Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-328/2023 01.12.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı cavabdeh "xxxx" Mineral Sular MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 11.785 (on bir min yeddi yüz səksən beş) manat məzuniyyət və son hesab pulunun, 14.036 (on dörd min otuz altı) manat yüksəklik pulunun və 4.905 (dörd min doqquz yüz beş) manat yerdəyişməyə görə əmək haqqının 3 misli kompensiyasının, ümumilikdə 30.726 (otuz min yeddi yüz iyirmi altı) manat və gecikməyə görə ödəniləcək vəsaitin 10 faizinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 197-ci maddəsinin birinci və ikinci bəndlərinin tələbinə görə işçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir; işçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, İddiaçı maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməsi, eyni zamanda "xxxx" Mineral Sular MMC tərəfindən isə müvafiq qərarın qəbul edilərək iddiaçıya cavab verilməsini təsdiq edəcək hər hansı bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Mineral Sular MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh "xxxx" Mineral Sular MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-328/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-328/2023
01.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver