Məhkəmə qərarları › İş №2(090)-6/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-6/2024

16.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-6/2024 16.01.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Behbudova (Ağayeva) Təranə Əvəz qızı, Babayeva (Ağayeva) Birgül Əvəz qızı, X6 və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi və üzərində inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Şahbuz rayon Gömür kəndində yerləşən torpaq sahəsində qonşu Cavabdeh tərəfindən inşa etdiyi tövlənin onların torpağına düşən hissəsinin sökülməsi, tövlənin qarşısında istifadə etdiyi 50 kv.m torpaq sahəsinin onun qanunsuz sahibliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X7, X8, Behbudova (Ağayeva) Təranə Əvəz qızı, Babayeva (Ağayeva) Birgül Əvəz qızı, X9 və Həsənova (Ağayeva) İradə Əvəz qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı izahatında bildirdi ki, o işin mahiyyəti barədə iddia ərizəsində ətraflı məlumat veribdir, əlavə olaraq bildirir ki, köhnə xəritə ilə onun torpağının özünə qaytarılmasını istəyir, yoldaşı Ə.Ağayev tövlənin sökülməməsi üçün ərizə verib, Cavabdeh ilə qonşu kimi ötüşsünlər, cavabdeh tövlədə mal-heyvan saxlayır, 2 ildir ki aralarında mübahisə var, yoldaşı ərizə verdikdən sonra Cavabdeh torpağını sənədləşdiribdir, onun yoldaşının ərizə verməsindən və Cavabdeh ilə razılaşmalarından xəbəri olmayıbdır, özü və övladları razılıq verməyiblər, evində xəstə uşağı var, Cavabdeh oğlu onu söyür, Cavabdeh tövləsi onun torpaq sahəsindədir, sənədləşdirilmə səhv aparılıbdır, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında sualları cavablandıran İddiaçı bildirdi ki, Cavabdeh 1985-ci ildə həmin tövləni tikib və istifadə edir, Aqrar İslahat Komissiyası aparılan zaman Cavabdeh komissiyanın qərarı ilə verilən torpaq sahəsinin sənədlərində mübahisəli tövlə və torpaq sahəsi yoxdur, 2022-ci ildə cavabdeh torpaq sahəsini sənədləşdirdiyi zaman mübahisəli tövlə və torpaq sahəsinin cavabdehin adına sənədləşdirilibdir, tövlə onların torpaq sahəsinin tam ortasında yerləşir, torpaq sahəsini onlara qaytarılmasını istəyir. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh izahatında bildirdi ki, Şahbuz rayonu, Gömür kəndində yaşayır, İddiaçı və onun ailəsi ilə qonşudur, mübahisəli olan torpaq sahəsini o, 1985-ci ildən istifadə edir, həmin torpaq sahəsinin sənədləşməsi 2022-ci ildə aparılıbdır, sənədləşdirilmə işi aparılan zaman həmin torpaq sahəsi onun faktiki istifadəsində olduğu üçün ona verilibdir, qardaşı kənddən köçdüyü zaman öz torpaq sahəsini ona hədiyyə edibdir, o da qardaşının ona verdiyi torpaq sahəsini və öz torpaq sahəsini sənədləşdiribdir, torpaq sahələri onun adınadır, sonda cavabdeh göstərilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında bildirdi ki, mübahisəli torpaq sahəsinə baxılan zaman görmək olar ki, tövlə onların torpaq sahəsini tam ortadan bölür, Cavabdeh 1999-cu ildə verilən şəhadətnaməni gətirmir, 2022-ci ildə sənədləşdirmə aparılan zamanı düzgün sənədləşdirmə aparılmayıbdır, Cavabdeh öz torpaq sahəsini sənədləşdirərkən ondan razılıq alıbdır, torpağın geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Behbudova (Ağayeva) Təranə Əvəz qızı izahatında cavabdehin ailə üzvlərinin valideyinlərini narahat etdiklərini, əgər tövlə onun payına düşən torpaq sahəsində yerləşirsə, həmin tövlənin sökülməsini və torpaq sahəsinin qaytarılmasını xahiş etdiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Babayeva (Ağayeva) Birgül Əvəz qızı izahatında onların torpaq sahəsinə qonşu tərəfindən müdaxilə olunubsa həmin hissənin alınmasını və onlara qaytarılmasını məhkəmədən xahiş etdiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin nümayəndəsi X2 bildirdi ki, mübahisəli torpaq sahəsi və tövlə Şahbuz rayonu, Gömür kəndində yerləşən, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli, 7/2 nömrəli qərarı əsasında JN-91B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3852.3 kv.m həyətyanı torpaq sahəsi ilə həmsərhəd olan Nümayəndəndə **********36 reyestr nömrəsi ilə qeydiyyata alınmış Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1162.4 kv.m torpaq sahəsində yerləşir, 2022-ci il tarixdə Cavabdeh və ailə üzvlərinə Nümayəndə tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilən zaman mübahisəli torpaq sahəsi və tövlə Cavabdeh və ailə üzvlərinin istifadəsində olduğundan, mübahisəli torpaq sahəsi və tövlə onların adına sənədləşdirilibdir, həmin vaxt hər iki tərəf qonşu olduğu üçün onlar arasında mübahisə yaranmaması üçün X6 razılığı ilə sənədləşdirlibdir, 2022-ci ildə Cavabdeh müraciəti əsasında ona məxsus Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş torpaq sahəsində yenidən ölçülər aparılıb və faktiki olaraq komissiyanın qərarında göstərilən 1162.4 kv.m torpaq sahəsi sənədləşdirilərək Cavabdeh və onun ailə üzvlərinin adına dövlət reyestrində qeydiyyat aparılıbdır, həmin vaxt artıq olan torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə keçibdir, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli, 7/2 nömrəli qərarı ilə JN-91B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 3852.3 kv.m həyətyanı torpaq sahəsi göstərilsə də hazırki iş üzrə onlar tərəfindən yenidən ölçü işləri aparılan zaman İddiaçı və ailə üzvlərinin istifadəsində faktiki olaraq 4340.0 kv.m torpaq sahəsinin olması məlum olubdur, həmin artıq olan 487.7 kv.m torpaq sahəsinin qonşu sərhədlərini müəyyən etmək mümkün deyildir. Hal-hazırda həmin artıq olan 487.7 kv.m torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin istifadəsindədir. Cavabdeh və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin sənədləşdirməsi zamanı İddiaçı və onun ailə üzvlərinin istifadəsində olan torpaq sahəsində ölçmə işləri onlar tərəfindən aparılmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və Həsənova (Ağayeva) İradə Əvəz qızına məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və Həsənova (Ağayeva) İradə Əvəz qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Həsənova (Ağayeva) İradə Əvəz qızının məhkəməyə ünvanladığı 15 oktyabr 2023-cü il tarixli ərizəsində qonşularının onların torpaq sahəsində tövlə tikdiklərini, onların həyətyanı torpaqlarındakı tövlənin sökülməsinə razı olduğunu, onun Türkiyə Respublikasında olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN 091B, KOD 10503018 saylı şəhadətnamədən müəyyən olunur ki, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli qərarına əsasən Şahbuz rayonunun Gömür kəndi ərazisində yerləşən 0.39 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN 091A, KOD 10503018 saylı şəhadətnamədən müəyyən olunur ki, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli qərarına əsasən Şahbuz rayonunun Gömür kəndi ərazisində yerləşən 0.01 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi müəyyən olunur. İş materiallarında olan Nümayəndə **********36 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 20/7 nömrəli reyestr kitabıının 1344 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışı ilə Cavabdeh və ailə üzvlərinə 0.1162 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə onlara məxsus olması müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon İdarəsinin nümayəndəsi X2 13 noyabr 2023-cü il tarixli rəyində göstərmişdir ki, 2022-ci ildə Şahbuz rayonu, Gömür kənd sakini Cavabdeh haliyədə istifadəsində olan tövləsinin yerləşdiyi 75 B kadastr nömrəli həyətyanı torpaq sahəsinin dövlət reyestrindən keçirilərək çıxarışın verilməsi üçün şöbəyə müraciət etmiş, lazımı texniki sənədlərin hazırlanması üçün tərəfindən yerində ölçmə işləri aparılmış, ölçmə nəticəsində 75 B kadastr nömrəli həyətyanı torpaq sahəsinin ölçülərinin Şahbuz rayonu, Gömür kəndinin yeni hazırlanmış elektron yer quruluşu planına uyğun olduğu müəyyən edilmişdir. Hər iki qonşunun tövlələrinin biri-birinə yaxın olması və işin həssasiyyətini nəzərə alaraq ölçmə işləri aparılarkən Cavabdeh və Ə.Ağayevin iştirakı təmin edilmiş, mərz nişanları qonşular arasında razılıq əsasında müəyyənləşdirilmişdir. Ölçmə işləri aparılarkən Gömür kənd İƏD-nin nümayəndəsi və kənd bələdiyyəsinin iştirakı təmin edilmiş, 75 B kadastr nömrəli həyətyanı torpaq sahəsinə üzərindəki tövlə binası daxil olamqla sahənin dövlət reyestrindən keçirilərək çıxarışın verilməsi məqsədə uyğun hesab edilmişdir. Əlavə olaraq Cavabdeh mülkiyyətində olan 75 B kadastr nömrəli həyətyanı torpaq sahəsinin çəpər-çəpərə qonşusu olan 91B kadastr nömrəli həyətyanı torpaq sahəsi Ə.Ağayevin mülkiyyətinə verilmişdir. 91B nömrəli həyətyanı torpaq sahəsinin sənəd üzrə ölçüsü 3852.30 m² -dir, lakin Gömür kəndinin yeni hazırlanmış elektron yer quruluşu planında 91B nömrəli yerin 4340.23m² olduğu, yəni sənəd üzrə olan ölçüdən 500 m² artıq olduğu müəyyən edilibdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarixli, 1197 saylı rəyi ilə Şahbuz rayonu, Gömür kəndində yerləşən, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli, 7/2 nömrəli qərarı əsasında JN-91B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3852.3 kv.m həyətyanı torpaq sahəsindən Cavabdeh istifadə etməməsi və JN-91B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətə 3852.3 kv.m torpaq sahəsi verilsə də İddiaçı və ailə üzvləri faktiki olaraq 4340.0 kv.m torpaq sahəsindən istifadə etmələri müəyyən olunur. Yenə də iş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarixli, 1197 saylı rəyindən görünür ki, Nümayəndəndə **********36 reyestr nömrəsi ilə qeydiyyata alınmış Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1162.4 kv.m torpaq sahəsi ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3852.3 kv.m torpaq sahəsinin üstüstə düşməsi müəyyən edilməmişdir. Məhkəmə iş üzrə İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, istər iddia ərizəsində, istərsə də iddiaçının məhkəməyə verdiyi izahatında İddiaçı Cavabdeh qanunsuz inşa etdiyi tövlənin yarısının onların torpaq sahəsinə düşməsini və 50 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğunu göstərmişdir. Məhkəmə qeyd edilən halların araşdırılması məqsədi ilə məhkəmə mühəndis-tikinti ekspertizası təyin etmiş və ekspertizanın nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1162.4 kv.m torpaq sahəsi ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3852.3 kv.m torpaq sahəsinin üstüstə düşmür, eyni zamanda İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3852.3 kv.m həyətyanı torpaq sahəsindən Cavabdeh istifadə etmir. Həmçinin ekspertiza nəticəsində JN-91B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətə 3852.3 kv.m torpaq sahəsi verilsə də İddiaçı və ailə üzvləri faktiki olaraq 4340.0 kv.m torpaq sahəsindən istifadə edirlər. Əlavə olaraq iddiaçı tərəf məhkəməyə verdiyi izahatlarında Aqrar İslahat Komissiyası aparılan zaman Cavabdeh komissiyanın qərarı ilə verilən torpaq sahəsinin sənədlərində mübahisəli tövlə və torpaq sahəsinin həmin sənədlərdə əks olunmadığını, daha sonra 2022-ci il cavabdeh torpaq sahəsini sənədləşdirdiyi zaman mübahisəli tövlə və torpaq sahəsinin onun adına sənədləşdirildiyini, buna görə də onlara məxsus torpaq sahəsini onlara qaytarılmasını göstərmişdirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsində və eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləsdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Beləliklə, mülki işin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçının iddia etdiyi kimi mübahisəli tövlənin yarısının onlara məxsus torpaq sahəsində yerləşməsi, eyni zamanda iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin 50 kv.m hissənin cavabdehin qanunsuz istifadəsində olması yuxarıda qeyd edilən məhkəmə mühəndistikinti ekspertizası ilə öz təsdiqini tapmadığından, təmin edilə bilməz. İddiaçının iddia tələbinin əsaslarından biri də Cavabdeh adına torpaq sahəsi sənədləşdirilən zaman onun əri, hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 razılığı alınmasını, onun və digər ailə üzvlərinin isə razılığının alınmamasını və xəbərinin olmamasıdır. Məhkəmə bununla bağlı qeyd edirki, “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli, 155-İQ saylı Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, mübahisəli tövlə və torpaq sahəsi 1985-ci il tarixdən Cavabdeh aşkar sahibliyində və istifadəsində olmuşdur. Torpaq sahəsinə dair Nümayəndə **********36 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 20/7 nömrəli reyestr kitabıının 1344 nömrəli vərəqində qeydiyyata alınması barədə “Çıxarış” Cavabdeh 19 may 2022-ci il tarixdə verilmişdir. Həmçinin Şahbuz rayonu, Gömür kəndində yerləşən 3852.3 kv.m həyətyanı torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli qərarı ilə verilmişdir. Tərəflər arasında torpaqla bağlı hər hansı mübahisə olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Həmçinin torpaq sahəsinə dair dövlət aktı ilə İddiaçı və ailə üzvlərinə 3852.3 kv.m torpaq sahəsi verilsə də onların faktiki olaraq 4340.0 kv.m torpaq sahəsi istifadələrindədir və həmin artıq olan 487.7 kv.m torpaq sahəsinin qonşu sərhədlərini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddianın təmin edilməsi üçün iddiaçıya mülkiyyət hüququ əsasında əşyaların ona məxsus olması və həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olması sübut olunmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar hazırki mübahisə üzrə iddiaçıya məxsus qızıl-zinət əşyaların cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq qaytarılmamasına dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi və üzərində inşa edilmiş tikilinin sökülməsi” tələbinə tələbinə dair iddiası qeyd edilənlər baxımından əsassız olduğundan təmin edilməməli, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Şahbuz rayon Gömür kəndində yerləşən torpaq sahəsində qonşu Cavabdeh tərəfindən inşa etdiyi tövlənin onların torpağına düşən hissəsinin sökülməsi, tövlənin qarşısında istifadə etdiyi 50 kv.m torpaq sahəsinin onun qanunsuz sahibliyindən azad edilməsi barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar