Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-253/2025 29.10.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət etmiş, Cavabdeh, yerinə yetirilməmiş təmir işlərinə görə ona ödənilmiş 1650 manat və məhkəməyə müraciət etmək üçün hüquqi xidmətlərə görə ödənilmiş 300 manat, cəmi 1950 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin avqust ayında o, Cavabdeh ilə öz evində təmir işlərinin aparılması üçün razılıq əldə etmişdir. Həmin ev ünvan 1 ünvanında yerləşir. Təmirin başlanması sentyabr ayının axırı-oktyabr ayının əvvəlinə planlaşdırılmışdı. Cavabdeh ondan beh istəmiş və sentyabrın 1-də o, cavabdehin kartına 200 manat göndərmişdir. Oktyabr ayının əvvəlində cavabdeh ona bildirmişdir ki, artıq gəlib işləyə bilər və bunun üçün tikinti material- kərpic, sement, qum və s. alınmalıdır. O, qardaşı ilə lazım olan materialları almış, lakin cavabdeh, ancaq, oktyabr 16-da onunla əlaqə saxlayaraq bildirmişdir ki, o özü ilə 5-6 nəfər usta gətirəcək, buna görə yenə pul lazımdır. Onlar 950 manata razılaşmış və o, cavabdehin kartına həmin məbləği köçürmüşdür. Cavabdeh öz qohumu, Samir ustanı gətirmiş, qərar vermişlər ki, Samir əvvəl blokdan başlasın, oranı səliqəyə salsın, cavabdeh bloka işıq çəksin, sonra digər fəhlələr gələndə birlikdə evin içərisini işləsinlər. Blokdan başqa heç bir iş görülmədən cavabdeh 10 gün sonra zəng edib ondan 1000 manat pul istəmiş, o, cavabdehə bildirmişdir ki, artıq ona kifayət qədər pul vermiş, lakin onun tərəfindən heç bir iş görülməmişdir. Cavabdeh ona bildirmişdir ki, blokda işləmiş Samir ustaya 500 manat verməlidir. O, Samir usta üçün 500 manat cavabdehin kartına köçürmüş, üç həftə sonra məlum olmuşdur ki, cavabdeh Samir ustaya ödənilməli olan pulu verməmişdir. Samir ustanın atası xərçəng xəstəsi olduğuna görə o, Samir usta ilə tez hesablaşmağa çalışmış və pul əvəzinə özünəməxsus, yeni- 600 manat dəyəri olan LG markalı paltar yuyan maşını vermişdir. Cavabdehə dəfələrlə zəng etmişdir ki, gəlsin təmir işlərini görsün. Lakin o həmişə bəhanə tapıb işi uzatmışdır. Nəticədə ona aydın olmuşdur ki, cavabdeh ondan pul alıb faktiki işləmək niyyətində deyil. O cavabdehin xidmətindən imtina edib pulun qaytarılmasını istəmiş, cavabdeh söz vermişdir ki, bir ay ərzində pulu qaytaracaq. Lakin bu günə qədər ondan heç bir məbləğ ala bilməmişdir. Şikayətlə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş, Polis İdarəsinin xx.xx.2025 il tarixli məktubu ilə ona həmin mübahisə üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Faktiki cavabdehin Birbank kartına və nağd şəkildə onun tərəfindən aşağıdakı pul vəsaitləri ödənilmişdir: Birbank kartına xx.xx.2024-cü il tarixində 200 manat, xx.xx.2024-cü il tarixində 950 manat, xx.xx.2024-cü il tarixində 180 manat, xx.xx.2024-cü il tarixində 500 manat, nağd isə 500 manat vermiş, ümumi məbləğ 2330 manat təşkil edir. Cavabdeh tərəfindən həmin pul vəsaitlərindən 30 manat məbləğində iş görülmüşdür, 650 manata material alınmışdır. Beləliklə, yerdə qalan 1650 manatı cavabdeh ona qaytarmalıdır. Məhkəməyə müraciət etmək məqsədi ilə hüquqi xidmətə görə 300 manat sərf etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizəsində bildirmişdir ki, İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciə etmişdir. İddiaçının tələbini əsaslandırdığı hallar yanlışdır. Belə ki, İddiaçı ilə aralarında şifahi qaydada podrat müqaviləsi bağlanmışdır. Həmin şərtlərə əsasən, o, işə başlamamış sifarişçi olaraq ona, yəni podratçıya 5000 manat pul verməli idi. Lakin, sonradan həmin razılaşdıqları şərtdən yayınmağa başlamışdır. İş gördükləri dönəmdə o ona bütün təkidlərindən sonra hissəhissə 1500 manat ödəmişdir. Sifarişçi tərəfindən muzdun verilməsinin gecikdirilməsinə baxmayaraq o, 23 gün ərzində tapşırığı öz komandası ilə yerinə yetirməyə çalışmışdır. Komandanın üzvü olan Samirə gördüyü işin müqabilində verilməsi üçün 500 manat İddiaçı tələb etmiş, lakin, o, bundan yayınmışdır. İndi təkidlə pulun əvəzində Samirə paltaryuyan verməsini bildirir. Maraqlıdır ki, podratçı odur, muzd ödənilməli olan şəxs də odur. İçi icra etməyi öz üzərinə götürmüşdür. İddiaçı şəxsi münasibətlərə görə Samirə paltaryuyan bağışlamasının onların müqaviləsinə heç bir aidiyyəti yoxdur, sifarişçi ilə bununla bağlı aralarında hər hansı razılaşma olmamışdır. Notariusa gedib yazılı qaydada podrat müqaviləsi bağlamağı təklif etdikdə iddiaçı buna razı olmamışdır. İddiaçının pulu gecikdirməsi və bu təklifə razı olmamasından sonra aralarındakı razılaşma pozulmuşdur. Evdə 2 gün ərzində divar söküntüsü (qiyməti 200 manat), 178 kv.m sahədə malyar işi (1068 manat), 48 metr paduqa (100 manat), ümumi blokun işıqlandırılması (150 manat), 2 gün ərzində materialların daşınmasına nəzarət (günü 75 manatdan olmaqla 150 manat), 8 dəfə işə nəzarət üçün lazım olan avadanlıqların gətirilməsinə çəkdiyi yol xərci və parkinq (100 manat), ümumilikdə 1768 manatlıq iş görmüş və xərc çəkmişdir. Bunları təsdiq edən videogörüntülərin köçürüldüyü xarici yaddaş qurğusunu məhkəmə təqdim edir. Bundan başqa iddiaçının işini görməyi qəbul etdiyi üçün ona təklif edilən işləri qəbul etməmiş, 2 ay 23 gün işsiz qalmışdır. Bunlar əldən çıxmış fayda kimi qiymətləndirilməlidir. Nəticədə ona da ziyan vurulmuşdur. İki uşağı var, həmin dönəmdə nə çəkdiyini bircə özü bilir. İndiyə kimi 500 manat yol xərci çəkmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət etmiş, işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməcəyəcini bildirmiş, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxmışdır. Məhkəmə iclasını vaxtı və yeri barədə iddiaçının vəkili Vəkil məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbdən və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsi-vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 22 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh Ramin adlı şəxs vasitəsilə tanımışdır. Ramin adlı şəxs rəfiqəsinin evində işləmişdir. Cavabdeh onun təmir işini görmüş, qarşılığında da Namiq ustaya 200 manat vermişdir. Sonra Cavabdeh başqa təmir işlərini də görməsini təklif etmiş, o da qəbul etmişdir. 01 sentyabr 2024-cü il tarixdə Namiq ustanın kartına 200 manat göndərmişdir. 2024-cü ilin sentyabr ayının ortalarında Namiq usta ona zəng etmiş, 1000 manat da əlavə olaraq göndərməsini bildirmişdir. O da Namiq ustanın kartına 800 manat göndərmiş, əvvəl göndərdiyi 200 manatla məbləğin 1000 manat olduğunu bildirmişdir. Namiq usta ona Naxçıvandan usta çağıracağını, ev tutulmalı olduğunu bildirmiş, 2024-cü ilin oktyabr ayının əvvəli işə başlayacaqlarını bildirmişdir. Daha sonra onun mənzilinə başqa bir usta-Samir adlı şəxs gəlmiş, o həmin ustaya bloku-işıq çəkilməli olan yerləri göstərmişdir. Onun mənzilində sadəcə Samir adlı şəxs işləmiş, yalnız onu görmüşdür. Bundan öncə Namiq usta ona material lazım olduğunu bildirmiş, fəhlələr gəlmiş, fəhlələrin məvacibi Namiq ustaya göndərilmişdir. Lakin, nə qədər göndərdiyini xatırlamır. Namiq ustaya işi görməsi ilə bağlı bir neçə dəfə bildirmiş, o da hər dəfə başqa bəhanələr gətirmişdir. Lakin, Samir usta bu müddətdə mənzilə gəlmiş və iş görmüşdür. Daha sonra 2 həftə keçdikdən sonra Namiq usta ona zəng etmiş, 1000 manat göndərməyini, ehtiyaclar olduğunu, əvvəl göndərdiyi 1000 manatı xərclədiyini, Samirin atasının xəstə olduğunu bildirmişdir. Namiq usta mənzilə gəlmiş, 3-4 xətt çəkmişdir. Namiq ustaya Samirə verməsi üçün 500 manat vermiş, lakin, 3 gün keçdikdən sonra Samir ona zəng etmiş, Namiqin ona pul vermədiyini bildirmişdir. Bundan sonra Namiq ustaya zəng etmiş, həmin 500 manatın ona çatası olmadığını bildirmiş, Namiq də “özüm bilərəm” demişdir. Həmin pulu Samirin gözünün önündə Namiq ustaya vermişdir. Samir mənzilin blokunda işləmiş, Namiq usta yalnız işıq çəkmişdir. Materialları da Namiq usta almış, pulu ona ödəmişdir. 180 manat mərmər üçün xərclənməli idi, lakin Namiq usta nə mərməri, də nə də pulu vermişdir. 30 manatı isə Namiq ustanın gördüyü işə görə çıxmışdır. Samirə paltaryuyan maşın vermiş, o daha iş üçün gəlməyəcəyini, həmin paltaryuyan maşını da əməyinin qarşılığına çıxmasını bildirmişdir. Namiq ustaya 200, 950, 180, 1000 manat olmaqla, ümumilikdə 2330 manat pul vermişdir ki, gəlsin iş görsün. Həmin vəsaitin 650 manatına material alınmış, 30 manat isə Namiq ustanın gördüyü işə görə çıxılmışdır. Evdə heç bir təmir işi görülməmişdir. Görülən işləri Samir etmiş, blokda 600 manatlıq iş görülmüşdür. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, İddiaçı ilə 2024-cü ilin avqust ayında Ramin adlı şəxs vasitəsilə tanış olmuşdur. Ramin ona zəng etmiş, iş olduğunu, münasib qiymətə etməyini bildirmişdir. İddiaçı ilə danışmışlar, vaxt təyin etmişlər və evə gedib baxmış, 200 manata işi görəcəyini bildirmişdir. İş bitdikdən sonra İddiaçı videosunu da çəkmiş, Raminə atmış, işi bəyəndiyini bildirmişdir. İddiaçı daha sonra ona başqa iş də təklif etmiş, o da razılaşmış, ilkin olaraq 5000 manat avans götürəcəklərini bildirmişdir. Həmin dövrdə İddiaçı xaricə getmiş, getmədən öncə də beh kimi onun kartına 200 manat atmışdır. İddiaçı oktyabr ayının axırları işə başlayacağını bildirmişdir. Elnarə xanım xaricdən qayıtmış, onlar görüşmüş, görüləsi işləri danışmışlar. Həmin mənzildə bir divar sökdürmüş, zibil çıxmışdır. Padyezi təmir etmişlər, 8 gün özü işləmişdir. 2 dəfə material sifariş edilmiş, fəhlələri də özü aparmışdır. Qum gətirilən günü Elnarə xanıma 1000 manat ehtiyac olduğunu bildirmiş, Elnarə xanım 800 manat ata biləcəyini bildirmiş, o da razılaşmışdır. 800 manatı da atdıqdan sonra ona verilən ümumi məbləğ 1000 manat olmuşdur. Padyezi birinci təhvil vermək üçün evin içində iş görməmişlər. Daha sonra Elnarə xanıma 1000 manat pulu nə vaxt verəcəyini soruşmuş, o da göndərəcəyini bildirmiş, lakin göndərməmiş, təkrar zəng etdikdə kartında pul olmadığını, sabahısı gün nağd verəcəyini bildirmişdir. Daha sonra mənzilə gəlmişlər, orda Elnarə xanım mebel ustaları ilə acı danışmış, qardaşının “orda nə iş görüblər ki, bu qədər pul istəyirlər” dediyini bildirmişdir. O da İddiaçı notariusa getmələrini, müqavilə bağlamalarını təklif etmiş, lakin o qəbul etməmişdir. Sonra ona 500 manat pul vermiş, qardaşına bildirməməsini xahiş etmiş, Elnarə xanımdan Samirə verilməli olan pulu soruşmuş, o da Samirin hələ işi bitirmədiyini bildirmişdir. Samir ona zəng etmiş, onu Elnarə xanımın yanına göndərmişdir. Elnarə xanım da Samirə ona çatası 500 manatı güya ona verdiyini bildirmişdir. İddiaçı ona 200, 950 (800 manatı ona çatan hissə, 150 manat fəhlə pulu), 500 (mateiral almaq üçün), 500, 80 (mərmər) manat məbləğində pul vermişdir. Bu məbləğin 1650 manat hissəsi onların arasında olan haqq hesabdır. Qalan məbləğə material alınmışdır. Həmin mənzildə 178 kv.m malyarka işi görülüb. Bundan sonra Elnarə xanım ona zəng etmiş, 1650 manatı qaytarmağını, işin baş tutmayacağını, iş görmədiyini bildirmişdir. İddiaçı onda pulu qalmamışdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 sentyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 4189 80******9924 nömrəli kart hesabından 4169 73******8017 nömrəli kart hesabına 200 manat məbləğində pul köçürülmüşdür. 15 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 4189 80******1334 nömrəli kart hesabından 4169 73******8017 nömrəli kart hesabına 950 manat məbləğində pul köçürülmüşdür. 16 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 4189 80******1334 nömrəli kart hesabından 4169 73******8017 nömrəli kart hesabına 180 manat məbləğində pul köçürülmüşdür. 23 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 4189 80******1334 nömrəli kart hesabından 4169 73******8017 nömrəli kart hesabına 500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, 4169 73******8017 nömrəli kart hesabı Cavabdeh Qasım oğluna məxsusdur. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, ərizədə göstərilənlər polisin səlahiyyətlərinə aid olmayan mülki xarakter daşıyan iddia olduğu bildirilmiş, məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 12 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul mədaxil edilmişdir. 11 iyul 2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 39.5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Məhkəmənin mövqeyi: Məhkəmədə müəyyən olunmuşdur ki, tərəflər 2024-cü ilin avqust ayında İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında təmir işlərinin aparılması barədə razılıq əldə etmişlər.Tərəflər arasında yazılı müqavilə bağlanmasa da, cavabdeh təmir işlərini həyata keçirməyi, iddiaçı isə görüləcək işlərə görə müvafiq məbləğdə pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı məhkəməyə təqdim ediyi ödəniş qəbzlərindən görünür ki, Cavabdeh ona məxsus 4169 73******8017 nömrəli kart hesabına 1830 manat, bir dəfə isə nağd şəkildə 500 manat olmaqla, 2330 manat pul verilmişdir. Cavabdeh verilən vəsaitlərin müqabilində yalnız binanın blok hissəsində az miqdarda iş görmüş, 650 manatlıq material alınmış, lakin əsas təmir işlərinə başlamamışdır. Beləliklə, 1650 manat məbləğində pul əsassız olaraq cavabdehin sərəncamında qalmışdır. Təqdim edilmiş sübutlar-ödəniş qəbzləri, vhatsapp yazışmaları göstərir ki, iddiaçı cavabdehə təmir işləri məqsədilə ümumilikdə 2330 manat vəsait ödəyib. Cavabdeh bu vəsaitdən yalnız 680 manatını (30 manat gördüyü işə görə haqq və 650 manat dəyərində alınmış material) təyinatı üzrə istifadə etmiş, qalan 1650 manat məbləğində pul iddiaçıya qaytarılmamışdır. Məhkəmə cavabdehin etiraz ərizəsində göstərdiyi güya mənzildə 1768 manatlıq iş görüb və bu barədə sübutlar təqdim etməsi ilə bağlı qeyd edir ki, həmin fotoşəkillər işin tam həcmini və dəyərini müəyyən etməyə imkan vermir. Əksinə, məhkəmədə müəyyən olundu ki, Cavabdeh yalnız sözügedən mənzilin blok hissəsində cüzi təmir işləri görmüş, mənzilin daxilində heç bir təmir işi həyata keçirməmişdir. İddiaçı həmçinin iş üzrə hüquqi yardım göstərilməsi üçün 300 manat xərc çəkdiyini də iş materiallarına əlavə etdiyi ödəniş qəbzi ilə tam sübuta yetirmişdir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmənin qənaəti bundan ibarətdir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları sübut edə bilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 39.5 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh 1650 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat olmaqla, cəmi 1950 manat məbləğində pul və ödənilmiş 39.5 manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-253/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-253/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver