Məhkəmə qərarları › İş №2(1-8)-1071/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1071/2026

19.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1071/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr (təhsil müqaviləsi) ; müqavilə şərtləri; müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinin hüquqi nəticələri ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli, *** nömrəli müqavilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın 1.4-cü bəndinə uyğun olaraq bağlanılmış və Proqram iştirakçısı Cavabdeh Belçika Krallığının "xxxx" ali təhsil müəssisəsində "Mühəndislik texnologiyası" ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müddətinə təhsilinin maliyyələşdirilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir.

2. Əmrdə dəyişiklik edilməsi barədə əmrə əsasən Azərbaycan Respublikasının elm və təhsil nazirinin ##.##.2022-ci il tarixli F- *** nömrəli əmri ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısı”nda 1-ci, 41-ci, 52-ci, 55-ci, 75-ci, 106-cı və 197-ci hissələr ləğv edilmiş, Cavabdeh və Elm və Təhsil Nazirliyi arasında bağlanmış ikitərəfli müvafiq müqavilənin 6.2-ci maddəsinə uyğun olaraq onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görülməsi qərara alınmışdır. Müvafiq müqavilənin 6.2.6-cı yarımbəndinə əsasən proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtlərinin pozulmasına görə Nazirlik tərəfindən bu Müqavilə ləğv edildikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 ay müddətində geri qaytarılmalıdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 22.157,32 (iyirmi iki min beş yüz əlli yeddi avro, otuz iki sent) Avro və 1.672.76 (min altı yüz yetmiş iki manat, yetmiş altı qəpik) AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022ci il ## ###### tarixli, **** nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələri üzrə təhsilin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” cərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşları olan gənclərin seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən, Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində bakalvriat və magistratura səviyyələri üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına bu Qaydalarla məyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 (beş) il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra - müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5-ci yarımbəndinə görə, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X8 Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalvriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında # ###### 2022-ci il tarixli, *** saylı müqavilə bağlanılmışdır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalvriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş cavabdeh elm və təhsil nazirinin ##.##.2022-cü il tarixli, F-*** nömrəli əmrinə əsasən xaricdə bakalavr təhsilin maliyyələşdirlməsi imkanını əldə etmişdir. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh sentyabr 2022-ci il tarixdən-sentyabr 2025-ci il tarixə kimi Belçika Krallığının “xxxx” ali təhsil müəssisəsində “Mühəndislik texnalogiyası” bakalavr səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, ixtisas istiqamətini dəyişərək öz öhdəliklərini pozmuşdur. Müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəzərə alınaraq, Elm və Təhsil Nazirliyinin ##.##.2024-cü il tarixli, 3- 29/3-2-201 F/**** nömrəli əmrlə Cavabdeh Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından xaric edilmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin, cavabdeh bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə ##.##.2024-cü il tarixli, *-**-**/*-***/**** saylı məktubla rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 22.157,32 avro və 1.672,76 manat pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o ödənişdən yayınmışdır. Hesab edir ki, cavabdeh müqavilə şərtini pozaraq, təhsil ixtisasının istiqamətini dəyişdiyindən ona ödənilmiş dövlət vəsaitini geri qaytarmalıdır.

5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə iddiaya etiraz verərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iş üzrə cavabdeh Cavabdeh qarşı Cavabdeh Nazirlyin xeyrinə 22157,32 avro və 1672,76 manat vəsaitin tutlması barədə iddia tələbinin rədd edilməsi barədə qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, o, hazırda da ali təhsili ilə əlaqədar Belçika Krallığının “xxxx” ali təhsil müəssisəsində təhsil aldığı üçün həmin dövlətdə yaşayır. Onunla nüfuzlu təhsil müəssisəsində bakalavr təhsili alması ilə əladədar Təhsil Nazirliyi arasında ##.##.2022-ci ildə *** saylı müqavilə bağlanılmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2022-ci il tarixli **** nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-cı illər üçün Dövlət Proqramı” təsdiq olunub. X3 əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabət qabiliyyətli və yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdən ibarətdir. Qeyd olunan proqramın icrası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Proqrama əsasən gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alacaqları ixtisas sahələrinin ölkənin sosialiqtisadi inkişafının prioritet istiqamətlərinə uyğunluğunun təmin edilməsi zəruridir. Azərbaycan Respublikasının uzunmüddətli davamlı və sürətli inkişafı üçün yüksəkrəqabətli insan kapitalı formalaşdırılmalıdır. Yüksəkrəqabətli insan kapitalına zərurət iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edir. Dövlət Proqramının icrası zamanı bu prioritet ixtisas sahələrinə üstünlük veriləcəkdir: - informasiya texnologiyaları; - dövlət idarəetməsi; mühəndislik; iqtisadiyyat və s. ona Nazirliyin Idarəetmə Qrupun rəhbəri Turan Topalova tərəfindən 19.08.202-ci ildə məktub ünvanlanmış, lakin onunla Elm və Təhsil Naziri ## ###### 2022-ci ildə *** saylı müqavilə imzalanmamışdır. Göründüyü kimi, o, Nazirlik qarşısında hər hansı öhdəlik götürməmiş, müqavilənin son vərəqindəki imza da həmin şəxsə məxsus deyildir. Halbuki, qeyd olunan müqavilə 8 vərəqdən ibarət olduğu halda, yalnız 8-ci vərəqdə tərəflərin rekvizitləri sadalanmış, digər vərəqlərdə imza olmamış, sonuncu vərəqdə imza çəkilməsi müəyyən olunur ki, onun şəxsiyət vəsiqəsindəki imza ilə tamamilə fərqlidir. Müqavilədəki imzanın ona və ya valideynlərinə məxsus olub-olmaması ilə əlaqədar xətşünaslıq ekspertizasının təyin edilməsi barədə verdiyi vəsatətlər əsassız olaraq rədd edilmişdir. Bundan başqa, hələ # ###### 2022-ci ildə ona Nazirliyin elektron ünvan 1 meilindən dövlət propramı çərçivəsində təhsil alması üçün “proqram iştirakçısı” adı qazanması barədə məktub göndərilmiş, həmçinin ##.##.2022-ci ildə saat 11-də ətraflı məlumatlandırmaq məqsədilə onlayn orientasiya görüş keçirilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi, o hələ ##.##.2022-ci ildə onlayn qaydada görüşə dəvət edildiyi, eləcədə, ##.##.2022- ci ildə “proqram iştirakçısı” adı qazanması hələ məlum olmadığı halda, onunla Elm və Təhsil naziri Emin Əmrullayev arasında hər hansı formada müqavilə imzalanması qeyrimümkündür. Ola bilər ki, Təhsil naziri adından hansısa əməkdaş vətəndaşı qəbul edib, bu səlahiyyətlərin hansısa əməkdaşa verilməsi barədə hər hansı sübut təqdim edilməyib. Bundan başqa, dəfələrlə iddia tələbi üzrə sənədlərin əsllərinin təqdid olunması üçün məhkəməyə təqdim edilməsi təklif edilsə də, həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Eləcə də, o təhsil aldığı müddətdə cavabdeh Elm və Təhsil Nazirliyi dövlət proqramının icrasını vaxtı-vaxtında icra etməmiş, onun normal şəraitdə və vaxtında xarici dövlətdə təhsil almasıüçün tələb olunan vəsaiti köçürməmişdir. Belə ki, o, ##.##.2022-ci ildə meil vasitəsilə Belçika Krallığının “xxxx” ali təhsil müəssisəsinə qəbul olması barədə məlumat verilmiş, ##.##.2022-ci ildə ali bakalavr təhsili ilə əlaqədar Belçika Krallığına getmiş, ali təhsil alması və yaşaması ilə əladədar Leuven şəhərində 1 otaqlı mənzili 750 evroya kirayələmiş, orada uzun müddət yaşadıqdan sonra Təhsil Nazirliyi tərəfindən ##.##.2022-ci ildə 4116 avro bank hesabına ödəniş edilmişdir. Göründüyü kimi, onun xarici dövlətdə təhsil almasından xeyli müddət sonra, yəni 2-3 ay sonra onun yaşayış xərcləri bank hesabına ödənilmişdir ki, bu da sonuncunun normal şəraitdə ali təhsil almasına maneçilik törətmişdir. Nəticədə, o təhsil aldığı xarici dövlətdə ixtisasını dəyişməyə məcbur olmuş, hazırda da eyni universitetin “Biznesin idarəedilməsi” fakültəsinin 2-ci kursunda bakalavr təhsilini davam etdirir. Göründüyü kimi, məhz vaxtında təhsil və yaşayış xərcləri dövlət tərəfindən icrası həvalə edilmiş - iş üzrə cavabdeh Elm və Təhsil Nazirliyi tərəfindən üzərinə götürülmüş öhdəliklər vaxtında icra edilmədiyinə görə, tələbə normal şəraitdə xarici dildə təhsil almasında müəyyən çətinliklərlə üzləşmiş, əlavə günəmuzd işlərdə fəhlə işləməklə gündəlik təminatını həyata keçirməyə cəhd etmiş, nəticədə isə ali təhsilə sərf eləməli olan vaxtını işləməyə sərf etməyə məcbur olmuşdur. Onun ali təhsillə bağlı xarici dövlətə getdiyinə və işçi vizası olmadığına görə, onun rəsmi olaraq hansısa idarə və ya təşkilatda işləməsi də mümkün olmamış, nəticədə dərs vaxtlarından asudə vaxtlarında, ağır və fəhlə işlərində aşağı məbləğdə günəmuzd fəhlə işləməyə möhtac olmuşdur. 18 yaşı tamam olmamış Azərbaycan Respublikasının gənc vətəndaşını bu vəziyyətə düçar edən isə məhz cavabdeh Elm və Təhsil Nazirliyi olmuşdur. Baxmayaraq ki, o, hazırda da dünya reytinqində 43-cü olan Belçika Krallığının “xxxx” ali təhsil müəssisəsində əyani şöbədə 3-cü kursunda bakalavr təhsilini davam elətdirir və ali təhsil ilə əlaqədar hazırda da Belçika Krallığında yaşayır. Cavabdeh Azərbaycan Respublikasını Elm və Təhsil nazirliyi onun məhz ixtisasını dəyişməsi bəhanəsi adı altında əsassız və qanunsuz olaraq adını dövlət proqramından sildirmiş və yaşayış təminatını ödəməsini dayandırmışdır. Onun təhsilini davam etdirdiyi xxxx universiteti Belçikanın ən yüksək reytinqli universiteti və dünyanın ən yaxşı 50 universiteti arasında 43-cü sırada yerləşir, il ildən daha yüksək reytinqə yüksəlir. Eləcə də, universitet 600 illik əsaslı tədqiqat və yüksək keyfiyyətli təhsil ənənələrinə malik olmaqla, dünyanın müxtəlif xalqlarının nümayəndələri təhsil almaq üçün bu universitetə daxil olurlar. Halbuki, ilk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub. Sözügedən reytinqdə dünyanın 107 ölkəsindən 1751 ali təhsil müəssisəsi təmsil olunur. Ötən il yalnız 2 ali təhsil müəssisəsinin təmsil olunduğu bu reytinqdə Azərbaycan ali təhsil müəssisələrinin sayı 7 olub. Azərbaycan sözügedən reytinqdə ilk dəfə TOP 1000-də Bakı Dövlət Universiteti (941- 950) ilə təmsil olunur. Azərbaycan Dövlət Iqtisad Universiteti 1081-1100-cü yerdə qərarlaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və Inşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) isə ilk dəfə bu reytinqdə yer alırlar. Göründüyü kimi, Elm və Təhsil Nazirliyi Azərbaycanımızın ali təhsil müəssisələrinin dünya reytintqində ən yüksək TOP 1000-ə cəmi 1 dövlət universitetinin daxil olmasını, Cavabdeh bakalavr təhsili aldığı Belçikanın xxxx universitetinin isə dünya üzrə 43-cü reytinqli universitet olmasını nəzərə almamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh Elm və Təhsil nazirliyi Azərbaycan Respublikası Prezidentinin ## ###### 2022-ci il tarixli **** nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2028-cı illər üçün Dövlət Proqramı” əsasənda ona həvalə edilmiş öhdəlikləri yerinə yetriməməsi nəticəsində ona həm mənəvi zərər vurmuş, həmdə onun normal şəraitdə təhsilini davam etdirməsinə maneçilik törətmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 22.157,32 (iyirmi iki min yüz əlli yeddi avro otuz iki sent) avro (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 1672,76 (bir min altı yüz yetmiş iki manat yetmiş altı qəpik) manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilməsi qət edilmişdir (Hakim: Aydan Oruclu).

8. Birinci instansiya məhkəməsi öz mövqeyinin əsaslandırması baxımından ilk növbədə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh Cavabdeh təhsilinin maliyyələşdirilməsinə görə 22 157.32 avro və 1672,76 manat məbləğində ödənişlər həyata keçirmiş, cavabdeh isə müqavilə şərtlərini pozaraq təhsil aldığı ixtisas istiqamətini dəyişdirmişdir. Müvafiq müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən program iştirakçısı təhsil aldığı ixtisas istiqamətini dəyişdirməmək barədə öhdəlik götürmüşdür.

9. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinə iddiaçı qurum riayət etdiyi halda cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə müqavilədə göstərilən şərtləri pozmuşdur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 389, 390, 399, 405, 421, 425, 442 və 448-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Iddia ərizəsinə etirazın dəlilləri ilə ümumən oxşarlıq təşkil edən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız iddiaçının mövqeyini nəzərə almaqla qətnamə qəbul edilmiş, bu zaman cavabdehin təqdim etdiyi sübutları araşdırmamışdır. Vəsatətlər protokolla rədd edilmiş, rədd edilmənin hansı əsaslardan yaranması açıqlanmamışdır. Bundan başqa, hələ # ###### 2022-ci ildə Cavabdeh Nazirliyin notification @dp.edu.az meilindən dövlət propramı çərçivəsində təhsil alması üçün “proqram iştirakçısı” adı qazanması barədə məktub göndərilmiş, həmçinin ##.##.2022-ci ildə saat 11-də ətraflı məlumatlandırmaq məqsədilə onlayn orientasiya görüş keçirilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi, Cavabdeh hələ ##.##.2022- ci ildə onlayn qaydada görüşə dəvət edildiyi, eləcədə, ##.##.2022-ci ildə “proqram iştirakçısı” adı qazanması hələ məlum olmadığı halda, onunla Elm və Təhsil naziri Emin Əmrullayev arasında hər hansı formada müqavilə imzalanması qeyrimümkündür. Birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, cavabdeh tərəfindən təqdim edilmiş bütün sübutları nəzərə alınmamışdır. Baxmayaraq ki, Cavabdeh hazırda da dünya reytinqində 43-cü olan Belçika Krallığının “xxxx” ali təhsil müəssisəsində əyani şöbədə 2-ci kusrda bakalavr təhsilini davam elətdirir və ali təhsil ilə əlaqədar hazırda da Belçika Krallığında yaşayır. Cavabdeh Azərbaycan Respublikasını Elm və Təhsil nazirliyi Cavabdeh məhz ixtisasını dəyişməsi bəhanəsi adı altında əsassız və qanunusz olaraq adını dövlət proqramından sildirmiş və yaşayış təminatını ödəməsini dayandırmışdır. Nəzər alsaq ki, Cavabdeh təhsilini davam etdirdiyi xxxx universiteti Belçikanın ən yüksək reytinqli universiteti və dünyanın ən yaxşı 50 universiteti arasında 43-cü sırada yerləşir, il ildən daha yüksək reytinqə yüksəlir. Eləcə də, universitet 600 illik əsaslı tədqiqat və yüksək keyfiyyətli təhsil ənənələrinə malik olmaqla, dünyanın müxtəlif xalqlarının nümayəndələri təhsil almaq üçün bu universitetə daxil olurlar. Elm və Təhsil Nazirliyi Azərbaycanımızın ali təhsil müəssisələrinin dünya reytintqində ən yüksək TOP 1000-ə cəmi 1 dövlət universitetinin daxil olmasını, Cavabdeh bakalavr təhsili aldığı Belçikanın xxxx universitetinin isə dünya üzrə 43-cü reytinqli universitet olmasını nəzərə almamışdır. Xətşünaslıq ekspertizasını keçirilməsi tələb edilsə də, məhkəmə əsasız olaraq vəsatəti rədd etmişdir. Belə ki, 7-8 vərəqdən ibarət olan müqavilənin yalnız sonuncu vərəqində 1 imza vardır ki, həmin imzanın kimə məxsus olması mübahisəlidir. Iddiaçı tərəf özü etiraf edir ki ,ola bilsin, tələbənin özü yox, valideynləri imzalayıb. Bu gülünc iddiadır. Çünki, Cavabdeh müqavilə üzrə digər tərəf olaraq müqaviləni imzalayan təhsil naziri Emil Əmrullayevi yalnız televiziya kanallarında və xxxx pandemiyası ilə əlaqədar onlayn görüşdə görüb ki, hər iki şəxsin bir zamanda müqavilə imzalaması ağlabatan deyildir. Göründüyü kimi, Cavabdeh Nazirlik qarşısında hər hansı öhdəlik götürməmiş, müqavilənin son vərəqindəki imza da həmin şəxsə məxsus deyildir. Halbuki, qeyd olunan müqavilə 8 vərəqdən ibarət olduğu halda, yalnız 8-ci vərəqdə tərəflərin rekvizitləri sadalanmış, digər vərəqlərdə imza olmamış, sonuncu vərəqdə imza çəkilməsi müəyyən olunur ki, Cavabdeh şəxsiyət vəsiqəsindəki imza ilə tamamilə fərqlidir. Müqavilədki imzanın Cavabdeh və ya valideynlərinə məxsus olubolmaması ilə əlaqədar xətşünaslıq ekspertizasının təyin edilməsi barədə verdiyi vəsatətlər əsassız olaraq rədd edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir (hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə).

14. Birinci instansiya məhkəməsinin mübahisənin həlli baxımından gəldiyi nəticəyə münasibətdə bütün yönləri ilə razılaşan məhkəmə kollegiyası, həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh müqavilənin onun tərəfindən imzalanmaması barədə dəlil irəli sürsə də, bu faktı təsdiq edən sübutlar təqdim etməmişdir. Digər tərəfdən, xarici ölkədə təhsil almaq üçün cavabdehlə müqavilənin bağlanmaması da ağlabatan görünmür. Cavabdeh özü də müqavilə şərtlərinin iddiaçı tərəfindən pozulduğunu, ödənişlərin gecikdirildiyini iddia edir. Müqaviləni bəyənmədiyi, mövcudluğunu qəbul etmədiyi halda, həmin dəlilin əsası kimi müqavilə şərtlərinə istinad etməsi özü də ziddiyyətlidir. Bundan əlavə, müqavilənin yalnız sonuncu vərəqinin imzalanması, bütün səhifələrin imzalanmaması onun mötəbərliyini şübhə altına almaq üçün yetərli deyildir. Imzanın ona məxsus olmamasını iddia edən tərəf sübuta yetirməli, iş üzrə xətşünaslıq ekspertizasının təyin olunması onun zərurıiliyini təsdiq edən yazılı sübutlar təqdim edildiyi halda müzakirə olunmalıdır. Baxılan iş üzrə cavabdeh isə yalnız ümumi sözlərlə kifayətlənmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 386, 389, 390, 399, 405, 421, 425, 442 və 448 və Mülki Prossesual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək (vəkil Vəkil) Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti həm iddia ərizəsinin dəlillərinə qarşı verilmiş etirazın dəlilləri ilə həmçinin apelyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil etmiş və əlavə olaraq bildirilmişdir ki, həm birinci, həm də apellyasiya instansiya məhkəmələrində tərəfindən iş üzrə xəttşünaslıq ekspertizasının keçirlməsi tələb edilsə də, məhkəmələr əsasız olaraq vəsatəti rədd etmişlər. Halbuki, 7-8 vərəqdən ibarət olan və yeganə sübut hesab edilən müqavilənin yalnız sonuncu vərəqində 1 ədəd imza vardır ki, həmin imzanın kimə məxsus olması mübahisəlidir. Iddiaçı tərəf özü etiraf edir ki ,ola bilsin, tələbənin özü yox, valideynləri imzalayıb. Bu gülünc iddiadır. Çünki, Cavabdeh müqavilə üzrə digər tərəf olaraq müqaviləni imzalayan təhsil naziri Emil Əmrullayevi yalnız televiziya kanallarında və xxxx pandemiyası ilə əlaqədar onlayn görüşdə görə bilərdi ki, hər iki şəxsin bir zamanda müqavilə imzalaması ağlabatan deyildir. Eləcə də, qartşı tərəfin bildirdiy kimi, müqaviləni hansısa valideyn və ya digər şəxs cavabdhein adından imzalyıbsa, bu zaman həmin şəxsin məlumatları müqavilədə qeyd edilməli və ya rekvizitləri yazılmalı idi. Apellyasiya instansiya məhkəməsi tərəfindən sübutlar səthi araşdırılmış, iddianın təmin edilməsini təsdiq edən hər hansı sübutunun olmaması nəzərə alınmamışdır. Tərəfindən birinci və apellyasiya instansiya məhkəmələrində verilən vəsatətlər protokolla rədd edilmiş, rədd edilmənin hansı əsaslardan yaranması açıqlanmamışdır. Bundan başqa, hələ # ###### 2022-ci ildə Cavabdeh Nazirliyin notification @dp.edu.az meilindən dövlət propramı çərçivəsində təhsil alması üçün “proqram iştirakçısı” adı qazanması barədə məktub göndərilmiş, həmçinin ## ###### 2022-ci ildə saat 11-də ətraflı məlumatlandırmaq məqsədilə onlayn orientasiya görüş keçirilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi, Cavabdeh hələ ##.##.2022-ci ildə onlayn qaydada görüşə dəvət edildiyi, eləcədə, ##.##.2022-ci ildə “proqram iştirakçısı” adı qazanması hələ məlum olmadığı halda, Cavabdeh ilə Elm və Təhsil naziri Emin Əmrullayev arasında hər hansı formada müqavilə imzalanması qeyri-mümkündür. Ola bilər ki, Təhsil naziri adından hansısa əməkdaş vətəndaşı qəbul edib, bu səlahiyyətlərin hansısa əməkdaşa verilməsi barədə hər hansı sübut təqdim edilməyib. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi heç bir halı sübut edə bilməyib. Əgər, həqiqətən də tərəflər arasında müqavilə bağlanmışdırsa, bu müqavilədəki imzaların həqiqiliyi müqaviləyə vizual baxanda da şübhə doğurur. Yəni, cavabdehin şəxsiyyət vəsiqəsindəki imza ilə müqavilədəki imza tamamilə fərqlidir. Bu hal üzrə hər hansı xüsusi biliyə zərurət yoxdur. Eləcə də, müqavilə tərəfi üzrə Cavabdeh dövlət proramını qazanması hələ ona məlum olmadığı halda, ondan əvvəlki müddətdə necə müqavilə bağlana bilərdi. Hansıki, həmin vaxtlarda “xxxx” pandemiyası ilə əlaqədar bir çox dövlət müəssisələri fəaliyyət göstərmir, göstərdiyi halda isə onlayn qaydada qəbullar həyata keçirilirdi ki, müqavilə tərəfi olan nazir ilə tələbənin birgə müqavilə imzalaması pandemiya səbəbindən də mümkün deyildi. Eləcə də, hələ birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı sədrlik edən iddiaçı tərəfə dəfələrlə tədqiq edilməsi üçün müqavilə və digər sənədlərin əsllərinin məhkəməyə tədim edilməsini tələb etsə də, bu tələbə əməl edilməmiş, sonuncu məhkəmə iclasında isə yalnız müqavilənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş, həmin müqavilənin və digər sənədlərin əsli yenə də təqdim edilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

23. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

24. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

25. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

26. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

41. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, cavabdehin apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi apelyasiya şikayətinin dəlillərinə və cavabdehin dəlillərinə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini

43. yoxlayır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar