Məhkəmə qərarları › İş №2(094)-225/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-225/2025

19.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-225/2025 19.08.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X26 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X10, Cavabdeh Azərbaycan Respublikası X7 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X23 Pirallahı rayon Sukanal İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X7 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X23 Pirallahı rayon Sukanal İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X28 Pirallahı Rayon Sukanal İdarəsi rəisinin 139/k saylı, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Sabiq qızının Pirallahı Rayon Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsinə 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunmağı və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsininin cavabdehin üzərinə qoyulması, mediasiya üçün ödənilən 59 manat (əlli doqquz) pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” X28 Pirallahı Rayon Sukanal İdarəsinin rəisi tərəfindən verilən 139/k saylı xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı-İddiaçı Sabiq qızı 27 il işlədiyi Pirallahı Rayon Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsinin 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsindən azad olunmuşdur. Səbəb də o göstərilib ki, guya onun tutduğu vəzifə yeni ştat cədvəlinə əsasən ştat vahidi kimi ixtisar edilmişdir, həmin səbəbdən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, İddiaçı ilə bağlanılmış xx.xx.2013-cü il tarixli sonuncu əmək müqaviləsi xx.xx.2024-cü il tarixindən etibarən ləğv edilmişdir. Bu qanunsuzluğun aradan qaldırılması məqsədilə, İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinə xx.xx.2024-cü il tarixində 3-17-5/1-R- 46852/2024 nömrəli müraciət ünvanlanmışdır. Bu müraciətə 3-17-5/2-R-80283/2024 saylı cavab məktubu xx.xx.2024-cü il tarixində İddiaçı rəsmi qaydada təqdim olunmuşdur və bununla da, şəxsin müraciəti nəticəsiz qalmış, qanunsuzluq aradan qaldırılmamışdır. Vəziyyətin belə olduğu təqdirdə, xx.xx.2024-cü il tarixində İddiaçı cavabdeh Azərbaycan Respublikası X7 “İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti” X23 Pirallahı rayon Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X28 Pirallahı Rayon Sukanal İdarəsi rəisinin 141/k (Qeyd: iddiaçı tərəfindən həmin işin materiallarına əlavə olunan Əmrin sürətindən də göründüyü kimi, Əmr 139/k saylıdır və burada sadəcə texniki xəta olmuşdur) saylı xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə Pirallahı Rayon Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsinə 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunmağı və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair Qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(094)- 430/2024 nömrəli Qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması -qərara alınmışdir. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2025-cü il tarixində şikayət ərizəsi verərək qərardadın ləğv edilməsini, iş üzrə icraatın dayandırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Pirallahi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixili qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1409/2025 nömrəli Qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti bu şikayətin elektron mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, "Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə və elektron imza ilə təsdiq edilməklə deyil, qələmlə imza edilərək kağız daşıyıcıda məhkəməyə təqdim edilməsi səbəbilə qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Dövlət hesabına vəkillə təmin olunan iddiaçı (vəkil X4) kassasiya şikayəti verərək Apellyasiya instansiyası məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qərardadının ləğv olunmasını, Bak Şəhəri Pirallahı Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(094)-430/2024 nömrəli qərardadından iddiaçı X17 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün Apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası xx.xx.2025-ci il tarixində kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1409/2025 nömrəli 16 yanvar 2025ci il tarixli Qərardadının dəyişdirilmədən saxlanılması barədə Qərar qəbul etmişdir. Bu Qərar 6 may 2025-ci il tarixində İddiaçı göndərilmiş, 10 may 2025-ci il tarixində isə rəsmi qaydada təqdim olunmuşdur. İş yerində ştatların ixtisarı həyata keçirilən zaman işçilərin işdə saxlanılmasında peşəkarlıq səviyyəsi ilkin və həlledici meyardır. Peşəkarlıq səviyyəsini işəgötürənin özü müəyyən edir, bununla da qiymətləndirmədə subyektivlik rol oynayır. Beləliklə də, peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən qiymətləndirilməsi zamanı İddiaçı həmin vəzifə, peşə üzrə əmək stafının (27 il) digər işçilərdən daha yüksək olması nəzərə alınmamışdır. Digər tərəfdən, işçilərin peşəkarlıq səviyyəsi eyni olduğu təqdirdə, müvafiq meyarlara sahib olan işçilərə işdə saxlanmaqda üstünlük tanınır. Belə ki, 27 il əmək stayından əlavə olaraq, iddiaçı şəhid ailəsinin üzvüdür (şəhid Kamil Rzayevin qardaşı Famil Rzayevin arvadıdır), həmçinin qaçqındır (ailəsinin şəhid ailəsi olması və iddiaçının qaçqın olması barədə müvafiq sənədlər işə əlavə olunur). Bütün bu qeyd olunan məsələlər işəgötürən — cavabdeh tərəfindən işçilərin müqayisəsi həyata keçirilən zaman qiymətləndirmənin qüsurlu olmasına dəlalət edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” X28 Pirallahı Rayon Sukanal İdarəsinin rəisi tərəfindən verilən 139/k saylı xx.xx.2024-cü il tarixli Əmrdə, həmçinin Ştat vahidinin ixtisara düşməsi barədə N-13-10-5-17/2-103/2024 saylı xx.xx.2024-cü il tarixli Xəbərdarlıq Məktubunda və həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin 3-17-5/2-R-80283/2024 saylı Cavab Məktubunda qeyd olunmuşdur ki, müəssisədə ştat cədvəlinə əsasən ştat vahidi ixtisar olunmuşdur. Halbuki, ştat vahidinin ixtisara düşməsinin bildirilməsinə tamamilə zidd olaraq, reallıqda iddiaçının işlədiyi ştat vahidi ixtisara düşməmişdir. Belə ki, İddiaçı işdən ixtisar edildikdən sonra onun işlədiyi sahə üzrə maşinist vəzifəsinə müəssisə daxilindən 3 nəfər işçinin: X12 (təmirçi-çilingər idi, xx.xx.2024-cü ildə nasos qurğularının maşinisti vəzifəsinə keçirilib), X1 (təmirçi-çilingər olub, xx.xx.2024-cü ildə nasos qurğularının maşinisti vəzifəsinə keçirilib) və X18 (elekrik-qaz qaynaqçısı idi, xx.xx.2024cü ildə nasos qurğularının maşinisti vəzifəsinə keçirilib), keçirilməsindən əlavə olaraq, müəssisə xaricindən də 2 nəfər: X5 (xx.xx.2025-ci ildə nasos qurğularının maşinisti vəzifəsinə yeni işçi kimi qəbul olunub) və X3 (xx.xx.2024-cü ildə nasos qurğularının maşinisti vəzifəsinə yeni işçi kimi qəbul olunub), yeni işçi götürülmüşdür. Bütün bu qeyd olunan hallar iddiaçının işlədiyi ştat vahidində heç bir ixtisarın olmadığının bariz nümunəsidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X28 Pirallahı Rayon Sukanal İdarəsi rəisinin 139/k saylı, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Sabiq qızının Pirallahı Rayon Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsinə 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunmağı və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsininin cavabdehin üzərinə qoyulması, mediasiya üçün ödənilən 59 manat (əlli doqquz) pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X19 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası X7 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X23 Pirallahı rayon Sukanal İdarəsinın nümayəndəsi X13 iddianı etiraf etmədi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olmaqla, aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan Bakı 2 saylı Mediasiya təşkilatının MSB/2-0005 N-li, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, "xxxx" ASC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan 84N-li əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən Xəzər Rayon Sukanal Departamenti Su Şəbəkələri və qurğuların istismarı xidməti – Nasos qurğularının maşınisti 2-ci dərəcə ilə vəsifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixində bağlanmış 078N-li əmək müqaviləsinə 03N-li Dəyişiklikdən görünür ki, işçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Pirallahı Rayon Sukanal İdarəsinin Su, kanalizasiya şəbəkələrinin və nasos qurğularının istismarı sahəsinə 2-ci dərəcəli Nasos qurğularının maşınisti peşəsinə təyin edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 139/K nömrəli Əmrdən görünür ki, İddiaçı - Təmizləyici qurğu və kanalizasiya nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X23 Pırallahı rayon Sukanal idarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən Ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə “əsasən Pirallahı rayon Sukanal İdarəsində 12 il 3 ay 27 gün əmək stait olduğuna görə orta aylıq əməkhaqqının 2 misli miqdarı işdənçıxarma müavinəti verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 8 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq”da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X28 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X23 xx.xx.2024-cü il tarixli, 09-nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X23 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğunuz vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən Sizinlə bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla özünüzə iş yeri axtarmaq üçün Siz bir iş günü işdən azad edilirsiniz, xəbərdarlıq müddəti ərzində ixtisasınıza uyğun olan iş yeri müəyyən edilərsə, Sizə bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığınız olduğu halda orta aylıq əməkhaqqının 2 misli miqdarında birdəfəyə ödəməklə Sizinlə bağlanmış əmək müqaviləsinə müraciət etdiyiniz gündən ləğv edilə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X23 ünvanına daxil olan xx.xx.2024-cü il tarixli, 3-53-3/1-R-33xx-xx/20247 nömrəli ərizənizə baxılmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli 2074 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X2 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və X25 Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının 5.2-ci yarımbəndinə əsasən Agentliyin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X28i yaradılmışdır. Nəzərinizə çatdırırıq ki, sözügedən Fərmanın icrası ilə əlaqədar “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X23 Pirallahı rayon Sukanal İdarəsində aparılan mövcud struktur dəyişikliyi və ixtisarlarla bağlı olaraq həyat yoldaşınız İddiaçı tutduğu peşə üzrə ştat vahidi ixtisara düşmüşdür. Qanuna müvafiq olaraq ştat vahidinin ixtisara düşməsi ilə bağlı İddiaçı bildiriş təqdim edilmiş və xx.xx.2024cü İl tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bildiririk ki, ixtisar zamanı peşekarlıq səviyyələri yüksək olan şəxslərə üstünlük verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Sizin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ünvanladığınız müraciətinizə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar ətraflı məlumat verməyiniz məqsədilə ünvanınıza (Bakı şəhəri, Pirallahı rayonu, Kamil Rzayev küçəsi, ev 12, mənzil 15) xx.xx.2024-cü il tarixli, 3-17-5/2R- 65231/2024 nömrəli məktub göndərilmiş, izahatınız və əməkhaqqı bank hesabından çıxarışınız araşdırmaya təqdim edilmişdir. Müraciətinizlə əlaqədar “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin (Bakı şəhəri, Moskva prospekti, 67) və məlumat üçün Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin (ünvan 4 ünvanına xx.xx.2024-cü il tarixli, 3-17-5/2-65224/2024 nömrəli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-dən X14 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub və sənədlərdən Azərbaycan Respublikası Prezidentinin 2356 saylı xx.xx.2023-cü il tarixli Fərmanı ilə "xxxx" ASC çevirmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 yaradıldığı bildirilmişdir. Həmçinin məktubda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 09 saylı xx.xx.2024-cü il tarixli əmri və xx.xx.2024-cü il tarixli ştat cədvəlinə əsasən Pirallahı Sukanal İdarəsinin ştat vahidlərini sayı azaldıldığı və bunula bağlı xx.xx.2024-cü il tarixdən (xx.xx.2024-cü il tarixədək 125 nəfər, xx.xx.2024-cü il tarixədən sonra 102 nəfər) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq ştat vahidlərinin ixtisara düşməsi barədə xəbərdar edildiyiniz və Azərbaycan Su Təsərrüfatı X9 Respublika Komtəsinin razılığı alınmaqla, Sizinlə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ arasında xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildikdə) xitam verildiyi və sonuncu iş günü 1913.28 (bir min doqquz yüz on üç manat 28 qəpik) manat bank hesabınıza köçürüldüyü bildirilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1ci hissəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid olduğundan və həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan “Hesabat vərəqi Aprel 2024” surətindən görünür ki, İddiaçı hesablanmış məbləğ 641,58 manat, 115,27 manat tutulduqdan sonra veriləcək məbləğ 526,31 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı - Təmizləyici qurğu və kanalizasiya nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X23 Pırallahı rayon Sukanal idarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən Ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 - ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikasının 70-ci maddəsinin “b” bəndinə görə əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Bunu AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsi tələb edir. Lakin işəgötürən həmkarlar ittifaqı təşkilatının razılığını alınmayıb. Belə ki, əmək müqaviləsinin ləğv edilməsinə razılıq həmkarlar ittifiqı təşkilatı sədrinin xx.xx.2024-cü il tarixli 82 nömrəli məktubunda bildirilib. Həmin məktub aşağıda göstərilən iki səbəbdən həmkarlar ittifaqı təşkilatının razılığı hesab olunmur. - Razılığı bir nəfər – sədr verib. Bu, qanunvericiliyə uyğun deyil. Belə ki, “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin ... əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün ... birləşdiyi ... müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”. Göründüyü kimi, həmkarlar ittifaqı “işçilərin birləşdiyi təşkilat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. - Razılıq qərarda deyil, məktubda ifadə olunub. Bu, qanunvericiliyə ziddir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində qeyd olunub: “Həmkarlar ittifaqı təşkilatı ... özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir”. Göründüyü kimi, “əsaslandırılmış yazılı qərar” ifadəsindən istifadə olunub. Qərar tələb edilməsinin səbəbi isə onunla bağldır ki, həmkarlar ittifaqı təşkilatı kollegial qurumdur, kollegial iradə qərarda ifadə olunur. Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə, əmr qanunsuzdur. Məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi mediasiya üçün ödənilən 59 manat (əlli doqquz) pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X23 Pirallahı Rayon Sukanal İdarəsi rəisinin xx.xx.2024-cü il tarixli 139/K nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X23 Pirallahı Rayon Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsinə 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunmalı, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməli, mediasiya üçün ödənilən 59 (əlli doqquz) manat pul Azərbaycan Respublikası X7 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X23 Pirallahı rayon Sukanal İdarəsindən tutulub İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X23 Pirallahı Rayon Sukanal İdarəsi rəisinin xx.xx.2024-cü il tarixli 139/K nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X23 Pirallahı Rayon Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsinə 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunsun. İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Mediasiya üçün ödənilən 59 (əlli doqquz) manat pul Azərbaycan Respublikası X7 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X23 Pirallahı rayon Sukanal İdarəsindən tutulub İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar