Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1029/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı X5 cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı X6 cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı MMM (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı MMM Cavabdeh ilə bağladığı şifahi alğı-satqı müqaviləsinə əsasən cavabdehə bitki mühafizə vasitələrini satdığını, lakin dəyərinin tam ödənilmədiyini bildirir.
2. İddiaçı MMM-in təqdim etdiyi qaimələrin surətlərindən görünür ki, həmin qaiməfakturalarda satıcı qismində “X3 MMM”, alıcı qismində “X1” qeydi aparılmış, həmin qaiməfakturalar imzalanmamışdır.
3. İddiaçı MMM-in təqdim etdiyi whatsapp yazışmalarından görünür ki, yazışmalar “Nəbi Hacı” adlı şəxslə aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı İddiaçı X6 (bundan sonra iddiaçı, yaxud MMM) nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40.571 manat qalıq borc, 320 manat vəkil xərci, 211,70 manat dövlət rüsumu olmaqla, cəmi 41.102,70 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, cavabdehə bitki mühafizə vasitələri satılmış, lakin dəyəri tam ödənilməmişdir. Hazırkı günə cavabdehin ödənilməyən qalıq borcu 40.571 manat təşkil edir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə cavabdehlə dəfələrlə telefon danışığı aparılmış, eləcə də pretenziya göndərilmiş, lakin borc ödənilməmiş qalmış, müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışdır.
6. Cavabdehin nümayəndəsi və vəkili İbadov Vüsal Cəbrayıl oğlu iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək etirazında bildirmişdir ki, iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı ilə cavabdeh arasında heç bir alğı-satqı müqaviləsi bağlanmamış, iddia ərizəsinə əlavə olunmuş sənədlərdə də həmin alğı-satqı müqaviləsinə rast gəlinmir. Bu tamamilə iddiaçının öz yanlış mülahizələri əsasında qurulmuş əsassız bir iddiadır. Ümumiyyətlə, iddiaçı ilə cavabdeh arasında heç bir alğı-satqı əməliyyatı həyata keçirilməmiş, heç bir borc münasibəti formalaşmamış, sahibkarlıq fəaliyyəti ilə əlaqədar hər hansı sövdələşmə də olmamışdır. Göründüyü kimi, iddiaçı hüquqi şəxsdir və hazırkı iddiadan belə anlaşılır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə olduğu halda, mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəflə müqavilə bağlamalı, tərəfə elektron qaimə-faktura təqdim etməli, tərəfdən ödənişləri bank hesablaşma-hesabına köçürmə yolu ilə qəbul etməli və təhvil-təslim aktı tərtib edərək, satmalı olduğu məhsulları təqdim etməlidir. Lakin hazırkı iddia üzrə iddia ərizəsində və ona qoşma olan sənədlərdə sadalanan xüsusatları təsdiq edəcək heç bir sübuta rast gəlinmir.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdehə bitki mühafizə vasitələri satılıb. Cavabdehə mütəmadi olaraq həmin məhsullar təqdim olunmuş və cavabdeh tərəfindən ödənişlər edilmişdir. Lakin dəyəri tam ödənilməmişdir. İddia tələbinin əsaslılığı ilə bağlı məhkəməyə qaimələr, arayış, tərəflərin vatsap yazışmalarını da təqdim etmişlər. Oradan görünür ki, hər dəfə cavabdehə İddiaçı-in nümayəndəsi tərəfindən vasitələr təqdim olunanda qaimənin şəkli atılıb, borcun nə qədər olması ilə bağlı dəftər təyin olunub. Cavabdeh tərəfindən mütəmadi ödənişlər edilib, lakin borc tam bağlanmayıb. Cavabdeh hər dəfə vaxt istəyib, sonda ödəmədiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət olunub. İddiaçının nümayəndəsi X2 öz izahatında alğı-satqının necə həyata keçirildiyini bildirib. Bunun özü də bir sübut kimi məhkəməyə təqdim olunub. Həmin dəftərdən olan çıxarışlar da təqdim edilib. Cavabdehin hazırda 40.571 manat borcu var.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, cavabdeh yanvar ayına qədər ödəniş etmirdi, danışıqlar edildikdən sonra may ayına qədər ödəniş etdi. İyun ayında ödəniş etdikdən sonra yenidən vaxt istədi. Bu zaman da şirkət məhkəməyə müraciət etdi. Məhkəməyə müraciət etdikdən sonra ödəniş edib, bu da onu borclu olmağını göstərir. Vaxt verməsi üçün cavabdeh şirkət rəhbəri ilə görüşmək istədi, lakin rəhbəri buna razı olmadı. Ondan sonra cavabdeh ödənişləri dayandırıb, “məhkəmədə görüşərik” dedi. Vatsap yazışmalarını təqdim etmişdir. O, nə satıb, necə işləyib, bilmir. Öncədən ödənişlərini edirdi, son vaxtlar isə dayandırıb.
9. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili İbadov Vüsal Cəbrayıl oğlu etirazını müdafiə edib əlavə olaraq izahatında bildirmişdir ki, cavabdehin bu işə aidiyyəti yoxdur.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbi rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəflər arasında alğı-satqı müqaviləsinin bağlandığını və müqavilə əsasında cavabdehin borcunun yarandığını qeyd etsə də, məhkəmə araşdırması zamanı tərəflər arasında hər hansı müqavilənin bağlanması halı sübuta yetirilməmiş, iddiaçı tərəf də bunu təsdiq edən dəlillərini məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi qaimələrin surətlərinə münasibətdə qeyd etmişdir ki, həmin qaimələrə nəzər yetirdikdə qaimə-fakturalarda satıcı qismində “Həsənov Elsevər İddiaçı MMM”, alıcı qismində “X1” qeydi aparılmış, ümumiyyətlə həmin qaimə-fakturalar imzalanmamış, alıcı qismində qeyd olunmuş şəxsin isə hazırkı iş üzrə cavabdeh ilə hər hansı bağlılığı müəyyən edilməmişdir. O cümlədən, sübut qismində təqdim edilmiş vatsap yazışmalarında isə yazışmanın “Nəbi Hacı” adlı şəxslə aparıldığı, eyni qaydada həmin şəxsin şəxsiyyətinin məlum olmaması müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş yazılı qeydlərdə isə hazırkı cavabdehin şəxsiyyəti, borcunu təsdiq edən imzası və sair, hər hansı hal aşkarlanmamış, ümumilikdə isə hazırkı iddia tələbinə cavab verməli olan şəxsin Cavabdeh olması sübuta yetirilməmişdir. Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir.
13. Digər tərəfdən, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsində verilən anlayışa görə malların təqdim edilməsi dedikdə, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi başa düşülür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaiməfaktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.1-ci maddəsinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 71-1.2-ci maddəsinə əsasən hazırlanmış və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 2.18-ci bəndinə əsasən elektron qaimə-faktura tərtib edilən zaman göndərilmiş, yaxud təqdim olunmuş malların (işlərin, xidmətlərin) adlarının dəqiq qeyd edilməməsinə, ümumiləşdirilmiş adlardan (məsələn, “mallar”, “tikinti materialları”, “müqaviləyə əsasən iş, xidmət” və digər bu kimi adlar) istifadə edilməsinə yol verilmir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir.
15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 386.1, 442, 448.1, 600.1, 600.4, 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində cavabdehlə yazılı qaydada hər hansı alğı-satqı müqaviləsinin bağlanmasına istinad etməmişdir. İddiaçı iddia tələbinin əsası kimi göstərmişdir ki, cavabdehə İddiaçı MMM-də aqronom vəzifəsində işləyən X2 vasitəsilə (cavabdeh bilirdi ki, Elsevər Həsənov İddiaçı MMM-də aqronom kimi fəaliyyət göstərir, eyni zamanda Şirkətin idxal etdiyi dərmanlarının satışını da həyata keçirir) bitki dərmanı və gübrə alğı-satqısına dair razılaşma olmuş və X2 təmsil etdiyi İddiaçı MMM-nin adından cavabdehə dərman və gübrə satmağı, cavabdeh isə təhvil aldığı dərman və gübrənin dəyərini şərtləşdirilmiş müddətdə ödəməyi öhdələrinə götürmüşlər. Beləliklə, işin faktiki halları belədir ki, tərəflər arasında satılan malların qiymətinin mallar təhvil verildikdən sonra şərtləşdirilmiş müddətdə ödənilməsi şərti ilə nisyə alğı-satqı müqaviləsi bağlanılmışdır, iddiaçı və onun təmsilçisi Elsevər Həsənov öhdəliklərini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişlər, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini şərtləşdirilmiş müddətdə tam ödəməmişdir. İşin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alğı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Buna görə də, iddiaçı iddia ərizəsində cavabdehlə alğı-satqı müqaviləsinin bağlanmasına istinad etmişdir. Tərəflər arasında alğı-satqı müqavilələrinin bağlandığı, iş materiallarına əsasən həmin müqavilələrin etibarsızlığına dəlalət edən halların olmadığı və iddiaçının və onu təmsil edən işçisinin alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermələri işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı iddia edir ki, cavabdeh aldığı malların dəyərini tam ödəməmişdir. İddiaçı iddia tələbinin faktiki əsası kimi şirkətin işçisi Elsevər Həsənov ilə Cavabdeh arasında olan yazışmalara, cavabdehə göndərilmiş qaimə-fakturalara, cavabdeh tərəfindən ödənilmiş pullara, cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Belə olan halda, İddiaçı MMM-dən və onun təmsilçisi Elsevər Həsənovdan hər hansı dərman, gübrə vasitələrinin alınmamasını və iddiaçıya hər hansı borcun olmamasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia ərizəsinə yazdığı yazılı etirazda sadəcə iddiaçı ilə yazılı alğı-satqı müqaviləsinin bağlanmamasına və elektron qaimələrin göndərilməməsinə istinad etməklə iddiaya etiraz etmiş, iddia tələbinin əsassızlığına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə, məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş sübutlar araşdırılmamışdır. Məhkəməyə təqdim edilmiş 73 ədəd qaimə-fakturada cavabdehə təqdim edilmiş və onun tərəfindən təhvil alınmış dərman, gübrə vasitələrinin adları, çeşidi, məbləği qeyd edilmiş, eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında da həmin qaimə-fakturalarda olan dərman, bitki və gübrə vasitələri öz əksini tapmışdır. Cavabdehin sifarişi əsasında həmin mallar hazırlanmış, qaimə fakturaların şəkilləri cavabdehin istifadəsində olan vatsap nömrəsinə göndərilmiş, həmin mallar cavabdeh tərəfindən təhvil alınmış, bir qisminin dəyəri ödənilmişdir. Bundan başqa, iddiaçının təmsilçisi Elsevər Həsənovun telefonunda Cavabdeh Hacı oğlunun adı “Nəbi-Hacı” kimi qeyd edilmiş və bütün danışıqlar həmin nömrə ilə aparılmışdır. Həmin nömrənin cavabdehə aid olmaması və ya aparılmış vatsap yazışmalarının cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilməsi sübuta yetirilmədiyi halda, birinci instansiya məhkəməsinin həmin nömrənin və yazışmaların cavabdehə aid olmamasına istinad edərək iddia tələbinin rədd olunması qənaətinə gəlməsi başa düşülən deyil. Birinci instansiya məhkəməsinin bu qənaəti işin araşdırılmış (və ya araşdırılmamış, çünki məhkəmə iclasında hər hansı araşdırılma aparılmamış, iddiaçının təqdim etdiyi sübutlara qiymət verilməmişdir) hallarına uyğun olmadığı və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. İddiaçı hazırkı iddia tələbi ilə ona görə məhkəməyə müraciət etmişdir ki, o, təmsilçisi vasitəsilə cavabdehə müxtəlif çeşiddə, məbləğdə və miqdarda dərman, bitki mühafizə vasitələri satmış, cavabdeh həmin malları qəbul etmiş, istifadə etmiş, qazanc əldə etmiş, lakin dəyəri ödənilməmişdir. Yuxarıda sadaladığı sübutlarla, iddiaçının istinad etdiyi hallar təsdiq olunduğu halda, birinci instansiya məhkəməsinin tərəflərin əsl iradə ifadəsini nəzərə almayaraq, yalnız formal tələblərə riayət edilmədiyi üçün iddia tələbinin rədd etməsi qanuni və ədalətli ola bilməz.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2026-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Azad İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun, iş üzrə müəyyən edilmiş faktlara və məhkəmədə araşdırılmış sübutlara əsaslanmışdır. Hazırkı işdə iddiaçı alğı-satqı müqaviləsinə əsasən borcun ödənilmədiyini iddia etsə də, tərəflər arasında müqavilənin mövcudluğu və borcun yaranması sübuta yetirilməmişdir.
20. Məhkəmə kollegiyası işdə Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yarandığını vurğulamış və belə əsasların mövcudluğunu müəyyən etməmişdir. Mülki prosessual qanunvericiliyə əsasən sübutetmə yükü tərəflərin üzərinə düşür. Belə ki, hər kəs öz iddia və etirazlarını sübut etməlidir. İddiaçı isə tələbinin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.
21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərindən biri sübutların və işin hallarının ətraflı araşdırılmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız saymaqla qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
22. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək və cavabdehin iddiaçı qarşısında ödənilməmiş öhdəliyinin olub-olmamasını müəyyən etmək məqsədilə ## ### 2025-ci il tarixli qərardadla iddiaçı tərəfindən təqdim olunmuş qaimələr əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli rəyinə əsasən tədqiqat obyekti sayılan ilkin uçot sənədləri (konkret dövr üzrə göndərilmiş e-qaimələr və bununla bağlı aparılmış ödənişlər) tədqiqata təqdim edilmədiyindən, o cümlədən təqdim edilmiş sənədlərin də imzasız və möhürsüz qaimə fakturalar, maliyyə arayışları, tərəflərin vatsap yazışmaları və dəftər məlumatlarından ibarət olduğundan hazırkı tədqiqat zamanı təqdim edilmiş iş materiallarında olan iddia ərizəsində tələb olunan məbləğin düzgünlüyünü, həmçinin ekspert qarşısındaqoyulmuş sualda soruşulan qaimələr üzrə borcun hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır.
23. Apellyasiya şikayətinin başqa bir dəlili sübutların düzgün qiymətləndirilməməsi barədə MPM-nin 88-ci maddəsinin və qətnamənin qanuni və əsaslı olması ilə bağlı 217-ci maddəsinin tələblərinin pozulması barədədir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 386.1, 442, 448.1, 600.1, 600.4, 739.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
25. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti, iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə ekspertiza keçirilməsinin mümkün olmadığından, hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə bitki mühafizə vasitələrinin satışının həyata keçirilməsi sübuta yetirilməmişdir. Məhkəmə sübutlara ayrı-ayrılıqda yox, kompleks şəkildə qiymət verilməli idi. Məhkəmə nəzərə almamışdır ki, hər satış zamanı məhsullar cavabdehə təhvil verilmiş, bu barədə yazılı qaimələr tərtib olunmuş və həmin qaimələr vatsap vasitəsilə cavabdehə göndərilmişdir. Cavabdeh bu qaimələrə uyğun olaraq dəfələrlə ödəniş etmişdir ki, bu da tərəflər arasında mülki-hüquqi münasibətlərin mövcudluğunu və qəbul edildiyini təsdiq edir.
27. Məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, cavabdehə cəmi 73 ədəd qaiməfaktura üzrə ümumi məbləği 48.243 manat “pestisid”, gübrə və tərəvəz toxumları almış, cəmi 9.762 manat ödəniş etmiş, 38.572 manat borcu qalmışdır. Cavabdehə satılmış “pestisid”, gübrə və tərəvəz toxumlarının adları, məbləği, çəkisi həm qaimə-fakturalarda, həm də maliyyə arayışında göstərilmişdir.
28. Tərəflər arasında olan vatsap yazışmaları sübut qismində tədqiq edilməlidir. Belə ki, cavabdeh tərəfindən ödənişlər edildikcə, şirkətin nümayəndəsi tərəfindən hər dəfə qalıq borcunun nə qədər qalması barədə dəftərdən şəkil çəkilib cavabdehin vatsap nömrəsinə atılmışdır və cavabdeh həmin borcu qəbul etmişdir. Vatsap yazışmalarını əks etdirən disk və foto-şəkillər məhkəməyə təqdim edilmişdir. Cavabdehə pestisid, gübrə və toxum vasitələri satıldıqca, şirkətin nümayəndəsi tərəfindən dəftərdə müvafiq qeydlər aparılmış, tarixlərə uyğun olaraq, cavabdehə satılmış bütün məhsullar həmin dəftərdə qeyd edilmişdir. Həmin dəftər daha əvvəl İddiaçı MMM-nin iddiaçı olduğu digər işlərdə sübut qismində nəzərə alınmışdır. Həmin qətnamələr iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıdan aldığı pestisid, gübrə və toxum vasitələrinə görə ödənilməmiş borcunun 38.571 manat olduğu məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur.
29. Cavabdeh iddia ərizəsinə yazdığı etiraz ərizəsində dərman və mühafizə vasitələri üzrə İddiaçı MMM ilə alğı-satqı müqaviləsini bağlamadığını qeyd etsə də, nəzərə almayıb ki, Elsevər Həsənov şirkətin işçisidir və cavabdeh çox gözəl bilirdi ki, Elsevər Həsənov İddiaçı MMM-in işçisidir və dərmanları ona təqdim edilməsi üçün şirkətdən götürüb. Elsevər Həsənov cavabdehə verdiyi malları öz xətti ilə kitaba yazmış, dəftərin bəzi hissələrində bunu cavabdeh öz imzası ilə təsdiq etmişdir. Cavabdeh aldığı gübrə və dərman vasitələrinə görə ödənişləri Elsevər Həsənovun kartına ödəmişdir. Əgər cavabdeh iddiaçıdan hər hansı dərman almamış olsa idi, o zaman nə Elsevər Həsənovun bank kartında, nə dəftərlərdə ödənişlə bağlı aparılan qeydlərdə, nə də tərəflər arasında aparılan vatsap yazışmalarında borcun etirafı öz əksini tapmazdı. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən, müqavilə yalnız yazılı formada deyil, faktiki davranışlarla da bağlanmış hesab olunur. Cavabdehin əvvəlki ödənişləri etməsi və yazışmalar bu münasibətin mövcudluğunu açıq şəkildə sübut edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
36. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
37. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
38. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
48. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübut edə bilməmişdir.
56. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.
57. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Həmçinin, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.
58. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
62. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
64. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.