Məhkəmə qərarları › İş №2(090)-40/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-40/2024

21.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-40/2024 21.10.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, cavabdeh təşkilat "xxxx" Mineral Sular MMC-nin nümayəndəsi Nümayəndə1 və Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat “X6” MMC-yə qarşı maddi ziyanın ğdənilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 11785 manat (on bir min yeddi yüz səksən beş) manat məzuniyyət pulunun, 14036 (on dörtmin otuz altı) manat yüksəklik pulunun və 4905 (dörd min doqquz yüz beş) manat yerdəyişməyə görə əmək haqqının 3 misli kompensasiyanın, ümumilikdə 30726 (otuz min yeddi yüz iyirmi altı) manat və gecikdirməyə görə ödəniləcək vəsaitin hər gün üçün 1 faizinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 13 iyun 2024-cü ildə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət etmiş, ərizə məhkəmə iclasında müzakirə edilmiş, iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, mülki işə cavabdeh “X6” MMC-dən istifadə edilməmiş bütün iş illərinin əsas məzuniyyətinə görə 11577.98 azn məbləğində pul əvəzinin, işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən öncəki 12-ay ərzində əmək haqqına 1.2 əmsal tətbiq olunaraq ödənilməli olan 4069.94 azn məbləğində pulun və vaxtında ödənilməmiş müvafiq məbləğlərə görə hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödəncin məhkəmə aktının qəbul edildiyi günə (iddia təmin edildiyi halda) hesablanaraq İddiaçı ödənilməsi tələbi həcmində baxılmışdır. İddiaçı iddia tələbində göstərmişdir ki, 2012-ci ilin fevral ayından X3 baş mühasib olaraq çalışmış, 2023-cü ilin iyun ayında onun razılığı olmadan baş mühasib vəzifəsindən kadrlar üzrə mütəxəssis vəzifəsinə keçirilmiş, bu da onu qane etmədiyindən avqust ayının birindən öz ərizəsi əsasında işdən ayrılmış, 2012- 2023-cü illər ərzində əmək məzuniyyətindən istifadə etməmiş və istifadə etmədiyi məzuniyyət günlərinə və son hesaba görə 9662 manat (doqquz min altı yüz altmış iki) ödənmiş, 11785 manat (on bir min yeddi yüz səksən beş) ödənilməmiş məzuniyyət pulu qalır. “X6” MMC 2020-ci ilin yanvar ayından fəaliyyət göstərdiyi ünvanı dəyişərək Naxçıvan şəhərinin Şahbuz rayon Badamlı qəsəbəsinə köçmüş, o da digər işçilər kimi əmək fəaliyyətini orda davam etdirmiş, Nazirlər kabinetinin 137 nömrəli qərarına əsasən, Şahbuz rayon Badamlı qəsəbəsində çalışan işçilərin əmək haqqına əlavə 20 faiz yüksəklik pulu düşür. 43 ay ərzində opnun yüksəklik pulunu ödənməmiş, eyni zamanda 2023-cü ilin iyun ayının birindən onun öz istəyi olmadan baş mühasib vəzifəsindən kadrlar üzrə mütəxəssis vəzifəsinə keçirildiyidən və əmək haqqımın endirilməyinə görə əmək haqqının 3 misli miqdarında kompensasiya tələb edir. Bundan başqa ödənilməmiş vəsaitlərin gecikməyinə görə həmin vəsaitin hər gün üçün 1% komensasiya haqqını tələb edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddiasını müdafiə etdiyini, xx.xx.2012-ci il tarixdə "X6" MMC-də baş muhasib kimi işə başladığını, həmin dövrdə tək muhasib olduğuna görə 2017-ci ilə kimi əmək məzuniyyət hüququndan istifadə edə bilmədiyini, 2017-ci il tarixdən başqa muhasib götürülsə də, yeni binanın tikintisi ilə əlaqədar olaraq işlərin çoxluğuna görə işdən çıxdığı dövrə qədər əmək məzuniyyət hüququndan istifadə edə bilmədiyini, 2020-ci ildə Badamlı zavodunun Naxçıvan şəhərindən Badamlı qəsəbəsinə köçürüldüyünü, onun da əmək fəaliyyətini həmin tarixdən Şahbuz rayonu, Badamlı qəsəbəsində davam etdirdiyini, şirkət təsisçisi dəyişildikdən sonra 2 ay işlədiyini, daha sonra öz ərizəsi ilə işdən ayrıldığını, həmin dövrdə yüksəklik pulu və məzuniyyət pulu ilə cavabdehə müraciət etdiyini, lakin cavab verilmədiyini, əmək müfəttişliyinə müraciət etdiyini, oradan ona məhkəməyə müraciət etməsinin bildirildiyini, mediasiyaya, daha sonra isə məhkəməyə müraciət etdiyini göstərmişdir. Məhkəmə iclasında suallaraı cavablandıran iddiaşı İddiaçı izahatında işlədiyi dövr ərzində həmin təşkilatda baş mühasib işlədiyini, əvvəllər işlədiyi təşkilatın adının X5 MMC, sonra isə 2019-cu ilin dekabr ayının 27-si "X6" MMC olaraq dəyişdirildiyini, təsisçi və ya vöendə dəyişiklik olmadığını, sadəcə adının dəyişdiyini, konpensasiya ilə bağlı rəhbərlik tərəfindən heçnə deyilmədiyini, əvvəlki sahibkarın işlərin çoxluğu ilə əlaqədar məzuniyyətə çıxmaycaqlarını ona bildirdirildiyini, işinin xətrinə onun da müraciət etmədiyini, ilk əmək haqqısının 350 manat olduğunu, sonra 500, 700 manat olaraq sonralar qalxdığını, kompensasiyanın sonuncu əməkhaqqı ilə hesablanacağını bildiyini, həmçinin direktorun da bunu bildiyini, direktorun bir gün içində işdən çıxarıldığını, ona görə də təhvil-təslim zamanı pulu tələb edə bilmədiyini, 2022-ci ildə Hümbət Qəhrəmanovun işdən getdiyini dediyini, lakin rəsmi olaraq getmədiyini, bir həftə sonra qayıtdığını, həmin vaxt onu direktor olaraq bildiyini, işdən çıxma barədə əmr gəlmədiyini, Hümbət Qəhrəmanovun getmədən öncə noyabr və dekabr aylarında maaşında artım olduğunu, yüksəklik pulunun verilməsi ilə bağlı məlumatının həmin vaxt olmadığını, sonradan bildiyini, Hümbət Qəhrəmanova məzuniyyət pulunun verilməsi ilə bağlı müraciət etdiyini, özünün, direktorun və müavinin məzuniyyət pulları barədə hesablama etdiyini, təxminən 17000 yaxud 19000 manat məbləğində məzuniyyət pulunu hesabladığını, həmin hesablamanı müəssisəni satın alana təqdim edərək qiymətdən düşülməsini bildirdiyini, həmin dövrdə direktor Hümbət Qəhrəmanovun və direktor müavini Yaqub Əliyevin qalmış məzuniyyət pullarının bir hissəsinin konpensasiya şəklində ödənildiyini, gecikdirməyə görə bir faiz cərimənin olduğunu bildiyini, son haqqhesab olaraq 9662 manat pul ödənildiyini, həmin pul toplu şəkildə verildiyinə görə konkret nələrə görə hansı məbləğlərin hesablandığını bilmədiyini, son haqq hesabının 1024 manat etdiyini, yüksəklik puluna görə hesablanan 4700 manat və ona hesablanan 7726.40 gecikdirlməyə görə hər gün üçün 1 faiz cərimə pulunu qəbul etdiyini, 2013-cü ildə və digər illərdə məzuniyyətə çıxmalı olduğunu bildiyini, ərizə ilə müraciət etmədiyini, texniki səhvliklə müqavilə bağlanarkən daimi dövlət qulluğu yazıldığını, buna görə insan resurslarının məsuliyyət daşıdığını, həmin müqaviləni imzalamadığını, təhvil-təslim edərkən “excel” sənədində hesablama apararaq 21000 yaxud 24000 manat özü üçün ödənilməli məbləğ hesabladığını və təhvil verdiyini, yüksəklik pulu olmadığını, lakin digər ödənişləri hesabladığını, “excel” sənədinin düzgünlüyünü qəbul etdiyini, həmin hesablamalarda əsas məzuniyyətlərinə görə pul əvəzi olaraq 17714 (on yeddi min yeddi yüz on dörd) manat kompensasiya hesablandığını, həmin məbləğdən 9600 manat ona ödənildiyini, qalan məbləği ödəməkdən isə cavabdeh təşkilat həmin vaxt 3500 manat borcunun olması səbəbindən imtina etdiyini, iddia qaldıran zaman kompensasiya tələb etdiyi məbləğdə 3500 manat pulu nəzərə almadığını, cavabdeh şirkətə 3500 manat qeyri-rəsmi borcunun olduğunu, borcunu ödəyəcəyini, bu barədə ərizə təqdim etdiyini və iddia təmin edilərsə borcun alacağı puldan çıxacağını bildirmiş, məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkil-nümayəndəsi Vəkil1 məhkəmə iclasında verdiyi izahatında iddiaçının istifadə etmədiyi əmək məzuniyyət illərinə görə konpensasiya və yüksəkliyə görə təyin olunmamış 1.2 əmsalla ödənilməmiş pulu tələb etdiyini, həmçinin ödənilməmiş həmin ödənclərin sonrakı günə bir faiz cəriməsini istədiyini, əmək müqaviləsinin xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq hər hansı şərt və məhdudiyyət qoyulmadan işçiyə işdən çıxdığı günədək istifadə etmədiyi məzuniyyət pullarının əvəzinin verilməli olduğunu, cavabdeh təşkilatın əmək fəaliyyətinə xitam verildiyi gündən son haqq-hesabı qanunamüvafiq ödəmədiyini, alıcının satıcı qarşısında debitor borcların olub-olmaması barədə tələb qoymadığını, işəgötürənin təqsirinə görə ödənişlərin yerinə yetirilmədiyini, alıcının vəzifəsini yerinə yetirmədiyini və kreditor borcları barəsində məlumat əldə etmədiyini, bunun isə alıcının risk dairəsinə daxil olduğunu, buna görə də iddia tələbinin cavabdeh tərəfindən ödənilməli olduğunu bildirmişdir. "xxxx" Mineral Sular MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında 31 iyul tarixdə iddiaçının işdən çıxdığını, iddiaçıya 2 gün sonra ödəniş edildiyini, iddiaçıya 9662 manat məzuniyyət puluna görə ödənildiyini, yüksəklik pulunun sonrakı tələb olduğunu, məhkəmə qərarında göstərilənlə aradakı fərqi ödəyəcəklərini, 1.2 əmsalla yüksəklik pulunun müəssisə satıldıqdan sonra tətbiq edildiyini, iddiaçının əmək məzuniyyətindən istifadə etməsi ilə bağlı sənəd olmadığını, müəssisə təhvil alındıqdan sonra kreditor borcları haqqında haqqında məlumatlarının olduğunu, satıcının bu barədə hesablama apararaq qeyri-rəsmi olaraq “excel” sənədi təqdim etdiklərini və ödəniş etdiklərini, rəsmi sənəd olmadığı üçün təqdim etmədiklərini, həmin hesablamaları Ramilin apardığını, muhasiblər arasında müzakirə edildiyini, təhvil-təslimi Ramillə onun etdiyini, hesablamanın Ramil üçün 9600 manat olduğunu, excel sənədinin düzgünlüyünü qəbul etdiklərini, təqdim edilən sənəddə 17762 manatdan 9662 manat ödənildiyini bildirmişdir. Cavabdeh təşkilatın vəkili Vəkil2 hazırlıq iclasları gedişində lazımi etiraz və vəsatətlərini təqdim etdiklərini, cavabdeh tərəf olaraq öz mövqelərini müdafiə etdiklərini, iddiaçının şirkətə 3500 manat borcunun olduğunu, iddiaçı hər hansı iş ilindən asılı olmayaraq tələb olduğunu qeyd etsə də, qanunun tələbi ilə bir il ərzində müraciət edə biləcəyini, müddətin tətbiqi ilə bağlı ərizəni müdafiə etdiklərini və tələbin son bir il üçün tətbiq edilməsini, ekspertizanın verdiyi rəy ilə razılaşdıqlarını, iddia tələbinin son bir il üçün tətbiq edilməsini, konpensasiyanın bir faiz olmaqla hesablanmasına razı olmadıqlarını, hesablanan 4700 manat yüksəklik pulunu qəbul etdiklərini, ekspertiza xərclərini ödəməyi qəbul etdiklərini bildirmişdir. Mülki iş üzrə məhkəmə iclasında iştirak edən Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2 izahatında Şahbuz Rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizanın keçirdiyini, qərardadda ekspert qarşısında qoyulan suallar hər iki tərəfin nüamyəndələri olan İddiaçı və cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə onların mülahizələri nəzərə alınaraq, onların iştirakı olmadan ekspert kimi onun tərəfindən hesablamaların aparıldığını, qoyulan suallara cavab verildiyini, İddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixdən əvvəli 1(bir) illik dövr üçün əmək haqqısına artımın, yəni 1.2 (əmsalın) 4.070 (dörd min yetmiş) manat və əmək haqqına hər gecikdirilmiş gün üçün 1 (bir) % (faiz) cərimə hesablanaraq 1 (bir) illik dövr üçün 7.726,4 (yeddi min yeddi yüz iyirmi altı manat, qırx qəpik) manat müəyyən edildiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən İddiaçı: -01 fevral 2012-ci il tarixli, 32 nömrəli əmrlə həmin tarixdən bağlanmış əmək müqaviləsi əsas tutularaq “X5” MMC-yə baş mühasib vəzifəsinə qəbul edilməsi; -01 iyul 2023-cü il tarixli əmrlə həmin tarixdən “X6” MMC-də insan resursları üzrə mütəxəssis vəzifəsinə keçirilməsi; -01 avqust 2023-cü il tarixli, 050 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin, “a” işdən azad edildiyi müəyyən olunur. Məhkəmə ilkin olaraq cavabdeh təşkilat “X6” MMC-nin iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hisəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Həmin Qərarda həmçinin qeyd olunur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının ona işlədiyi illər üçün istifadə etmədiyi məzuniyyət günləri üçün pul hesablanılaraq verilməsi tələbini irəli sürməkdə subyektiv hüququ vardır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərə əsasən belə qənaətə gəlir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işlədiyi müddətdə məzuniyyət hüququ təmin edilməməklə, həmçinin iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ona işlədiyi illər üçün istifadə etmədiyi məzuniyyət günləri üçün pul hesablanılaraq verilməli olduğu halda verilməməklə iddiaçının subyektiv hüququ pozulmuşdur. Yuxarıda göstərilən Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələbindən də göründüyü kimi iddiaçı 01 fevral 2012-ci il tarixdən 01 avqust 2023-cü il tarixədək olan müddətdə məzuniyyət pulun hesablanıb ödənilməsi üçün məhkəməyə müraciət edərkən iddia müddətini buraxmamışdır. Belə ki, cavabdeh təşkilat tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən iddiaçıya 01 fevral 2012-ci il tarixdən 01 avqust 2023-cü il tarixədək işlədiyi bütün müddət üçün məzuniyyət pulu hesablanıb verilməli olduğu halda verilməmiş, iddiaçı isə qeyd olunan hüququnun bərpası üçün 1 illik iddia müddətini buraxmadan məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının işlədiyi bütün müddət üçün məzuniyyət pulu hesablanıb verilməlidir. Belə ki, hər iki tərəfin qəbul etdiyi məhkəməyə təqdim edilmiş “X6” MMC-nin işçilərinin 2022-ci il məzuniyyət kompensasiya haqqı cədvəlindən İddiaçı istifadə etmədiyi 11 (on bir) illik əsas məzuniyyətlərinə görə pul əvəzi olaraq 17714 (on yeddi min yeddi yüz on dörd) manat kompensasiya hesablanmış, həmin məbləğdən 9600 manat İddiaçı ödənilmiş (həmin halı iddiaçının özü izahatında təsdiq etmişdir) qalan məbləği ödəməkdən isə cavabdeh təşkilat həmin vaxt İddiaçı “X6” MMC-yə 3500 manat borcunun olması səbəbindən imtina etmişdir. Məhkəmə araşdırılması zamanı İddiaçı izahatında onun cavabdeh təşkilata olan 3500 manat borcunu cavabdeh təşkilatın qalan kompensasiya pulunun ödəniləcəyi zaman ödəyəcəyini bildirmişdir. İlk olaraq məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçı tərəf ilə cavabdeh tərəf arasında olan razılaşmaya əsasən onların qəbul etdiyi cədvələ əsasən cavabdeh təşkilat İddiaçı işlədiyi bütün müddət üçün məzuniyyət pulu olaraq kompensasiya kimi 17714 (on yeddi min yeddi yüz on dörd) manat ödənilməsi barədə razılığa gəlsələr də həmin puldan 9600 manat hissəsini cavabdeh təşkilat ödəmiş, lakin qalan hissəsini İddiaçı 3500 manat borcunun olması səbəbindən imtina etmiş, bu səbəbdən tərəflər arasında mübahisə yaranmışdır. Göründüyü kimi iddiaçı təşkilat İddiaçı işlədiyi dövr üçün məzuniyyət pulu olaraq kompensasiya verilməsinə razılıq vermiş, hətta onun bir hissəni icra etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının işlədiyi bütün müddət üçün məzuniyyət pulunun verilməsi barədə tələbə dair hissədə iddia müddəti tətbiq edilməməlidir. İddiaçı iddia tələbində işlədiyi bütün müddət üçün məzuniyyət pulu olaraq kompensasiya kimi 11.577,98 (on bir min beş yüz yetmiş yeddi manat, doxsan səkkiz manat) tələb etmişdir. Bununla bağlı məhkəmə ilk olaraq qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, İddiaçı izahatında işlədiyi bütün müddət üçün məzuniyyət pulu olaraq kompensasiyanın ümumi məbləğindən cavabdeh təşkilat tərəfindən ona ödənilən 9600 manat nəzərə alaraq 11.577,98 tələb etdiyini qeyd etsə də, onun cavabdeh təşkilatdan 3500 manat pul aldığını, yəni borclu olduğu 3500 manat pulu nəzərə almadığını bildirmişdir. Məhkəmə hesab edir ki, İddiaçı işlədiyi bütün müddət üçün məzuniyyət pulu olaraq kompensasiyanın ümumi məbləğindən cavabdeh təşkilatın ödədiyi 9600 manat pul ilə bərabər onun borclu olduğu 3500 manat pul da nəzərə alınmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, "xxxx" X9 Məsuliyyətli Cəmiyyətindən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi olaraq 8.077,58 (səkkiz min yetmiş yeddi manat, əlli səkkiz qəpik) manat pul alınaraq İddiaçı ödənilməlidir. İddiaçı iddia tələblərindən biri də vaxtında ödənilməmiş müvafiq məbləğlərə görə hər gecikdirlmiş gün üçün bir faizi məbləğində ödəncin məhkəmə aktının qəbul edildiyi gün hesablanaraq ona verilməsi barədə tələbdir. İlk olaraq məhkəmə hesab edir ki, iddia tələbinin istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi olaraq kompensasiyaya görə hər gecikdirlmiş gün üçün bir faizi məbləğində ödəncin verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavənin “məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin” Geniş Siyahisında istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya əmək haqqı hesablanan zaman nəzərə alınmayan ödəniş kimi qeyd edilibdir. Halbu ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi qanunverici əmək haqqının gecikdirildiyi zaman əmək haqının hər gecikdirldiyi gün üçün cərimə ödənilməsini nəzərdə tutur. İddiaçı isə tələbi istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi olaraq kompensasiyaya görə hər gecikdirlmiş gün üçün bir faizi məbləğində ödəncin verilməsidir. Məhkəmə hesab edir ki, iddiaçının bu hissədə tələbi aşağıdakılara görə də təmin edilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci bəndinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Göründüyü ki, qanunvericiliyin tələbinə görə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi olaraq kompensasiyaya görə orta əmək haqqı məzuniyyətin verilməli olduğu aydan əvvəlki 12 təqvim ayı üçün hesablanır. Əgər nəzərə alsaq ki, İddiaçı 2012-ci ildə olan əmək haqqısı ilə onun 2023-cü ildə aldığı əmək haqqısı olan məbləğlər fərqlidir (artıbdır) və ona kompensasiya məhz sonuncu artırılmış əmək haqqı ilə hesablanıb, o zaman ona verilməli olan məzuniyyəti pulu kompensasiya olunaraq verilib, yəni ilk işə daxil olduğu 2012-ci ildə olan əmək haqısı ilə deyil, 2023-cü ildə artımla olan orta əmək haqısı ilə hesablanıbdır, bu zaman İddiaçı həmin kompensasiya görə əlavə olaraq hər gecikdirlmiş gün üçün 1 (bir) % məbləğində cərimənin hesablanması işə götürənin maliyyə vəziyyətinin pisləşməsinə, işçinin isə hüquqdan sui-istifadəyə gətirib çıxarar. Belə ki, baxmayaraq ki iddiaçı həmin təşkilatda baş mühasib vəzifəsində işləyib, işlədiyi bütün dövr ərzində məzuniyyət hüququndan istifadə etməsi barədə işəgötürənə müraciət etməmiş, bununla bağlı izahatında isə əvvəlki sahibkarın işlərin çoxluğu ilə əlaqədar məzuniyyətə çıxmaycaqlarını ona bildirdirildiyini göstərmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin işlədiyi dövr ərzində istifadə etmədiyi məzuniyətə görə hesablanan kompensasiyanın hər gecikdirilmiş gün üçün 1 (bir) % məbləğində cərimənin verilməsinə dair iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia tələbinin işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən öncəki 12-ay ərzində əmək haqqına 1.2 əmsal tətbiq olunaraq ödənilməli olan 4069.94 azn məbləğində pulun verilməsi hissəsində məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Berlə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddənin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir; 11-ci maddəsinin “e” bəndinə əsasən əmək münasibətləri sahəsində işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək işəgötürənin əsas hüququdur; 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; Badamlı qəsəbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarına 1 nömrəli əlavənin Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında göstərilmişdir. Eyni zamanda “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli Qərarının 5.-ci bəndinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük ....... 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli, 1031 saylı ekspert rəyi ilə İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək olan dövrdə aylıq əmək haqqında (sosial arayşda göstərilən) artımım (əmsalın) 1.2 məbləğində hesablanacağı təqdirdə həmin dövr üçün ümümilikdə illik əməkhaqqı (tutqular tutulmaqla) 24588.00 (iyirmi dörd min beş yüz səksən səkkiz) manat olması, bu məbləğin 4070 (dörd min yetmiş) manatın 1.2 əmsalla yüksəklik pulu təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi İddiaçıin işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən öncəki 12-ay ərzində əmək haqqına 1.2 əmsal tətbiq olunaraq ödənilməli 4070 manat məbləğində pul cavabdeh təşkilatdan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin əmək haqqına 1.2 əmsal tətbiq olunaraq ödənilməli olan 4070 manat məbləğində pulun vaxtında ödənilmədiyinə görə hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödəncin məhkəmə aktının qəbul edildiyi günə (iddia təmin edildiyi halda) hesablanaraq İddiaçı ödənilməsi tələbi hissəsində aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, cavabdeh təşkilat “X6” MMC məhkəməyə ərizə ilə müraciət edərək iddia müddəti tətbiq edərək iddianın rədd edilməsi xahiş etmişdir. Məhkəmə İddiaçı işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən öncəki 12ay ərzində əmək haqqına 1.2 əmsal tətbiq olunaraq ödənilməli olan 4070 manat məbləğində pulun vaxtında ödənilmədiyinə görə hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödəncin məhkəmə aktının qəbul edildiyi günə (iddia təmin edildiyi halda) hesablanaraq ona verilməsi ilə bağlı hissəsində əsaslı sayır və belə nəticəyə gəlir ki, həmin illərə dair məzuniyyət pulunun hesablanıb verilməsi ilə bağlı tələbə iddia müddəti təbiq edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 01 fevral 2012-ci il tarixdən 01 avqust 2023-cü il tarixədək cavabdeh təşkilatda baş mühasib vəzifəsində işləmiş, onunla bağlanan əmək müqaviləsinə 01 avqust 2023-cü ildə xitam verilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilərkən iddiaçıya işlədiyi illər üçün ödənilməmiş əmək haqqına 1.2 əmsal ilə əmək haqqına əlavə pulu verilməsə də, iddiaçı həmin təşkilatda baş mühasib işləməsinə baxmayaraq, işlədiyi dövr ərzində həmin artımı hesablamamış, özünün hüquqlarının pozulduğunu bildiyi halda 10 il müddətində qeyd olunan əmək haqqına artım pulunun ödənilməsi üçün müraciət etməmiş, bununla da hüququnun bərpası üçün vacib olan iddia müddətini buraxmışdır. Məhkəmə araşdırması zamanı da iddiaçının qeyd olunan illərə dair məzuniyyət pulunun ödənilməsi üçün müraciət etməli olduğu müddətin qanunvericilikdə göstərilən hər hansı bir üzürlü səbəbdən (AR Əmək Məcəlləsi 296-cı maddəsinin 6cı hissəsində göstərilən səbəblər) buraxılması aşkarlanmamışdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən öncəki 12-ay ərzində əmək haqqına 1.2 əmsal tətbiq olunaraq ödənilməli olan 4070 manat məbləğində pulun vaxtında ödənilmədiyinə görə hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödəncin məhkəmə aktının qəbul edildiyi günə (iddia təmin edildiyi halda) hesablanaraq ona verilməsinə dair hissədə iddia müddəti tətbiq edilərək həmin tələb qismən təmin edilərək İddiaçı əmək müqaviləsinə xitam verildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən 1 (bir) illik əvvəlki müddətdə ödənilməmiş aylıq əmək haqqına hesablanan 1.2 əmsal olan 4070 (dörd min yetmiş) manat məbləğində pulun hər gecikdirilmiş gün üçün 1 (bir) % cərimənin cavabdeh təşkilatdan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli, 1031 saylı ekspert rəyi ilə İddiaçı işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən öncəki 1 (bir) illik əvvəlki müddətdə ödənilməmiş aylıq əmək haqqına hesablanan 1.2 əmsalın hər gecikdirilmiş gün üçün bir faizi bir illik dövr üçün 7726.4 (yeddi min yeddi yüz iyirmi altı manat, qırx qəpik) manat təşkil etməsi müəyyən olunur. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı işdən azad olunduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən öncəki 12-ay ərzində əmək haqqına 1.2 əmsal olan 4070 manat məbləğində pulun vaxtında ödənilmədiyinə görə hər gecikdirilmiş gün üçün bir faizi cərimə olaraq 7726.4 (yeddi min yeddi yüz iyirmi altı manat, qırx qəpik) məbləğində pul cavabdeh təşkilatdan alınaraq iddiaçıya verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə araşdırması zaman iddiaçının Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli, 1031 saylı ekspert rəyinin iddia tələbinin işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən öncəki 12-ay ərzində əmək haqqına 1.2 əmsal tətbiq olunaraq ödənilməli olan 4070 manat məbləğində pulun və həmin pulun vaxtında ödənilmədiyinə görə hər gecikdirilmiş gün üçün bir faizi məbləğində 7726.4 (yeddi min yeddi yüz iyirmi altı manat, qırx qəpik) manat cərimənin hesablanmasına dair etirazının olmadığını və həmin hesablamalır qəbul etməsini, həmçinin iddia tələbində işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən öncəki 12ay ərzində ölan dövrü göstərməsini nəzərə almışdır. Yekunda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli cavabdeh təşkilat "xxxx" X9 Məsuliyyətli Cəmiyyətindən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi olaraq 8.077,58 (səkkiz min yetmiş yeddi manat, əlli səkkiz qəpik) manat, əmək haqqına artım (1.2 əmsal) 1 (bir) il ərzində ödəncə görə 4.070 (dörd min yetmiş) manat və əmək haqqına artımın (1.2 əmsal) hər gecikdirlmiş gün üçün hesablanan 1% cərimə olaraq 7.726,4 (yeddi min yeddi yüz iyirmi altı manat, qırx qəpik) manat, cəmi 19.873,98 (on doqquz min səkkiz yüz yetmiş üç manat, doxsan səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti 10.000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 149,62 (bir yüz qırx doqquz manat, altmış iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 115-ci və 115.0.1 maddəslərinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə verilməli olan məbləğlər aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 02 may 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat, 14 avqust 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat, 16 sentyabr 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat olmaqla, ümumilikdə ekspertiza məsrəfi olan 280 (iki yüz səksən) manat təşkil edir. Məhkəmə hesab edir ki, 280 (iki yüz səksən) manat ekspert məsrəfi cavabdeh təşkilatdan alınaraq X4 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. "xxxx" X9 Məsuliyyətli Cəmiyyətindən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi olaraq 8.077,58 (səkkiz min yetmiş yeddi manat, əlli səkkiz qəpik) manat, əmək haqqına artım (1.2 əmsal) 1 (bir) il ərzində ödəncə görə 4.070 (dörd min yetmiş) manat və əmək haqqına artımın (1.2 əmsal) hər gecikdirlmiş gün üçün hesablanan 1% cərimə olaraq 7.726,4 (yeddi min yeddi yüz iyirmi altı manat, qırx qəpik) manat, cəmi 19.873,98 (on doqquz min səkkiz yüz yetmiş üç manat, doxsan səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh "xxxx" X9 Məsuliyyətli Cəmiyyətindən ekspertiza məsrəfi olan 280 (iki yüz səksən) manat X4 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına və 149,62 (bir yüz qırx doqquz manat, altmış iki qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar