Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-279/2021 15.12.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı MMC-nin direktoru iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 900 manat əsas borc, 162 manat dəbbə pulu və 31 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb İddiaçı MMC-nin hesabına ödənilməsi barədə əmr verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə riayət edilib edilməməsini yoxlayır. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, cavabdehin Bakı şəhərində yaşadığı ünvan, iddia ərizəsində iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməmiş, iddia ərizəsinin, iddia ərizəsində göstərilən bütün yazılı sübutların cavabdehə təqdim edilməsi üçün surəti iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin iddia ərizəsinə tərəflər arasında bağlanmış müqavilənin 7-ci maddəsinə əsasən mübahisənin danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi barədə bildiriş əlavə edilsə də, həmin bildirişin cavabdehə göndərilməsini, bildirişin cavabdehə təqdim edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir ki, bildirişin iddia ərizəsinə əlavə edilməsi mübahisənin məhkəməyə qədər həll edilməsi kimi qəbul edilə bilməz. İddiaçının diqqətinə o da çatdırılmalıdır ki, ərizə iddia icraatı qaydasında baxılması üçün məhkəməyə göndərilsə də, iddia ərizəsinin xahiş edirəm hissəsində məhkəmədən əmr verilməsi xahiş edilmişdir. Məlumat üçün bildirirəm ki, iddia icraatı qaydasında baxılan işlər üzrə çıxarılan yekun məhkəmə aktı qətnamə və qərardaddan ibarətdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin. 150.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surəti (iddia ərizəsi elektron formada verildiyi hal istisna )əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin. 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu səbəbdən də İddiaçı MMC-nin rəhbərliyinin diqqətinə çatdırmağı zəruri hesab edirəm ki, Culfa Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq edilir. Göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə riayət edilməklə verilmədiyindən iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir, geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi geri qaytarıldığından, hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı MMC tərəfindən 12 iyul 2021-ci il tarixdə 20605 nömrəli qəbzlə Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına ödənilmiş 20 manat, 18 noyabr 2021-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına ödənilmiş 11 manat dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-279/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-279/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver