Məhkəmə qərarları › İş №2(1-8)-1083/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1083/2026

10.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1083/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı iş üzrə QƏRARİ Açar sözlər: Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim X5 məruzəsi ilə, hakimlər X3 və X6 ibarət tərkibdə, iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh X1 (bundan sonra – “cavabdeh” və ya “Fond”) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. IŞIN HALLARI

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – “Nazirlik”) 2020-ci il # ### tarixli *********** nömrəli əmri ilə Nazirliyin vakant inzibati vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Dövlət Imtahan Mərkəzi tərəfindən 2019-cu il # ##### tarixində elan edilmiş müsabiqə üzrə müsahibədən müvəffəqiyyətlə keçmiş, ehtiyat kadrlar siyahısına daxil edilmiş iddiaçının 6 ay staj müddəti ilə qulluğa qəbul edilməsi və öz razılığı ilə Nazirliyin yanında xxxxnun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot Idarəsinin Hüquq və kadr sektorunda baş məsləhətçi vəzifəsinə təyin edilməsi əmr edilmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin **** nömrəli 2020-ci il ## #### tarixli fərmanı ilə Fond publik hüquqi şəxs kimi yenidən təşkil edilmişdir.

3. Naziliyin 2020-ci il ## #### tarixli əmri ilə iddiaçı həmin ilin 28 iyul tarixindən öz arzusu ilə tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 6 avqust tarixində isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – “Əmək Məcəlləsi”) 47-ci maddəsinin “f” bəndinə əsasən cavabdehlə arasında 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanmaqla, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

4. Bundan sonra 2020-ci il # ###### tarixli əmək müqaviləsinə bir neçə dəfə əlavə və dəyişikliklər edilmiş, 2023-cü il # ###### tarixində iddiaçı Hüquq və kadrlarla iş şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmiş, müqavilənin qüvvədə olma müddəti uzadılaraq 2023cü ilin ## ###### tarixində 6 may tarixinədək, 10 may tarixində 6 noyabr tarixinədək və nəhayət 2024-cü ilin # #### tarixində həmin ilin 6 avqust tarixinədək müəyyən edilmişdir.

5. Cavabdehin *-**-*/*-*-****/**** nömrəli 2025-ci il # ###### tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) Birinci instansiya məhkəməsində icraat

6. 2025-ci ilin # ######## tarixində iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin *-**-*/*-*-****/**** nömrəli 2025-ci il # ###### tarixli əmrinin ləğv edilməsi, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Hüquq və kadrlarla iş şöbəsinin baş mütəxəssisi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma dövrü ərzində almalı olduğu əmək haqqı, habelə o dövr ərzində işdə olacağı təqdirdə verilməli fərdi və kollektiv mükafatların ona ödənilməsi, məcburi işburaxma dövründə almadığı (gecikdirilmiş) əmək haqqının hər gecikdirilmiş gün üçün 5%-i məbləğində ödəncin verilməsi, banklara olan kreditləri ilə bağlı hər ay ödəməli olduğu, lakin işdən çıxarıldığı üçün ödəyə bilmədiyi aylıq ödənclərin üzərinə hesablanmış faiz, cərimə və sair ödənişlərin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək münasibətləri daimi xarakterli iş üzrə qurulduğu halda, iddiaçı ilə əmək müqavilələrinin müddətli bağlanması Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olmamışdır. Fondun həmin Məcəllənin 47-ci maddəsindəki “f” bəndinə uyğun olaraq müqavilənin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanması barədə mövqeyi isə qəbuledilməzdir. Belə ki, cavabdehlə işçilər arasında əmək münasibətləri qurularkən və tənzimlənərkən bu prinsipə qətiyyən riayət edilməmiş, əksinə Fond səlahiyyətlərinin genişliyindən sui-istifadə edərək, işçiləri illərlə müddətli müqavilə bağlamağa məcbur buraxmışdır. Işəgötürən olaraq Fondun həm müddətli, həm də müddətsiz müqavilə bağlamaq kimi seçimi olduğu halda, işçilərinin qarşısına yalnız müddətli müqavilə seçimi qoyması tərəflərin hüquq bərabərliyi prinsipinin pozulmasını açıq göstərir. Iddiaçı ilə əmək münasibətlərinin müddəti 2020-ci il # ### tarixindən 2025-ci il # ###### tarixinədək faktiki olaraq fasiləsiz davam etmiş və 5 ildən artıq müddəti əhatə etmişdir. 2020-ci il ## #### tarixində dövlət orqanının publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar formal olaraq əmək münasibətlərinə xitam verilməsi rəsmiləşdirilsə də, 2020-ci 6 avqust tarixinədək olan 9 təqvim günü ərzində əmək fəaliyyəti dayandırılmamış, işəgötürənin tapşırıqlarını yerinə yetirmişdir. Həmin dövrdə işlərin məsafədən icra olunması bu müddətin də ümumi iş stajına daxil edilməsini zəruri edir. Bundan əlavə, işdən azadetmə barədə əmr 2025-ci il # ###### tarixində imzalanmış və əmək funksiyası günün sonunadək icra edilmişdir. Bu hallar əmək münasibətlərinin 5 ildən artıq davam etdiyini təsdiq edir. Hətta 2020-ci il # ### tarixdən Fondda çalışmış olmasaydı belə, publik hüquqi şəxslə olan 2020-ci il 6 avqsut tarixli müqaviləsi də 5 ildən artıq davam etmişdir (5 il 1 gün). Belə olan halda, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilməli olduğu halda, həmin müqaviləyə “müddətin bitməsi” əsası ilə xitam verilməsi hüquqazidd olmuşdur. Eyni zamanda, əmək müqaviləsinə xitam verilərkən 73-cü maddənin 1-ci hissəsinin tələbləri də pozulmuş, müqavilənin müddətinin bitməsi barədə azı bir həftə əvvəl yazılı qaydada xəbərdarlıq edilməmişdir. Belə ki, xəbərdarlıq nə kağız daşıyıcıda, nə də elektron informasiya sistemində qanunun tələb etdiyi formada və əlçatan şəkildə təqdim olunmamış, yalnız son iş günü şifahi məlumatlandırma ilə kifayətlənilmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli 2025-ci il # ####### tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçının tutduğu vəzifədən azad edilməsi haqqında 3-17-1/3-4 ****/**** nömrəli 2025-ci il # ###### tarixli əmrin ləğv edilməsi, Fondda əvvəlki vəzifəsinə bərpa edilməsi, 2025-ci il # ###### tarixindən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqının (əlavələr və mükafatlar daxil olmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim Ayşən Sultanova - Məmmədova).

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə, belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Müəyyən olunur ki, qarşılıqlı razılıq əldə edilərkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməyib. Belə ki, iddiaçı faktiki olaraq 2020-ci il # ### tarixindən Nazirliyin yanında xxxxnda stajçı kimi işə başlamışdır. Lakin Fondun publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar 2020-ci il ## #### tarixli əmrlə dövlət qulluğuna xitam verilmiş və bundan qısa müddət sonra, yəni 2020-ci il # ###### tarixindən etibarən müddətli əmək müqaviləsi ilə işə qəbul edilmişdir. Iddiaçı faktiki olaraq daimi dövlət qulluğundan mülki işçi statusuna keçid etmiş və 4 ildən artıq eyni funksiyanı icra etmişdir. Onun faktiki olaraq işləməyə başladığı 2020-ci il # ### tarixdən isə 5 ildən çox müddət keçmişdir. Beləliklə işçi fasiləsiz olaraq 5 ildən artıq Fondda işləmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Uzun müddət Fondda işləyən iddiaçının hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi sual doğurur və ağlabatan deyildir. Məlumdur ki, iddiaçı işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq müddətli əmək müqaviləsi bağlamağa məcbur olub. Ona görə də 2020-ci il # ###### tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilməlidir. Müqavilə müddətsiz sayıldığına görə işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68 ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunauyğun deyil.

11. Bundan başqa məhkəmə hesab etmişdir ki, Fond müddətli əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərini də pozmuşdur. Cavabdeh iddiaçının ƏMAS-ın “işəgötürən və işçilərlə rəsmi yazışmalar” bölməsi vasitəsilə 2025-ci il ## #### tarixində məlumatlandırıldığını iddia edir. Lakin iddiaçı məhkəməyə verdiyi izahatında xitam barədə yalnız 2025-ci il # ###### tarixində, yəni son iş gününün bitməsinə 10 dəqiqə qalmış şifahi məlumatlandırıldığını, ƏMAS-dakı rəsmi bildirişlərin yer aldığı “bildiriş bölməsi”ndə belə bir məlumatın yer almadığını, xitam barədə məlumatın yalnız ƏMAS-ın 3-4 alt pəncərə dərinliyindəki bir hissəsində yerləşdirildiyini bildirmişdir. Qanunverici xəbərdarlığın yazılı formasını (kağız daşıyıcı və ya elektron informasiya sistemi) tələb edərkən, bunun işçiyə çatdırılmasını əsas məqsəd olaraq müəyyən edir. Iddiaçının iddia etdiyi kimi, məlumatın ƏMAS-ın nəzərdən kənar bir hissəsində yerləşdirilməsi işçinin məlumatlandırılması məqsədinə xidmət etmir və xəbərdarlığın mahiyyətini təmin etmir.

12. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, bu qənaətə gəlmişdir ki, mübahisəli əmr ləğv edilməli, iddiaçı əvvəlki iş yerinə bərpa edilməli və ona Əmək Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) ödənilməlidir.

13. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2 (3-cü hissə), 11 (b bəndi), 12 (1-ci hissə), 45 (1-ci hissə), 45 (2-ci hissə), 45 (3-cü hissə), 45 (4-cü hissə), 45 (5-ci hissə), 47 (f bəndi), 68 (2-ci hissənin b bəndi), 73 (1-ci hissə), 83 (2 və 2-ci hissələr), 172 (4-cü hissə) və 178 (1-ci hissə), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2024-cü il ## ###### tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.

14. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli 2026cı il ## ###### tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Xumar Mərdanova, hakimlər Vahid Sadıqov və Rəşid Səmədov).

16. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi iddiaçının (işçinin) sərbəst iradəsinə uyğun olaraq bağlanmış hesab edilə bilməz. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, iddiaçı əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış müqavilənin müddətinin uzadılıbuzadılmayacağını

17. müəyyən etmək məqsədilə ƏMAS şəxsi kabinetini yoxlamalı idi. Kollegiyanın mövqeyinə görə, qanunverici xəbərdarlığın yazılı formasını (kağız daşıyıcı və ya elektron informasiya sistemi) tələb edərkən, bunun işçiyə çatdırılmasını əsas məqsəd olaraq müəyyən edir. Başqa sözlə, işəgötürən tərəfindən işçiyə verilən bütün məlumatlar və xəbərdarlıqlar əlçatan formada və operativ qaydada çatdırılmalıdır ki, işçi bunun hüquqi nəticələri ilə vaxtında məlumatlı olsun. Xəbərdarlığın işçiyə ƏMAS-dakı rəsmi bildiriş formasında çatdırılması əmək qanunvericiliyində birbaşa nəzərdə tutulmadığı üçün xitam barədə məlumat ƏMAS-ın 3-4 alt pəncərə dərinliyindəki bir hissəsində yerləşdirilməklə bərabər işəgötürən işçini digər formada da məlumatlandırmaq imkanlarından istifadə edə bilərdi. Analogiya olaraq əvvəllər təcrübədə bu məlumat kağız daşıyıcı formasında bildirilərkən işçi bu barədə imza etdirmək yolu ilə məlumatlandırılırdı. Mövcud vəziyyətdə bu hal geniş istifadə olunmasa da, işçinin mütləq olaraq gündəlik ƏMAS şəxsi kabinetinin yoxlamalı olması həm imperativ, həm də ağlabatan mühakimə kimi qəbul edilə bilməz. Digər tərəfdən, həmin maddədə işçinin mütləq qaydada ƏMAS şəxsi kabinetini yoxlamalı olması qeyd edilməmişdir. Beləliklə, məlumatın ƏMAS-ın nəzərdən kənar bir hissəsində yerləşdirilməsi işçinin məlumatlandırılması məqsədinə xidmət etmir və xəbərdarlığın mahiyyətini təmin etmir.

18. Bundan başqa, cavabdeh, Fondda baş verən struktur dəyişikliyi ilə əlaqədar iddiaçının dövlət qulluğuna xitam verildiyini, müəyyən fasilədən sonra tərəflər arasında yeni və fərqli əmək münasibətləri yarandığını bildirsə də, belə dəyişikliyin edilməsi iddiaçının (işçinin) iradəsi xaricində olan məsələ olmaqla, onun fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Əgər müəssisə ləğv edilirsə, bu halda müəssisənin ləğv edilməsi əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsi ləğv edilməli və müvafiq təminatlarla işçi təmin edilməlidir. Eyni fəaliyyətlə məşğul olan 2020-ci il # ### tarixində sınaq müddəti ilə qəbul edildiyi idarənin təşkilat formasının 2020-ci il ## #### tarixindən dəyişməsinə görə iddiaçının dövlət qulluğuna xitam verildiyindən, o, yaranmış fasilədə işsiz qalmamaq üçün həmin idarənin bazasında yaradılmış publik hüquqi şəxslə müddətli əmək müqaviləsi bağlamağa məcbur olmuşdur.

19. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının iş yeri üzrə vəzifəsi daimi xarakterə malik vəzifədir. Buna görə də daimi xarakterə malik vəzifədə işləmək üçün işçi ilə müddətli əmək müqaviləsinin bağlanması və bu müqavilənin müddətli bağlanmasının işçinin sərbəst iradəsinə dayanması heç bir formada ağlabatan hesab edilmir. Bununla birlikdə cavabdehin bütün işçilərlə müddətli əmək müqaviləsi bağlaması cavabdehin hüquqdan sui-istifadə etdiyini açıq və aşkar şəkildə təcəssüm etdirir.

20. Iş materiallarından görünür ki, iddiaçı ilə bağlanan əvvəlki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə ki, iddiaçının cavabdehlə əmək münasibətləri faktiki olaraq 2020-ci il # ### tarixindən yaranmışdır. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsini hansı zərurətdən çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. Məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsiz olduğu halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, eyni strukturda uzun müddətli iş stajına malik, kifayət qədər ixtisaslı işçi ilə müddətli əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.

22. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) Kassasiya şikayətinin dəlilləri

23. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi üzrə – işçinin əmək funksiyasının daimi xarakter daşıması əmək müqaviləsinin müddətli bağlanmasını istisna etmir. Qanunvericiliyə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanması mümkündür. Fond ilə iddiaçı arasında əmək müqaviləsi hüquq bərabərliyi prinsipi gözlənilməklə qarşılıqlı razılıq əsasında bağlanmış, iddiaçı müqavilənin müddətli xarakteri barədə məlumatlı olmuş və onu imzalamaqla şərtlərini qəbul etmişdir.

24. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi və Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il ## ###### tarixli qərarı üzrə üzrə – iddiaçının 2020-ci il # ### tarixindən dövlət qulluğunda fəaliyyəti ilə 2020-ci il # ###### tarixindən publik hüquqi şəxslə əmək münasibətləri fərqli hüquq münasibətləri olmaqla bir-birindən ayrıdır. Belə ki, iddiaçı 2020-ci il # ### tarixində dövlət qulluğuna qəbul edilmiş, həmin dövrdə işəgötürən qismində Nazirlik çıxış etmiş, struktur dəyişiklik nəticəsində 2020-ci il ## #### tarixli əmrlə dövlət qulluğuna xitam verilmiş, bu hal mübahisələndirilməmiş və hüquqi qüvvədə qalmışdır. Sonradan publik hüquqi şəxslə yaranmış əmək münasibətləri əvvəlki münasibətlərdən fərqli və müstəqil hüquqi əsasda formalaşmış və 5 ildən artıq davam etməmişdir. Bu səbəbdən əmək münasibətlərinin 2020-ci il # ### tarixindən hesablanaraq müddətsiz sayılması üçün hüquqi əsas mövcud deyildir.

25. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi üzrə – qanunvericilikdə xəbərdarlığın elektron informasiya sistemi vasitəsilə edilməsi nəzərdə tutulduğundan iddiaçıya 2025-ci il ## #### tarixində ƏMAS-ın “işəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsi vasitəsilə xitam barədə məlumat verilməsi xəbərdarlıq öhdəliyinin yerinə yetirilməsi kimi qiymətləndirilməlidir.

26. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsi üzrə – əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə riayət edildiyindən məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi barədə tələb əsaslı hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə etirazda kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

28. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin kassasiya şikayəti əvvəlki instansiyalarda irəli sürdüyü dəlillərin təkrarından ibarətdir və həmin dəlillərə məhkəmələr tərəfindən artıq hüquqi qiymət verilmişdir. Iddiaçı 2020-ci il # ### tarixindən 2025-ci il # ###### tarixinədək eyni qurumda faktiki olaraq fasiləsiz çalışmışdır. Fondun publik hüquqi şəxsə çevrilməsi əmək münasibətlərində real fasilə yaratmamış, çünki yeni yaradılmış publik hüquqi şəxs əvvəlki qurumun hüquqi varisi olmuş, iş yeri, fəaliyyət istiqaməti və əmək funksiyası dəyişməmişdir. Iddiaçının təkcə publik hüquqi şəxs dövründəki fəaliyyəti belə 2020-ci il # ###### tarixindən 2025-ci il # ###### tarixinədək 5 il 1 gün təşkil etmişdir. Bu hal ƏMAS məlumatları və X4 rəsmi məktubları ilə də təsdiq olunur. Iddiaçının yerinə yetirdiyi iş daimi xarakterli olduğundan onunla ardıcıl şəkildə müddətli əmək müqavilələrinin bağlanması formal xarakter daşımışdır. Iddiaçı əmək münasibətlərini davam etdirmək və işsiz qalmamaq üçün həmin müqavilələri imzalamışdır. Bu səbəbdən cavabdehin qarşılıqlı razılıq barədə dəlili əsaslı hesab edilə bilməz. Həmçinin cavabdeh əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçını qanunvericiliyin tələb etdiyi qaydada əvvəlcədən xəbərdar etməmiş, bu barədə məlumat nə kağız daşıyıcıda təqdim edilmiş, nə elektron poçt, SMS və ya ƏMAS bildiriş paneli vasitəsilə çatdırılmış, yalnız sistemin əlçatan olmayan hissəsində yerləşdirilmiş və iddiaçıya son iş günü şifahi qaydada bildirilmişdir.

29. Etirazda həmçinin Ali Məhkəmənin oxşar işlər üzrə hüquqi mövqelərinə istinadla göstərilmişdir ki, eyni qurumda, eyni və ya oxşar əmək funksiyası üzrə fəaliyyətin davam etməsi halında formal fasilələr əmək münasibətlərinin kəsilməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən cavabdehin əmək münasibətlərinin 2020-ci il # ###### tarixindən hesablanmalı olması barədə dəlili əsassızdır.

II. KASSASIYA BAXIŞININ HƏDLƏRI

30. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin olunan hissələrində yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

III. TƏTBIQ EDILƏN HÜQUQ

32. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. ...

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.”

“Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: ... f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ...”

“Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: … b) əmək müqaviləsinin müddətinin qurtarması; ...”

“Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. ...”

Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. ...”

Maddə 300. Əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. ...”

33. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

IV. ALI MƏHKƏMƏNIN MÖVQEYI

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq və Ali Məhkəmədə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən irəli sürülən arqumentlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

35. Aşağı instansiya məhkəmələri mübahisənin hüquqi həlli ilə bağlı belə nəticəyə gəlmişlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsi və həmin müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Məhkəmələr bu nəticəyə gələrkən iddiaçının yerinə yetirdiyi işin daimi xarakter daşımasına, tərəflər arasında əmək münasibətlərinin faktiki olaraq beş ildən artıq fasiləsiz davam etməsinə, Fondun təşkilatihüquqi formasının dəyişməsinin əmək münasibətlərinin mahiyyətinə təsir göstərməməsinə, habelə sonradan işçi ilə müddətli əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməməsinə və və işçnin müqaviləyə xitam veriləcəyi barədə lazımi qaydada məlumatlandırılmamasına istinad etmişlər.

36. Kollegiya aşağı instansiya məhkəmələrinin göstərilən hüquqi mövqeyi ilə razılaşıraraq, kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. Cavabdeh kassasiya şikayətinin əmək münasibətlərinin yalnız 2020-ci il # ###### tarixindən, yəni müddətli əmək müqaviləsinin bağlanması tarixindən hesablanmalı olmasını bildirsə də, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Fondun publik hüquqi şəxs kimi yenidən təşkili iddiaçının həmin təşkilatda əmək fəaliyyətinin davamlılığını pozmamış və əmək münasibətlərinin mahiyyətini dəyişməmişdir. Bu baxımdan təşkilati-hüquqi formasının dəyişməsi nəticəsində əvvəlki əmək münasibətlərinin başa çatdığı və yeni əmək münasibətlərinin yarandığı barədə nəticəyə gəlmək mümkün deyildir. Əks yanaşma işçinin faktiki davam edən əmək münasibətlərinin formal hüquqi dəyişikliklər vasitəsilə kəsilməsi kimi qiymətləndirilməsinə və işçi hüquqlarının pozulmasına səbəb olardı. Bu səbəbdən aşağı instansiya məhkəmələri əmək münasibətlərinin faktiki olaraq beş ildən artıq müddətdə fasiləsiz davam etdiyi qənaətinə gələrək Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsini tətbiq etməkdə haqlı olmuşlar.

38. Kollegiya hesab edir ki, cavabdehin müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmasına dair dəlili də əsaslı deyildir. Belə ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuş qarşılıqlı razılıq yalnız tərəflərin hüquq bərabərliyi prinsipi təmin edilməklə formalaşmış sərbəst iradəsini ifadə etdikdə hüquqi nəticə doğura bilər. Iş materialları ilə müəyyən edilir ki, iddiaçının yerinə yetirdiyi iş daimi xarakter daşımış, cavabdeh isə əmək müqaviləsinin məhz müddətli bağlanmasını zəruri edən halların mövcudluğunu sübuta yetirməmişdir. Bu baxımdan aşağı instansiya məhkəmələrinin müddətli əmək müqaviləsinin formal xarakter daşıması barədə gəldikləri nəticə iş materiallarına və Konstitusiya Məhkəməsinin həmin normanın şərhinə dair hüquqi mövqeyinə uyğundur. Bundan əlavə, işçiyə əmək müqaviləsinə xitam veriləcəyi barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əvvəlcədən və əlçatan formada xəbərdarlıq edilməməsi də əmək müqaviləsinə xitam verilməsi prosedurunun pozulduğunu təsdiq edir.

39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Buna görə də qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsi yoxlanılan hissədə (iddianın təmin olunan hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar