Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-283/2023 31.10.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azneft” İB-nin «28 May» Neft və Qazçıxarma İdarəsinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “işdən çıxma ilə əlaqədar olaraq ödənilmiş birdəfəlik müavinətdən tutulan gəlir vergisinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «Azneft” İB-nin «28 May» Neft və Qazçıxarma İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxmağı ilə bağlı orta aylıq əmək haqqının 5 (beş) misli miqdarında əsasız olaraq ondan tutulan 5669,0 manat məbləğində birdəfəlik müavinətin və 50,0 manat mediasiya xərcinin cavabdeh “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-dən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı uzun müddət “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin İU və İMİX-də mühasib vəzifəsində işləmişdir. 10 may 2023-cü il tarixdə təqaüd yaşının tamam olması ilə əlaqədar olaraq öz rəsmi xahişilə (ərizə ilə) işdən azad olunmuşdur. SOCAR-ın müvafiq əmr-qərarına uyğun olaraq ona orta aylıq əmək haqqının 5 misli miqdarında müavinət verilmişdir. Lakin həmin məbləğdən gəlir vergisi tutulmuşdur. Bununla bağlı “Azneft” İstehsalat Birliyinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin “Azneft” İstehsalat Birliyi onların səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Buna görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «Azneft” İB-nin «28 May» Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsini təqdim edərək bildirdi ki, İddiaçı xx.xx.1990-cı il tarixdə “28 May” NQÇİ-nin idarəetmə aparatının Mühasibat uçotu və hesabatı şöbəsinə mühasib vəzivəsinə qəbul edilib. Akif Xasıyevin 65 yaşı tamam olduğu, yaşa görə təqaüdə çıxdığı üçün ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli, 57/06-19ə nömrəli əmr-qərarına və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında xx.xx.2009-cu il tarixli, 112/07- 22Ə nömrəli əmr-qərarının 4-cü bəndinə və ARDNŞ və ANQSİHİRİK arasında 2020-2023-cü illər üzrə sahə (tarif) Kollektiv Sazişin 5.16-cı əsasən ona orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik işdən çıxma müavinəti təklif olunmuş, o təklifi qəbul etmiş və tərəflər arasında Razılaşma protokolu tərtib edilmişdir. Tərtib edilmiş Razılaşma protokoluna əsasən İddiaçı orta aylıq əmək haqqının 5 misli olaraq, ((3077,65+2959,50):2x5=15092,90) 15092,90 manat pul hesablanmış, o hesablanmış məbləğə və həmin məbləğdən qanunvericiliyə uyğun vergi tutulmasına razılaşaraq protokol imzalanmışdır. İddiaçı şəxsi ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilmiş və ona ARDNŞ-nin və ANQSİHİRİK-nin müvafiq əmr-qərarına və ARDNŞ və ANQSİHİRİK arasında 2020-2023-cü illər üzrə sahə (tarif) Kollektiv Sazişə əsasən orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilərək tərəflər arasında imzalanmış razılaşmaya uyğun olaraq həmin məbləğdən gəlir vergisi tutulmuşdur. Belə ki, Razılaşma protokolunun 1.3-cü bəndində işçi: “əmək müqaviləsinə xitam verildikdən sonra Bu Razılaşmaya əsasən ona ödənilən müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa İşəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasını bəyan edir və təsdiqləyir." Razılaşma protokolunun 2.2-ci bəndində İşəgötürən: “bu Razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində İşçi ilə bağlanmış əmək müqaviləsinə xitam verdiyi təqdirdə İçşiyə orta aylıq əmək haqqının 5 (beş) misli miqdarında, cəmi 15092,90 manat müavinət hesablamağı və həmin müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür”. Əlavə olaraq bildirilir ki, iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli miqdarında 15092,90 manat müavinətdən tutulan verginin məbləği onun ərizəsində göstərdiyi kimi 5669 manat deyil, 3051,59 manat ((16497,45-15092,90-2500)x14%+(15092,90-1000-2500)x25%=3051,59) olmuşdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı iddiası aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, İddiaçı SOCAR-ın xx.xx.2023-cü il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verildiyini bildirmişdir. Müqaviləyə xitam verilərkən iddiaçı ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənildiyini və həmin müavinətdən 5.669 manat gəlir vergisi tutulduğunu bildirmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, ARDNŞ ilə onun arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmiş, ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmiş, lakin həmin məbləğdən qanunsuz olaraq gəlir vergisi tutulmuşdur. İddiaçı ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək bildirmişdir ki, həmin əmrqərar verildiyi tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də həmin əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işə götürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilir. İddiaçı yuxarıda qeyd olunan dəlillərini Əmək Məcəlləsinin 77-ci və 175-ci maddələri ilə əsaslandırmağa çalışmışdır. İddiaçının gətirdiyi bu dəlilinə münasibətdə bildirirlər ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin "a" bəndinə görə müəssisənin ləğv edilməsi, “b" bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onun bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77- ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. Həmçinin iddiaçı iddia tələbini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4- cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad edərək əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir və ona müəssisə tərəfindən ödənilən birdəfəlik maliyyə vəsaitinin işdənçıxma müavinətidir. Bununla bağlı, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşağıdakılar daxildir: əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Beləliklə qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Başqa sözlə, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da. həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyini və eyni zamanda ona verilən müavinətin işdənçıxma müavinəti olduğunu bildirir. Halbuki Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası barədə normaları nəzərdə tutur, bu isə öz növbəsində işdənçıxarılma və bununla bağlı hər hansı müavinətin ödənilmə halını istisna edir. İddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsinə əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Bir sözlə, yuxarıda qeyd olunanlardan aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin "b" bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. İddia ərizəsində istinad olunan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildirilir ki, həmin maddə öz-özlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Öz növbəsində həmin maddənin 4-cü hissəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Göründüyü kimi, İddiaçı ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafiq olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli 14-2-1-7/3- 1K-103/2023 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin idarəetmə aparatınınilkin uçot və iqtisadi məlumatların işlənməsi xidmətinin mühasibi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı işsizliyə görə 111.06 manat, DSMF-yə 666.35 manat, Həmkarlar İttifaqına 222.12 manat, gəlir vergisi 4413.31 manat, icbari tibbi sığortaya görə 316.77 manat, növb.kənar-iş/azad görə 16586.99 manat, cəmi 22316.60 manat məbləğində pul tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin 3 nömrəli, 1999-cu il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmanın bəndlərindən görünür ki, işəgötürənlə bağlanmış 3 nömrəli, 1999-cu il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədilə müraciət edir. Bu razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 15092,90 manat məbləğində müavinət ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Azneft İB-nin “28 May” NQÇİ-nin işçisi olmuş İddiaçı xx.xx.2023-cü il tarixdə Əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar SOCAR və ANQSİHİRK arasında 2020-2023-cü illər üçün Sahə (tarif) kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli 16819,35 (on altı min səkkiz yüz on doqquz manat 35 qəpik) məbləğində işdənçıxma müavinəti ödənilmişdir. İşəgötürən və işçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli Razılaşmanın 2.1-ci bəndində müəyyən olunmuş şərtlər daxilində İddiaçı orta aylıq əmək haqqının beş misli miqdarında, cəmi 15092,90 manat müavinət hesablanmışdır. AR Vergi Məcəlləsinin 102.1.3.1 maddəsinə əsasən İddiaçı hesablanmış maavinətdən 1000 manat güzəşt olunmuş, qalan məbləğdən 3051,59 manat qanunvericiliyə uyğun olaraq gəlir vergisi tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 68-ci maddəsinin 2-ci bəndinin “a” və “e” yarımbəndlərinə əsasən, tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. 175-ci maddəsinin 1-ci, 2-ci (a) və 4-cü hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənişlər tutulur. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 2.4-1.Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. Maddə 98.1.Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Maddə 102.1.4.Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin faktiki hallarından görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmaq (69-cü maddəsinin 3-cü hissəsi) istəyini bildirmiş, bunun nəticəsində tərəflər arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmada həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş iradə ifadəsi aydın şəkildə öz əksini tapmışdır. Göründüyü kimi iddiaçının tərəf olduğu əmək münasibətlərinə iddiaçının öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Sözügedən razılaşmaya görə bunun müqabilində “Azneft” İstehsalat Birliyi tərəfindən İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 15092,90 manat işdənçıxma müavinəti hesablanmış və həmin işdənçıxma müavinətindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir. Vergi qanunvericiliyində konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunverciliyin tələblərinə uyğun deyildir. Belə ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bütün digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Göründüyü kimi cavabdeh-işəgötürən, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntuya yol verməmişdir və hazırkı halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin geri qaytarılması üçün əsas yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər qarşılıqlı razılığı ilə aralarında olan əmək münasibətlərinə xitam vermək qərarına gəlmişlər. İşə baxılan zaman iddiaçının razılaşma imzalanarkən şirkət tərəfindən təzyiqlərə məruz qalması halı və yaxud ödənilən vəsaitdən gəlir vergisinin tutulmasının etibarsız hesab edilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. Beləliklə, iddiaçı istinad etdiyi razılaşmaya əsasən ödəniləcək müavinətin vergiyə cəlb olunacağına dair məlumatlı olmuşdur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, işdən çıxma ilə əlaqədar olaraq ödənilmiş birdəfəlik müavinətdən tutulan gəlir vergisinin qaytarılması barədə iddia təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən çəkilən mediasiya xərcinin qaytarılmasına da lüzum yoxdur. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh “Azneft” İB-nin «28 May» Neft və Qazçıxarma İdarəsinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “işdən çıxma ilə əlaqədar olaraq ödənilmiş birdəfəlik müavinətdən tutulan gəlir vergisinin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-283/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-283/2023
31.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver