefon danışığında o, borcunun olduğunu danmamış, ödəyəcəyini bildirmişdir. Lakin, 11 ildir ki, cavabdeh bu gün-sabah pulu qaytaracağını bildirirək onları aldatmış və pulu qaytarmamışdır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: Culfa rayon İH-nin Yaycı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 177 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa rayonunun Yaycı kəndində yaşayır və qeydiyyatdadır. Culfa rayon İH-nin Yaycı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 178 nömrəli arayışdan görünür ki, Cavabdeh Culfa rayonunun Yaycı kəndində qeydiyyatdadır. 01 iyul 2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 130.80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş Whatsapp yazışmalarından görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı müraciət edilmiş, ödəməyəcəyi təqdirdə şikayət ediləcəyi barədə xəbərdarlıq edilmiş, cavabdeh isə borcu ödəyəcəyini bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 1091.1-ci maddəsinin tələbinə görə,əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinin tələbinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinin tələbinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını əsassız varlanma ilə bağlı hüquq münasibətləri təşkil edir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı 2016-cı ildən etibarən Cavabdeh Bakı şəhərində ev almaq məqsədilə ilkin 7000 manat və sonrakı illərdə aylıq 500 manat olmaqla, ümumilikdə 17500 manat məbləğində pul vermişdir. Cavabdeh tərəfindən evin alqı-satqısı üzrə razılaşdırılmış öhdəliklər yerinə yetirilməmiş, mənzil iddiaçının adına rəsmiləşdirilməmişdir. Cavabdeh aldığı 17500 manat məbləğində vəsaitin 3900 manat hissəsini iddiaçıya qaytarmış, lakin qalan 13600 manat hissəsini qaytarmamışdır. Təqdim edilmiş “Whatsapp” yazışmalarından da görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı müraciət edilmiş, ödəməyəcəyi təqdirdə şikayət ediləcəyi barədə xəbərdarlıq edilmiş, cavabdeh isə borcu ödəyəcəyini bildirmişdir. Cavabdeh İddiaçı aldığı vəsait hesabına əsassız olaraq varlanmışdır. Məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə cavabdeh tərəfindən ödənilməmiş qalıq məbləğ 13.600 manat təşkil edir və cavabdeh bu pulu ödəməkdən imtina edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır, həmin pul vəsaiti cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, ümumiyyətlə iddiaya qarşı münasibətini bildirməmiş, iddianı qəbul etməməsi, iddianın təkzib edilməsi ilə bağlı hər hansı halların mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə də məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 13600 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 130.80 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia təmin edilsin. Cavabdeh 13600 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 130.80 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar