Məhkəmə qərarları › İş №2(1-8)-1133/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1133/2026

03.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1133/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi və mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. X2” MMC ilə İddiaçı Mənsur qızı arasında ##.##.2021-ci tarixdə bağlanmış *** saylı müqavilə ilə sonuncu satınalmalar üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin II bəndinə əsasən müqavilə ##.##.2022-ci il tarixinədək bağlanmışdır.

2. Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə IR-***/** nömrəli əmrində göstərilmişdir ki, Cavabdeh MMC bölməsində satınalmalar üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı Mənsur qızı ilə bağlanılmış *******000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ##.##.2025-ci il tarixdən xitam verilsin.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin (bundan sonra – “cavabdeh”xxxx“MMC”) ##.##.2025-ci il tarixli, IR-***/** saylı qanunsuz əmrinin ləğv edilməsi və “Əmək və məşğulluq“ altsistemində (ƏMAS) müvafiq qeydiyyatın aparılması, iddiaçının işə bərpa edilməsi, əmək müqaviləsinə qanunsuz şəkildə xitam verildiyi ## ### 2025-ci il tarixdən işə bərpa edilən tarixədək hesablanmış əmək haqqı, dəymiş mənəvi zərərə görə 14 400 manat kompensasiyanın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsuma görə 133,20 manat, ilkin mediasiya prosesi üçün ödənilmiş rüsuma görə 50 manat olmaqla cəmi 183,20 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## #### 2022-ci il tarixdə iddiaçıya sosial məzuniyyət (hamiləliyə və doğuşa görə) verilmişdir. Uşağa bilavasitə qulluq edən iddiaçı, uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyət almaq hüququndan istifadə etmiş, bu məqsədlə ## #### 2022-ci ildə ilk sosial məzuniyyətin (hamiləliyə və doğuşa görə) müddəti bitdikdən dərhal sonra, 2023, 2024 və son dəfə 2025-ci illərdə isə yeni iş ilinin başlaması ilə əlaqədar iddiaçıdan sosial məzuniyyətin müddətinin uzadılması ilə bağlı müvafiq ərizələr alınmış və bu mövzuda cavabdehin tərəfindən əmrlər verilmişdir. ## ###### 2025-ci il tarixdə cavabdehin Insan resursları şöbəsinin məsul əməkdaşı iddiaçı ilə əlaqə saxlayaraq sosial məzuniyyətin 16 may tarixinədək uzadıldığı və onun ## ### 2025-ci il tarixdə işə çıxmalı olduğunu bildirmişdir. ## ### 2025-ci il tarixdə Satınalmalar şöbəsinin məsul əməkdaşı iddiaçıya müraciət edərək onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyini bildirmiş və “Əmək və məşğulluq“ altsistemində (ƏMAS) bu barədə iddiaçıya bildiriş göndərildiyini qeyd etmişdir. Cavabdehin bildirişində əmək müqaviləsinin müddətinin ## ####### 2022-ci il tarixdə bitdiyi bildirilmiş, qismən sosial məzuniyyətin bitdiyi ## ### 2025-ci il tarixdən iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməyəcəyi qeyd olunmuşdur. ## ### 2025-ci il tarixdə, iddiaçı bildiriş barədə məlumatı alan kimi, ƏMAS vasitəsilə həmin bildirişlə tanış olmuş və dərhal cavabdehə prosesin və bildirişin qanunsuz olduğu barədə ƏMAS vasitəsilə ətraflı cavab göndərmiş, cavabdeh iddiaçının müraciətini cavabsız qoymuş, onun işə çıxmasına şərait yaratmamışdır. ## ### 2025-ci il tarixdə, iddiaçı işə çıxmadığı halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) qanunsuz şəkildə xitam vermişdir. Cavabdeh ## ### 2025-ci il tarixdə, saat 23:30-da kuryer vasitəsilə iddiaçıya rəsmi məktub göndərmiş, əmək kitabçasının poçtla göndərilməsinə münasibət bildirilməsini xahiş etmişdir. Şifahi və elektron məktubla təsdiq edilməsinə baxmayaraq əmək kitabçasının verilməsindən imtina olunmuş, əsassız şəkildə iddiaçının cavabdehin fəaliyyət göstərdiyi ünvana gəlməsi tələb olunmuşdur. 23 may tarixində X1 Xidmətinə şikayət edildikdən və ## ### 2025-ci il tarixdə cavabdehin Insan resursları funksiyasının rəhbəri Anar Mikayılovla ciddi müzakirədən sonra, nəhayət ki, əmək kitabçası ## ### 2025-ci il tarixdə saat 18:30-da iddiaçıya poçt vasitəsilə təqdim olunmuşdur. Dəfələrlə tələb edilməsinə və şikayət edilməsinə baxmayaraq, bugünədək cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə ## ### 2025-ci il tarixli qanunsuz əmrin surəti iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. ## #### 2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə ## ### 2025-ci il tarixli qanunsuz əmrin elektron çıxarışı (surəti) Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən iddiaçıya təqdim olunmuşdur. ## #### 2025-ci il tarixdə iddiaçı tərəfindən mediasiya üçün müraciət olunmuşdur. Ilkin mediasiya sessiyasında cavabdeh törətdiyi əməlin qanunsuz olduğunu etiraf etmiş, qeyri-rəsmi barışıq və iddiaçıya onu dərhal işə bərpa etməyi və iddiasından imtina etməyi təklif etmiş (yeni əmək müqaviləsi ilə), hər hansı təzminat ödəməkdən imtina etmiş, mediasiya sessiyasının baş tutmamasına üstünlük vermişdir.

5. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, ilkin danışıqlar əsnasında iddiaçının arqumentləri və qanunvericilikdə əmək müqaviləsinin müddətin qurtarması əsası ilə ləğvi zamanı ikimənalı anlaşıla biləcək məqamların və boşluqların olması nəzərə alınaraq, mübahisənin böyüməsinin qarşısını almaq naminə cavabdeh barışığa getməyə belə razı vəziyyətə gəlmiş, lakin üzbəüz danışıq aparılmadığı və iddiaçı, habelə onun nümayəndəsi görüşlərdən imtina etdiyi üçün barışıq əldə edilməsi mümkün olmamışdır. Yəni iddiaçı özü barışıq əldə edilməsinə nail olmaq üçün lazımi addımları atmamış və faktiki olaraq mübahisəni uzatmaq istəmişdir. Belə ki, mediasiya sessiyası zamanı qeyd edilən faktorlara əsaslanaraq cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvinə, işə bərpaya və işə bərpa edilən tarixədək hesablanmış əmək haqqının kompensasiyasına razılıq vermişdir. Iddiaçı ilkin olaraq niyyətinin yalnız bundan (əmrin ləğvi, işə bərpa və işə bərpa edilən tarixədək hesablanmış əmək haqqının kompensasiyası) ibarət olduğunu bildirmişdir. Cavabdehin razılığa gəlmək niyyətinin olduğunu aşkar etdikdə iddiaçı birdən-birə mənəvi zərərdən bəhs etmiş və 6 aylıq əmək haqqına bərabər məbləğdə mənəvi zərərin ödənişini tələb etmişdir. Cavabdeh bunun tamamilə əsassız olduğunu bildirdikdə isə 2 aylıq əmək haqqına bərabər məbləğdə mənəvi ziyanın əvəzini tələb etmiş, lakin cavabdeh bununla da razılaşmadıqda və mənəvi ziyan vurmadığını bildirdikdə düşünmək üçün mediatordan 1 həftə vaxt istəmiş və çox güman ki razılığa gələcəyini bildirmişdir (yəni mənəvi zərərin kompensasiyası tələb olunmadan). Lakin nə düşünüb-daşınmışdırsa, sonrakı mediasiya sessiyası zamanı yenidən mənəvi zərər məsələsinə fokuslanmışdır. Iddiaçının əmək müqaviləsinin müddəti xitam əmri ləğv ediləcəyi və iddiaçı işə bərpa olunacağı təqdirdə ## ####### 2025-ci il tarixində başa çatır. Faktiki vəziyyət belə göstərir ki, iddiaçı həmin tarixədək faktiki olaraq 1 gün belə işləmədən, 16 may-25 oktyabr aralığını əhatə edən dövr üçün əmək haqqı və hələ üstəlik mənəvi zərərin əvəzini almaq fürsətini güdür. Məhkəmə qətnaməsi qəbul edilənədək müəyyən bir zaman da ötəcək və iddiaçı məhkəmənin mövqeyi işə bərpa yönündə olacağı təqdirdə məqsədlərini gerçəkləşdirə biləcək. Halbuki real olaraq əmək funksiyalarını yerinə yetirmək niyyətində olan tərəf bundan öncəki iki mərhələdə barışıq əldə edərdi (mənəvi zərərin ödənişi tələbini irəli sürmədən). Xüsusilə vurğulanmalıdır ki, 1000 işçidən artıq geniş bir heyəti və bazarda yüksək işgüzar nüfuzu olan şirkəti bu günədək bir işçi belə məhkəməyə verməmişdir. Bu, ondan xəbər verir ki, şirkətimiz daim işçilərin hüquqlarına hörmət edən, onları qoruyan və pozmaqdan çəkinən bir hüquqi şəxsdir.

6. Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – N.Abbasov) ilə iddia tələbi qismən təmin edilərək MMC-nin ##.##.2025ci il tarixli IR-***/** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının “Satınalmalar üzrə mütəxəssis” vəzifəsinə bərpa edilməsi, iddiaçıya ##.##.2025-ci il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqının ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin və 133,2 manat dövlət rüsumunun MMC-dən alınaraq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti ##.##.2025-ci il tarixinədək olmasına baxmayaraq işçi sosial məzuniyyətdə olduğu halda işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Buna görə də həmin əmr ləğv edilməklə iddiaçı işə bərpa edilməlidir.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozulduğundan iddiaçıya işə çıxdığı günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir.

9. Məhkəmə iddianın mənəvi zərərlə bağlı hissəsinə münasibətdə vurğulamışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən o, sosial məzuniyyətdə olmuş, gözlənilməz məhrumiyyətlə qarşılaşmamış, mənəvi sarsıntı və iztirab çəkməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən əmrin verilməsindən 3 gün sonra və mediasiya prosesində iddiaçıya yeni müqavilənin bağlanmasını təklif etməsi mümkün ola biləcək sarsıntıların qarşısını almağa yönəlmiş hərəkətlər kimi qəbul edilməlidir. Odur ki, iddiada göstərilənlər mənəvi ziyanın ödənilməsi üçün əsas hesab edilə bilməz.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 26(İ hissə), 35 (II hissə), Əmək Məcəlləsinin 2.1, 11.1 (“b” bəndi), 45.1, 45.5, 68.2 (“b” bəndi), 73.1, 111.1, 300, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 89.1 və 217.4-cü maddələrinə, eləcə də “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ###### 2008-ci il tarixli * saylı qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd edilən hissəsində ləğv edilməsi, iddianın həmin hissədə tam təmin edilməsi və 14 400 manat mənəvi ziyana dair məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin ##.##.2025-ci il tarixli qanunsuz əmri ilə sosial məzuniyyətdən yeni qayıtmış iddianın təkcə əmək hüquqları pozulmamış, həm də ona mənəvi ziyan vurulmuşdur. Belə ki, iddiaçı himayəsində azyaşlı uşaq olduğu halda gözlənilməz və hüquqazidd şəkildə işsiz vəziyyətə salınmış, bu müddətdə iddiaçı hüquqi qeyri-müəyyənlik, narahatlıq, stress, iztirab, maddi və sosial çətinliklərlə üz-üzə qalmışdır. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçının əmək hüquqlarını pozaraq onunla olan əmək müqaviləsinə qanunsuz olaraq xitam verdiyini təsdiq etsə də, mənəvi zərərin mövcud olmadığını müəyyən etmişdir. Halbuki iddiaçı 3 il ərzində qismən ödənişli sosial məzuniyyətdə olduğu dövrdə qanunsuz olaraq işdən azad edilmiş, cavabdeh tərəfindən onun işə çıxmasına qəsdən imkan verilməmiş, əmək kitabçası günlərlə təqdim edilməmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, iddiaçı “gözlənilməz məhrumiyyətlə qarşılaşmayıb”. Lakin iş materiallarından görünür ki, iddiaçıya ## ### 2025-ci il tarixində, iddiaçı işə çıxmağa hazırlaşdığı vaxtda ona birdən-birə bildirilmişdir ki, onunla olan əmək müqaviləsinə xitam veriləcəkdir; iddiaçı cavabdehə bildiriş müddətinə düzgün əməl etmədiyini xatırlatsa da, onunla olan əmək müqaviləsinə ## ### 2025-ci il tarixində qanunsuz olaraq xitam verilmiş, qanunsuz əmrin surəti iddiaçıya təqdim edilməmiş, iddiaçı tərəfindən yalnız DOST Agentliyi vasitəsilə 1 ay sonra əldə edilmiş, bu müddət ərzində iddiaçı hüquqsuz, qeyrimüəyyən vəziyyətdə saxlanılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: A.Imanov – sədrlik edən və məruzəçi, A.Isgəndərov və S.Səlimova).

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşmış, qətnamə birinci instansiya məhkəməsinin mövqeyi ilə eyni məzmunda əsaslandırılmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

15. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Qərarları üzrə - apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək hüquqlarının məhdudlaşdırılması nəticəsində yaranmış mənəvi sarsıntıları nəzərə almayaraq mənəvi zərərin həcmini mütənasiblik və ədalətlilik baxımından qiymətləndirməmişdir. Həmçinin, cavabdehin qanunsuz əmrinin iddiaçıda yaratdığı həyəcan, stress və gərginliyə dair iddiaçının dəlillərini nəzərə almamışdır.

17. Mülki Prosessual Məcəllənin 106.1, 217.4 və 376.2-ci maddələri üzrə - məhkəmə sübutları hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edə bilməyən iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasının təxirə salınması barədə ərizəsini nəzərə almayaraq məhkəmə iclasını iddiaçı tərəfin iştirakı olmadan keçirmiş və yekunlaşdırmış, iddiaçı tərəfin dinlənilməsini həyata keçirməyərək onu apellyasiya şikayətinin dəlillərini əsaslandırmaq hüququndan məhrum etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi könüllü icra olunmuş, iddiaçının əvvəl tutduğu vəzifəyə işə bərpası təmin edilmiş və əmək funksiyalarını icra etməsi üçün bütün zəruri şərait yaradılmışdır. Lakin buna baxmayaraq, iddiaçı faktiki olaraq iş yerinə gəlməmiş, əmək funksiyalarını icra etməmiş və işə çıxmamasını əsaslandıran hər hansı üzrlü səbəb təqdim etməmişdir. Bu hal iddiaçının həm iddia ərizəsində, həm də kassasiya şikayətində irəli sürdüyü arqumentlərlə, xüsusilə də mənəvi zərər iddiaları ilə açıq ziddiyyət təşkil edir. Çünki əmək münasibətlərinin bərpası üçün real imkan yaradıldığı halda, iddiaçının bu imkandan istifadə etməməsi onun əsas məqsədinin işə qayıtmaq deyil, əlavə kompensasiya tələblərinin irəli sürülməsi olduğunu göstərir. Bundan əlavə, kassasiya şikayətində maddixxxxprosessual hüquq normalarının konkret olaraq hansı şəkildə pozulduğu əsaslandırılmamış, yalnız ümumi və deklarativ xarakterli iddialar irəli sürülmüşdür ki, bu da şikayətin hüquqi baxımdan əsassız olduğunu göstərir. Ona görə də kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

19. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması...

20. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıdaxxxxelektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılırxxxxbu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

21. Maddə 111.1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, sonuncu əmək haqqından az olmamaqla, orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarı

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlməxxxxqanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır...

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmasıxxxxdüzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasıxxxxdəyişdirilməsi üçün əsas yoxdur.

31. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Iddiaçının kassasiya şikayətinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman və apellyasiya şikayətində də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

33. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki hallarının düzgün araşdırılmaması, bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

34. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar