Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-266/2023 05.12.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Bayramov Rəşad Mirələm oğlunun iştirakı ilə, Ərizəçi “alqı-satqı müqaviləsinin bağlamış hesab edilməsi” barədə ərizəsinə (Maraqlı şəxs qismində cəlb edilməklə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi K.Rzayev küçəsi, 4 saylı evin 36 nömrəli mənzilinə dair Ərizəçi ilə Maraqlı şəxs arasında alqı-satqı müqaviləsinin 08 may 1996-cı ildən bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Maraqlı şəxs arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi əsasında xx.xx.1996-cı il tarixdə ünvan 1 ona satılmışdır. Həmin mənzili Maraqlı şəxs 500 ABŞ dolları qarşılığında almışdır. Sözügedən razılaşma zamanı Maraqlı şəxs evi sataraq çıxıb getmişdir. O və ailə üzvləri 1996-cı ildən həmin mənzildə yaşayırlar və qeydiyyatdadırlar. Lakin cavabdeh evi satdıqdan sonra köçüb getmiş və harada olması barədə məlumatı olmadığından evi rəsmi olaraq öz adına keçirmək mümkün olmamışdır. Daha sonra ünvan 1-nı adına keçirməyə çalışsa da, alqısatqı müqaviləsinin olmasının zəruri olduğu bildirilmişdir. Mümkün olan bütün yollarla Maraqlı şəxs axtarsalar da, özünün də, alğı-satqı zamanı qeyd etdiyi kimi, harada olmasını və yerini müəyyənləşdirmək mümkün olmamışdır. Sözügedən evin alğı-satqısı əsasında sənədləşdirilməsinə həmin dövrdən qonşuluqda yaşayan qonşuları şəxsən şahidlik etmişlər. Həmin mənzildə 1996-cı ildən yaşasalar da, yalnız xx.xx.2002-ci il tarixdə mənzilə pasport qeydiyyatında olmaqla 30 ildir ki, mübahisəsiz olaraq ailə üzvlərilə birlikdə yaşayır və sözügedən ev faktiki olaraq onun sahiblik, istifadə və sərəncamındadır. Evdə onun tərəfindən təmir işləri aparılaraq yararlı vəziyyətə salınmış və vergiləri, ödənişləri həmin dövrdən indiyədək vaxtı-vaxtında tam şəkildə ödəyir. ünvan 1-a dair bütün kommunal - qaz, su, işıq və digər ödənişlər onun adınadır və evə sahiblik etdiyi vaxtdan bu günə qədər onun tərəfindən vaxtlı-vaxtında ödənilir. Həmçinin, övladları dünyaya gəlib və doğulduqları gündən bu günə kimi ünvan 1-da rəsmi olaraq onun kimi pasport qeydiyyatındadırlar və faktiki olaraq onunla birgə orada yaşayırlar. Sözügedən mənzil onun və ailə üzvlərinin yeganə yaşayış yeridir və başqa yaşayış yerləri yoxdur. Lakin müvafiq evin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmaması mülkiyyət hüquqlarını həyata keçirməyinə imkan vermir. Hazırkı qanunvericilikdə müvafiq evin məhkəmədənkənar qaydada sənədləşdirilməsinin real həlli mümkün deyildir. Qeyd olunanlardan da göründüyü kimi, faktiki olaraq reallaşmış, lakin sənəd üzrə rəsmiləşdirilməmiş eyin alqı-satqı rnüqayiləsinin bağlanması məhkəmədən kənar qaydada mümkün deyil. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə etdi ki, alqı-satqı müqaviləsini rəsmiləşdirməməklərinin səbəbi müqavilə bağlanan gün həftə sonu olması və notariusun işləməməsidir. Onlar həmin günün səhəri birlikdə notariusa getməli idilər, lakin maraqlı şəxsi tapa bilməyib. İllərdir xəstə olduğuna görə bu məsələnin üstünə düşə bilməyib. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, ərizəçi ilə ünvan 1 ünvanında uzun illərdir qonşudurlar. Həqiqətən də Muxəy mübahisəli evi Maraqlı şəxs alqı-satqı edib almışdır. Həftə sonu idi deyə notariusa getmədilər ki, sabah gedib müqaviləni rəsmiləşdirsinlər. Sabahı gündən Muxəy Mirzəbəyi tapa bilmədi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin və onun nümayəndə-vəkilinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan 153 saylı Mənzil-Kommunal istismar sahəsinin xx.xx.2023-cü il tarixli 503 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatlı yaşayır. Ailə üzvləri X5, X3 və X4 ilə birlikdə xx.xx.2002-ci il tarixdən qeydiyyatdadırlar. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 014731 nömrəli xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 Maraqlı şəxs mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadəsi, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Maraqlı şəxs 1996-cı ildə ona məxsus olan, ünvan 1-nı o vaxtkı məzənnə ilə 500 ABŞ dolları qarşılığında satmışdır. Alqı-satqı şifahi qaydada həyata keçirilmiş və sabahkı günü rəsmiləşdirilməsi barədə razılığa gəlinmişdir. Pul satıcıya verilmiş, o isə mənzilini və mənzilə mülkiyyətə dair qeydiyyat vəsiqəsini ərizəçiyə vermişdir. Razılaşmışlar ki, növbəti iş günü alqı-satqını notariat qaydasında təsdiq etdirsinlər. Hal-hazırda ərizəçi həmin mənzilə dair hüquqlarını rəsmiləşdirmək istəyir. Lakin maraqlı şəxs, yəni mənzilin mülkiyyətçisinin harda olması barədə məlumat əldə etmək, onunla əlaqə yaradılması mümkün olmamışdır. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Məhkəmə işin hallarını, tərəflərin alqı-satqı müqaviləsinin mühüm şərtləri barədə razılığa gəlmələrini, həmin vaxt razılaşmanın maraqlı şəxsin (satıcının) təqsiri üzündən notarial qaydada təsdiq edilməməsini, hal-hazıra kimi mənzilin ərizəçinin istifadəsində və sahibliyində olması, bu vaxta kimi maraqlı şəxsin həmin mənzili geri tələb etməməsini nəzərə alaraq müəyyən edir ki, Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi K.Rzayev küçəsi ev 4, 36 saylı mənzili Ərizəçi 08 may 1996-cı il tarixdə satmış, lakin satıcının təqsiri ucbatında alqı-satqı müqaviləsinin notarial qaydada bağlanması mümkün olmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin alqı-satqı müqaviləsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, alqı-satqı əsasında əldə etdiyi və faktiki sahiblik və istifadəsində olan mənzilə dair mülkiyyət hüquqlarını rəsmiləşdirə bilmədiyindən, mənzili satmış şəxs olan Maraqlı şəxs harada olması barədə məlumat olmadığından və hüquqi faktı başqa cür təsdiq etmək mümkün olmadığından, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilərək, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi K.Rzayev küçəsi, 4 saylı evin 36 nömrəli mənzilinə dair Ərizəçi ilə Maraqlı şəxs arasında alqı-satqı müqaviləsi 08 may 1996-cı il tarixdən bağlanmış hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi K.Rzayev küçəsi, 4 saylı evin 36 nömrəli mənzilinə dair Ərizəçi ilə Maraqlı şəxs arasında alqı-satqı müqaviləsi 08 may 1996-cı il tarixdən bağlanmış hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-266/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-266/2023
05.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver