Məhkəmə qərarları › İş №2(094)-16/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-16/2023

31.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-16/2023 31.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və iş üzrə İddiaçı1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payların müəyyən edilməsi” tələbinə dair idiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y yə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 miras qalmış ünvan 1 ünvana payların tərəflər arasında mütənasib bölünməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 mərhum atası X5 mülkiyyətinə verilmişdir. Atası xx.xx.1982-ci ildə vəfat edib. Hal-hazırda bu evdə rəsmi qeydiyyatdadırlar. Cavabdeh İddiaçı2 doğma bacısı digər, cavabdehlər isə qardaşının övladlarıdır. X2 2010-cu ildə vəfat etmişdir. Mərhum atası X3 qalan miras əmlakından payların müəyyən olunması üçün aidiyyat üzrə 7 saylı Notariusa müraciət etmişlər. Lakin cavabdehlərlə aralarında narazılıq olduğu üçün 26 avqust 2022-ci ildə Notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunaraq məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və iş üzrə İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədi və göstərdi ki, İddiaçı1 2017-ci il tarixdə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə mübahisəli evə köçürülmə tələbi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. İddiaçı1 40 ildir ki, mübahisəli mənzildə yaşamır. Mübahisəli mənzilin bütün komunal xərcləri cavabdehlər tərəfindən ödənilir. Bundan başqa, iddiaçı 40 ildən sonra vərəsəliklə bağlı müraciət etməklə müddəti ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dölət Reyestrindən Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 45 saylı ev mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin Xüsusi X1 tərəfindən İddiaçı1 ünvanlanmış 469 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1982-ci il tarixdə ölmüş mərhum X7 ayrılmış Bakı şəhəri Gürgan qəsəbəsi E.Hüseynov küçəsi ev Ö/T 45 dair mərhumun vərəsələri arasında pay bölgüsünə dair mübahisə yarandığı üçün İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 264100 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-181/2017 saylı 23 may 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 cavabdeh X4 qarşı evin bölünməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10763/2017 saylı, 10 noyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-181/2017 saylı 23 may 2017-ci il tarixli qətnaməsi İddiaçı1 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X3 miras qalmış ünvan 1-ə dair bütün komunal xidmətlərini ödəməklə mirasa sahiblik və istifadə etməklə faktiki qəbul etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 mülki qanunvericiliyin tələblərinə riayət edərək 6 ay müddətində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməmişlər, həmçinin miras əmlaka sahiblik etməmiş və ya əmlakı faktiki idarə etməmişlər və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mərhum atası X3 miras qalmış ünvan 1 ünvana payların tərəflər arasında mütənasib bölünməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mərhum atası X3 miras qalmış ünvan 1 ünvana payların tərəflər arasında mütənasib bölünməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar