Məhkəmə qərarları › İş №2(090)-41/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-41/2023

22.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-41/2023 22.02.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, ərizəçi Orucova (Xudanova) Fatma Mənaf qızının və maraqlı şəxs Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, ərizəçi Orucova (Xudanova) Fatma Mənaf qızının həyətyanı torpaq sahəsinin qanuni sahiblik və onun istifadəsində olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Orucova (Xudanova) Fatma Mənaf qızı ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 800 kv.metr həyətyanı torpaq sahəsinin onun sahiblik və istifadəsində olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Orucova (Xudanova) Fatma Mənaf qızı izahatında bildirmişdir ki, Naxçıvan MR Şahbuz qəsəbə İcra Nümayəndəliyinin 25 avqust 1994-cü il tarixli, 01 nömrəli sərəncamı ilə yaradılmış komissiya üzvlərinin iştirakı ilə Şahbuz qəsəbə İcra Nümayəndəsinin 10 fevral 1995-ci il tarixli, 03 nömrəli sərəncamı əsasında torpağın Şahbuz qəsəbəsində yaşayan fəhlə və qulluqçulara ayrılmış həyətyanı torpaq fondundan ona 800 kv.metr torpaq sahəsinin ölçülüb verildiyini, 1994-cü il tarixdən başlayaraq həmin torpaq sahəsini əkib becərdiyini, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq bu günə kimi ev inşa edə bilmədiyini, artıq 28 ilə yaxındır ki, ailə üzvləri ilə göstərilən həyətyanı torpaq sahəsini əkib-becərməklə oradan bəhərləndiklərini, hal-hazırda da onun istifadəsində olduğunu, bələdiyyə orqanları yaranmamışdan qabaq və yaranandan sonra həmin torpaq sahəsinin vergisini ödədiyini və onun adına borcun olmadığını, hal-hazırda orada tikiti aparmaq məqsədilə müvafiq dövlət qurumlarına, həmçinin Şahbuz rayon Dövlət Arxivinə müraciət etdiyini, müraciətinə əsasən Şahbuz rayon Dövlət Arxivinin 06 yanvar 2023-cü il tarixli, 02/07 nömrəli arayışında mühafizə olunan Şahbuz rayon XDS İcraiyyə Komitəsinin (Şahbuz rayon İcra Hakimiyyətinin) əmr-sərəncam və protokollarına baxıldığını, lakin torpaq sahəsinin verilməsi haqqında heç bir sənədə rast gəlinmədiyini, Şahbuz qəsəbə İN-nin təsərrüfatbaşına kitablarının Şahbuz rayon Dövlət Arxiv İdarəsinə təhvil verilmədiyini, bundan əalvə Naxçıvan MR Arxiv İdarəsinə də müraciət etdiyini, lakin Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13/15 nömrəli arxiv arayışında Şahbuz şəhərində vətəndaşlara torpaq sahələri ayrılması haqqında sənədlərin Naxçıvan MR Dövlət Arxiv İdarəsinə təhvil verilməməsinin qeyd olunduğunu, haliyyədə həmin həyətyanı torpaq sahəsini adına sənədləşdirmək istədiyini, lakin onun adına verilmiş torpağın aktından başqa, onda hər hansı müvafiq sənədin olmadığını, torpaq sahəsinin onun tərəfindən əkilib-becərilərək istifadə olunmasını şahidlərin təsdiq edə biləcəyini bildirdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 izahatında hazırki iş ilə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyətində qeyd edilən torpaq sahəsi ilə əlaqədar araşdırma aparıldığını, torpaq sahəsi ilə bağlı Şahbuz rayon İcra Hakimiyyətinin arxivində heç bir məlumatın olmadığını, ona görə də Ərizəçi torpaq sahəsinin sənədləşdirilməsi üçün heç bir sənəd verə bilmədiklərini, bu səbəbdən də ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Şahbuz Rayon Şahbuz Bələdiyyəsi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxslər Şahbuz Rayon Şahbuz Bələdiyyəsi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid1 izahatında bildirdi ki, 1995-ci ildən Şahbuz rayonu, Şahbuz şəhəri Bakı küçəsində ev tikib orada yaşayır, torpaqların paylanan vaxtdan, yəni 1995-ci ildən Ərizəçi ilə qonşudur, Ərizəçi onunla qonşuluqda olan torpaq sahəsini əkib-becəribdir, sonda Şahid1 ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olma faktını təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid2 izahatında bildirdi ki, Ərizəçi qonşu, eyni zamanda iş yoldaşı kimi tanıyır, 1995-ci ildən o, Şahbuz rayonu, Bakı küçəsində ev tikib yaşayır, həmin vaxtdan da Ərizəçi ilə qonşudur, qonşuluğunda olan torpaq sahəsini Ərizəçi əkib-becəribdir, o, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin Ərizəçi sahiblik və istifadə etdiyini təsdiq edir. İş materiallarında olan Şahbuz rayon VVAQ şöbəsi tərəfindən verilən İV- ЖГ seriyalı, 469906 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 ilə X6 arasında nikah 01 iyul 1991-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra qadına “Orucova” soyadı verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli, 13/15 nömrəli arxiv arayışından görünür ki, Şahbuz şəhərində Ərizəçi adına torpaq sahəsi verilməsi haqqında Naxçıvan MR Dövlət Arxivində hər hansı bir məlumat mövcud deyildir. İş materiallarında olan Şahbuz Rayon Dövlət Arxivinin 06 yanvar 2023cü il tarixli, 02/07 nömrəli arayışı ilə Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon XDS İcrayyə Komitəsinin (Şahbuz rayon İcra Hakimiyyəti) əmr-sərəncam və iclas protokollarına baxış zamanı Ərizəçi aid torpaq sahəsinin verilməsi haqqında heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 06 yanvar 2023-cü il tarixli, 02/01 nömrəli məktubu ilə Şahbuz şəhəri, Bakı küçəsi, 13/13 ünvanında Orucova (Xudanova) Fatma Mənaf qızının faktiki istifadəsində 800 kv.m torpaq sahəsinin mövcud olduğu, lakin onun mülkiyyətində olması barədə şöbələrində heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin 06 yanvar 2023-cü il tarixli, 02 nömrəli məktubunda Şahbuz şəhər sakini Orucova (Xudanova) Fatma Mənaf qızına faktiki istifadəsində olan 800 kv.m torpaq sahəsi bələdiyyə orqanının yaranmasından əvvvəl verildiyindən Şahbuz bələdiyyəsində həmin şəxsə torpaq sahəsinin verilməsi barədə heç bir sənədin olmadığı göstərilmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 06 yanvar 2023-cü il tarixli, 3/19 nömrəli məktubu ilə Ərizəçi ünvan 2 ünvanında faktiki istifadəsində olan 800 kv.m torpaq sahəsinin Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ev təsərrüfatlarının uçotu kitabında qeydiyyatı haqqında heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan 25 fevral 1995-ci il tarixli aktdan müəyyən olunur ki, Şahbuz qəsəbə İcra nümayəndəliyinin 10 fevral 1995-ci il tarixli, 03 nömrəli qərarı ilə Şahbuz qəsəbsində yaşayan fəhlə və qulluqçulara ayrılmış həyətyanı torpaq fondundan 800 kv.m torpaq sahəsinin ölçülüb Xudanova (Orucova) Fatma Mənaf qızına verilməsi müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 06 yanvar 2022ci il tarixli, 3/15 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 4 ünvanında pasport qeydiyyatında dayanır və həmin ünvanda yaşayır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatına, şahidlərin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Orucova (Xudanova) Fatma Mənaf qızı 1995-ci il tarixdən ona ayrılmış 800 kv.m torpaq sahəsi üzərində mülkiyyətçi kimi hüquqlarını həyata keçirmişdir. Ona görə də Orucova (Xudanova) Fatma Mənaf qızının həmin torpaq sahəsinə onun qanuni sahibliyi və istifadəsində olması faktı məhkəmə tərəfindən müəyyən (təsdiq) edilməlidir. Belə ki, torpaq sahəsinə aid Şahbuz qəsəbə İcra nümayəndəliyinin 25 fevral 1995-ci il tarixli “akt”da Orucova (Xudanova) Fatma Mənaf qızına Şahbuz qəsəbəsində 800 kv.m torpaq sahəsinin ölçülüb verilməsi və bu “Şahbuz rayon İcra hakimiyyəti başçısının Qəsəbə nümayəndəliyinin” möhürü və müvafiq imzalarla təsdiq olunsa da, haliyədə həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilmir və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8.-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2.-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı şahidlər Şahid1 və Şahid2 ifadələrindən, eyni zamanda iş materiallarında olan sənədlərdən ünvan 1 ünvanında yerləşən 800 kv.m həyətyanı torpaq sahəsinin Orucova (Xudanova) Fatma Mənaf qızının qanuni sahibliyi və istifadəsində olması öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmçinin maraqlı şəxslərin hər hansı mübahisəsi və tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalı, ünvan 1 ünvanında yerləşən 800 kv.m həyətyanı torpaq sahəsinin Orucova (Xudanova) Fatma Mənaf qızının qanuni sahibliyi və istifadəsində olması faktı təsdiq olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarına istinad etmişdir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən 800 kv.m həyətyanı torpaq sahəsinin Orucova (Xudanova) Fatma Mənaf qızının qanuni sahiblik və istifadəsində olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar