Məhkəmə qərarları › İş №2(1-8)-1128/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1128/2026

24.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1128/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: malların anbarda saxlama müqaviləsi üzrə pul tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ##.##.2023-cü il tarixli “Malların anbarda saxlama” müqaviləsinə əsasən “saxlayıcı” sifariş əsasında “tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “tapşıran” isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (500 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər malların saxlayıcının Xırdalan şəhərində yerləşən ünvanda olan anbarında saxlamaq barədə razılığa gəlmişlər. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 500 manat məbləğində müəyyən edilir və öncədən ödənilir. Müqavilənin 5.4-cü bəndinə əsasən “tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə saxlayıcı tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər.

2. Cavabdeh Cavabdeh məxsus əmlaklar müqavilə bağlanan tarixdən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus anbara daşınaraq yığılmış və malları iddiaçının əməkdaşlarına cavabdeh özü akt əsasında təhvil vermişdir.

3. ##.##.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış ##.##.2023-cü il tarixli "Malların anbarda saxlama” Müqaviləsinə əsasən malların saxlanılması üçün İddiaçı MMC saxlanc anbarını Cavabdeh istifadəsinə vermişdir. Bu müddət ərzində Cavabdeh tərəfindən saxlama haqqı olaraq ümumilikdə 500 (beş yüz) manat məbləğində ödəniş edilmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i həcmində cərimə hesablanır. Cavabdeh ödəniş üzrə ##.##.2024cü il tarixinədək 444 gün gecikməsi müşahidə edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ##.##.2024-cü il tarixinə hesablanmış 7500 (yeddi min beş yüz) manat məbləğində əsas borcun, 2250 manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 500 manat məbləğində saxlama haqqının və ödənilmiş 117,5 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun cavabdeh Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC bu günə qədər müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünmüşdür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmiş və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 7500 (yeddi min beş yüz) manat təşkil etməkdədir. Cavabdeh Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və ##.##.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. ##.##.2023-cü il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən “tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(004)- ****/**** nömrəli mülki iş üzrə qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixinə hesablanmış 7500 manat məbləğində əsas borc, 750 manat cərimə, qətnamə icra olunan günə kimi hər ay 500 manat məbləğində saxlama haqqının tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc cavabdeh Cavabdeh ümumi qaydada tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Onun bağlanılmasının zəruri şərtləri qanunvericiliklə müəyyən edilmiş və onlardan biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını özündə ehtiva edir.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında hazırkı mübahisənin yaranmasına əsas aralarında bağlanmış ## ###### 2023-cü il tarixli malların anbarda saxlanması müqaviləsi olmuşdur. Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, malları iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavilə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 442, 448.1, 462.1, 467, 822, 827, 830.1, 830.3-cü, habelə Mülki Prosessual Məcəllənin 119.1 və 124.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında belə bir müqavilə olmamışdır. Məhkəmə iş üzrə müvafiq ekspertizanın təyin olunmalı olduğu halda bunu etməmiş, öz mülahizəsi əsasında qətnaməni əsassız olaraq qəbul etmiş və onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmaqla qanun pozuntusuna yol vermişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə icraatında olan zaman iş obyektiv tədqiq edilməmişdir. İşə onun iştirakı olmadan baxılmış, heç bir məlumatı olmayan müqavilə ona istinad edilmiş və qanuna zidd qətnamə qəbul edilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh məhkəmə iclasında iştirak edə bilmədiyinə görə etiraz vermək imkanı belə olmamışdır, çünki məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamışdır. Necə ola bilər ki, ona məxsus olmayan imza ilə məhkəmə həqiqəti müəyyən etmədən qətnamə qəbul etsin. Elə bu baxımdan bu qətnamə kökündən yanlış, qanunazidd və prosessual pozuntulara yol verilməklə qəbul edilmiş, qərəzli bir məhkəmə aktıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsində prossesual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. İş üzrə tərəflər dindirilməli, hər bir tərəfin sübutları dərindən və müfəssəl araşdırlmalı və lazım gəldikdə ekspertiza keçirilməli idi. İşə baxan məhkəmə prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, işə onun iştirakı olmadan baxaraq, qətnamə qəbul etmişdir.

12. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş ##.##.2023-cü il tarixli malların anbarda saxlanılması müqaviləsinin 3- cü vərəqinin aşağı sol hissəsində “Tapşıran” qrafasındakı yazılar- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim olunmuş ##.##.2023-cü il tarixli malların anbarda saxlanılması müqaviləsinin 3-cü vərəqinin aşağı sol hissəsində (imza) qrafasında olan imzanın-Cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında tədqiq olunan prosesin təsviri hissəsində göstərilən səbəblərdən (tədqiq olunan imzanı Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzanın hərf tərkibi olmayıb yalnız sadə cizgilərdən ibarət olması qrafik materialın azlığı, imzada həm uyğunlaşdırıcı həmdə fərqləndirici əlamətlərin olması, müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti( müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun) müəyyən etmək mümkün olmadı.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov sədrlik edən, məruzəçi, F.Qasımov və X.Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən prosessual hüquqlarının pozulduğunu və məhkəmə iclasının keçirilmə yeri və tarixi barədə ona məlumat verilmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hissədə araşdırma apararaq müəyyən etmişdir ki, iş materiallarında cavabdehin apellyasiya şikayəti təqdim edərkən qeyd etdiyi faktiki yaşayış ünvanına məhkəmə bildirişinin göndərilməsi və cavabdehin ailə üzvü tərəfindən ##.##.2024cü 15. il tarixdə təhvil alınmasına dair xəbərnamə vardır. Bu məqamda xüsusilə vurğulanmalıdır ki, AR MPM-in 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Sözügedən müddəaya uyğun olaraq müvafiq məhkəmə bildirişi cavabdehin ailə üzvünə təqdim olunmuş, beləliklə birinci instansiya məhkəməsi iş üzrə tərəfi məhkəmə iclasından xəbərdar etmək vəzifəsini icra etmişdir. Bu baxımdan, cavabdehin ailə üzvü tərəfindən məhkəmə bildirişinin təhvil alınması barədə xəbərnamənin mövcudluğu sözügedən dəlilin əsassız olduğunu sübut etmişdir.

16. Məhkəmə kollegiyası apellyatorun əsaslı dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, hazırkı mülki işdə iddiaçı cavabdehlə bağlanılmış ##.##.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərini icra etmədiyini iddia etmiş və mövqeyini belə əsaslandırmışdır ki, aralarında ## ###### 2023-cü il tarixli malların anbarda saxlanması müqaviləsi bağlanmış və cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, malları iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavilə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə pulun tutulmasını tələb etmişdir. Bu tələbin əsassız olması ilə bağlı apellyatorun dəlili bundan ibarət olmuşdur ki, sözügedən müqavilə onun tərəfindən imza edilməmiş, birinci instansiya məhkəməsi isə iş üzrə müvafiq ekspertiza təyin etməyərək bu hala aydınlıq gətirməmiş və öz mülahizəsi əsasında əsassız qətnamə qəbul etmişdir. Kollegiya sözügedən dəlillə bağlı bildirmişdir ki, cavabdehin bu dəlili tutarlıdır. Çünki birinci instansiya məhkəməsi müqavilənin həqiqətən də cavabdeh tərəfindən imzalanması halının şübhəli olmasına diqqət etməmiş və bu halı aydınlaşdırmaq üçün müvafiq ekspertiza təyin etməmişdir. Bu isə iş üzrə ədalətsiz qətnamə çıxarılması ilə nəticələnmişdir. Bəhs olunan şübhəli məqamların aydınlaşdırılması üçün apellyasiya icraatı zamanı iş üzrə məhkəməxətşünaslıq

17. ekspertizası təyin edilmiş və ekspert rəyi əldə olunmuşdur.

18. Belə olan halda, məhkəmə kollegiyası rəyi verən ekspertin xətşünaslıq sahəsində xüsusi biliyinin olduğunu diqqətə alaraq iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi sənədlərdə olan yazıların cavabdehə məxsus olmadığını, imzanın isə dəqiqləşdirilə bilmədiyini nəzərə almış, bununla da tərəflər arasında saxlama müqaviləsinin bağlanmadığına dair apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmişdir. Belə ki, müqavilə üzrə öhdəliyin yaranması üçün ilk növbədə həmin müqavilənin iştirakçılar tərəfindən təsdiq edilməsi zəruridir. Bu təsdiq etmə hallarından biri isə müqavilənin onun iştirakçıları tərəfindən imzalanmasıdır. Lakin məhkəmə araşdırması zamanı həm cavabdehin izahatından, həm də ekspertiza rəyindən müəyyən edilmişdir ki, bu hal şübhəli olmaqla tam sübuta yetirilmir. Belə şübhəli halın isə iddiaçının xeyrinə həll edilməsi ədaləti hesab oluna bilməz.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı müqavilənin cavabdeh tərəfindən imzalanması ilə bağlı əsaslı dəlil təqdim edə bilmədiyindən, habelə bu hal ekspert rəyi ilə də təsdiq olunmadığından müqavilənin mötəbərliyi şübhə altında qalır və hazırkı mərhələdə cavabdehə münasibətdə öhdəliklər yaratmır. Bununla yanaşı, hazırkımübahisə üzrə iddiaçı tərəfindən ##.##.2025-ci il tarixli maliyyə arayışı təqdim olunmuş və cavabdeh tərəfindən saxlama haqqı olaraq ümumilikdə 500 manat ödəniş həyata keçirildiyi bildirilmişdir. İş üzrə keçirilmiş məhkəmə iclasında ödənişlərin məhz Cavabdeh tərəfindən həyata keçirilməsinə dair araşdırma aparılmış, lakin bununla bağlı da iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim oluna bilməmişdir. Belə olan halda isə kollegiya ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməsinin formal mülahizədən ibarət olduğu qənaətinə gəlir. Bütün bunlar mübahisəli müqavilənin cavabdeh tərəfindən imzalandığına şübhələri daha da artırmışdır. Eyni zamanda cavabdeh həm apellyasiya şikayətində, həm də məhkəmə iclası zamanı sözügedən müqavilənin “xxxx” MTK tərəfindən imzalandığını qeyd etmişdir. Belə ki, cavabdeh ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi ** saylı evin ##.##.2023cü il tarixdə “xxxx MTK”xxxx“xxxx MTK”-nın çoxsaylı işçilərinin AR Cinayət Məcəlləsinin 186.3cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar mövcud olduğunu bildirmişdir.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 407.2ci, habelə MPM-in 14.2, 77.1, 217.4, 384.0.2, 385.1 və 386-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər Vüsalə Baxışova məruzəçi, Zaur Əliyev və Zəki babayev) kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının keçirilmə yeri və tarixi barədə məlumatlandırılmadığına dair dəlilini araşdıraraq bu dəlilin əsassız olduğunu müəyyən etdiyi halda qətnamə qəbul edərkən MPM- 154.1, 154.3, 372.2-ci maddələrinin tələblərini nəzərə almadan cavabdehin yalnız yuxarı nin23. instansiyası məhkəməsində irəli sürdüyü dəlillər üzrə araşdırma aparmışdır. Bundan əlavə apelyasiya məhkəməsi cavabdehin izahatı və ekspertiza rəyinə əsaslanaraq müəyyən etmişdir ki, tərəflər arasında müqavilə bağlandığı sübutlarla təsdiq edilmədiyindən iddia rədd edilməlidir.

24. Məhkəmə kollegiyası kassatorun bu dəlili ilə razılaşmışdır ki, MPM-nin 101.7-ci maddəsinə əsasən məhkəmə ekspertin rəyini işdəki digər sübutlarla yanaşı qiymətləndirməlidir. Hazırkı halda iş üzrə verilmiş ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyində iddiaçı tərəfindən təqdim edilmiş müqavilədəki imzanın cavabdehə məxsus olduğu təsdiq edilməsə də, bu hal inkar da edilmədiyindən (uyğunlaşdırıcı əlamətlərin mövcudluğu nəzərə alınaraq) məhkəmə tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən digər sübutların mövcud olub-olmadığına hüquqi qiymət verməli idi. MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşə apelyasiya qaydasında baxılarkən cavabdeh məhkəmə iclasında verdiyi izahatda ona məxsus əşyaların iddiaçının əməkdaşlarına onun tərəfindən təhvil verildiyini, həmin əşyaların bir hissəsinin iddiaçıya məxsus konteynerdə olduğunu bildiyini, əşyaların saxlanması üçün ödəniş edilməli olduğunu təsdiq etdiyindən iddiaçı bu faktları sübut etmək vəzifəsindən azaddır.

25. Apellyasiya instansiyası məhkəməsi tərəflərin müqavilə münasibətində olmasının təsdiq edilmədiyinə dair qənaətə gələrkən cavabdehin izahatında bildirdiyi və işin mübahisəsiz halı kimi qiymətləndirilməli olan hallara hər hansı hüquqi qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, AR Mülki Məcəlləsinin 822 və 827-ci maddələrində anbar saxlama müqaviləsinin yazılı qaydada bağlanması ilə bağlı məcburi forma şərti nəzərdə tutulmadığından malın tapşıran tərəfindən saxlayıcıya təhvil verilməsi və saxlayıcı tərəfindən saxlanca qəbul edilməsi faktı tərəflər arasında saxlama müqaviləsi ilə bağlı öhdəlik münasibətlərinin yarandığını təsdiq edə bilər.

26. Cavabdeh apellyasiya mərhələsində məhkəmə iclasında izahat verərək ona məxsus əmlakların iddiaçıya məxsus anbarda saxlanılması üçün onun tərəfindən deyil, “xxxx” MTK adlı hüquqi şəxs tərəfindən sifariş verildiyini və ödənişlərin həmin MTK tərəfindən həyata keçirilməli olduğunu bildirsə də, etirazın əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə hüquqi qiymət verərkən MPM-nin 77.1-ci maddəsinin tələbini nəzərə almalı idi.

27. Məhkəmə kollegiyası gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 822, 827, 823.1, 823.2, 830.1, 830.3-cü, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.7, 154.1, 154.3, 217.1, 217.3, 217.4, 218.1, 407.2, 416.1, 416.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən, məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ##.##.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh şikayətin dəlilində tərəflər arasında müqavilənin olmadığını və mövcud müqavilədəki imzanın ona aid olmadığını qeyd etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan ekspert rəyindən görünür ki, ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyində iddiaçı tərəfindən təqdim edilmiş müqavilədəki imzanın cavabdehə məxsus olduğu təsdiq edilməsə də, bu hal inkar da edilməmişdir. (uyğunlaşdırıcı əlamətlərin mövcudluğu nəzərə alınaraq).

30. Bu səbəbdən kollegiya hesab etmişdir ki, MPM-nin 101.7-ci maddəsinə əsasən məhkəmə ekspertin rəyini işdəki digər sübutlarla yanaşı qiymətləndirməlidir.

31. Kollegiya bu qənaətə gəlmişdir ki, tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas ## ###### 2023-cü il tarixli malların anbarda saxlanması müqaviləsi olmuşdur. Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, malları iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavilə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur.

32. Kollegiya hesab etmişdir ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu cavabdeh məhkəmə iclasında verdiyi izahatla təsdiq etmişdir. Cavabdeh izahatında ona məxsus əşyaların iddiaçının əməkdaşlarına onun tərəfindən təhvil verildiyini, həmin əşyaların bir hissəsinin iddiaçıya məxsus konteynerdə olduğunu bildiyini, əşyaların saxlanması üçün ödəniş edilməli olduğunu təsdiq etmişdir. Bunlar işin mübahisəsiz halı olmaqla tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğuna dəlalət edir. Belə ki, MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

33. Kollegiya onu da qeyd etmişdir ki, AR Mülki Məcəlləsinin 822 və 827-ci maddələrində anbar saxlama müqaviləsinin yazılı qaydada bağlanması ilə bağlı məcburi forma şərti nəzərdə tutulmadığından malın tapşıran tərəfindən saxlayıcıya təhvil verilməsi və saxlayıcı tərəfindən saxlanca qəbul edilməsi faktı tərəflər arasında saxlama müqaviləsi ilə bağlı öhdəlik münasibətlərinin yarandığını təsdiq edə bilər.

34. Göründüyü kimi, ekspert rəyinə əsasən mübahisələndirilən müqavilədəki imzanın cavabdehə aid olub-olmamasına dair qəti nəticəyə gəlmək mümkün olmadığından, yuxarıda qeyd olunan müddəalardan və cavabdehin verdiyi izahat ilə malın tapşıran tərəfindən saxlayıcıya təhvil verilməsi və saxlayıcı tərəfindən saxlanca qəbul edilməsi faktı təsdiq edildiyindən kollegiya hesab etmişdir ki, cavabdeh müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.

35. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 2250 manat məbləğində deyil, 750 manat məbləğində müəyyən etməklə ağlabatan mövqe göstərmişdir.

36. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə saxlayıcı – iddiaçı tapşıranı - cavabdehi yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər. Müqavilənin göstərilən şərtinə əsasən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc cavabdeh Cavabdeh tutulmalıdır.

37. Kollegiya apellyasiya şikayətinin “məhkəmə tərəfindən prosessual hüquqlarının pozulduğunu və məhkəmə iclasının keçirilmə yeri və tarixi barədə ona məlumat verilməməsi” dəlilinə münasibətdə hesab etmişdir ki, iş materiallarında cavabdehin apellyasiya şikayəti təqdim edərkən qeyd etdiyi faktiki yaşayış ünvanına məhkəmə bildirişinin göndərilməsi və cavabdehin ailə üzvü tərəfindən ##.##.2024-cü il tarixdə təhvil alınmasına dair xəbərnamə vardır. Bu məqamda xüsusilə vurğulanmalıdır ki, MPM-in 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Sözügedən müddəaya uyğun olaraq müvafiq məhkəmə bildirişi cavabdehin ailə üzvünə təqdim olunmuş, beləliklə birinci instansiya məhkəməsi iş üzrə tərəfi məhkəmə iclasından xəbərdar etmək vəzifəsini icra etmişdir. Bu baxımdan, cavabdehin ailə üzvü tərəfindən məhkəmə bildirişinin təhvil alınması barədə xəbərnamənin mövcudluğu sözügedən dəlilin əsassız olduğunu sübut edir.

38. Cavabdeh ona məxsus əmlakların iddiaçıya məxsus anbarda saxlanılması üçün onun tərəfindən deyil, “xxxx” MTK adlı hüquqi şəxs tərəfindən sifariş verildiyini və ödənişlərin həmin MTK tərəfindən həyata keçirilməli olduğunu qeyd etsə də, kollegiya bu dəlili də əsaslı hesab etməməklə qeyd etmişdir ki, cavabdeh qeyd etdiyi halın əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

39. Məhkəmə kollegiyası gəldiyi nəticəni AR Mülki Məcəllənin 6.2, 385.1, 442, 448.1, 462.1, 467, 822, 827, 823.1, 823.2, 830.1, 830.3-cü, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101.7, 107, 119.1, 372.6, 384.0.1, 385.2, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

40. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən əmlaklar cavabdehə məxsus deyildir. Cavabdeh ilə iddiaçı arasında belə bir müqavilə olmamışdır. Məhkəmə iş üzrə müvafiq ekspertizanın rəyini nəzərə almamış, öz mülahizəsi əsasında qətnaməni əsassız olaraq qəbul etmiş və cavabdehin qanunla qorunan mülkiyyət hüquqlarını pozmaqla qanun pozuntusuna yol vermişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə icraatında olan zaman iş obyektiv tədqiq edilməmişdir. İşə cavabdehin iştirakı olmadan baxılmış, cavabdehin heç bir məlumatı olmayan müqaviləyə istinad edilmiş və qanuna zidd qətnamə qəbul edilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edə bilmədiyinə görə etiraz vermək imkanı belə olmamışdır, çünki məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamışdır. Cavabdehə məxsus olmayan imza ilə məhkəmə həqiqəti müəyyən etmədən qətnamə qəbul etmişdir. Elə bu baxımdan bu qətnamə kökündən yanlış, qanunazidd və prosessual pozuntulara yol verilməklə qəbul edilmiş, qərəzli bir məhkəmə aktıdır. İş üzrə tərəflər dindirilməli, hər bir tərəfin sübutları dərindən və müfəssəl araşdırlmalı və lazım gəldikdə ekspertiza keçirilməli idi. İşə baxan məhkəmə prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, işə cavabdehin iştirakı olmadan baxaraq, qətnamə qəbul etmişdir. ## ###### 2023-cü il tarixdə saat 8 radələrində 8-9 nəfərdən ibarət maskalı cinayətkar mütəşşəkil dəstə, 2 nəfər polis əməkdaşının iştirakı ilə özlərini təqdim etmədən, heç bir qərar olmadan ağır texnikanın köməyi ilə cavabdehin evinə hücum etmiş, razılığı və heç bir məhkəmə qərarı olmadan evi traktor və ekskavatorların köməyi ilə dağıtmışlar. Evdən heç nə çıxarmağa imkan olmamışdır. Bütün əşyalar dağıntılar altında qalmışdır. Cavabdehin xeyli pulu oğurlanmışdır. Bütün bu zorakı halları mobil telefona çəkmişik və sübutlar əldədir. Nəsimi rayon prokurorluğundan cavab tələbinə heç bir reaksiya belə verilməmişdir. Dəyəri külli miqda olan cavabdehin yaşayış evi qəsdən dağıdaraq cavabdehi qışın şaxtalı bir vaxtında bayırda qoymuşlar. Həmin müqaviləni də “xxxx MTK”-nın rəhbərliyi təşkil etmişdir. ##.##.2023-cü il tarixdə saat 8 radələrində cavabdehin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi ** saylı evi qəsdən məhv etmiş “xxxx MTK”-nın üzü maskalı çoxsaylı işçiləri vəvideoya düşmüş polis əməkdaşlarının 1 nəfəri müəyyən edilərək AR CM-nin 186.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq istintaq aparılmış, cinayət işi hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır. İş üzrə hökm çıxarılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

44. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

45. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

46. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

47. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

48. Maddə 822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.

49. Maddə 827. Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir.

50. Maddə 823.1. Tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir.

51. Maddə 823.2. Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun.

52. Maddə 830.1. Əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir.

53. Maddə 830.3. Saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

64. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

65. Cavabdeh şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

66. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq müəyyən etmişdir ki, tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas ## ###### 2023-cü il tarixli “Malların anbarda saxlanması” müqaviləsi olmuşdur. Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, malları iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavilə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur.

67. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu cavabdeh məhkəmə iclasında verdiyi izahatla təsdiq etmişdir. Cavabdeh izahatında ona məxsus əşyaların iddiaçının əməkdaşlarına onun tərəfindən təhvil verildiyini, həmin əşyaların bir hissəsinin iddiaçıya məxsus konteynerdə olduğunu bildiyini, əşyaların saxlanması üçün ödəniş edilməli olduğunu təsdiq etmişdir. Bunlar işin mübahisəsiz halı olmaqla tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğuna dəlalət edir.

68. AR MPM-nin 106.3-cü maddəsində göstərilir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

69. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, AR Mülki Məcəlləsinin 822 və 827-ci maddələrində anbar saxlama müqaviləsinin yazılı qaydada bağlanması ilə bağlı məcburi forma şərti nəzərdə tutulmadığından malın tapşıran tərəfindən saxlayıcıya təhvil verilməsi və saxlayıcı tərəfindən saxlanca qəbul edilməsi faktı tərəflər arasında saxlama müqaviləsi ilə bağlı öhdəlik münasibətlərinin yarandığını təsdiq edə bilər.

70. Göründüyü kimi, ekspert rəyinə əsasən mübahisələndirilən müqavilədəki imzanın cavabdehə aid olub-olmamasına dair qəti nəticəyə gəlmək mümkün olmadığından, yuxarıda qeyd olunan müddəalardan və cavabdehin verdiyi izahat ilə malın tapşıran tərəfindən saxlayıcıya təhvil verilməsi və saxlayıcı tərəfindən saxlanca qəbul edilməsi faktı təsdiq edildiyindən kollegiya hesab etmişdir ki, cavabdeh müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.

71. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə iddia ərizəsində göstərilən cəriməni 2250 manat məbləğdə deyil, 750 manat müəyyən etməklə ağlabatan nəticəyə gəlmişdir.

72. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə saxlayıcı – iddiaçı tapşıranı - cavabdehi yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər.

73. Sözügedən müqavilənin göstərilən şərtinə əsasən, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

74. Cavabdeh ona məxsus əmlakların iddiaçıya məxsus anbarda saxlanılması üçün onun tərəfindən deyil, “xxxx” MTK tərəfindən sifariş verildiyini və ödənişlərin həmin MTK tərəfindən həyata keçirilməli olduğunu qeyd etsə də, apellyasiya məhkəməsi bu dəlili də əsaslı hesab etməməklə qeyd etmişdir ki, cavabdeh qeyd olunan hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

75. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, həqiqətən “xxxx” MTK-nin əməkdakşlarının təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi və mənəvi zərər dəyməsi təsdiq olunarsa, sonuncu ayrıca birinci instansiya məhkəməsində “xxxx” MTK qarşı iddia qaldıraraq bu barədə mübahisə aça bilər.

76. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar