Məhkəmə qərarları › İş №2(090)-115/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-115/2021

03.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-115/2021 03.08.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Həsənov Kəramət Sevindik oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə, Maraqlı şəxs1 nümayəndəsi X2 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi mənzilin qanuni istifadədə olması faktının müəyyən olunmasına dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ərizəçi ünvan 2-ün onun qanuni istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Ərizəçi mənzilin qanuni istifadədə olması faktının müəyyən olunmasına dair mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi ünvan 1 ünvanında mərhum atası X3 və ailə üzvləri ilə birlikdə 1964-1965-ci illərdə yuxarıda göstərilən mənzildə yaşamışdır. Məhkəmə ilk olaraq hazırki iş üzrə istinad ediləcək maddi hüquq normaları ilə bağlı qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Məhkəmə araşdırılması müəyyən olunur olur ki, hüquq sahibi X3 ailə üzvləri ilə birlikdə, oğlu Ərizəçi da daxil olmaqla, həmin evdə yaşamış, Ərizəçi isə onlara yaşamağa icazə verilmiş yaşayış sahəsinə öz ailəsini köçürmək ixtiyarına malik olmuş və köçürmüşdür. Beləliklə işin halları ilə müəyyən olunur ki, Ərizəçi və ailə üzvləri yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinin tələbinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.9-cu maddəsinin tələbinə görə həmin Məcəllənin 139- 1.1.9.1-ci, 139-1.1.9.2-ci (hər iki halda), 139-1.1.10.2-ci, 139-1.1.11-ci və 362.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi ünvan 2 ünvanında olan mənzilin onun qanuni istifadəsində olması faktının təsdiq olunmasını tələb etsə də, həmin mənzilin müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti (yerli icra hakimiyyəti, mənzil-kommunal təsərrüfat idarəsi) orqanına müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ünvan 2 ünvanında olan mənzilin onun qanuni istifadəsində olması faktının təsdiq olunması tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, 09.06.2021-ci il tarixdə ********* nömrəli qəbzlə Ərizəçi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına 10 manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 152.1.6, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi ünvan 2-ün onun qanuni istifadəsində olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Ərizəçi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına 09.06.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar