Məhkəmə qərarları › İş №2(094)-267/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-267/2024

05.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-267/2024 05.11.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, 1V saylı evin 19 saylı mənzili onların ailəsinin istifadəsinə 1980-ci ildə verilmişdir. O, həmin tarixdən sözügedən mənzildə qeydiyyatda olmaqla orada yaşamışdır. Sözügedən mənzil 2013-cü ildə anası Cavabdeh1 adına özəlləşdirilmiş və bununla əlaqədar öz razılığını notariat qaydasında vermişdir. Hesab edir ki, mənzildən istifadə hüququ olmasaydı ondan notariat qaydasında razılıq ərizəsi alınmazdı. Hətta mənzil fondunun özəlləşdirilməsi barədə qanunvericiriyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.1995-ci il tarixli 3 saylı qərarının 15-ci bəndində qeyd olunur ki, kirayənişin ailə üzvləri mənzilin özəlləşdirilməsinə qədər orada yaşamırsa özəlləşdirmə nəticəsində mənzilin ümumi mülkiyyətçisi olmaq hüququna malik olub lakin bu mənzili ailənin başqa üzvününün adına özəlləşdirilməsinə razılıq vermişsə mülkiyyətçi tərəfindən onların mənzildən istifadə hüququ məhdudlaşdırıldıqda o, özəlləşdirmənin etibarsız hesab edilməsi barədə iddia qaldıra bilər. Hazırda mənzildə yaşamamağının səbəbkarı cavabdehin özüdür. Çünki o, onun həmin mənzildə sərbəst yaşamağına imkan verməmişdir. Münaqişəli şəraitdə isə yaşamaq qeyri mümkündür. O isə anasına qarşı iddia ilə müraciət etməyi özünə rüsvayçılıq bilmişdir. İndi isə məhkəməyə müraciət etməkdə məqsədi cavabdehlər tərəfindən hüquqlarının pozulması olmuşdur. Onun isə başqa yaşayış yeri yoxdur. Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 153 saylı Mənzi- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 177 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən ünvan 2 ünvanında qeydiyyatdadır. ünvan 3-cu il tarixli qətnaməsində qeyd edilmişdir ki, cavabdehlər X5 və İddiaçı tərəfindən verilmiş Apellyasiya şikayətləri təmin edilmiş, iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(094)-139/2019 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilməsi barədə iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-468/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı Cavabdeh1 Kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya, cavabdehlərə lazıi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 09 aprel 2019-cu tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, 1 V saylı evin 19 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh4 ogluna qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə iddia tələbinin əsassız olduğundan rədd edilməsi, qətnamənin cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, 1 V saylı evin 19 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2019cu il tarixli qətnaməsi ilə cavabdehlər X5 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 09 aprel 2019-cu tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X1 cavabdehlər İddiaçı, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilməsi barədə iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)- 468/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 177 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, 1 V saylı evin 19 saylı mənzilində qeydiyyatdadır, yaşamır. İş materiallarında olan Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024- 01307 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 ilkin mediasiya sessiyasında (İMS) iştirak etməmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, əşyaya mülkiyyət hüququnun başqa şəxsə keçdiyi hallarda, mülkiyyətçinin dəyişməsinə baxmayaraq əşya öz yüklülüyünü saxlayır və özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ olan şəxs həmin hüquqdan istifadə etməkdə davam edir. Bunun hüquqi əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun mülkiyyət hüququ ilə eyni üsulla müdafiə olunmasını da həmin hüquqa aid səciyyəvi xüsusiyyət kimi qeyd etmək olar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə ilkin iddia tələbinin təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1980-ci ildən Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, 1V saylı evin 19 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşamışdır. Daha sonra cavabdehlər onun mübahisəli mənzildə yaşamasına maneçilik törətmişlər. İddiaçı da öz növbəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, məhkəmədə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər X5 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 09 aprel 2019-cu tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X1 cavabdehlər İddiaçı, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilməsi barədə iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Bunula da, İddiaçı mübahisəli mənzildən istifadə hüququnun olması öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mənzildən istifadə hüququ məhkəmə aktı ilə tanınmış, mübahisə etdikləri üçün yaşamadığı işin mübahisəsiz halı olaraq təsdiq olduğu üçün iddiaçının həmin mənzilə köçürülməsi tələbinin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur (məhkəmə aktı ilə təsdiq olunmuş), yəni onun mübahisəli mənzildən istifadə hüququ mövcud olduğu üçün evə köçürülmə tələbi əsaslı sayılaraq təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzi Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsində “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəllarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Göstərilənlərdən göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət məsələlərinin hüquqi cəhətdən hərtərəfli həllinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunaraq İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, 1V saylı evin 19 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, 1V saylı evin 19 saylı mənzilinə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar