Məhkəmə qərarları › İş №2(094)-78/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-78/2023

31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-78/2023 31.10.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Pirallahı Rayon İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxslər qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1992-ci ilin fevral ayına kimi ailəsi ilə birlikdə Xocalı rayonunda yaşamışdır. Qarabağ hadisələri ilə əlaqədar məcburi köçkün düşmüşlər. Azərbaycan Respublikasının ərazi bütövlüyü üğrunda döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranıdır. Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-cı il tarixli 2634 saylı Sərəncamı ilə ona Bakı şəhəri Gürgan qəsəbəsində 41 saylı sahədə fərdi ev tikmək üçün 900 kv.m torpaq sahəsi ayrılmışdır. İstifadəsində olan torpaq sahəsi üzərində hüqüqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin cavab olaraq ona bildirildi ki, elektron kadastr məlumatlarına əsasən təqdim etdiyi yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığından sənədləri faktiki sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsi mişar daşı ilə hasarlanmış və bu günə kimi onun qanuni istifadəsindədir. Qanunvericiliyə uyğun olaraq torpaq sahəsi mülkiyyətinə verilməlidir. Sahə faktiki olaraq mövcuddur, həmin sahəyə dair heç bir mübahisə yoxdur və kiminsə tərəfindən buraxılmış səhvə görə sənədləşdirmə işlərinin yubandırılmasına səbəb olmamalıdır. İstifadəsinə ayrılmış torpaq sahəsi yerləşdiyi Gürgən qəsəbəsi hazırda Pirallahı rayon ərazisinə daxıl olunduğu üçün bu anlaşılmazlığı başqa qaydada aradan qaldıra bilmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-cı il tarixli 2634 saylı Sərəncamı ilə ona fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri Gürgan qəsəbəsində yerləşən 900 kv.m torpaq sahəsi olan 41 saylı sahə hazırda istifadəsində olan torpaq sahəsi olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1. maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1. maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11. maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********53 saylı bildirişindən görünür ki, Ərizəçi müraciəti əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İşdə olan Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının 2000-ci il tarixli 2634 nömrəli sərəncamının surətindən görünür ki, Ərizəçi Gürgan qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin qərardadına əsasən verilmiş xx.xx.2023-cü il tarixli 10/5800 saylı ekspert rəyindən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 2634 saylı Sərəncamı ilə Ərizəçi ayrılmış Bakı şəhəri Pirallahı rayonu Gürgan qəsəbəsində yerləşən 41 saylı torpaq sahəsi göstərilən sahə sənəd üzrə 900,0 kv.m. olsa da, faktiki olaraq hasar daxili 2260.0 kv.m. təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Vahid elektron kadastr məlumat bazasında həmin torpaq sahəsinin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilməmişdir. Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 2634 saylı Sərəncamı ilə Ərizəçi ayrılmış Bakı şəhəri Pirallahı rayonu Gürgan qəsəbəsində yerləşən 41 saylı torpaq sahəsinin təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığından sənədin faktiki sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2 və 1.3-cü bəndlərinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən ərizənin təmin olunmaması qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ərizəçi öz ərizəsində Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-cı il tarixli 2634 saylı Sərəncamı ilə ona fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri Gürgan qəsəbəsində yerləşən 900 kv.m torpaq sahəsi olan 41 saylı sahənin hazırda istifadəsində olan torpaq sahəsi olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı ərizənin təmin olunmasının şəxsin mübahisəli torpaq sahəsini öz adına dövlət qeydiyyatına alacağına zəmin yaradacağı xüsusi nəzərə alınaraq ərizə tam və hərtəfəli araşdırılmalı, ərizəçiyə məhz istifadəsində olan torpaq sahəsinin ayrılması faktını təsdiq edən hansı əsaslı və mötəbər sübutların olduğu müəyyən edilməlidir. Göründüyü kimi, ərizəçi tərəfindən iş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə tərəfindən müəyyən edilmiş sübutlarla ərizəçinin tələbini təsdiq edən hər-hansı sübut aşkar edilməmişdir. Belə ki, ərizəçinin hazırda faktiki istifadəsində olan torpaq sahəsi ilə sərəncam əsasında ona ayrılmış torpaq sahəsinin eyniliyinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/5800 saylı ekspert rəyinə əsasən, Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 2634 saylı Sərəncamı ilə Ərizəçi ayrılmış Bakı şəhəri Pirallahı rayonu Gürgan qəsəbəsində yerləşən 41 saylı torpaq sahəsinin təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığından sənədin faktiki sahəyə aid olubolmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, həmin ekspert rəyindən görünür ki, sərəncam əsasında Ərizəçi ayrılmış Bakı şəhəri Pirallahı rayonu Gürgan qəsəbəsində yerləşən 41 saylı torpaq sahəsi sənəd üzrə 900,0 kv.m. olsa da, faktiki sahə hasar daxili 2260.0 kv.m. təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, ekspertizanın rəyini digər sübutlarla yanaşı qiymətləndirərək və hazırkı halda iddia predmetinin araşdırılması xüsusi bilik tələb etdiyindən, ekspert rəyini sübut kimi qəbul edərək onunla razılaşır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq belə nəticəyə gəlmişdir ki, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən tələb əsassız hesab olunaraq rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizəçi Pirallahı Rayon İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxslər qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar