Məhkəmə qərarları › İş №2(089)-55/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-55/2021

16.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-55/2021 16.03.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı, Cavabdehnin Yük və Sərnişin Daşımaları idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh-nin Yük və Sərnişin Daşımaları idarəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi” tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh-nin Yük və Sərnişin Daşımaları idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx xxxxxx 2020-ci il tarixli, 108 nömrəli əmrin ləğv edilməsi, onun maşinist vəzifəsinə bərpa olunması, xx xxxxxx 2020-ci il tarixdən hesablamaqla işə bərpa olunma tarixinədək əməkhaqqının hesablanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, 1987-cı ildən X9 maşinist köməkçisi, 1990-cı ildən isə maşinist vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə maşinist köməkçisi X6 ilə birlikdə Culfa-Ordubad-Culfa marşrutu üzrə hərəkət edəcək yük sərnişin qatarını qəbul etmiş, qatarın yağına, suyuna, əyləc sisteminə, qumuna baxmış, ALSN və radiostansiyanı yoxlamış, qatar hərəkətə hazır olduğundan işə salmışdır. Stansiya növbətçisi ilə əlaqə saxlamış, stansiya növbətçisi stansiyaya daxil olmağa icazə vermiş, teplovozu stansiyaya daxil etmişdir. Şərur-Culfa qatarı saat 16:35-də stansiyaya daxil olmuş, elektrovoz vaqonlardan ayrılmiş, teplovozla vaqonları qəbul etmiş, Ordubad rayonu istiqamətə hərəkətə başlamışlar. Ordubad stansiyasında sərnişinlər enmiş, stansıya növbətçisi Məhəmməd Məhərrəmov idarə rəisi Mübariz Allahverdiyevin göstərişi əsasında vaqonların yerini dəyişməyi onlara bildirmişdir. Teplovoza qoşulu olan 4 vaqondan üçünün yeri dəyişdirlmişdir. Vaqonların yerinin dəyişdirilməsində məqsədin nə olmasını bilməmişdir. Vaqonların yeri dəyişdirildikdən sonra vaqon baxıcısı Hüseyn Əkbərov vaqonlara baxmış, əyləc sistemini, qoşquları yoxlamış, problem olmadığını bildirmişdir. Teplovoza qoşulmuş birinci vaqonun qoşqusunu özü yoxlamış, vaqonun lazımi qaydada qoşulduğunu müəyyən etmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 04:00-dək Ordubad stansiyasında qalmışlar. Saat 04:00-da teplovozun yağına, suyuna, əyləc sisteminə, radiostansiyaya baxmış, teplovozu işə salmış, təkrar ətrafa baxmış, problem olmasını görməmiş, həmçinin vaqon baxıcısı Hüseyn Əkbərov da vaqonlara baxmış, əyləc sistemini yoxlamış, əyləc sisteminin saz vəziyyətdə olması barədə arayışı ona təqdim etmişdir. Özü vəzifəsi olmadığından vaqonların qoşqularına baxmamışdır. xx xxxxxx 2020-ci il tarixdə, səhər saat 07:00-da Ordubad-Culfa istiqamətdə hərəkətə başlamışlar. Yaycı 1 stansiyasında 1 dəqiqə, Yaycı 2 stansiyasında sərnişin olduğundan 2 dəqiqə dayanmışlar. Yolun 402-ci kilometrinin 4-cü piketində teplovozda təzyiqin düşdüyünü müşahidə etmiş, öz-özünə tormozlama baş vermiş, özü də əl əyləci ilə tormoz etmiş, teplovoz dayanmış, 3 və 4-cü vaqonların 2-ci vaqondan təxminən 20 metr ayrıldığını görmüşdür. Dərhal hadisə barədə stansiya növbətçisi Hüseyn Kərimova məlumat vermiş, ona “vaqonları qoş, stansiyaya gəl” deyən olmamışdır. Teplovozu arxaya basmış, maşinist köməkçisi ilə birlikdə vaqonları qoşmuş, stansiyanın girişinə gəlmiş, H.Kərimovun bir nömrəli əmri ilə stansiyaya üçüncü yola daxil olmuşdur. H.Kərimov onunla telefonla əlaqə saxlamış, “Mübariz müəllimin göstərişi var, vaqonların yerini əvvəlki kimi dəyişdirin” demiş, onlar vaqonların yerini əvvəlki kimi dəyişdirmiş, teplovozu vaqonlardan ayırmışdır. Teplovozu qaraja aparmış, baxış keçirmiş, sürət ölçən cihazın içərisində olan lentaya baş verənlər barədə yazmış, evə getmişdir. Saat təxminən 11 radələrində idarəyə gəlməsi bildirilmiş, idarəyə gəlmiş, izahat yazmış və Cavabdeh-yə getmişlər. xx xxxxxx 2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, əmrin surəti ona xx xxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir. İddiaçı izahatında onu da bildirmişdir ki, maşinist olaraq üzərinə düşən vəzifələri icra etmiş, kobud qanun pozuntusuna yol verməmişdir. Vaqonlar Teplovozdan ayrıldıqdan sonra ilk növbədə qatar dispetçeri ilə əlaqə saxlamağa çalışmış, əlaqə saxlaya bilməmişdir. Stanasiya növbətçisinə “dispetçirlə əlaqə saxla mənə məlumat ver” deməmişdir. Stansiya növbətçisinin göstərişi ilə hərəkətə başlamalı oduğundan, stansiya növbətçisinin göstərişi ilə hərəkətə başlamışdır. Cavabdeh-nin Yük və Sərnişin Daşımaları idarəsinin rəisinin xx xxxxxx 2020-ci il tarixli, 108 nömrəli əmri qanunsuz olduğundan ləğv edilməsi, o, maşinist vəzifəsinə bərpa olunmalı, xx xxxxxx 2020-ci il tarixdən hesablamaqla işə bərpa olunma tarixinədək əməkhaqqı hesablanmalıdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh-nin Yük və Sərnişin Daşımaları idarəsinin nümayəndəsi X2 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, X10 təqaüdçü maşinisti İddiaçı xx.xx.2020-ci il tarixdə Culfa-Ordubad istiqamətində hərəkət edərkən idarə etdiyi lokomotivin kabinasına kənar şəxsləri mindirərək Azərbaycan Dövlət Dəmir Yolunun X5 16.42-ci bəndinin tələblərini pozmuşdur. Bu hərəkətinə görə işçiyə rəhbərlik tərəfindən şifahi xəbərdarlıq edilmiş, bir daha bu kimi hallara yol verməməsi tapşırığı verilmişdir. Buna baxmayaraq xx xxxxxxxx 2020-ci il tarixdə İddiaçı ADDY X5 16.38-ci bəndinin və vəzifə təlimatının tələblərini kobud şəkildə pozmuş, stansiya növbətçisi tərəfindən verilən göstərişi icra etməmiş, siqnal bağlı olduğu halda lokomotivi depoya gətirmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə müvafiq olaraq cəzalandırılmışdır. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə 952 saylı yük-sərnişin qatarını idarə edərkən Yaycı- Culfa mənzilinin 402-ci kilometrinin, 4-cü piketində qatarın sonuncu iki vaqonu tərkibdən ayrılmış, maşinist İddiaçı hadisənin aradan qaldırılması barədə qatar dispetçeri və stansiya növbətçisi tərəfindən hər hansı bir göstəriş olmadan, özbaşına tədbir görmüş, sərnişin qatarını arxaya basmış, qatarda olan dəmiryolçuların köməyi ilə vaqonları qoşmuş, stansiya növbətçisinə xəbər vermədən hərəkət etmişdir. Yaranmış nasazlığın aradan qaldırılması zamanı sərnişin qatarını geriyə basmaqla ADDY X5 16.46-cı bəndinin (sərnişin qatarını heç bir halda geriyə basmağa icazə verilmir) və nasazlıq aradan qaldırıldıqdan sonra stansiya növbətçisinin sərəncamı olmadan stansiyaya doğru hərəkət etməklə qaydaların 16.47-ci bəndinin tələblərini pozmuşdur. M.Allahverdiyev izahatında onu da bildirmişdir ki, baş vermiş hadisə ilə əlaqədar günahkar şəxslərin cəzalandırılması məqsədilə Cavabdeh-nin Hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttişlik aparatında keçirilən iclasda qərar qəbul edilmiş və protokoldan çıxarış icra olunmaq üçün ona təqdim edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli, 106 nömrəli əmrlə xx.xx.2020-ci il tarixdən işdən kənarlaşdırılmışdır. X8 Komitəsinin üzvü olduğu nəzərə alınmış, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi barədə X15 İttifaqı Komitəsinə müraciət edilmişdir. xx.xx.2020-ci il tarixdə X16 Komitəsinin iclası keçirilmiş və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmiş, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. M.Allahverdiyev izahatında onu da bildirmişdir ki, hadisə baş verdikdən sonra, yəni qatarlar teplovozdan ayrıldıqdan sonra maşinistin ilk vəzifəsi qatar tənzimləyicisinə (dispetçir) hadisə barədə məruzə etmək olmuşdur. Hadisə yerində araşdırılmalı, zərurət olarsa əlavə kömək göndərilməli, vaqonlar qoşulmalı və stansiyaya gətirilməli, əks halda teplovoz aşağı sürətlə arxaya basılmalı, vaqonlar qoşulmalı, təkrar yoxlanılmalı və dispetçirin göstərişi ilə aşağı sürətlə yaxın məsafədə olan stansiyaya gətirilməli idi. İddiaçı göstərilənlərə əməl etməmiş, X5 tələblərini, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Lokomotiv maşinisti tərəfindən ADDY X5 tələblərinin pozulması vəzifə təlimatının və vəzifə təlimatına əsasən əmək müqaviləsi üzrə əmək funksiyasının yerinə yetirilməməsi deməkdir. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanuni və əsaslıdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh təşkilatın təqdim etdiyi şahid qismində izahat vermiş X6 izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə maşinist İddiaçı rəhbərliyi ilə Culfa- Ordubad-Culfa marşrutu ilə hərəkət edəcək yük sərnişin qatarını qəbul etmişlər. Qatarın yağı, suyu, əyləc sistemi, qum, ALSN və radiostansiyası yoxlanılmış, qatar hərəkətə hazır vəziyyətə gətirilmişdir. Stansiya növbətçisinin icazəsi ilə teplovoz stansiyaya daxil edilmişdir. Şərur-Culfa qatarı saat 16:35-də stansiyaya daxil olmuş, elektrovoz vaqonlardan ayrılmiş, teplovozla vaqonları qəbul etmişlər. Dörd ədəd vaqon qoşulmuş, Ordubad rayonu istiqamətidə hərəkətə başlamışlar. Ordubad stansiyasında sərnişinlər enmiş, stansiya növbətçisi Məhəmməd Məhərrəmov idarə rəisi Mübariz Allahverdiyevin göstərişi əsasında vaqonların yerinin dəyişdirilməsi barədə tapşırıq vermişdir. Teplovoza qoşulmuş 4 vaqondan üçünün yeri dəyişdirlmişdir. Vaqonların yerinin dəyişdirilməsində məqsədin nə olmasını bilməmişdir. Vaqonların yeri dəyişdirildikdən sonra vaqon baxıcısı Hüseyn Əkbərov vaqonlara baxmış, əyləc sistemini, qoşquları yoxlamış, problem olmadığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 04:00-dək Ordubad stansiyasında qalmışlar. Saat 04:00-da teplovozun yağı, suyu, əyləc sistemi, radio stansiya yoxlanılmış, teplovoz işə salınmış, problem olmamışdır. Həmçinin vaqon baxıcısı Hüseyn Əkbərov vaqonlara baxmış, əyləc sistemini yoxlamış, əyləc sisteminin saz vəziyyətdə olması barədə arayışı təqdim etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, səhər saat 07:00-da Ordubad-Culfa istiqamətdə hərəkətə başlamışlar. Yaycı 1 stansiyasında 1 dəqiqə, Yaycı 2 stansiyasında sərnişin olduğundan 2 dəqiqə dayanmışlar. Yolun 402-ci kilometrinin 4-cü piketində teplovozda təzyiq düşmüş, öz-özünə tormozlama baş vermiş, İddiaçı əl əyləci ilə tormoz etmiş, teplovoz dayanmışdır. Teplovozdan emiş, nə baş verdiyinə baxmış, 3 və 4-cü vaqonların 2-ci vaqondan ayrıldığını, təxminən 20 metr məsafədə dayandığını görmüşdür. İddiaçı teplovozu arxaya basmış, ayrılmış vaqonları qoşmuş və Culfa stansiyasına gəlmişlər. Culfa stansiyasında təkrar H.Kərimovun göstərişi ilə vaqonların yerini əvvəlki kimi dəyişdirmişlər. xx xxxxxx 2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, pensiya hüququna üç ay vaxt qaldığından xahişi ilə müddətli müqavilə ilə çilingər vəzifəsinə təyin edilmişdir. Şahid B.Abdullayev izahatında onu da bildirmişdir ki, maşinist İddiaçı stansiya növbətçisi və qatar nizamlayıcısı (dispetçir) ilə əlaqə saxlamasının, hadisə barədə məlumat verməsinin şahidi olmamış, lakin vaqonlar qoşulduqdan sonra stansiya növbətçisi ilə əlaqə saxladığını, dispetçirlə əlaqə saxlaya bilmədiyini, stansiya növbətçisinin ona giriş siqnalına kimi gəlməsini deməsini bildirmişdir. Məhkəmə iclasında cavabdeh təşkilatın təqdim etdiyi şahid qismində izahat vermiş X12 izahatında bildirmişdir ki, Culfa stansiyasında stansiya növbətçisi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 09 radələrində maşinis İddiaçı ona zəng etmiş, 402-ci kilometrinin 4-cü piketində iki vaqonun teplovozdan ayrıldığını bildirmişdir. Dərhal hadisə barədə idarə rəisi M.Allahverdiyevə məlumat vermişdir. M.Allahverdiyev ona sadəcə “aydındır” demişdir. İdarə rəisindən dispetçirə məlumat verib-verməməsini soruşmuş, idarə rəisi dispetçirə məlumat verməsini bildirmişdir. Dərhal telefon vasitəsilə Naxçıvan şəhərində olan dispetçir Nadir İsmayılova hadisə barədə məlumat vermişdir. Dispetçir hadisənin olduğu yerin dəqiqləşdirilməsi və məlumat verilməsini tapşırmış, İddiaçı zəng etmiş, hadisənin baş verdiyi yeri dəqiləşdirmiş, bu barədə dispetçirə məlumat vermiş, dispetçir və Rəhimovla eyni vaxtda müxtəlif telefonlarla danışmışdır. Dispetçir ona Rəhimova nə etməli olmasını deməmiş, Rəhimov baş verənləri aradan qaldırdığını, Culfa istiqamətdə gəldiklərini bildirmişdir. Bu barədə dispetçirə məlumat vermiş, dispetçir “gəlsinlər” demişdir. Onun İddiaçı “vaqonları qoş, stansiyaya gəl” deməyə səlahiyyəti olmamış, bu səlahiyyət dispetçirə aid olmuş, dispetçir Rəhimova “vaqonları qoş, stansiyaya gəl” deməmiş, İddiaçı özbaçına hərəkət etmişdir. İş materiallarına əlavə olunmuş- Cavabdeh-nin Yük və Sərnişin Daşımaları idarəsindən verilmiş 102 nömrəli, xx xxxx 2021-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1987-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək maşinist köməkçisi, depo növbətçisi, maşinist vəzifəsində işləmişdir. Cavabdeh-nin Yük və Sərnişin Daşımaları idarəsinin xx xxxxxx 2020-ci il tarixli, 108 nömrəli əmrinin surətindən görünür ki, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə X10 maşinisti İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh-nin Yük və Sərnişin Daşımaları idarəsindən verilmiş 61 nömrəli, xx xxxxxx 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh-nin Yük və Sərnişin Daşımaları idarəsi ünvan 1 ünvanında yerləşir. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsindən verilmiş 236 nömrəli, xx xxxx 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı xx xxxx 2016-cı il tarixdən yaşa görə pensiya qeydiyyatında durur, hər ay 298.25 manat pensiya alır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin və şahidlərin izahatını dinləyib, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə İddiaçı xx xxxxxx 1987-ci il tarixdən xx xxxxx 2010-cu il tarixədək Azərbaycan Dövlət X17 hissəsinin X11 maşinist köməkçisi, depo növbətçisi, xx xxxxx 2010-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Cavabdeh-nin Yük və Sərnişin Daşımaları idarəsinin Culfa Lokokotiv deposunda depo növbətçisi, maşinist vəzifəsində işləmiş, Cavabdeh-nin Yük və Sərnişin Daşımaları idarəsinin xx xxxxxx 2020-ci il tarixli, 108 nömrəli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, işdən azad edilmişdir. İddiaçıla təşkilat arasında xx xxxxxxx 2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işəgötürənlə işçi arasında hüquq və vəzifələr müəyyən olunmuş və razılaşma əsasında tərəflər müqaviləni imzalayaraq əmək münasibətləri yaratmışlar. İddiaçının izahatından və cavabdeh təşkilatin nümayəndəsinin izahatı və təqdim edilmiş xx xxxx 2020-ci il tarixli izahatdan, xx xxxxxxxx 2020-ci il tarixli, 63 nömrəli əmrin surətindən müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə Dəmir yolunun “Texniki istismar Qaydaları”nın 16.38-ci bəndinin və vəzifə təlimatının tələblərinin kobud şıkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən aylıq əməkhaqqının 15% miqdarında cərimə edilmişdir. Cavabdeh təşkilatın nümayəndəsinin təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli izahatlardan məlum olmuşdur ki, xx xxxxxx 2020-ci il tarixdə 952 saylı qatar Yaycı-Culfa mənzilində hərəkət edərkən, Yolun 402-ci kilometrinin 3-4-cü piketində teplovozda təzyiqin düşdüyü, son iki vaqonun teplovozdan ayrıldığı müəyyən olunmuş, İddiaçı teplovozu saxlamış, maşinis köməkçisi B.Allahverdiyev qatarları qoşmuş, yoxlama tormozu edilmiş, Culfa stansiyasına dəlmişlər. Məhkəmə araşdırması zamanı İddiaçı ilk izahatında xx xxxxxx 2020-ci il tarixdə hadisə baş verdikdən sonra Culfa stansiyasının növbətçisi Hüseyn Kərimovla əlaqə saxladığını, qatar tənzimləyicisi (dispetçirlə) əlaqə saxlaya bilmədiyini, H.Kərimovun ona “vaqonları qoş, stansiyaya gəl” dediyini bildirsə də, H.Kərimovun izahatından sonra ona “vaqonları qoş, stansiyaya gəl” deyə kimsənin göstəriş vermədiyini, göstəriş olmadan vaqonları qoşmaqda, stansiyaya gəlməkdə haqlı olduğunu bildirmişdir. Cavabdeh təşkilatın nümayəndəsi izahatında bildirmişdir ki, hadisə baş verdikdən sonra, yəni qatarlar teplovozdan ayrıldıqdan sonra maşinistin ilk vəzifəsi qatar tənzimləyicisinə (dispetçir) hadisə barədə məruzə etmək olmuşdur. Hadisə yerində araşdırılmalı, zərurət olarsa əlavə kömək göndərilməli, vaqonlar qoşulması və stansiyaya gətirilməli, əks halda teplovoz aşağı sürətlə arxaya basılmalı, vaqonlar qoşulmalı, təkrar yoxlanılmalı və dispetçirin göstərişi ilə aşağı sürətlə yaxın məsafədə olan stansiyaya gətirilməli idi. İddiaçı göstərilənlərə əməl etməmiş, X5 tələblərini, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Təqdim edilmiş izahatlardan, şahidlərin izahatlarından da müəyyən edilmişdir ki, İddiaçı əmək vəzifələrini, Azərbaycan Dövlət X18 İstismar Qaydalarını pozmuşdur. Belə ki, Azərbaycan Dövlət Dəmir Yolunun X5 (TİQ)16-cı fəslinin 16.1-ci maddəsinə əsasən sahədə qatar dispetçerinin xəbəri olmadan qatarların hərəkətinə dair operativ göstəriş vermək qadağandır. Qaydaların 16.46-cı maddəsində qeyd edilmişdir ki, sərnişin qatarlarının geriyə basılmasına bütün hallarda icazə verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Qeyd olunan prosessual hüquq norması baxımından iş üzrə İddiaçı izahatında qanuna zidd hərəkət etmədiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh təşkilatın nümayəndəsinin məhkəməyə təqdim etdiyi şahidlərin izahatlarından, digər sübutlardan, həmçinin iddiaçının izahatından müəyyən edilmişdir ki, İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində əmək funksiyalarını, Azərbaycan Dövlət X18 İstismar Qaydalarını pozmuşdur. Mülki işin araşdırılan hallarından məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddiası əsassızdır, həmçinin onun işdən azad olunması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqaviləsi sərbəst bağlanır. Əmək münsibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Yuxarıda da qeyd olunduğu kimi, iş materiallarına əlavə olunmuş xx xxxxxxx 2016-cı il tarixli əmək müqaviləsinin surətindən məlum olur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə İddiaçı ilə cavabdeh təşkilat arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işəgötürənlə işçi arasında hüquq və vəzifələr müəyyən olunmuş və razılaşma əsasında tərəflər müqaviləni imzalayaraq əmək münasibətləri yaratmışlar. İş materiallarına əlavə olunmuş Cavabdeh-nin Yük və Sərnişin Daşımaları idarəsinin xx xxxxxx 2020-ci il tarixli, 108 nömrəli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddısinin “ç” bəndində qeyd olunur ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qanun normalardan da göründüyü kimi, işəgötürən qeyd olunan əsasla işçi ilə bağlanmış əmək müqaviləsini o vaxt ləğv edə bilər ki, işçinin qəsdi, səhlənkarlığı, etinasızlığı sübuta yetirilsin və nəticədə işçinin əmək funkisiaysını yerinə yetrimədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dairəsi müəyyən olunmuşdur. İddiaçı əmək funksiyasını pozduğuna görə xx xxxxxxxx 2020-ci il tarixdə işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nətcə çıxarmayaraq, xx xxxxxx 2020-ci il tarixdə əmək funksiyalarını, Azərbaycan Dövlət Dəmir Yolunun X5 tələblərini pozmuş, iş yerində işin ahəngi pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Mülki işin araşdırılan hallarından, cavabdeh təşkilatın nümayəndəsi tərəfindən təqdim olunmuş Cavabdeh-nin Yük və Sərnişin Daşımaları idarəsinin X16 Komitəsinin xx xxxxxx 2020ci il tarixli protokolundan çıxarışdan müəyyən olunur ki, maşinist İddiaçı və maşinist köməkçisi X4 Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin 530 saylı, xx xxxxxx 2020-ci il tarixli təqdimatına baxılmış, maşinist İddiaçı və maşinist köməkçisi X4 Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqavilələrinin ləğv edilməsinə razılıq verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, işəgötürən Cavabdeh-nin Yük və Sərnişin Daşımaları idarəsi xx xxxxxx 2020-ci il tarixli, 108 nömrəli əmrlə İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydaların tələblərinə riayət etmişdir. Ona görə də iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddiaçı Cavabdeh-nin Yük və Sərnişin Daşımaları idarəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi” barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar