Məhkəmə qərarları › İş №2(090)-199/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-199/2025

02.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-199/2025 02.10.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 21 ünvanında yerləşən 800.00 m2 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin özünün, yəni Ərizəçi faktiki sahibliyimdə və istifadəmdə olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəşi Ərizəçi ərizəsində göstərmişdir ki, mən - Ərizəçi ailəmlə birlikdə ünvan 1 ünvanda 2500.00 m2 torpaq sahəsi və fərdi yaşayış evi mövcuddur. Biz 1986-cı ildən həmin evdə yaşayır və torpaq sahəsindən istifadə edirik. Həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müvafiq orqanlara sorğu göndərmişəm. Sorğuya cavab olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ünvan 2 ünvanında faktiki istifadəmdə olan 2500.00 m2 torpaq sahəsinin mövcudluğu, həmin torpaq sahəsində fərdi yaşayış evinin mövcudluğu, torpaq sahəsinin mülkiyyətdə olması barədə şöbədə məlumatın olmadığı qeyd edilmişdir. Şahbuz Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 02/11 nömrəli arayışında adıma torpaq sahəsinin verilməsi haqqında heç bir məlumatın olmaması, Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışında Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 21 ünvanında bizə məxsus həyətyanı torpaq sahəsi və hal- hazırda həyətyanı torpaq sahəsinin keçən əsrin səksəninci illərində verildiyi üçün torpaq sahəsinin verilməsi barədə Şahbuz bələdiyyəsində heç bir sənədin olmaması göstərilmişdir. Həmçinin Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışında mənim 1986-cı ildən istifadəmdə olan yaşayış evi və torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığı göstərilmişdir. Faktiki istifadəmdə olan 2500.00 m2 torpaq sahəsinin 800 kv.m sahəsində 1986-cı ildən ailəm ilə birlikdə fərdi yaşayış evi tikərək üzvləri ilə birlikdə yaşayıram. Lakin həmin 800 kv.m torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini sənədləşdirə bilmirəm. Bu səbəbdən də hal-hazırda uzun müddətdir faktiki istifadəmdə olan 800 kv.m torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən istifadə hüququmun tanınması ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia tələbim ilə bağlı istinad etdiyim fakt və halların siyahısı: Şahbuz Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 02/11 nömrəli arayışı, Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli arayışları, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu, Şahbuz Rayon İcra Hakimiyyəti Şahbuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 3/438 nömrəli arayışı. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Şahbuz Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsini və Naxçıvan Muxtar Respublikası Şahbuz Bələdiyyəsinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxslər Şahbuz Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi və Naxçıvan Muxtar Respublikası Şahbuz Bələdiyyəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid1 izahatında əvvəllər su idarəsində “buldozer” sürücüsü işlədiyini, 1983-cü ildə ərizədə qeyd edilən torpaq sahəsinin yerini hamarladığını, mərhum Qulu Quliyevin və yoldaşı Hökümə xanımın 1984-1985-ci illərdə həmin torpaqda ev tikdiklərini, 1986-cı ildə ora köçdüklərini, həmin tarixdən də orada yaşadıqlarını, ərziəçi ailəsi ilə birlikdə yaşadıqlarını, Ərizəçi qonşu olduqlarını, onların evlərinin arasındakı məsafənin 100 metr olduğunu, Ərizəçi 1986-cı il tarixdən həmin evdə yaşadığını təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid2 oğlu izahatında ərizəçi ilə qonşu olduqlarını, aralarında 1 ev olduğunu, özünün 1985-ci il dekabrın 8-də yaşadığı evə köçdüyünü, ərizəçinin isə ailəsi ilə birlikdə 1986-cı ildə köçdüyünü, Ərizəçi mərhum yoldaşı Qulu Quliyevin 4 ay əvvəl rəhmətə getdiyini, mərhumun ərizəçi ilə birgə nikahdan iki qız və iki oğlan olmaqla 4 uşaqlarının dünyaya gəldiyini, iki övladlarının həmin evdə doğulub yaşadığını, oğlarından birinin rəhmətə getdiyini, digərinin Bakı şəhərində yaşadığını, 2 qızın isə ailə qurduqlarını, Ərizəçi 1986-cı il tarixdən həmin evdə yaşadığını təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 13 avqust 2025-ci il tarixli, 04/17 nömrəli məktubu ilə Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 21 ünvanında uzunmüddətli istifadədə olan 2500.00 m2 torpaq sahəsinin mövcud olduğu, onun mülkiyyətində olması barədə şöbələrində heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 mart 2025ci il tarixli, 02/11 nömrəli arxiv arayışı ilə Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon XDS İcrayyə Komitəsinin (Şahbuz Rayon İcra Hakimiyyətinin) əmr sərəncam və iclas protokollarına baxıldığı Ərizəçi Adıgözəl qızının adına torpaq sahəsi verilməsi ilə bağlı Şahbuz Rayon Dövlət Arxivində heç bir rəsmi məlumata rast gəlinməməsi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin 17 fevral 2025-ci il tarixli, 03 nömrəli arayışı ilə Ərizəçi məxsus torpaq sahəsinin keçən əsrin 80-ci illərində verildiyi üçün Şahbuz bələdiyyəsində ona məxsus torpaq sahəsinin verilməsi barədə heç bir sənəd qeyd olmaması, Şahbuz sakini Ərizəçi uzun müddətdir ünvan 3 ünvanında ona məxsus torpaq sahəsi üzərində 2 mərtəbəli fərdi yaşayış evində yaşaması müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin 18 fevral 2025-ci il tarixli, 04 nömrəli arayışı ilə Ərizəçi 1986-cı ildən istifadəsində olan yaşayış evi və torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaması müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 12 avqust 2025-ci il tarixli, 3/438 nömrəli arayışı ilə Ərizəçi Adıgözəl qızı, həqiqətən də, ünvan 4 ünvanında qeydiyyatda olması və həmin ünvanında yaşaması müəyyən olunur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə iddiaçı Ərizəçi ünvan 6 ünvanında qeydiyyatdadır. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Ərizəçi mərhum yoldaşı ilə birlikdə 1986-cı il tarixdən onlara ayrılmış 800 m2 torpaq sahəsi üzərində mülkiyyətçi kimi hüquqlarını həyata keçirmişdir. Ona görə də Ərizəçi həmin torpaq sahəsinə və fərdi yaşayış evinin onun qanuni sahibliyi və istifadəsində olması faktı məhkəmə tərəfindən müəyyən (təsdiq) edilməlidir. Belə ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 21 yanvar 2025-ci il tarixli, 04/01 nömrəli məktubu ilə Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 21 ünvanında uzunmüddətli istifadədə olan 800.00 m2 torpaq sahəsinin olması müəyyən olunsa da, haliyədə həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilmir və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Həmin Məcəllənin 179.2.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı şahid ifadələrindən, eyni zamanda iş materiallarında olan sənədlərdən Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 21 ünvanında yerləşən 800 m2 həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin Ərizəçi sahibliyi və istifadəsində olması öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmçinin maraqlı şəxslərin hər hansı mübahisəsi və tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalı, Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 21 ünvanında yerləşən 800 m2 həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin Ərizəçi sahibliyi və istifadəsində olması faktı təsdiq olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarına istinad etmişdir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 21 ünvanında yerləşən 800 m2 həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin Ərizəçi sahibliyi və istifadəsində olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar