Məhkəmə qərarları › İş №2(094)-48/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-48/2025

11.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-48/2025 11.02.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ilə Cavabdeh arasında xx.xx.1994-cü il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış və 173 saylı akt qeydi ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla X2 arasında xx.xx.1993-cü il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində nikah rəsmiləşdirilmişdir. Lakin daha sonra əri xx.xx.1994-cü il tarixdə X4 ilə Xəzər rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Uzun illər ərinin başqa şəxslə münasibətindən xəbəri olmamışdır. xx.xx.1999-cu ildə ərinin Xəzər rayon Məhkəməsi tərəfindən ölmüş elan edilməsindən sonra o uşağı üçün sosial müavinat almaq üçün müraciət edərkən məlum olmuşdur ki, əri xx.xx.1994-cü il tarixdə X4 ilə qanunsuz olaraq nikaha daxil olmuşdur. Hesab edir ki, X2 ilə X4 arasında xx.xx.1994cü il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində bağlanmış və 173 saylı akt qeydi ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Nikahın etibarsız hesab edilməsi məhkəmənin müstəsna səlahiyyətlərindən biri olduğu və onların uzlaşmalarının mümkünsüzlüyünü nəzərə alaraq işə mediasiyasız baxılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin ediməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X7 arasında 19 iyun 1993-cü il tarixdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon VVAQ şöbəsində nikah bağlanmış və bu barədə nikah aktları qeyd kitabında 361 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Piriyeva soyadı verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X4 arasında xx.xx.1994-cü il tarixdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon VVAQ şöbəsində nikah bağlanmış və bu barədə nikah aktları qeyd kitabında 173 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Piriyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X2, anası İddiaçıdır. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2001ci il tarixli AZ085209 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, mərhum Mircəfər Piriyev xx.xx.1993-cü ildə Xəzər rayon qeydiyyat şöbəsində onunla nikaha daxil olmuş, həmin nikaha xitam verilmədən o, xx.xx.1994-cü ildə adıçəkilən qeydiyyat şöbəsində Saniyat Məcidova adlı digər şəxslə yeni nakh bağlamışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi 2012-ci ilin sentyabr ayında istifadəyə verilməklə qeydiyyat şöbələrinə şəxsin nikahda olub-olmamasını yoxlama aparmaq imkanı yaradılmışdır. Hesab edilir ki, M.Piriyev S.Məcidova ilə 1994-cü ildə qeydiyyat şöbəsində nikah bağlayarkən nikahda olmadığını bildirmiş və qeydiyyat şöbəsi tərəfindən onun nikahda olub-olmamasın yoxlamaq imkanı olmadığından adıçəkilən şəxslərin nikahı dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, o, Xəzər rayon Qeydiyyat şöbəsində X2 ilə xx.xx.1993-cü il tarixdə 361 saylı akt qeydi ilə nikaha daxil olmuşdur. Lakin əri X2 xx.xx.1994-cü il tarixdə əvvəlki nikahı pozulmadan yenidən Xəzər rayon qeydiyyat şöbəsində X5 ilə nikaha daxil olmuşdur. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən, ikisindən biri başqası ilə nigahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 11.2-ci maddəsinə əsasən, bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 12.0.3-cü maddəsinə əsasən, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Mülki işin materiallarından görünüdüyü kimi X2 ilə İddiaçı 19 iyun 1993-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon VVAQ şöbəsində nikah qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 ilə X4 20 may 1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon VVAQ şöbəsində nikah qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Göründüyü kimi iddiaçı X2 ilə İddiaçı rəsmi nikah münasibətlərində olduğu müddətdə digər şəxslər, yəni hazırkı mülki iş üzrə cavabdeh Məcidova (Piriyeva) Saniyat Tumenovna ilə nikaha daxil olmuşdur. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən və şərhlərdən görünüdüyü kimi Ailə qanunvericiliyinin tələblərinə əsasən ər-arvada arasında mövcud olan nikah münasibətləri məhz nikahın təknikahlılıq prinsipinə xidmət edir. Məcəllənin normalarına əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Hazırkı mübahisə üzrə X1 İddiaçı ilə nikahları pozulmadan digər şəxslə nikaha daxil olması ailə qanunvericilinin tələblərinə ziddir. Mülki işin materiallarından görünüdüyü kimi iddiaçı ilə X2 rəsmi nikah münasibətlərində olmuşlar, həmin münasibətlərin mövcud olduğu zaman ərzində sonuncu tərəfindən digər şəxslə nikaha daxil olması iddiaçının ailə qanunvericiliyindən irəli gələn hüquqlarının pozulması nəticələnmişdir. Bu da özlüyündə onu deməyə rəvac verir ki, iddiaçının hazırkı mübahisə üzrə hüquqları pozulmuşdur. Hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, X2 ilə Cavabdeh arasında 20 may 1994-cü il tarixli Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon VVAQ şöbəsində 173 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X2 ilə Cavabdeh arasında 20 may 1994-cü il tarixdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon VVAQ şöbəsində 173 nömrə ilə qeyd edilmiş nikah etibarsız sayılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar