Məhkəmə qərarları › İş №2(089)-245/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-245/2023

28.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-245/2023 28.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən hakim Məmmədov Mehrab Fərmayıl oğlu ərizəçi X2 Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktının müəyyən edilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Ərizəçi X4 Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktının müəyyən edilməsi barədə ərizə ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin məhkəmə icraatı mümkün deyil, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəçi X4 Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktının müəyyən edilməsini məhkəmədən xahiş etsə də, o, faktı təsdiq edən lazımi sənədlərin başqa qayda alınmasının mümkünsüzlüyü ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli, 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamənin” 9.18-ci bəndinə əsasən Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətləri qəbul etmək, həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək Dövlət Miqrasiya Xidmətinin vəzifəsidir. Əsasnamənin 10.3-cü bəndində isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşama, habelə onlara haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazələri, Azərbaycan Respublikasının vətəndaşlığı və siyasi sığınacaq verilməsi məsələlərinə dair vəsatətləri ilə əlaqədar təqdim edilən sənədləri və faktları araşdırmaq, zəruri hallarda müvafiq dövlət orqanlardan əlavə məlumatlar tələb etmək Dövlət Miqrasiya Xidmətinin hüququ kimi müəyyən edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Qanunun 14-cü maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” əsasnamənin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs tələb edilən sənədləri toplamalı və Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Şəxsin ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə şəxsin Azərbaycan Respublikasının ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılır. Vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. Həmçinin 01 avqust 2013-cü il tarixdə qüvvəyə minmiş Miqrasiya Məcəlləsinin 45-ci maddəsi və həmin qanun qüvvəyə minənə qədər qüvvədə olmuş, 13 mart 1996-cı ildə qəbul edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan respublikası Qanununun 5-ci maddəsinə əsasən qanuni əsalar mövcud olduqda əcnəbi və vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti yaşamaq üçün razılıq verilir və həmin şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada yaşayış yeri üzrə qeydiyyata alınır. Azı iki il Azərbaycan Respublikasında qanuni əsalarla müvəqqəti yaşayan şəxs daimi yaşamaq üçün müraciət edə bilər. Miqrasiya Məcəlləsinin 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəd hesab edilir. Qeyd edilənlərdən belə nəticəyə gəlirəm ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanuni əsaslarla və fasiləsiz olaraq daimi yaşaması faktını müəyyən etmək vəzifəsi Dövlət Miqrasiya Xidmətinin vəzifəsidir. Həmçinin ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş sənədlərdən də görünür ki, onun 1960-cı ildən Azərbaycan Respublikasında yaşaması faktını müəyyən edən kifayət qədər sənədlər var. Belə olan halda hesab edirəm ki, X2 Azərbaycan Respublikasıda qanuni əsaslarla və fasiləsiz olaraq daimi yaşaması faktı Dövlət Miqrasiya Xidməti tərəfindən araşdırılmalı olduğundan ərizəyə məhkəmə qaydasında baxılması mümkün deyil, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.1, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasınada və ya mülki məhkəmə qaydasında baxılmalı deyilsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Ərizənin qəbul edilməsindən imtina edildiyindən, ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: X2 Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktının müəyyən edilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. X3 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi izah edilsin. Ərizəyə əlavə edilmiş sənədlər X3 rəsmi qaydada verilsin. Ərizənin verilməsi üçün ərizəçinin qızı Ərizəçi tərəfindən 13 iyul 2023-cü il tarixdə 5653 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu X1ytarışın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar