Məhkəmə qərarları › İş №2(090)-21/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-21/2022

28.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-21/2022 28.09.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada ayrılması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən ona verilmiş ərizəsində nömrələrini qeyd etdiyi və məhkəməyə təqdim etdiyi çıxarışlarda təsərrüfat tikililərində onun payının olması haqqında xidmətdən verilmiş və məhkəməyə təqdim etdiyi arayışlara əsaslanaraq apellyasiya məhkəməsinin qərarında tikililərin texniki pasportda qeyd edilmiş 193.4 kv.m göstərildiyini rəhbər tutaraq və məhkəmə münasib bilərsə tikililərin və torpaq sahəsinin azaldılması üçün ekspertiza təyin edib mübahisəni ekspertiza rəyi əsasında həll edilməsini, yaşayış evini, təsərrüfat tikililərini və 1960-cı ildən atası tərəfindən hasarlanmış torpaq sahəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin “18” iyul 2022-ci il tarixdə keçirilən baxış iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etmiş, ərizə məhkəmə iclasında müzakirə edilmiş, iddiaçının iddia tələbinin həcminin azaldılması barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, məhkəmənin “18” iyul 2022-ci il tarixli, 2(090)-21/2022 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilmiş və mülki işə İddiaçı Cavabdeh qarşı “Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.2933 ha torpaq sahəsinin 1/6 hissədə və ümumi sahəsi 101.2 kvadrat metr olan yaşayış evindən ibarət olan daşınmaz əmlakın 1/3 hissədə naturada ayrılması” tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmənin 28 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək ekspertizanın 07 sentyabr 2022-ci il tarixli, 228 nömrəli rəyi ilə razılaşmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı “Kapital Bank”ın Şahbuz filialı vasitəsi ilə 23 noyabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-cu, 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı əmlakın naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı “Kapital Bank”ın Şahbuz filialı vasitəsi ilə 23 noyabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar