Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1086/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Iddiaçı cavabdeh Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə mənzillə təmin edilmək hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı Iddiaçı cavabdeh Cavabdeh QSC-yə qarşı “mənzil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı Xəzər Dəniz Yolları Xidmətində Texniki bazanın sahil matrosu olaraq işləmiş və ##.##.1994-cü il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinə alınmışdır.
2. Azərbaycan Dövlət Xəzər X2 Dəniz Yollar Xidməti tərəfindən iddiaçıya ünvanlanmış ## #### 2009-cu il tarixli məktuba əsasən, iddiaçı güzəştli şərtlərlə siyahı üzrə mənzil növbəsində 4-cü olmuşdur.
3. Cavabdeh QSC tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, onun mənzil növbəsi siyahıda 652-dir”.
4. xxxx arayışa əsasən, 2014-cü ildə təsdiq olunmuş ASCO-nun vahid mənzil növbəsi siyahısına əsasən 1100 nəfər mənzil növbəsində olmuşdur. ASCO-nun təşəbbüsü ilə könüllü olaraq həyata keçirilən sosial layihə çərçivəsində ünvan 1 ünvanında tikilmiş 5 bina üzrə 1100 nəfərdən 487 nəfər mənzillə təmin edilmişdir.
5. Azərbaycan Dövlət Xəzər X2 Dəniz Yollar Xidməti ləğv edilmiş və ARDNŞ Xəzər Dəniz Neft Donanmasının yenidən təşkili yolu ilə Cavabdeh QSC (ASCO) yaradılmışdır. Qurum yaradıldıqdan sonra sözügedən qurumlarda mənzil növbəsinə durmuş bütün işçilərin siyahısı növbəyə durma tarixləri üzrə yenidən siyahıya alınmış və iddiaçı 652-ci sırada müəyyən edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh QSC-yə qarşı «mənzil verilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona növbədənkənar mənzilin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Xəzər Dəniz Yolları Xidmətində Texniki bazanın sahil matrosu olaraq işləmişdir. ##.##.1994-cü ildən güzəştli şərtlərlə mənzil növbəsindədir. Lakin 31 ildir ki mənzillə təmin olunmur. Artıq 90 yaşı var, gözləyə bilmir, haqqını tələb edir. Verilmiş cavab məktubunda siyahı üzrə 4-cü olaraq mənzil növbəsində olduğu qeyd edilmişdir. Şifahi aldığı məlumata əsasən ondan aşağı növbələrdə olan işçilər artıq mənzillə təmin olunmuşlar.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mənzil növbəsində məhz Azərbaycan Dövlət Xəzər X2 Dəniz Yollar Xidmətinin işçiləri arasında 4-cü sırada olmuşdur. Lakin sonradan həmin qurum ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bundan sonra iddiaçının işlədiyi qurumla yanaşı ARDNŞ Xəzər Dəniz Neft Donanmasının yenidən təşkili yolu ilə Cavabdeh QSC yaradılmışdır. Qurum yaradıldıqdan sonra sözügedən qurumlarda mənzil növbəsinə durmuş bütün işçilərin siyahısı növbəyə durma tarixləri üzrə yenidən siyahıya alınmış və iddiaçı 652-ci sırada müəyyən edilmişdir. Başqa sözlə, iddiaçı mənzil növbəsində 4-cü sırada özünün işlədiyi qurum işçiləri arasında müəyyənləşdirilmişdir, lakin qurumların yenidən təşkilindən sonra tərtib olunan siyahı üzrə müəyyən edilmişdir ki, ümumilikdə 1100 nəfər mənzil növbəsindədir və iddiaçının növbə sırası 652-dir. Cavabdeh QSC-nin keçirmiş olduğu sosial layihələr çərçivəsində həmin 1100 işçidən ən sonuncu olaraq 487-ci növbədə duran işçi mənzillə təmin edilmişdir. Göründüyü kimi iddiaçının növbəsindən sonra gələn növbələr üzrə heç kim mənzillə təmin edilməmişdir.
10. Məhkəmə öz mövqeyini AR Mənzil Məcəlləsinin 50.1.4, 56.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Iddiaçı Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni olmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Rəşid Səmədov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Cavabdeh tərəfindən təqdim olunmuş mənzil növbəsində olan şəxslər barədə arayışa əsasən müəyyən olunmuşdur ki, ASCO üzrə ümumi mənzil növbəsində olan 36 nəfərin ərizəsi Qaydaların şərtlərinə uyğun olmaması (özlərinin və ya ailə üzvlərinin adında mənzil və ya torpaq sahəsi olması, adambaşına düşən yaşayış sahəsinin Qaydalara uyğun olaraq 8 kv.metrdən çox olması və şəxsin mülkiyyətində və ya əvəzsiz istifadəsində olduğu bir mənzildə qeydiyyatda olmaqla birgə ailələrin sayı 3 və daha çox olması) səbəbindən mənzil növbəsində olan 36 şəxsin ərizəsi təmin edilməmiş və onlar mənzil növbəsindən çıxarılmışlar. Bundan əlavə olaraq, ASCO üzrə ümumi mənzil növbəsində olan 40 nəfərin ərizəsi isə Cəmiyyət ilə əmək münasibələrinə xitam verilmə əsası üzrə təmin edilməmiş və onlar mənzil növbəsindən çıxarılmışlar. 51 nəfərin qaydalara müvafiq olaraq tələb olunan sənədləri təqdim etməməsi səbəbindən ərizələri təmin edilməmişdir. Həmçinin, mənzil növbəsi üzrə sonuncu sənədləri ekspertiza edilən şəxsin sıra növbəsi 614 olmuşdur, mülki iş üzrə iddiaçı Iddiaçı mənzil növbəsi 652 olması səbəbindən, növbəti layihədə onun sənədlərinə baxılacaqdır.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının növbəsindən sonra gələn növbələr üzrə heç kimin mənzillə təmin edilmədiyi iş materialları ilə sübut olunur. Iddiaçı öz şikayətində ondan aşağı növbələrdə olan işçilərin artıq mənzillə təmin olunduqlarını göstərsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə kollegiyası iddiaçının yaşı ilə bağlı növbədənkənar mənzillə təmin olunmasına dair dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri evləri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə və bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara verilir. Göründüyü kimi, qanunvericilikdə şəxsin yaşı ilə bağlı növbədənkənar mənzillə təmin olunması nəzərdə tutulmamışdır. Buna görə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçı yuxarıda sadalanan şəxslərin kateqoriyasına daxil olmadığından, onun bu dəlili əsassızdır.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.2-ci maddəsinə, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
19. Iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsini ləğv edib, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 372.2ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə bir sıra sənədlər təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli arayışda qeyd olunanlar natamamdır. Belə ki, cavabdeh sonuncu mənzilə təmin olunan şəxsin ##.##.1993-cü il tarixdə növbəyə durduğunu və mənzil növbəsinin 595-ci olduğunu qeyd etsə də, həmin şəxsin məhz neçənci ildə mənzilə təmin olunduğunu qeyd etməmişdir. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" arayışda qeyd edilmişdir ki, ASCO-nun təşəbbüsü ilə könülü şəkildə həyata keçirilən sosial layihə çərçivəsində ünvan 1 ünvanda tikilmiş 5 bina üzrə, 1100 nəfərdən 487 nəfər mənzillə təmin olunmuşdur. Cavabdeh tərəf bu arayışda 487 nəfərin mənzilə təmin edildiyini qeyd etsə də digər arayışda sonuncu mənzillə təmin olunan şəxsin növbəsinin 595-ci olduğunu qeyd edir. Bu isə absurd bir cavabdır, belə ki, aradakı fərq 108 nəfər (növbə) təşkil edir. Bundan başqa, həmin arayışda qeyd edilir ki, ASCOnun vahid mənzil növbəsi 2014-cü ildə təsdiq edilmişdir. Lakin, sonra qeyd edilir ki, Iddiaçı ilkin olaraq mənzil növbəsinə durduğu qurum - Xəzər Dəniz Yoları Idarəsi ##.##.2015-ci il tarixdə ləğv edilmişdir. Sual olunur: idarə ləğv edilməmişdən öncə ASCO tərəfindən hansı əsaslarla vahid mənzil növbəsi yaradılır? Bundan başqa, cavabdeh tərəfindən kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında bildiriş təqdim edilsə də, təqdim edilən bildirişin hansı tarixə aid olduğu bilinmir. Üstəlik, həmin bildirişdə Xəzər Dəniz Yolları Idarəsinin ##.##.2015-ci il tarixdə ləğv edildiyi qeyd edilsə də, bildirişdə həmin idarənin adı Xəzər X2 Hövzə Dəniz Yolları Idarəsi kimi qeyd edilmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə qoşma olaraq təqdim edilmiş ##.##.2009-cu il tarixli cavab məktubundan da görünür ki, qurumun adı Azərbaycan Dövlət Xəzər X2 Dəniz Yolları Xidmətidir. Görünən odur ki, cavabdeh tərəf qeyd edilən sənədləri natamam təqdim etmişdir. Apellyasiya instansiya məhkəməsi də işə səthi yanaşmışdır. Heç bir sübutu doğru-düzgün araşdırmamışdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, qanunvericilikdə şəxsin yaşı ilə bağlı növbədənkənar mənzillə təmin olunması nəzərdə tutulmamışdır. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Məsələ təkcə şablon olaraq AR Mənzil Məcələsinin 56.2-ci maddəsinə əsaslanaraq qətnamə qəbul etmək deyildir. Məsələ məhkəməyə müraciət edən şəxsin (iddiaçının) yaşını, hal-hazırda yaşamaq üçün mənzilinin olub-olmamasını, iddiaçının mənzil növbəsində neçənci ildən növbədə durmasını və hansı əsaslarla bu günə qədər mənzilə təmin edilməməsini araşdırmaqdır ki, onu da məhkəmə etməmişdir. Iddiaçı qeyd etmişdir ki, uçotda duran vətəndaşın mənzilə təmin olunması iki qaydada həyata keçirilir: növbəli və növbədənkənar. Növbəli qaydadan fərqli olaraq vətəndaşların növbədənkənar qaydada mənzilə təmin olunmaları müvafiq əsaslar olduğu halda mümkündür ki, qüvvədə olan qanunvericilik bu əsasların mövcudluğunun imperativ qaydada nəzərdə tutmuşdur. Növbədənkənar mənzilə təmin olunan vətəndaşlar aşağıda göstərilən vətəndaşların kriteriyalarına malik olmalıdır:- yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; Iddiaçı qeyd edir ki, indiki vəziyyəti isə qeyd olunan kriteriyadan da pisdir, belə ki, hal-hazırda 90 yaşı var və evsiz-eşiksizdir. ##.##.1994-cü ildən də güzəştli şərtlərlə mənzil növbəsindədir. Lakin, iddiaçı 31 ildir ki mənzilə təmin olunmur. Bu isə onda dövlət müəssisəsinin təqdim etdiyi rəsmi növbə siyahısına əsaslanaraq legitim gözlənti formalaşdırmışdır. Avropa Insan Hüquqları Məhkəməsinin təcrübəsinə görə şəxsin qanuni əsaslarla formalaşmış gözləntiləri də mülkiyyət hüququnun tərkib hissəsi kimi qorunur. Məhkəmə isə bu mühüm hüquqi prinsipi ümumiyyətlə nəzərə almamışdır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Iddiaçı qeyd edir ki, sonuncu məhkəmə iclası ##.##.2026-cı il tarixində keçirilmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində istinad etdiyi, cavabdeh orqan tərəfindən təqdim edilmiş arayış isə ##.##.2026-cı il tarixi qoyulmaqla imzalanmış və qeyd olunan tarixdə saat 16:15-də Bakı Apellyasiya Məhkəməsinin dəftərxanası tərəfindən qeydiyyata alınmış və dərhal da qətnamədə öz əksini tapmışdır. Göründüyü kimi, MPM 372.2-ci maddəsinin tələbləri pozulmuş və yeni sübutların hansı əsaslarla zamanında təqdim edilməməsi məhkəmə tərəfindən araşdırılmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh Cavabdeh QSC kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri qanunsuz və əsassızdır. Odur ki, şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə 43. (II hissə) Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (##.##.2009-cu il tarixədək qüvvədə olmuş)
23. Maddə 20. Müəssisə və təşkilatların əmək kollektivlərinin qərarı ilə kollektiv müqavilələrdə birinci növbədə yaşayış sahəsi almaq hüququ olan fəhlə və qulluqçular, habelə əməkdə yüksək göstəricilər əldə edən və ictimai həyatda fəal iştirak edən yenilikçilər və istehsalat qabaqcılları üçün, həmin şəxslər iş yerindən mənzil sahəsi ilə təmin edilərkən onları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab etməkdən ötrü güzəştli əsaslar, habelə bu məqsədlər üçün ayrılan yaşayış sahəsinin miqdarı nəzərdə tutula bilər. Kollektiv müqavilələrdə həmin yenilikçilərə və istehsalat qabaqcıllarına birinci növbədə yaşayış sahəsi verilməsi nəzərdə tutula bilər.
24. Maddə 31. Mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər.
25. Maddə 33. Birinci növbədə və növbədənkənar yaşayış sahəsi almaq hüququ olan vətəndaşlar ayrıca uçota götürülürlər. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmüş vətəndaşların siyahıları vaxtaşırı dəqiqləşdirilməlidir.
26. Maddə 34. Aşağıdakı hallarda vətəndaşların yaşayış sahəsi almaq üçün uçotda qalmaq hüququ saxlanılır: 3) yaşa və ya əlilliyə görə pensiyaya çıxdıqda;
Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin” Nümunəvi Qaydaları
27. Bənd 22. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda olan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbə qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Uçota götürülmə tarixi eyni olduqda mənzilə ehtiyac dərəcəsi, həmin müəssisədə, idarədə, təşkilatda iş stajı və ictimai faydalı fəaliyyət nəzərə alınır. Növbə: yaşayış yerində uçota götürülmüş vətəndaşlar barəsində — müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən; iş yerində uçota götürülmüş vətəndaşlar barəsində — qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə, təşkilat həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən müəyyən edilir.
28. Bənd 25. Yaşayış sahəsi aşağıdakılara növbədənkənar verilir: a) təbii fəlakət nəticəsində mənzili yaşayış üçün yararsız hala düşmüş vətəndaşlara; b) Bütün tipdən olan təhsil müəssisələrini bitirən, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı qüvvələri sıralarından buraxılan, azadlıqdan məhrumedilmə müəssisələrindən azad olunan, əvvəllər mənzil sahəsi olmayan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahəsinə köçmək mümkün olmadıqda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, onların arasından olan şəxslərə, qəyyumluqda (himayədə) olan uşaqlara; v) aspiranturanı, klinik ordinaturanı, ali, orta ixtisas, texniki peşə məktəblərini və digər tədris müəssisələrini bitirən və təyinat əsasında başqa yerə köçməklə əlaqədar olan işə göndərilən şəxslərə; q) qanunsuz məhkum edilmiş və sonralar təmizə çıxarılmış vətəndaşlara — əvvəlki yaşayış sahəsini qaytarmaq mümkün olmadıqda; d) SSR Ittifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa hallarda; e) İ qrup əlillərə və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə; ə) ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və ya yeni xidmət yerinə göndərilən əməkdaşlarına.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
29. Maddə 56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli kiçik qrup evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
35. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
36. Kassasiya şikayətində maddi hüquq pozuntusu qeyd edilməmiş, yalnız prosessual pozuntulara yol verildiyi qeyd edilmişdir.
37. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddianın əsaslı hesab edilərək təmin edilməsi üçün məhkəmə araşdırılması zamanı iddiaçının mənzil növbəsi çatdığı halda ona mənzil verilmədiyi və ya yaşayış sahəsi ilə növbədənkənar təmin edilmək hüququ olan şəxslər kateqoriyasına aid olduğu sübut edilməli idi. MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslı olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşdüyü halda iddiaçı qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğunu sübut edə bilmədiyindən iddianın təmin edilməsi üçün qanuni əsasların mövcudluğu müəyyən olunmamışdır.
38. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmiş, o cümlədən işə baxılması və sübutların qiymətləndirilməsi zamanı kassasiya şikayətində qeyd edilmiş prosessual pozuntulara yol verilməmişdir.
39. Apellyasiya məhkəməsi tərəfindən MPM-nin 372.2-ci maddəsinin tələbinin pozulduğuna dair dəlillə bağlı kollegiya qeyd edir ki, apellyasiya mərhələsində işə baxılarkən sonuncu məhkəmə iclasından əvvəl məhkəməyə kağız daşıyıcıda təqdim edilmiş cavabdeh nümayəndə1 “Arayış” adı altında təqdim etdiyi sənədlər nümayəndənin məhkəməyə məlumat xarakterli yazılı izahatı olduğundan yeni sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbi cavabdehin təqdim etdiyi sübutlara əsasən deyil, iddianın əsaslı olduğunun iddiaçı tərəfindən təsdiq edilməməsinə görə təmin edilməmişdir.
40. Kassasiya şikayətinin işin hallarının tam araşdırılmadığı və sübutlara düzgün qiymət verilmədiyi barədə dəlilləri kassasiya baxışının predmeti olmadığından həmin dəlillərə baxılmır.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi
Qərara aldı: Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.