Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1044/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Universitetinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmək müqaviləsinin müddətsiz hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Universitetinə qarşı “əmək müqaviləsinin müddətsiz hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Səftərli Murad Yaqub oğlu tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə Cavabdeh Universitetinə Hüquqşünas və Universitetlərarası əlaqə və Layihələrlə iş şöbəsi müdiri vəzifəsinə işə qəbul edilmiş və tərəflərin qarşılıqlı razılığı əsasında ##.##.2025-ci il tarixədək – 6 ay 3 gün müddətinə müddətli əmək müqaviləsi bağlanılmışdır.
2. Cavabdeh Universitetinin ***/IR saylı, ##.##.2025-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin bitməsi ilə əlaqədar ##.##.2025-ci il tarixdən xitam verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Universitetinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli ***/IR nömrəli əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə işə bərpa edilməsi, Cavabdeh Universiteti ilə aralarında bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, keçirilmiş alman dili dərslərinə görə hər aya görə 400 manat ödənilməmiş əmək haqqının ödənilməsi və həmçinin bu günədək ödənilməmiş ümumi əmək haqqı məbləğinin gecikdirilməsinə görə hər gün üçün 3 faiz miqdarında hesablanacaq ödəncin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, rəsmi olaraq ##.##.2025-ci il tarixdə Cavabdeh Universitetinə həm hüquqşünas, həm də universitetlərarası koordinasiya şöbəsinin rəhbəri, əlavə olaraq ştatdankənar Alman dili müəllimi kimi işə başlamışdır. Cavabdeh Universitetində faktiki olaraq ##.##.2025-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Lakin əmək müqaviləsi yalnız ##.##.2025-ci il tarixdə rəsmiləşdirilərək elektron sistemdə qeydə alınmışdır. Beləliklə, onun faktiki işə başladığı tarixdə müqavilənin rəsmiləşdirildiyi tarix arasında 14 günlük fərq yaranmış və həmin dövr üzrə əmək haqqı ödənilməmişdir. Bu hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəalarının, xüsusən də işəgötürənin işçinin əməyinə görə ödəniş etmə borcunu təsbit edən normalarının kobud şəkildə pozulmasıdır. Universitetin həmtəsisçisi və Qəyyumlar Şurasının sədri Hüseynqulu Bağırov Universitetdə bütün işçilərlə yalnız müddətli əmək müqaviləsi bağlayır və bunun üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini əsas gətirir. Lakin faktiki olaraq bu könüllü razılaşma deyil, işçilərə məcburiyyət kimi tətbiq olunur. Işçilər ehtiyac üzündən buna imzalamağa məcbur qalır. Bu isə əmək hüquqlarının kobud şəkildə pozulması və qanunun sui-istifadə sayılır. O, da işə qəbul edilərkən məhz bu şərtlərlə müqavilə bağlamağa məcbur olmuşdur. Sonrakı dövrdə universitetin beynəlxalq əlaqələrinin qurulmasında fəal iştirak etmiş, müxtəlif Universitetlərlə onlayn və canlı görüşlər keçirmiş, müqavilələr və memorandumlar imzalanmasına nail olmuşdur. Həmçinin tələbələrə alman dili fənnindən dərslər tədris etmişdir. Eyni zamanda, Universitetin bütün hüquqi məsələləri həll etmişdir. Bütün bunlara baxmayaraq, cari ilin avqust ayında müqaviləsinə müddətin bitməsini əsas gətirərək xitam verilmiş və o, işdən çıxarılmışdır. Buna əsas səbəb isə onun Universitetdə baş verən qanunsuzluqlara etiraz etməsi olmuşdur. Onun işdən azad olunması müqavilənin müddətinin bitməsi əsasında rəsmiləşdirilmişdir ki, bu da qanunsuz və əsassızdır. Beləliklə, onun işdən azad edilməsi həm Əmək Məcəlləsinin, həm də əmək hüquqlarını tənzimləyən ümumi prinsiplərin pozulmasıdır. Bu səbəbdən də o, işdən çıxarılmasının qanunsuz olduğunu hesab edir. Həmçinin onu da vurğulamağı zəruri hesab edir ki, özünü Universitetin təsisçisi və eyni zamanda Qəyyumlar Şurasının sədri kimi təqdim etsə də, faktiki olaraq Universiteti Hüseynqulu Bağırov idarə edir. Formal olaraq bütün sənədlərə H.Bağırovun oğlu icraçı prorektor Rəşad Bağırov imzalasa da, bütün qərarlar birbaşa H.Bağırov tərəfindən verilir. Işçilərin məzuniyyətə və ya işdən qısa müddətli icazəyə çıxması da daxil olmaqla, bütün prosedurlar onun şəxsi razılığı ilə mümkündür. Onu da işə məhz H.Bağırov qəbul etmişdir. Ona işə qəbul zamanı yüksək maaş vəd olunmuş, lakin faktiki olaraq yalnız 1200 manat məbləğində qross əmək haqqı müəyyən edilmişdir. Bu sınaq müddəti kimi izah olunmuş, gələcəkdə əmək haqqının artırılacağı bildirilmişdir. Daha sonra əmək haqqının 1500 manat olacağı deyilsə də, bu məbləğ də gördüyü işin həcminə və məsuliyyətə adekvat olmamışdır. Çünki o, eyni zamanda üç funksiyanı müəllimlik, hüquqi işlər və beynəlxalq əlaqələrin təşkili icra etmişdir. Cari ilin fevral ayından iyun ayının sonunadək Universitetdə dərs yükünü tam şəkildə icra etmişdir. Lakin bu dövrdə ona əmək haqqı ödənilməmiş, yalnız aprel ayı üçün simvolik olaraq 400 manat ödəniş edilmişdir. Etiraz etdikdə isə “xxxx” cavabı ilə qarşılaşmışdır. Övladını təkbaşına böyüdən ata kimi himayəsində olan azyaşlı övladı və eyni zamanda anası olduğuna görə ailə vəziyyəti ilə bağlı işdən ayrılmaq imkanı olmamışdır. Eyni zamanda bildirir ki, həm hüquqşünas, həm də universitetlərarası koordinasiya şöbəsinin rəhbəri vəzifələri daimi xarakterlidir. Göründüyü kimi, onun tutduğu vəzifələr daimi xarakterli olmasının qabaqcadan bəlli olmasına baxmayaraq, işəgötürən nədənsə heç bir qanuni əsas olmadan onunla müddətli müqavilə bağlamışdır ki, bununla da qanunun tələbini pozaraq hüququndan bu məcəllə ilə müəyyən edilmiş qaydada deyil, öz məqsədinə müvafiq suiistifadə etmişdir. Tərəfindən * saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. ##.##.2025-ci il tarixdə mediasiya iclasının keçirilməsi təyin olunmuş və cavabdeh tərəf müvafiq qaydada dəvət olunsa da, mediasiya prosesində iştirakdan imtina etmişdir. Beləliklə hesab edir ki, cavabdeh onunla qanunsuz olaraq əmək müqaviləsini müddətli şəkildə bağlamışdır və o, himayəsində olan anasız böyütdüyü 4 yaşlı övladını və müxtəlif xəstəliklərdən əziyyət çəkən anasını yeganə qazanc yeri olan işinə xitam verdiyi üçün çox çətin vəziyyətə salmışdır.
5. Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia ərizəsi rədd edilmişdir.
6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsində müqavilənin müddətli bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması müəyyən edildiyindən, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmişdir. Bu səbəbdən iddiaçının əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Həmçinin tərəflər arasında əmək münasibəti 5 ildən az müddətə davam etdiyindən müqavilə müddətsiz əmək müqaviləsi kimi qəbul edilə bilməz.
b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində icraat
7. Iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən azad olunması müqavilənin müddətinin bitməsi əsasında rəsmiləşdirilmişdir ki, bu da qanunsuz və əsassızdır. Çünki nə hüquqşünas vəzifəsi, nə də icra etdiyi digər vəzifələr Əmək məcəlləsinin 47-ci maddəsində sadalanan hallarla uyğunlaşmır və işəgötürən tərəfindən qanunun tələbinə uyğun olaraq onunla yalnız müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Işəgötürən ümumilikdə 300 nəfər olan işçilərinin hər biri ilə müddətli əmək müqaviləsi bağlayır. Onun Əmək qanunvericiliyinin müvafiq maddəsini sui-istifadə etməsi aydın görünür. Birinci instansiya məhkəməsi iş üzrə araşdırmanı faktiki olaraq həyata keçirməmiş, hələ ilk hazırlıq iclasından etibarən qərəzli mövqe nümayiş etdirmişdir. Belə ki, hazırlıq iclasına cavabdehin hər hansı nümayəndəsi qatılmamış, iclas isə yalnız iddiaçının iştirakı ilə keçirilmişdir. Hazırlıq iclası cəmi iki dəqiqə davam etmiş, hakim ona izahat vermək üçün söz verməmiş, “onsuz da yazmısınız” ifadəsi ilə müraciət edərək mənim çıxış etmək hüququnu məhdudlaşdırmışdır.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş edərək qeyd etmişdir ki, iddiaçının himayəsində azyaşlı uşağı və xəstə anası var, pula ehtiyacı olduğundan məcbur olaraq müddətli əmək müqaviləsini bağlamışdır, iradə ifadəsi yoxdur. Cavabdeh digər işçilərlə də müddətli əmək müqaviləsi bağlamış, narahat olmamalarını, işdən azad etməyəcəklərini bildirmiş və buna baxmayaraq, sentyabr ayında müddət bitdiyinə görə iddiaçını işdən azad etmişdir. Eyni zamanda vəkil elektron kabinet vasitəsilə yüklədiyi vəsatəti müdafiə edərək, iddiaçının universitetdə alman dilindən dərs dediyi tələbələrin şahid qismində dindirilməsini və iş üzrə ekspertiza keçirilməsini xahiş etdi.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq bildirmişdir ki, universitetdə alman dili kafedrası var və həmin kafedrada alman dilini tədris edən 8 müəllim var ki, dərs saatı az olduğuna görə onlar yarımştat çalışır. Buna görə də alman dili üzrə müəllimə ehtiyac olmadığı halda iddiaçının alman dilini tədris etməsi absurddur. Həm də iddiaçının alman dilini bilməsi onun pedoqoji fəaliyyətlə məşğul olmasına əsas vermir. Əlavə olaraq qeyd etdi ki, universitet bütün işçilərlə müddətli əmək müqaviləsi bağlayır, o səbəbdən ki, universitetin növbəti dərs ilində lisenziya alacağı qabaqcadan məlum olmur. Burada da əsas məqsəd sonradan baş verə biləcək anlaşılmazlıqların yaranmasının qarşısını almaqdır. Heç kim əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz, iddiaçı da həmçinin öz iradəsi ilə müqaviləni imzalamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Vəsatətlərlə bağlı isə bildirdi ki, həmin vəsatətlər rayon məhkəməsində verilməmişdir, odur ki, vəsatətlər əsassızdır və təmin edilməməlidir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnamə ilə (hakimlər - Ikram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında ##.##.2025-ci il tarixli əmək müqaviləsinə əsasən müqavilə ##.##.2025-ci il tarixədək 6 ay 3 gün müddətinə bağlanmışdır. ##.##.2025-ci il tarixli, ***/IR nömrəli əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar ##.##.2025-ci il tarixdən xitam verilmişdir.
13. Müddətli əmək müqaviləsi hər iki tərəfin razılığı ilə bağlanmışdır. Iddiaçı əmək müqaviləsi bağlanan zaman aralarında bağlanan əmək müqaviləsinin müddətli olduğunu bilirdi və müqavilə tərəflərin qarşılıqlı razılığı ilə imzalanmışdır. Əmək müqaviləsinin müddətli olmasını iddiaçı heç vaxt mübahisələndirməmiş, əmək müqaviləsi bağlanan zaman əmək müqaviləsinin müddətli olmasına heç bir narazılıq bildirməmişdir.
14. Bundan başqa, iddiaçı cavabdeh tərəfindən qərəzli olaraq əmək müqaviləsinə xitam verilməsini qeyd etsə də, aparılmış məhkəmə araşdırmaları ilə cavabdeh tərəfindən iddiaçıya hər hansı qərəzin nümayiş etdirilməsi müəyyən edilməmiş, həmçinin iddiaçı tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Göründüyü kimi, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanılmış və müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verilmiş və bu zaman əmək qanunvericiliyin tələblərinin pozulması müəyyən edilməmişdir.
15. Həmçinin iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində əmək müqaviləsində nəzərdə tutulan vəzifələrlə yanaşı Universitetdə alman dilini tədris edən müəllim kimi də çalışdığını və buna görə ona vəd olunan aylıq 400 manat məvacibin cavabdeh tərəfindən ödənilmədiyini, yalnız aprel ayında 400 manat ödəniş edildiyini qeyd etmişdir.
16. Məhkəmə iddiaçının bu dəlili üzrə qeyd etmişdir ki, iddiaçı alman dilini tədris etməsinə dair məhkəməyə təsdiqedici, heç bir əsaslı sübut təqdim edə bilməmişdir.
17. Iddiaçı həmçinin apellyasiya şikayətində rayon məhkəməsinin hazırlıq iclasında hakimin izahat vermək üçün ona söz vermədiyini qeyd etsə də, ##.##.2025-ci il tarixli məhkəmə iclasının protokolundan və həmin tarixli iclasın video-audio görüntülərindən müəyyən olur ki, iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Beləliklə də iddiaçının bildirdiklərinin əsaslı olduğu sübut olunmur.
18. Apellyasiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçının ##.##.2026-cı il tarixdə təqdim etdiyi sənədlər (Universitetin tələbələri tərəfindən iddiaçının alman dilini tədris etməsinə dair imzalanmış akt, tələblərin ad, soyadları, telefon nömrələri əks olunan siyahı, Universitetin saytından şəkillər) MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübut kimi qəbul edilmir. Belə ki, iddiaçı həmin sənədləri rayon məhkəməsinə təqdim etməməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Iddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti işin halları, iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
21. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
22. Maddə 43 (1-ci hissə). Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
23. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
24. Maddə 47 ("f" bəndi). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
25. Maddə 68 (2-ci hissənin “b” bəndi). Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər.
26. Maddə 73. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2024-cü il tarixli qərarı
27. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə bağlı göstərilməlidir ki, Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. ... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. ... müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. ... Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğun hesab edilməlidir”.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. Iddiaçı İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
40. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.