Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-138/2023 01.05.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı cavabdeh “Nəqşicahan Holdinq” LTD Şirkətlər Qrupuna qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq, iddiaçıya geri qaytarılması tələbinə dair ərizəni və ona əlavə edilmiş sənədləri Şahbuz Rayon Məhkəməsinin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsilə cavabdeh “Nəqşicahan Holdinq” LTD Şirkətlər Qrupuna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1998-ci ildə Lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin Pasportuna əsasən, Naxçıvan MR Batabat aşırımı avtomobil yolunun (60-cı km-də) kənarında (köhnə yolda) ümumi sahəsi 3000 kv.m torpaq sahəsinin cavabdehdən alınaraq boşaldılması və iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı məhkəməyə müvəqqəti təminat tədbirlərinin görülməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən 1998-ci ildə Lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin Pasportuna əsasən, Naxçıvan MR Batabat aşırımı avtomobil yolunun (60-cı km-də) kənarında (köhnə yolda) ümumi sahəsi 3000 kv.m torpaq sahəsinin və həmin ərazidə “Batabat” adı ilə fəaliyyət göstərən restoranın (ictimai iaşə obyektinin) özgəninləşdirilməsi (hər hansı formada sənədləşdirilməsi) cavabdehə və üçüncü şəxslərə qadağan edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmənin elektron məhkəmə informasiya sistemində olan vergi ödəyicilərinin məlumatından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə VÖEN ********** almış, vergi ödəyicisidir. İş materiallarında olan “Sahibkarlıq Fəaliyyəti ilə məşğul olan fiziki şəxsin uçota alınması haqqında 12 yanvar 1998-ci il tarixli, 003 saylı Şəhadətnamədən İddiaçı həmin tarixdə Şahbuz rayonunun Biçənək kəndində əsas fəaliyyəti ictimai-iaşə xidməti üzrə Dövlət vergi müfəttişliyində qeydə alınması müəyyən olunur. Məhkəmənin elektron məhkəmə informasiya sistemində olan vergi ödəyicilərinin məlumatından görünür ki, Nəqşicahan Holdinq LTD Şirkətlər Qrupu vergi ödəyicisi kimi Kommersiya qurumlarının dövlət reyestrində Dövlət vergi xidmətində qeydiyyatdadır. Göründüyü kimi, iş üzrə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, cavabdeh “Nəqşicahan Holdinq” LTD Şirkətlər Qrupu isə kommersiya hüquqi şəxsdir. Eyni zamanda iddia ərizəsindən tərəflər arasında mübahisənin Naxçıvan MR Batabat aşırımı avtomobil yolunun (60-cı km-də) kənarında (köhnə yolda) ümumi sahəsi 3000 kv.m torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, yəni tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirdikləri torpaq sahəsinə dair istifadə və sahiblik hüququnun həyata keçirilməsindən irəli gələn mübahisədir, yəni iddia tələbi həmin torpaq sahəsi üzərində iddiaçının istifadə və sahiblik hüquqlarının müdafiəsi üzrə tələbdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 24.2-ci mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinin tələbinə görə məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci tarixli, 10 saylı Qərarının 11-bəndində məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınma göstərilmişdir. Həmin Qərarın 13-cü bəndində isə iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin Qərarın 25-ci bəndində əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyarların məhkəmələr tərəfindən nəzərə almalı qeyd edilmişdir. Eyni zamanda həmin Qərarın 28-ci bəndinə görə fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Nəqşicahan Holdinq” LTD Şirkətlər Qrupuna qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq, iddiaçıya geri qaytarılması tələbinə dair mülki iş iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından müvəqqəti təminat tədbirlərinin görülməsi barədə ərizəyə baxılmamalı və iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən "X1” vasitəsi ilə 11 aprel 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat və 11 aprel 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh “Nəqşicahan Holdinq” LTD Şirkətlər Qrupuna qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq, iddiaçıya geri qaytarılması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər, eyni zamanda müvəqqəti təminat tədbirlərinin görülməsi barədə ərizə iddiaçıya geri qaytarılsın. İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən "X1” vasitəsi ilə 11 aprel 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat və 11 aprel 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-138/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-138/2023
01.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver