Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-76/2023 02.05.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 8448 ABŞ dolları məbləğində pulun və 134 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Naxçıvan şəhərində yaşayır, ticarətlə məşğul olur. Türkiyə Respublikasının İstanbul şəhərindən mal alır və Naxçıvan şəhərində ticarət mərkəzində satır. Cavabdeh isə İstanbul şəhərində firmalarla işləyir. Rasimi Süleyman və Samir adlı şəxslərin vasitəçiliyi ilə tanımışdır. X1 şəhərindən aldığı malların pulunu hər zaman kimlərləsə, bank vasitəsilə firmalara çatdırmışdır. 2020-ci ildən dəfələrlə firmalara pulu çatdırmaq üçün Samirə, Süleymana, başqa şəxslərə vermiş, onlar pulu Rasimə göndərmiş, Rasim isə pulu firmaları çatdırmışdır. 2021-ci ilin yanvar ayından 5 dəfə, cəmi 8500 ABŞ dolları məbləğində pulu Samirə və Süleymana vermiş, onlar isə pulu Rasimə göndərmişdir. Təxminən 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar ayında ona məlum olmuşdur ki, Rasim 8848 ABŞ dolları məbləğində pulu firmalara çatdırmamışdır. Rasimlə danışmış, ona pulu firmalara verməsini və ya özünə qaytarmasını demiş, Rasim işlədiyini pulu verəcəyini bildirmiş, lakin pulu firmalara ödəməmiş və ya ona qaytarmamışdır. Dəfələrlə onunla telefon vasitəsilə əlaqə saxlamış, onunla danışmış, Rasim hərdən bir bəhanə demiş, 8848 ABŞ dolları məhkəməğində pulu firmalara və ya ona verməmişdir. İddiaçı izahatında onu da bildirmişdir ki, Süleyman adlı şəxsə Rasimə göndərməsi üçün 12 fevral 2021-ci il tarixdə 2000 dollar, 05 sentyabr 2021-ci il tarixdə 1500 dollar, 03 oktyabr 2021-ci il tarixdə 1000 dollar, 22 oktyabr 2022-ci il tarixdə 1000 dollar, Samir adlı şəxsə 22 yanvar 2021-ci il tarixdə 1000 dollar, 10 fevral 2021-ci il tarixdə 2000 dollar, cəmi 8500 ABŞ dolları məbləğində pul vemişdir. Onun cavabdehə 52 ABŞ dolları borcu olmuş, həmin borc məbləğini ümumi məbləğdən çıxır. Rasimə 8500 ABŞ dolları pul göndərməsini Samir və Seleyman adlı şəxslər təsdiq edə bilər. Həmçinin Rasimlə olan vhatsapp yazışmalarını, səs yazılarını sübut olaraq məhkəməyə təqdim etmişdir ki, həmin səs yazıları və vhatsapp yazışmalarında da Rasimin ona borcunun olması təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 ifadəsində bildrimişdir ki, Naxçıvan şəhərində yerləşən Cahan ticarət mərkəzində qadın pirjamaları satır. Rasimlə orta məktəbdə bir sinifə təhsil almış, İlyası isə ticarət mərkəzində tanımışdır. Məlumatı var idi ki, İlyas satdığı malları Türkiyə Respublikasından alır. Aralarında olan söhbət zamanı İlyas aldığı malların pulunu kimlərləsə, bankla çətinliklə göndərdiyini bildrimişdir. İlyasa İstanbul şəhərində Rasim adlı tanıdığı şəxsin olduğunu, aldığı malların pulunu onun vasitəsilə firmalara çatdırdığını demiş, İlyas Rasimlə onu tanış etməsini bildirmişdir. Rasimlə danışmış, onları tanış etmiş, İlyas da Rasimlə danışmış və firmalara aldığı malların pulunu onun vasitəsilə çatdırmaq barədə razılaşmışlar. Dəfələrlə İlyas ona müxtəlif məbləğlərdə pul vermiş, Rasimə göndərmiş, Rasim isə İlyasın göndərdiyi pulları firmalara çatdırmışdır. Tarixlərini dəqiq xatırlamır, İlyasın ona Rasimə göndərməsi üçün verdiyi 2000 və 1000 ABŞ dolları məbləğində pulları Rasimə göndərmiş, lakin Rasim pulları firmalara çatdırmamışdır. Şahid S.Hüseynov ifadəsində onu da bildirmişdir ki, İlyas hər dəfə Rasimə göndərməli olduğu pulu ona vermiş, Rasimin dediyi, tanımadığı şəxslər pulu ondan götürmüş və Rasimə çatdırmışlar. İlyasın ona verdiyi, Rasimə göndərdiyi 3000 ABŞ dolları ilə bağlı dəfələrlə Rasimlə danışmış, ona İlyasın pulunu verməsini demiş, Rasim pulunun olmadığını, verəcəyini bildirmişdir. Sonuncu dəfə 2023-cü ilin fevral ayında Rasimlə danışmış, Rasim “İlyasın pulunu danmıram, verəcəyəm” demişdir. Rasimlə aralarında olan danışıqların səs yazıları vardır. Hətta İlyasın verdiyi, Rasimə göndərdiyi 3000 ABŞ dolları ilə bağlı İlyasla Yaycı kəndinə getmiş, Təbriz adlı qardaşı ilə mağazada görüşmüş, Təbriz Rasimin başqa şəxslərə də borcunun olduğunu, 3000 ABŞ dollarını Rasimin əvəzindən İlyasa verə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X3 ifadəsində bildrimişdir ki, əvvəllər ticarətlə məşğul olmuş, Cahan ticarət mərkəzində paltar satmışdır. Türkiyə Respublikasında yaşamış, Cavabdeh Türkiyə Respublikasında yaşadığı müddətdə tanımışdır. İlyası isə Rasimə görə tanımışdır. Cahan ticarət mərkəzində işlədiyi müddətdə Rasim ona Türkiyə Respublikasından paltar göndərmiş, satmış, pulunu Rasimə göndərmişdir. Tarixini dəqiq xatırlamış, 2020-ci ilin sonlarında Rasim ona “İlyas sənə pul verəcək, bir nəfər gəlib səndən götürəcək demişdir”. İlyas ona 1000 ABŞ dolları vermiş, təxminən 2 saat sonra tanımadığı bir şəxs gəlib pulu ondan götürmüşmdür. Təxminən 3-4 dəfə İlyas Rasimə göndərməsi üçün ona pul vermiş, Rasimə göndərmişdir. Hətta bir dəfə İlyasın ona verdiyi 2000 ABŞ dolları məbləğində pulu Rasimə bank vasitəsilə göndərmişdir. Hər dəfə İlyasın ona Rasimə göndərməsi üçün vediyi pulu ondan götürən şəxsin yanında Rasimlə danışmış, pulu göndərdiyi şəxsə verdiyini demiş, pulu götürən şəxs onun yanında Rasimlə telefon vasitəsilə danışmış, pulu götürdüyünü ona demişdir. İlyas onun vasitəsi ilə Rasimə dəfələrlə pul göndərmiş, məlumatı var ki, İlyasa məxsus 5500 ABŞ dolları məbləğində pulu Rasim firmalara çatdırmamışdır. Bu barədə Rasimlə danışmış, Rasim pulunun olmadığını, İlyasa olan borcunu verəcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatından, şahid ifadələrindən, səs yazılarından, vhatsapp yazışmalarından müəyyən olunmuşdur ki, İddiaçı ticarətlə məşğul olur, satdığı malları Türkiyə Respublikasında müxtəlif firmalardan alır. 2020-ci ildən dəfələrlə pulu firmalara çatdırmaq üçün Samirə, Süleymana, başqa şəxslərə vermiş, onlar pulu Rasimə göndərmiş, Rasim isə pulu firmaları çatdırmışdır. 2021-ci ilin yanvar ayından 5 dəfə, 12 fevral 2021-ci il tarixdə 2000 dollar, 05 sentyabr 2021-ci tarixdə 1500 dollar, 03 oktyabr 2021-ci tarixdə 1000 dollar, 22 oktyabr 2022-ci tarixdə 1000 dollar, Samir adlı şəxsə 22 yanvar 2021-ci tarixdə 1000 dollar, 10 fevral 2021-ci tarixdə 2000 dollar, cəmi 8500 ABŞ dolları məbləğində pulu iddiaçı Samir və Süleyman adlı şəxslərin vasitəsilə cavabdehə göndərmiş, cavabdeh isə 8848 ABŞ dolları məbləğində pulu firmalara çatdırmamışdır. İddiaçının cavabdehə 8448 ABŞ dolları məbləğində pulu göndərməsi, cavabdehin pulu firmalara çatdırmaması şahid ifadələri, vhatsapp yazışmaları və tərəflərin səs yazıları ilə öz təsdiqini tapır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehə Türkiyə Respublikasında müxtəlif firmaları verilməsi üçün göndərilmiş 8448 ABŞ dolları məbləğində pulu firmalara verməməklə həmin pul vəsaitindən heç bir əsas olamadan yararlanmış və əsasız varlanmışdır. Odur ki, məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə işin faktiki hallarını araşdırıb və aşağıda qeyd edilən maddi hüquq normalarının məna və mahiyyəti baxımından da gəldiyi nəticəni qanuni və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları və vhatsapp yazışmlarını sübut növü kimi qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında göstərdiyi hüquqi mövqe baxımından da əsaslı hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi qeyd edilən qərarında sübutların əldə edilməsi ilə bağlı bildirmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələrini sübut kimi qəbul edir və qiymətləndirir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Odur ki, cavabdeh iddia ərizəsində qeyd edilmiş pul məbləğini iddiaçıya qaytarmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 10-cu bəndində tövsiyə olunmuşdur ki, ”Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir”. Odur ki, cavabdehlərdən tutulacaq 8448 ABŞ dolları məbləğində pul məhkəmə qətnaməsi icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının 134 manat məbləğində ödədiyi dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu, yəni 134 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8448 ABŞ dolları məbləğində pul alınıb İddiaçı verilsin. 8448 ABŞ dolları məbləğində pul məhkəmə qətnaməsi icra olunduğu günə olan manat məzənnəsi ilə hesablansın. 134 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-76/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-76/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver