Məhkəmə qərarları › İş №2(1-8)-1105/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1105/2026

04.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1105/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Sabirabad şəhəri N.Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Mil-Muğan Regional Təhsil Idarəsi) qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyinə görə (ƏM-in 70-ci maddəsinin c bəndi), əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar, işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Iddiaçı ## ######## 1986-cı il tarixdən Sabirabad şəhəri N.Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi vəzifəsində işləmişdir.

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ## #### 2025-ci il tarixli əmri ilə Bakı şəhəri üzrə Təhsil Idarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılmışdır ki, ## #### 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahıda Iddiaçı da qeyd olunmuşdur) əmək müqavilələrinin ## #### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi təmin edilsin.

3. Sabirabad şəhəri N.Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi üzrə ## #### 2025-ci il tarixli, ** nömrəli əmri ilə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilən Sabirabad şəhəri N.Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbin riyaziyyat müəllimi Iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir.

4. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş sığortaolunanın xəstəlik vərəqəsinə əsasən Iddiaçı əmək funksiyasının icrasından azad edilməklə ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək ambulator rejimdə müayinələrdən keçmiş, ## #### 2025-ci il tarixdən əmək qabiliyyəti vəziyyətinin statusu dəyişərək, işə başlaması məqsədəmüvafiq hesab edilmişdir.

5. Sabirabad Rayon Mərkəzi Xəstəxanası Konsultativ Poliklinika şöbəsi tərəfindən verilmiş tibbi arayışa əsasən Iddiaçı poliklinika şöbəsində D35.2 hipofiz vəzin mikroadenoması, R-56.8 qıcolma tutmaları, İ-67.8 xroniki beyin işemiyası, G-45.0 vertebrobazilyar arterial sistem sindromu, G-63.2 diabetik polineyropatiya diaqnozu ilə qeydiyyatdadır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı Iddiaçı cavabdeh Sabirabad şəhəri N.Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh məktəb üzrə ## #### 2025-ci il tarixli, ** nömrəli əmrinin ləğv edilərək iddiaçının əvvəlki işinə, yəni Sabirabad şəhəri N.Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat fənninin tədrisi üzrə müəllim vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ## ######## 1986-cı il tarixindən Sabirabad şəhəri N.Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinə riyaziyyat müəllimi təyin edilmişdir. ## #### 2025-ci ilədək qeyd olunan məktəbdə fasiləsiz olaraq riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Sabirabad şəhəri N.Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi üzrə verilmiş ## #### 2025-ci il tarixli, ** nömrəli əmr əsasında onunla bağlanmış əmək müqaviləsinə müdiriyyətin təşəbbüsü ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad edilərək xitam verilmişdir. Əmrdə qeyd olunmuşdur ki, ## #### 2025-ci ildə keçirilmiş təkrar setifikatlaşdırmada iştirak etmədiyinə görə iddiaçı sertifikatlaşdırmadan keçməmiş hesab olunur və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməlidir. Əmrdə də göstərildiyi kimi sertifikatlaşdırma prosesi ## #### 2025-ci ildə keçirilmişdir. ## #### 2025-ci ildə keçirilən təkrar sertifikatlaşmada iddiaçının iştirak etməməyinin səbəbi üzrlü olmuşdur. Belə ki, iddiaçı ## #### 2025-ci il tarixində əmək qabiliyyətini müvəqqəti itirmiş hesab olunur. Xəstəliyi ilə əlaqədar ## #### 2025-ci il tarixindən ## #### 2025-ci il tarixədək əmək funksiyasının icrasından azad edilmişdir. Bu barədə olan müvafiq sənəd “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən təsdiq edilərək imzalanmışdır. Yəni, iddiaçı ## #### 2025-ci il tarixdə xəstəliyi ilə əlaqədar tam əmək qabiliyyətsiz olmuşdur. Belə olan halda, o, sertifikatlaşdırma prosesində iştirak edə bilməzdi. Əmək Məcəlləsinin 79cu maddəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə əmək müqaviləsinin ləğv edilməsi qadağandır. O, 39 ildir ki, Sabirabad rayonunun ən böyük şagird tutumlu məktəbində fasiləsiz olaraq riyaziyyat müəlliməsi işləyirdi. 39 ildir ki, yararlı idi, lakin ## #### 2025-ci ildən birdən yararsız oldu. O, 60 yaşındadır. Yəni pensiya üçün nəzərdə tutulan yaş həddinə az müddət qalıb. Işləyən heç bir müəllimdən əskik göstəriciləri yoxdur. Müəllim kimi müqəddəs peşəni sevdiyindən həmişə işinə məsuliyyətlə yanaşmışdır. Heç vaxt dərs buraxmamışdır. Işlədiyi müddət ərzində heç vaxt intizam və inzibati tənbeh almamışdır. Əsassız olaraq işdən azad edilmişdir.

8. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçirilir. Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun 36-2-ci maddəsinə əsasən Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (Ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2.-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırma prosesində iştirak etməyən və 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını (30 bal) toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Sertifikatlaşdırmanın ilkin mərhələsində və ##.##.2025-ci il tarixdə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi nəzərə alınaraq, Iddiaçı ilə bağlanılmış əmək müqaviləsi ## #### 2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə ## #### 2025-ci il tarixli ***/*-*-***F/**** nömrəli əmri və həmin əmr əsasında qəbul edilmiş Təkrar sertifikatlaşdırmadan keçməyənlər təhsilverənlər barədə *-**-**/*-*-**F/**** nömrəli ## #### 2025-ci il tarixli əmrindən görünmüşdür ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin ## #### 2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi əmr edilmişdir. Sığortaolunanın xəstəlik vərəqəsinə əsasən Iddiaçı ## #### 2025-ci il tarixdə əmək qabiliyyətini itirərək işə gəlmədiyi üçün əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq onunla bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ## #### 2025-ci il tarixdən ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsi üçün əsas Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə ## #### 2025-ci il tarixli *-**/*-*- ***F/**** nömrəli əmri və həmin əmr əsasında qəbul edilmiş Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlər barədə *-**-**/*-*-**F/**** nömrəli ## #### 2025-ci il tarixli əmridir ki, həmin əmr qüvvədə olduğu müddətdə yerli məhkəmələrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin mübahisələndirilməsi əsassızdır.

9. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim C.Cəfərov) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ## ###### 1986-cı il tarixli əmək müqaviləsi əsasında cavabdeh qurumun riyaziyyat müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. Iddiaçı ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək sağlamlıq vəziyyəti ilə əlaqəli xəstəliyi ilə əlaqədar tam əmək qabiliyyətsiz olmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ## #### 2025-ci il tarixli, *-**-**/*-*-**F/**** nömrəli əmr əsasında cavabdehin ## #### 2025-ci il tarixli, ** nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilmişdir. Bu ərəfədə, ## #### 2025-ci il tarixdən iddiaçı əmək qabiliyyətli olmuşdur.

11. Mübahisələndirilən əmrdən görünür ki, iddiaçının barəsində belə bir əmr verilməsinə əsas qanunla nəzərdə tutulan hər hansı üzrlü səbəb olmadan təkrar sertifikatlaşdırmada iştirak etməməsidir. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin əsası kimi işçinin heç bir üzrlü səbəb olmadan təkrar sertifikatlaşdırmada iştirak etməməsi göstərilmişdir. Iddiaçı isə üzrlü səbəbinin olduğunu – həmin tarixdə xəstəliyi ilə əlaqədar ambulator müalicə almasını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, pedaqoji fəaliyyət ilə məşğul olan şəxslərinmüəllimlərin

12. həmin fəaliyyətlə məşğul olmaları ilk öncə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun tələblərinə əsasən Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçməklə həmin fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər və bundan sonra Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada müvafiq əmək müqaviləsi əsasında təhsil müəssisələrində çalışırlar. Müvafiq təhsil müəssisələrində işləyən müəllimlər sertifikasiyada iştirak etmədikdə 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək imkanı verilir. Imtahanların keçirilməsi qaydası “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə dəqiq müəyyən olunmuşdur. Cavabdeh Sabirabad şəhəri N.Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi işləyən iddiaçı Iddiaçı 2024-cü il tarixdə sertifikasiyaya cəlb olunmuş, lakin, sertifikasiyada iştirak etməmişdir. Iddiaçının iş yeri 1 il saxlanılmaqla ## #### 2025-ci il tarixdə təkrar sertifikatlaşdırma imtahanına cəlb edilmiş, lakin həmin imtahanda da qanunvericilikdə göstərilən üzrlü səbəblər olmadan iştirak etməmişdir. Bununla da, iddiaçı tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuş, həmin şəxsin 1 il müddətində yenidən imtahanda iştirak etmək imkanı işəgötürən kimi cavabdeh tərəfindən tam təmin olunmuşdur.

13. Məhkəmə cavabdeh tərəfin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tapşırığına əsasən xitam verilməsi barədə dəlillərini isə qanuni və əsaslı hesab etmişdir. Belə ki, pedaqoji fəaliyyəti ilə məşğul olan müəllimlərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qaydası yuxarıda göstərilən Qanunla və Əmək Məcəlləsi ilə müəyyən olunur.

14. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları mötəbər sübut kimi qəbul etməmişdir, bu hal işin digər halları ilə təkzib olunur. Odur ki, iddiaçının əmək qabiliyyətini itirdiyi dövr ərzində təqdim etdiyi sənədlər mötəbər qəbul olunsa belə, bu barədə normativ tənzimləmə ondan ibarətdir ki, vətəndaşın əmək fəaliyyəti qabiliyyətini müvəqqəti itirməsi təkrar sertifikatlaşdırmada iştirak etməkdən onu azad etmir və o, sertifikatlaşdırmadan keçməmiş hesab olunur.

15. Işə götürən tərəfindən prosedur qaydalara da əməl edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ## #### 2025-ci il tarixli, *-**-**/*-*-**F/**** nömrəli əmri əsasında əmək müqaviləsinə xitam verilmişdir.

16. Eyni zamanda iddiaçının şəkərli diabet xəstəsi olması və buna görə də Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən onunla əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması barədə dəlili də əsaslı deyil, ona görə ki, istinad olunan norma işçinin əmək müqaviləsinin əmək qabiliyyətini müvəqqəti itirməsi səbəbinə görə ləğv edilməsini qadağan edir. Cavabdeh tərəfindən əmək müqaviləsinə ## #### 2025-ci il tarixli əmrlə xitam verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə göstərmişdir ki, o, ## #### 2025-ci il tarixdən əmək qabiliyyətli olmuşdur. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı halda iddiaçının əmək müqaviləsi bu əsasla ləğv edilməmişdir.

17. Odur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi barədə iddia tələbi öz təsdiqini tapmır, bu halda hüquqi müqəddəratı birbaşa olaraq bu tələbdən asılı olan digər tələblər də təmin edilə bilməz.

18. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 67-2, 68, 70, 71, 83, 287, 288, 289, 290, 292, 294, 300-cü, “Təhsil haqqında” Qanunun 36-2-ci maddələrinə, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ####### tarixli və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2024cü il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsi ilə (hakim T.Heydərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Əsədov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, həm “Təhsil haqqında” Qanununun 36-2.3-cü maddəsi, həm “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsi, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndində sertifikatlaşdırılmadan keçməyən şəxslərin dairəsi müəyyən edilmişdir.

22. Cavabdeh Sabirabad şəhəri N.Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi işləyən iddiaçı Iddiaçı 2024-cü il tarixdə sertifikasiyaya cəlb olunmuş, lakin, sertifikasiyada iştirak etməmişdir. Iddiaçının iş yeri 1 il saxlanılmaqla ## #### 2025-ci il tarixdə təkrar sertifikatlaşdırma imtahanına cəlb edilmiş, lakin həmin imtahanda da qanunvericilikdə göstərilən üzrlü səbəblər olmadan iştirak etməmişdir. Bununla da, iddiaçı tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuş, həmin şəxsin 1 il müddətində yenidən imtahanda iştirak etmək imkanı işəgötürən kimi cavabdeh tərəfindən tam təmin olunmuşdur.

23. “Təhsil haqqında” Qanunun 36-2.5-ci maddəsində qeyd edilmişdir ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Qeyd edilən normanın tələbinə əsasən sertifikasiya imtahanında iştirak etməkdən üzrlü səbəbə görə azad edilmə yalnız ilk sertifikasiya imtahanında mümkündür. Həmin normanın ikinci cümləsində təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslərin sertifikatlaşdırmadan keçməmiş hesab olunduğu qeyd edildiyindən müəyyən olunur ki, təkrar sertifikasiya imtahanında iştirakdan üzrlü səbəblərə görə azad olma nəzərdə tutulmamışdır.

24. Bundan əlavə Kollegiya onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin tələblərinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Iddiaçının vəkili verdiyi izahatında sertifikatlaşdırma imtahanı zamanı iddiaçının 60 yaşının bitməsinə 3 ay qaldığını bildirsə də, apellyasiya kollegiyası dəlilləri əsassız saymışdır. Belə ki, qeyd edilən halla bağlı qanunvericilikdə güzəşt müəyyən edilməmişdir.

25. Digər tərəfdən, iddiaçının şəkərli diabet xəstəsi olması və buna görə də Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən onunla əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması barədə iddiaçının dəlili də əsaslı deyil, ona görə ki, istinad olunan norma işçinin əmək müqaviləsinin əmək qabiliyyətini müvəqqəti itirməsi səbəbinə görə ləğv edilməsini qadağan edir. Cavabdeh tərəfindən əmək müqaviləsinə ## #### 2025-ci il tarixli əmrlə xitam verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə göstərmişdir ki, o, ## #### 2025-ci il tarixdən əmək qabiliyyətli olmuşdur. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı halda iddiaçının əmək müqaviləsi bu əsasla ləğv edilməmişdir.

26. Iddiaçı işdən azad olunmasının qanunsuz olduğunu əsaslandırarkən “şəkərli diabet” xəstəsi olmasını və Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini göstərmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi müəyyən sosial kateqoriyaya aid olan işçilərin işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsini məhdudlaşdırsa da, həmin norma işçinin peşə yararlılığının qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsini və bu qiymətləndirmənin hüquqi nəticələrini istisna etmir. Məhz bu səbəbdən də, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında da vurğulanmışdır ki, sertifikatlaşdırmanı tənzimləyən normalarla Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimləyir və bu normalar arasında hüquqi kolliziya mövcud deyil. Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən sertifikatlaşdırmadan keçməyən işçi müvafiq fəaliyyətə buraxılmır. Bu hal əmək müqaviləsinin davam etdirilməsini hüquqi cəhətdən mümkünsüz etdiyindən, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq xitam verilməsi üçün əsas yaradır.

28. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticələri ilə bağlı faktları (keçə bilməməsinin əsaslarını) mübahisələndirməmişdir. Bundan başqa “Təhsil haqqında” Qanunun 4-cü maddəsi baxımından qiymətləndirmə aparıldıqda isə qeyd olunmalıdır ki, “Təhsil haqqında” Qanunun 4-cü maddəsinə əsasən dövlətin təhsil sahəsində əsas məqsədlərindən biri təhsilin keyfiyyətinin təmin edilməsi və peşəkar təhsilverən kadrların formalaşdırılmasıdır. Başqa sözlə sertifikatlaşdırmadan keçməyən şəxsin pedaqoji fəaliyyətə buraxılması və məhkəmə qaydasında işə bərpa olunması həmin məqsədlərlə uyğunluq təşkil etmir və təhsil sistemində keyfiyyət tələblərinin zəiflədilməsinə səbəb ola bilər. Iddiaçının sertifikatlaşdırmadan keçməməsi onun pedaqoji fəaliyyətə buraxılmamasına səbəb olmuş və onunla əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun həyata keçirilmişdir. Iddiaçının “şəkərli diabet” xəstəsi olması onun peşə yararlılığına dair qanunvericiliklə müəyyən edilmiş tələblərin tətbiqini istisna etmir. Əmək Məcəlləsinin 79-cu maddəsi müəyyən sosial baxımdan həssas kateqoriyalı işçilərin işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsini məhdudlaşdırsa da, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən bu norma işçinin peşə yararlılığının qiymətləndirilməsini istisna etmir, sertifikatlaşdırmadan keçməmək maddə 79-un tənzimləmə predmetinə daxil deyil. Iddiaçının “şəkərli diabet” xəstəsi olması, onu sertifikatlaşdırmadan azad etmir, sertifikatlaşdırmadan keçmədikdə isə pedaqoji fəaliyyət hüququ yaranmır.

29. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi Əmək Məcəlləsinin tələblərinə uyğundur. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən Kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görməmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 42-ci, Əmək Məcəlləsinin 67-2, 70, 79-cu, “Təhsil haqqında” Qanunun 4, 36-2-ci, “Ümumi təhsil haqqında” Qanunun 28-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

31. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 67-2, 70, 79-cu, “Təhsil haqqında” Qanunun 36-2ci, “Ümumi təhsil haqqında” Qanunun 28-ci, Mülki Prosessual Məcəllənin 2, 6, 77, 88, 89-cu maddələrin tələbləri pozulmuşdur.

33. Belə ki, üzrlü səbəbə xəstəliyə görə təkrar sertifikasiyadan keçməyən şəxslərin aqibəti qanunda göstərilməmişdir. Məhkəmə iddiaçının xəstəliyi ilə bağlı onun fəaliyyət qabiliyyətini müvəqqəti itirməsi halını üzrlü hal saya və iddia tələbini təmin edə bilərdi. Üzrlü səbəbdən təkrar sertifikasiyada iştirak edə bilməməsi halının qanunda göstərilməməsi iddiaçının tələbinin rədd edilməsi üçün qanuni əsas deyil. “Təhsil haqqında” Qanunun 36-2.6cı maddəsi isə təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətlərinin Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənməli olduğunu göstərir. Əmək Məcəlləsinin 79-cu maddəsi şəkərli diabet xəstəsi olan işçilərin işdən çıxarılmasını və onların əmək müqaviləsinə xitam verilməsini qadağan edir. Bundan başqa, “Təhsil haqqında” Qanunun 36-2.3-1-ci maddəsi və “Ümumi təhsil haqqında” Qanunu 28.2-1-ci maddəsi, Əmək Məcəlləsinin 67-2 maddəsinin 3-1-ci bəndi 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olduğunu göstərir. Apellyasiya məhkəməsi təkrar sertifikasiya zamanı iddiaçının 60 yaşının olması faktına aydınlıq gətirməyərək, qeyd olunan hər iki qanunun tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı ## ######## 1965-ci il tarixində doğulub. Təkrar sertifikasiya imtahanının keçirildiyi ## #### 2025-ci il tarixdə iddiaçı 60 yaşının içində olmuşdur və 2 ay 15 gündən sonra o, 61 yaşına girmişdir. Həmin normalarda sertifikasiya imtahanında könüllü iştirak üçün 60 və daha yuxarı yaş həddi açıq və aydın şəkildə göstərilir. Həmin normalarda 60 yaşın tamam olması və ya 61 yaşına keçməsi halı qeyd olunmur. Belə olan halda 60 yaşında olan iddiaçı “Təhsil haqqında” Qanunun 36-2.3-1-ci və “Ümumi təhsil haqqında” Qanunun 28.2-1-ci maddələrinin təsiri altına düşür. Əmək Məcəlləsinin məhz 79cu maddəsinin 1-ci bəndinin 3-cü yarımbəndi əmək qabiliyyətini müvəqqəti itirən işçiləri göstərdiyi halda, 4-cü yarımbəndi isə şəkərli diabet xəstələrinin işdən çıxarılmasını qadağan edən ayrı-ayrı hallar kimi göstərilmişdir. Odur ki, iddiaçının şəkərli diabet xəstəsi olması Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin 4-cü yarımbəndinin təsiri altına düşür və apellyasiya məhkəməsi Əmək Məcəlləsinin həmin normasını düzgün tətbiq etməmişdir. Işə götürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tələbinə əsasən qərarla deyil əmr əsasında əmrlə iddiaçının əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir. Məhkəmə bu qanun pozuntusuna da düzdün hüquqi qiymət verməyərək qanunun həmin tələbini də pozmuşdur.

34. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

35. Cavabdeh kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

36. Kassasiya şikayətinə etiraz iddiaya etiraza (bax bənd 8) uyğun əsaslandırılmışdır.

Kassasiya baxışının hədləri:

37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

38. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

39. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

40. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 36-2-ci maddəsinə əsasən Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

41. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 28.1-ci maddəsinə əsasən Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 28.4-cü maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 28.5-ci maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

45. Belə ki, iddiaçının ümumi təhsil müəssisəsində (məktəbdə) təhsilverən (müəllim) işləməklə, ilkin sertifikatlaşdırmadan keçməməsi və ## #### 2025-ci il tarixdə təşkil edilmiş təkrar sertifikatlaşdırmada iştirak etməməsi işin mübahisəsiz hallarıdır.

46. Işəgötürən cavabdeh bu hallara istinad edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir.

47. Həmçinin müəyyən olunur ki, iddiaçı şəkərli diabet xəstəsidir və sertifikatlaşdırma həyata keçirilərkən, o, G63.2 diaqnozu ilə ambulator müalicədə olmaqla, əmək funksiyasının icrasından azad olunmuşdur.

48. Iddiaçı işə bərpa tələbini irəli sürərkən, digər hallarla yanaşı həmçinin Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin pozulmasına istinad etmişdir.

49. Iddiaçının bu dəlilinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xəstəliyi onun peşə yaralılığının qiymətləndirilməsini istisna etmir və sertifikatlaşdırmadan keçmədikdə isə pedaqoji fəaliyyət hüququ yaranmır.

50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə qismən razılaşır.

51. Belə ki, nəzərə alınmalıdır ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir.

52. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ tanınmışdır. Həmin normaya əsasən əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

53. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən işçilərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə qoyulmuş qadağa əmək münasibətlərində yüksək sosial və hüquqi müdafiəyə ehtiyacı olan şəxslərə dövlətin qayğısını əks etdirir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası “Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair” 2016-cı il ## ###### tarixli Qərardadında göstərmişdir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir.

55. Həmçinin, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin əmək hüquqlarının müdafiəsinə təminat verilmişdir. Həmin Qanunun 8.2-ci maddəsinin 1-ci cümləsinə görə vətəndaşın şəkərli diabetlə xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya işçi ilə əmək müqaviləsinə xitam vermək yolverilməzdir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2024cü il tarixli Qərarında qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyənləşdirmək imkanını aradan qaldırmır. Həmçinin sertifikatlaşdırmadan keçmiş təhsilverənlərin nəticələrinə müvafiq olaraq onların əmək haqlarının diferensiallaşdırması da həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər-hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar. Odur ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə, işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.

57. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə təhsilverənlər tərəfindən Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsinin və peşə yararlılığının müəyyənləşdirmək məqsədi ilə sertifikatlaşdırmaya cəlb olunmaları mümkün hesab olunsa da, onlarda əmək müqaviləsinə ləğv edilərkən, bu maddə ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.

58. Istinad olunanlara əsasən kassasiya kollegiyası belə nəticəyə gəlir ki, şəkərli diabet xəstəsi olan sertifikatlaşmadan keçməyən təhsilverənlərlə əmək müqaviləsinə xitam verilməsinə məhdudiyyət belə işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edilməsi və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirməsi üçün əsas ola bilər. Lakin, iddiaçının yalnız təkrar sertifikatlaşmada iştirak etməməsi əsası onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini qanuni hesab edən apellyasiya məhkəməsi, iddiaçının bu sertifikatlaşmada iştirak etməməsinin səbəblərini, onun Əmək Məcəlləsinin 79cu maddəsində

59. qeyd olunan şəxslərin siyahısına aid olub-olmamasını araşdırmadığı üçün Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 218.1, 372.2, 392.1.5-ci maddələrinin tələblərini pozmuşdur.

60. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

61. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı” iş üzrə ## ###### 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

62. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

63. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

64. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 372.2-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar