Məhkəmə qərarları › İş №2(1-8)-1138/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1138/2026

24.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1138/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh X1rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ## ####### 2015-ci il tarixdə İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun * saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reablitasiya Mərkəzinə mühasib vəzifəsinə işə qəbul edilmişdir.

2. ## ###### 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 912 nösrəli Fərmanı ilə Dövlət Məşğulluq və Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyi ilə yanaşı Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi və Nazirliyin yanında xxxx yaradılmışdır.

3. ## ###### 2020-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

4. ## ######## 2020-ci il tarixdə İddiaçı müraciətinə əsasən o, 3 ay müddətinə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında xxxxnin tabeliyində Əlilliyi olan şəxslərin Peşə- X5 təsərrüfat və xidmət şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir.

5. ## #### 2025-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə) xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh AR Əmək və Əhalinin Sosial İüdafiəsi Nazirliyi tabeliyində xxxx X1 (bundan sonra- cavabdeh və ya işəgötürən) qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma müddəti üçün ## #### 2025-ci il tarixdən işə bərpa olunacağı günədək əmək haqqının və ödənilməli olan digər pul vəsaitlərinin hesablanaraq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. ## ####### 2025-ci il tarixdə iddiaçı həmçinin iddia tələbi üzrə buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, ## #### 2025-ci il tarixdə işəgötürən onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə) xitam verərkən əmək qanunverciliyinin tələblərini pozmuşdur. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olmuşdur. Onunla əmək müqaviləsi 10 ildən artıq müddətə davam etmişdir. Belə olan halda işəgbtürənin onunla əmək müqaviləsini müəyyən müddətə bağlaması qanunsuz olmuşdur.

9. Cavabdeh isə iddiaya dair yazılı etirazını, eləcə də iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, etiraz ərizəsini onunla əsaslandırmışdır ki, sözügedən Fərmanın 5.1-ci bəndində digər qurumlara münasibətdə hüquqi varislik ilə əlaqədar məsələlərə toxunulduğu halda, Nazirliyin tabeliyində xxxxnə münasibətdə qeyd edilən hal vurğulanmamışdır. Beləliklə, yekun olaraq bildiririk ki, Nazirliyin tabeliyində xxxx Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi deyildir. Nazirliyin tabeliyində xxxxnin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən xxxx sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” AR Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığa götürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bildirirlər ki, iddiaçının müraciəti əsasında iddiaçı ilə Nazirliyin tabeliyində xxxx arasında ##.##.2020-ci il tarixində AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən qarşılıqlı razılıq əsasında əmək müqaviləsi 3 ay müddətinə bağlanılaraq o, Nazirliyin tabeliyində xxxxnin tabeliyində olan Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya Mərkəzinə təsərrüfat və xidmət şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsinə bir neçə il ərzində əlavə və dəyişikliklər edilməklə əmək müqaviləsinin müddəti uzadılmış və ümumilikdə əmək müqaviləsinin müddəti 4 il 6 ay olmuşdur. Tərəflər arasında bağlanılmış ## ######## 2020-ci il tarixli əmək müqaviləsinin şərtləri, müddətli xarakter daşıması iddiaçıya işlədiyi dövr ərzində aydın olmuş və müqavilə onun tərəfindən imzalanmışdır. İşçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı işəgötürən tərəfindən qanuni əsası olmayan hərəkət mövcud olmamış, işçi ilə əmək münasibətlərinə qanunun yol verdiyi əsaslarla və qaydada xitam verilmişdir. Göründüyü kimi, tərəflər arasında daha əvvəl müddətsiz əmək münasibətləri mövcud olmadığından, iddiaçı ilə AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanmasında hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən də əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq xitam verilməsi qanuni hesab edilməlidir. Həmin maddəyə əsasən müddətli əmək müqaviləsinə xitam vermək hüququ yalnız işəgötürənə verilməmişdir. Bu hüquq həm də işçiyə aiddir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitmə əsası ilə xitam verilməsi işəgötürən tərəfindən hüquqdan sui-istifadə halı deyildir. Eyni zamanda iddiaçı, AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində qeyd edilən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işç hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, 1 təqvim ayı müddətində məhkəməyə müraciət etmədiyinə görə iddia müddətini ötürmüşdür. İddiaçı, əmək müqaviləsinə xitam verildikdən 29 gün sonra yəni ## ##### 2025-ci il tarixdə mediasiyaya müraciət etmiş və həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. ##.##.2025-ci il tarixdə isə Bakı * saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edildikdən sonra iddia müddətinin axımı yenidən davam etmişdir. Bundan sonra iddiaçı 4 ay 3 gün sonra, yəni ## ######## 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız tələb irəli sürərək qanunvericiliklərdə nəzərdə tutulan iddia müddəti ilə (1 təqvim ayı) bağlı tələbləri pozmuşdur. Yuxarıda qeyd olunanları və AR Mülki Məcəlləsinin 375-ci maddəsinin rəhbər tutaraq, iddiaçının cavabdehə qarşı iddia tələblərinin iddia müddətinin keçməsi əsasına görə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia təmin edilərək, iddiaçı tərəfindən iddia müddətinin buraxılmasının üzrlü hesab edilməsi və buraxılmış müddətin bərpa edilməsi, işəgötürənin ## #### 2023- cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının cavabdehdə təsərrüfat və xidmət şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə ## #### 2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ona ödənilməmiş əmək haqqının (əlavələr və mükafatlar daxil olmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ## ####### 2015-ci il tarixdə * saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya Mərkəzinə mühasib vəzifəsinə işə qəbul edilmişdir. ## ###### 2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ## ######## 2020-ci il tarixdə cavabdehin Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya Mərkəzinə təsərrüfat və xidmət şöbəsinin şöbə müdiri (yardımçı şöbə) vəzifəsinə təyin edilmiş və əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. İşəgötürənin ## #### 2025-ci il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış ## ######## 2020-ci il tarixli əmək müqaviləsinə müddətinin bitməsi əsasına görə ## #### 2025-ci il tarixdən xitam verilmiş və iddiaçı ## #### 2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olmuşdur. ## ##### 2025-ci il tarixdə iddiaçı mediasiya prosedurasına başlamış və ## ##### 2025-ci ildə ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə ona arayış tərtib edilmişdir. İddia ərizəsi isə məhkəməyə ## ######## 2025-ci il tarixdə təqdim edilmişdir.

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən AR Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır.

13. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda, işçinin müddətsiz əmək müqaviləsi əsasında çalışdığı halda işdən azad edilərək, onun yeni qurumda qısa müddətli əmək müqaviləsi ilə eyni və ya oxşar işə götürülməsi AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. İşçinin hüquqlarının daha etibarlı qorunması üçün qanunvericilik bir sıra təminatlar nəzərdə tutmuşdur ki, bunlardan biri də tərəflərin razılığı əsasında müddətli əmək müqaviləsinin bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

14. Hazırkı işdə “qarşılıqlı razılıq” mövcud olmamış və iddiaçının bu cür dəyişikliyə getməsi ağlabatan səbəblə izah oluna bilməz, yəni razılıq işəgötürənin təzyiqi altında bağlanmış hesab olunur. Mübahisə yarandıqda isə mütləq araşdırılmalıdır ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə razılıq əldə edilib-edilməyib.

15. Hazırda işəgötürən, “müddətli əmək müqaviləsi qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub” iddiasını irəli sürmüşdür, lakin tərəflərin hüquq bərabərliyi prinsipi pozulduğundan bu əsas qanuni hesab edilə bilməz. İşçinin müqaviləsinin müddətli və ya müddətsiz bağlanması əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakterindən asılı olmalıdır.

16. Cavabdehin iddiaçını müddətli müqaviləyə keçirmə zərurəti isə işdən görünmür və əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasına dair ayrıca tələbə ehtiyac yoxdur; bu məsələ iddia tələbinin mahiyyətindən irəli gəlir.

17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən hazırlıq iclaslarında 2020-ci ilin avqustsentyabr aylarında bağlanmış anoloji müqavilələr üzrə (əgər varsa) 3 aylıq deyil, fərqli müddətə bağlanmış əmək müqavilələr məhkəməyə təqdim edilməmişdir. Burada məqsəd odur ki, hazırki mübahisə üzrə faktiki halları digər işçilərin əmək müqavilələri üzrə müddətlə qarşılaşdırmaqla həmin müqavilələr üzrə müəyyən edilmiş müddətin işçinin iradəsini ifadə edib-etmədiyini müəyyən etmək olmuşdur. Yəni, əgər bağlanmış müqavilə həqiqətən də işçinin iradəsini ifadə edirsə (müddətlə bağlı hissədə) ondan cavabdehdə işləyən işçilərin iradəsi standart formada eynilik təşkil edə bilməz. İradə ifadəsi şəxslərə görə fərqləndiyindən müqavilə müddətlərində də əsaslı olaraq cüzi də olsa (4-5-6-8-9 ay və s.) fərq olmalıdır. Lakin, cavabdeh qurum tərəfindən fərqli müddətə bağlanmış digər müqavilə(lər) məhkəməyə təqdim edilməmişdir.

18. Bu səbəbdən, məhkəmə prezumpsiya olaraq qeyd etmişdir ki, fərqli müddətə bağlanmış müqavilə cavabdeh qurumda mövcud deyildir. Deməli, hazırki mübahisə üzrə əmək münasibətləri üzrə 3 aylıq müddətin müəyyən edilməsi işçinin deyil, işəgötürənin iradəsini ifadə edir.

19. Məhkəmə onuda qeyd etmişdir ki, iddiaçı uzun illər cavabdehlə (hüquqi varislik nəzərə alınmaqla) əmək münasibətlərində olmuş, barəsində heç zaman intizam tənbehi tətbiq edilməmiş işçinin hazırki şəraitdə işdən çıxarılması qanuni və əsaslı hesab edilə bilməz.

20. Məhkəmə əlavə olaraq onu da qeyd etmişdir ki, müqavilə üzrə faktiki olaraq üstün tərəf işçi olmuşdur. İşçi ilə işəgötürən arasında faktiki olaraq 5 ildən artıq müddətə davam etməsi xüsusiyyəti qəbul edilmişdir. Lakin, hazırki mübahisə üzrə hüquqi baxımdan fasiləsizlik mövcud deyil.

21. Belə ki, fasiləsiz (günə-gün) 5 illik müddət ## ######## 2025-ci il tarixdə tamam olacaqdır. Struktur dəyişiklikləri ilə əlaqədar iddiaçının əmək münasibətlərinə xitam verilməsi formal xarakter daşısa belə, qanunun normasının hərfi mənasına şərtsiz əməl edilməli, normanın mənası hədsiz formada genişləndirilməməlidir. Qanunun normasının şərhi isə qarşıya qoyulan məqsədlərə uyğun aparılmalı, normanın mahiyyətinə zidd şəkildə gərəksiz genişləndirmə və ya məhdudlaşdırılmaya yol verilməməlidir. Əks halda, “hüquqi müəyyənlik” prinsipinin şərtləri pozulmuş olacaqdır.

22. Məhkəmə həmçinin qeyd etmişdir ki, 1 aylıq iddia müddəti iddiaçı tərəfindən 4 aydan artıq müddətə ötürülmüşdür. Cavabdeh məhz bu əsasla iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişdir.

23. Məhkəmə öz hüquqi mövqeyini AR Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 45, 47ci maddələrinin, 68-ci maddəsinin (b) bəndinin, 73-cü maddəsinin 1-ci hissəsinin, 296-cı maddəsinin 2-ci hissəsinin, 296-cı maddəsinin 4-cü hissəsinin, Mülki Məcəllənin 375.2-ci maddəsinin, “Mediasiya haqqında” AR Qanunun 35.1, 35.2-ci maddələrinin, habelə MPM-nin 14.2, 77.1-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti iddia ərizəsinə verilən etiraz ərizəsinin və iddia müddətinin tətbiq edilməsi dair ərizənin məzmununa uyğun əsaslandırılmışdır.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə sədrlik edən, məruzəçi, Vahid Sadıqov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddiaçının cavabdehə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddiası rədd edidlmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ## ####### 2015-ci il tarixdə * saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya Mərkəzinə mühasib vəzifəsinə işə qəbul edilmişdir. ## ###### 2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ##.##.2020-ci il tarixdə cavabdehin Əlilliyi olan şəxslərin Peşə-əmək reabilitasiya Mərkəzinə təsərrüfat və xidmət şöbəsinin şöbə müdiri (yardımçı şöbə) vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. İşəgötürənin ## #### 2025-ci il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış ## ######## 2020-ci il tarixli əmək müqaviləsinə müddətin bitməsi əsasına görə ## #### 2025-ci il tarixdən xitam verilmişdir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə ki, apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı hüquq normalarının tələblərini pozmuşdur. Çünki cavabdeh birinci instansiya məhkəməsinə ərizə verərək, iddiaçı tərəfindən AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş iddia müddətinin ötürülməsinə istinad etmiş və iddianın rədd olunmasını xahiş etmişdir.

30. İddia müddətinin tətbiqindən imtina edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Laçın rayonundan olan məcburi köçkündür və ailənin yeganə gəlir mənbəyidir. İddiaçı işdən çıxarıldıqdan sonra işəgötürənin hərəkətlərindən ölkənin ali vəzifəli şəxslərinə şikayətlər ünvanlamışdır. Həmin şikayətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, X4 tərəfindən iddiaçı ilə əlaqə saxlanılmış və ona müxtəlif iş təklifləri edilmişdir. Təkliflərdən biri əsasında iddiaçı Laçın rayonunda təşkil olunan əmək yarmarkalarında iştirak etmiş, ona Laçın rayonunda yerləşən hotellərin birində işlə təmin olunacağı bildirilmiş, onun kadr sənədləri toplanılmışdır. İddiaçının işlə təmin olunması mümkün olmamış, lakin cavabdeh tərəfindən bu hallar təkzib edilməmiş və əks arqumentlər barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, sözügedən qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olması və iddiaçıya iş təklif etməsi, hazırki iş üzrə cavabdehlə birbaşa əlaqəsi olmamaqla iddiaçıya qanunla müəyyən edilmiş 1 aylıq müddət ərzində məhkəməyə müraciət etməmək və keçən müddətin üzrlü hesab edilməsi üçün əsas ola bilməz.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya Laçın rayonunda yerləşən hotellərin birində işlə təmin olunacağı vədi verilsə də, iddiaçıya artıq 2025-ci ilin iyul ayının 25-26-sı işlə təmin edilməyəcəyi bildirilmişdir. Belə olan halda iddiaçının məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətindən yalnız 1 günü qalmışdır. Lakin iddiaçı həmin vaxtı da ötürərək 1 aydan artıq müddət keçdikdən sonra ## ######## 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

33. Məhkəmə kollegiyası həmin müddətdən sonra müraciətin gecikməsini uzun müddət işlədiyi müəssisə ilə məhkəmə müstəvisində üz-üzə gəlmək istəməməsi ilə izah edilmiş hesab etməmişdir. Ümumilikdə isə iddiaçı cavabdehin ##.##.2025-ci il tarixli əmri ilə işdən azad edilmiş, ##.##.2025-ci il tarixdə mediasiya prosedurasına başlamış, ##.##.2025-ci il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak etmədiyinə dair arayış tərtib edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı AR Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürmüş, bununla da birinci instansiya məhkəməsi iddia müddətinin hesablanması ilə bağlı maddi hüquq normalarını pozmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilməməlidir.

35. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Əmək Məcəlləsinin 79, 79.2, 79.3, 296.2, 296.3, 296.7-ci maddələrinə, habelə MPM-in 14.2,77 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ddiaçı işdən azad edildikdən sonra dövlət orqanlarına, o cümlədən Nazirliyə müraciət etmiş, nəticədə X4 tərəfindən onun işlə təmin olunacağına dair konkret tədbirlər görülmüş, iş təklifləri edilmiş, Laçın rayonunda yerləşən hotellərdən birində işlə təmin olunacağı bildirilmiş, sənədləri toplanmışdır. Bu hallar iddiaçıda əsaslı və obyektiv güvən yaratmışdır ki, onun problemi artıq dövlət səviyyəsində həll olunur və hüquqlarının bərpası məhkəmədənkənar qaydada təmin ediləcəkdir. Belə bir şəraitdə iddiaçının dərhal məhkəməyə müraciət etməməsi hüquqi passivlik hesab edilə bilməz, əksinə, dövlət orqanlarına etimadın və məsələnin həll olunacağına dair əsaslı gözləntinin nəticəsi olmuşdur. Belə olan halda iddiaçıya Nazirlik tərəfindən işlə təmin olunacağına dair yaradılmış real gözlənti və ona yeni iş təklifi veriləcəyi ilə bağlı aparılan tədbirlər səbəbindən iddiaçı həmin müddət ərzində məhkəməyə müraciət etmək imkanını obyektiv olaraq reallaşdıra bilməmişdir. Başqa sözlə, iddiaçı dövlət orqanının hərəkətlərinə güvənərək hüquqlarının məhkəmədən kənar qaydada bərpa olunacağına inanmış və bu səbəbdən qanunla müəyyən edilmiş müddətdən istifadə etməmişdir. Göstərilərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən AR Əmək Məcəlləsinin 296.6-cı maddəsində nəzərdə tutulan “digər obyektiv hallar” kimi düzgün iddia müddəti bərpa edilmiş, apellyasiya instansiyası isə həmin hallara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi tərəfindən AR Əmək Məcəlləsinin 296-cı maddəsinin müddəaları düzgün tətbiq edilməmişdir. Apellyasiya məhkəməsi formal olaraq fasiləsizlik olmadığını göstərməyə çalışmış, lakin hüquqi qiymətləndirmə yalnız texniki fasiləyə deyil, münasibətin mahiyyətinə verilmişdir. İşçinin eyni sistemdə, eyni istiqamətdə fasiləsiz əmək fəaliyyəti göstərməsi faktiki olaraq əmək münasibətlərinin davamlı olduğunu təsdiq etmişdir. Bu baxımdan əmək münasibətləri özözlüyündə müddətsiz xarakter almış, bunun üçün ayrıca məhkəmə qərarına ehtiyac olmamışdır. Hüquqi varisliyin əsas meyarı normativ aktda iradənin yazılıb-yazılmaması deyil, hüquq və öhdəliklərin faktiki yeni yaranmış hüquqi şəxsə keçməsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən, sosial xidmətlərlə bağlı hüquq və öhdəliklərin, habelə tabeliyində olan sosial xidmət müəssisələrinin əmlakı ilə birlikdə xxxxnə verilməsi faktı onun həmin münasibətlər üzrə hüquqi varis olduğunu açıq şəkildə təsdiq etmişdir. Buna görə də Fərmanda “hüquqi varis” ifadəsinin birbaşa göstərilməməsi həmin qurumun hüquqi varis olmaması kimi şərh edilə bilməz. Apellyasiya məhkəməsinin gəldiyi nəticə qanunun mahiyyətinə deyil, yalnız formal yanaşmaya əsaslanmışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdehin kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya məşkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

39. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

40. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

41. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda, məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

42. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

“Mediasiya” haqqında Azərbaycan Respublikasının Qanunu

44. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

45. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. İddiaçının kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

55. Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşagıdakılara görə apellyasiya məkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz.

56. Belə ki, işdən görünür ki, iddiaçı, ## ####### 2015-ci ildə cavabdehin Dövlət Sosial Müdafiə Fondunun * saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reablitasiya Mərkəzinə mühasib vəzifəsinə işə qəbul edilib. ## ###### 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” *** nömrəli Fərmanına əsasən, sözügedən Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs və xxxx yaradılıb. ## ###### 2020-ci ildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilib. ## ######## 2020-ci ildə iddiaçının müraciətinə əsasən o, 3 ay müddətinə cavabdehin tabeliyindəki Əlilliyi olan şəxslərin X2 Mərkəzinə təsərrüfat və xidmət şöbəsinə müdir vəzifəsinə təyin edilib. ## #### 2025-ci ildə işəgötürənin əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə) xitam verilib.

57. Hazırda iddiaçı, işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsasına görə xitam verərkən əmək qanunverciliyinin tələblərini pozduğunu, habelə digər obyektiv hallarla bağlı iddia müddətini üzrlü səbəblərdən ötürdüyünü göstərib, buraxılmış müddətin bərpa edilərək, iddia tələblərinin təmin olunmasını iddia edir.

58. Cavabdeh isə iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə müddətin qurtarması əsasına görə düzgün olaraq xitam verildiyini və hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməməklə iddiaçının iddia müddətini üzrsüz səbəblərdən ötürdüyünü göstərib, iddiaya etiraz edir.

59. Həmçinin işdən görünür ki, iddiaçı buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə, cavabdeh isə hazırkı əmək mübahisəsinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər.

60. Əvvəla, qanunverciliyə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa rədd edilir.

61. O, da qeyd olunmalıdır ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənibsöykənmədiyini müəyyən etmək işə baxan məhkəmənin vəzifəsidir. Çünki, hüququn tətbiqinə bilavasitə işə baxan məhkəmə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi məhkəmə üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “mənə faktları ver, sənə uyğun hüququ verim” (da mihi factum, dabo tibi ius) prinsipinə əsaslanır.

62. Bu baxımdan kassasiya məhkəməsi hesab edir ki, hazırkı mübahisənin qanuni əsası kimi ilk növbədə aşağıdakı normaların dispozisiya şərtlərinin nəzərdən keçirilməsi zəruridir və mübahisənin qanuni əsası kimi AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi, 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi, habelə 296-cı maddəsinin 2 və 6-cı bəndləri çıxış edir.

63. Həmin normaların mənasına görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanmasına yol verilir.

64. Göründüyü kimi iddiaçı İddiaçı, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumlarda ## ####### 2015-ci ildən mühasib, ## ######## 2020-ci ildən isə təsərrüfat və xidmət şöbəsində müdir vəzifəsində işləməklə, son 10 ilədək müddətdə əmək münasibətində oolub. Əmək funksiyasının yerinə yerilməsi şərtlərinə görə isə onun gördüyü iş daimi xarakterə malik olub.

65. Kassasiya məhkəməsi ilk növbədə hesab edir ki, əmək müqaviləsi üzrə işləyən iddiaçının struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır.

66. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işəgötürülməsi AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.

67. Çünki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulub. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

68. Bu nöqtəyi nəzərdən AR Əmək Məcəlləsinin 47-cimaddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı işdə mövcud olmayıb. Çünki, “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur.

69. Ona görə də, iddiaçının bu cür dəyişikliyə getməsi, yəni 4 il 10 ay işlədikdən sonra sözügedən Nazirliyin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumla yenidən 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlaması ağlabatan bir səbəblə izah olunmamaqla, iddiaçının könüllü razılığı kimi qəbul edilə bilməz və belə razılaşmanın əldə olunması əslində ## ######## 2020-ci il tarixli əmək müqaviləsinin bilavasitə işəgötürənin təzyiqi altında bağlanması nəticəsinə gəlməyə əsas verir.

70. Əgər əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır.

71. Çünki, hazırkı işdən görünür ki, əmək funksiyasının yerinə yerilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması işəgötürənə əvvəlcədən açıq-aşkar məlum olub və heç bir zərurət olmadığı halda işəgötürən iddiaçı ilə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlayıb və bununla da işəgötürən qabaqcadan hazırkı əmək mübahisəsindən özünü sığortalamağa çalışıb.

72. Eyni zamanda işdən görünür ki, işəgötürən sonuncu dəfə iddiaçı ilə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlasa da, həmin müqavilə üzrə əmək münasibətləri də 4 il, 6 ay müddətədək davam edib və 5 ilin tamamına 6 ay qalmış işəgötürən yenidən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsasına görə xitam verib.

73. Əlbəttə ki, əsas funksiyası bilavasitə vətəndaşların sosial müdafiəsini təşkil etməkdən ibarət olan bir qurumun işçilərlə bu qaydada müddətli əmək müqavilələri bağlaması başa düşülən deyil. Amma əslində bu təcrübə işəgötürənə, “arzuolunmaz” işçini əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad etmək üçün lazımdır.

74. Həmçinin işəgötürən, AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad edərək qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması qanunauyğun olmuşdur, çünki qarşılıqlı razılıq olub. Lakin, qeyd olunan maddədə “qarşılıqlı razılıq” ifadəsindən başqa, “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə” ifadəsindən istifadə olunub.Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir.

75. Göründüyü kimi, hazırkı işdə tərəflərin hüquq bərabərliyi prinsipi də pozulub. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisənin düzgün həlli və AR Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilmiş əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

76. Hazırkı halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümü xarakter daşımaması açıq-aşkar əvvəlcədən işəgötürənə məlum idi) çıxış edərək müddətli əmək müqaviləsinə keçilməsi işdən görünmür.

77. Digər tərəfdən, müddətli əmək müqaviləsinə xitam verilməsi işəgötürənin hüququ olsa da, hüquqdan sui-istifadəyə də yol verilmir və müqaviləyə xitam verilmənin əsası pərdələnməməli, işçinin əmək hüquqları işəgötürənin sərhədsiz mülahizə sərbəstliyi çərçivəsində pozulmamalıdır. Əmək qanunvericiliyində müəyyən edilmiş səlahiyyətlərdən yalnız qanunun qarşısına qoyduğu məqsədlərə çatmaq üçün istifadə etmək yolveriləndir. Dispozitivlik imkanı qanunun məqsədinə uyğun olmalı, subyektə sərhədsiz səlahiyyət verməməlidir (şəxsin hüququnun sərhəddi, digər şəxsin hüququnun pozulduğu yerdə bitir).

78. Nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə dispozitiv imkandan istifadə etmiş işəgötürən hakimiyyət subyekti olmaqla, həm də müqavilə üzrə faktiki olaraq üstün tərəf olmuşdur.

79. Ona görə də kassasiya məhkəməsi hesab edir ki, qeyd olunan hallar iddiaçı ilə müddətli əmək müqaviləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə bağlanması anlamına gəlməyə əsas vermir.

80. Digər tərəfdən, apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 1 aylıq iddia müddətini ötürüb və buraxılmış müddətin bərpa edilməsi üçün əsaslar yoxdur.

81. Apellyasiya məhkəməsi həmçinin qeyd edib ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı hüquq normalarının tələblərini pozub. Çünki, cavabdeh birinci instansiya məhkəməsinə ərizə verərək, iddia müddəti keçdiyi üçün iddiadan imtina barədə, iddiaçı isə ərizə verərək buraxılmış iddia müddətinin bərpa edilməsi barədə qərar çıxalırmasını xahiş etmişlər.

82. Birinci instansiya məhkəməsi buraxılmış müddəti bərpa edərkən müəyyən etmişdir ki, iddiaçı Laçın rayonundan məcburi köçkün olmaqla, ailənin yeganə qazanc gətirənidir. İşdən çıxarıldıqdan sonra iddiaçı işəgötürənin hərəkətlərindən ölkənin ali vəzifəli şəxslərinə şikayətlər edib. Həmin şikayətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Bundan sora X4 iddiaçı ilə əlaqə saxlayib və ona müxtəlif işlər təklif edib, hətta Laçın rayonunda yerləşən hotellərdən birində onun işlə təmin olunacağını bildirib və onun kadr sənədlərini toplayıb. Lakin sonda iddiaçı işlə təmin olunmayıb. Cavabdeh özü də bu halları təkzib etməyib və əks arqumentlər barədə sübutları məhkəməyə təqdim etməyib.

83. Apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd edib ki, sözügedən qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olması və iddiaçıya iş təklif etməsi, hazırkı iş üzrə cavabdehlə birbaşa əlaqəsi olmamaqla iddiaçıya qanunla müəyyən edilmiş 1 aylıq müddət ərzində məhkəməyə müraciət etməmək və keçən müddətin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Çünki, iddiaçıya Laçın rayonunda yerləşən hotellərin birində işlə təmin olunacağı vədi verilsə də, ona artıq 2025-ci ilin iyul ayının 25-26-sı işlə təmin edilməyəcəyi bildirilib. Belə olan halda iddiaçının məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətindən yalnız 1 günü qalıb. Lakin, iddiaçı həmin müddəti də ötürərək 1 aydan artıq müddət keçdikdən sonra, yəni ## ######## 2025-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət edib.

84. Əvvəla, kassasiya məhkəməsi apellyasiya məhkəməsinin hüquqi mövqey ilə razılaşmır və hesab edir ki, iddia müddətinin ötməsi hər bir halda hüququn müdafiəsindən imtina üçün əsas deyildir. Müddətin ötməsi üzrlü səbəblərlə bağlı olduqda qanun onun bərpasını mümkün sayır.

85. İddia müddətinin bərpasının mənası odur ki, iddia müddətinin keçməsinə baxmayaraq, məhkəmə pozulmuş hüququ müdafiə edir.

86. Qanunun mənasına görə iddia müddətinin bərpası imkanı ancaq iki şərt daxilində mümkündür: a) iddia müddəti yalnız fiziki şəxslər üçün bərpa edilə bilər; b) müddətin bərpası üçün üzrlü səbəblər olmalıdır.

87. Nəzərə alınmalıdır ki, qanunda göstərilən üzrlü səbəblərin siyahısı tam deyil və fiziki şəxslər başqa üzrlü hallara da istinad edə bilərlər. Məsələn: Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri” adlanan 296-cı maddəsinin 6-cı hissəsində üzrlü səbəblər sırasında- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və başqa obyektiv səbəblər göstərilib.

88. Apellyasiya məhkəməsi iddiaçının 1 aylıq iddia müddətini üzrlü səbəblərdən ötürməsinə dair irəli sürdüyü arqumentlərlə bağlı lazımi araşdırma aparmayıb. Belə ki, həm xxxx, həm də Dövlət Məşğulluq Xidməti bilavasitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumlardır və Nazirlik onların fəaliyyətinə birbaşa nəzarət edir. İddiaçının şikayətlərində olan halların aradan qaldırılması üçün Nazirliyin bir qurumu tərəfindən onun işlə təmin olunacağı barədə əsaslı vədlərin verilməsi, lakin sonradan hansısa səbəblərdən həmin vədin yerinə yetirilməməsi və nəticədə qanunla müəyyən edilmiş müddətin iddiaçıdan asılı olmayaraq keçməsi, buraxılmış müddətin üzrlü sayılaraq bərpa edilməsi üçün əsas ola bilər.

89. Apellyasiya məhkəməsi iddia müddətinin ötürülməsi səbəblərini işin faktiki halları ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırmadan, yuxarıda sadalanan normaların tələblərini pozub. Halbuki, yuxarıda sadalanan normaların mənasına görə, işə baxan məhkəmə iddia müddətinin ötürülməsi səbəbini üzrlü saydığı hallarda iddia müddətini bərpa etməklə şəxsin pozulmuş hüququnu müdafiə edə bilər.

90. Digər tərəfdən, dövlətin sosial (daxili) siyasətində əsas yer tutan hallardan biri də işçilərin əmək hüquqlarının müdafiəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhz bu funksiyanı icra edir. Nazirlik özü də işçilərin əmək hüquqlarının müdafiəsində maraqlıdır. Hazırkı situasiyada isə mümkündür ki, obyektiv səbəblərdən iddiaçının işlə təmin edilməsi mümkün olmayıb, lakin bunun özü də Nazirliyin tabeçiliyində olan yuxarıda qeyd edilən qurum tərəfindən təmin edilməyib. Buna görə də eyni Nazirliyin qurumlarının fəaliyyəti ilə bağlı anlaşılmazlığın neqativ yükünün işçinin üzərinə qoyulması ədalətli hesab edilə bilməz və bu hal iddia müddətinin tətbiq edilməsinin məqsədinə də xidmət etmir.

91. İddia müddətinin tətbiq edilməsinin məqsədi- iddiaçının hüquqlarını operativ qaydada qorumaqda maraqlı olmasının, iddiaçının hüquqi baxımdan intizamsızlığının aradan qaldırılmasının təmin edilməsidir. Hazırkı işdə, iddiaçı işəgötürənin də tabe olduğu Nazirliyin tabeliyində olan digər dövlət qurumuna arxayın olub və nəticədə iddia müddətini ötürüb.

92. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən AR Əmək Məcəlləsinin 296cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan “digər obyektiv hallar”, habelə qanunda göstərilən üzrlü səbəblərin siyahısının tam olmaması və fiziki şəxslərin başqa hallara da istinad edə bilmələri nəzərə alınmaqla, iddiaçının iddia müddətini üzrlü səbəblərdən ötürübötürməməsinə bir daha düzgün hüquqi qiymət verilməlidir.

93. Belə ki, norma varsa, normanın şərhi də hüququ tətbiq edən məhkəmə tərəfindən həyata keçirilə bilər. Lakin, burada əsas məsələ şərhin normanın və qanunvericiliyin məqsədlərinə uyğun formada həyata keçirilməsindən ibarətdir.

94. Hazırkı mübahisənin faktiki halları imkan verir ki, iddia müddətinin ötürülməsi işə baxan məhkəmə tərəfindən üzrlü səbəblərdən baş verdiyi nəticəsinə gəlinsin, çünki iddiaçı sırf əmək müqaviləsinin müddətinin bitməsi əsasına görə işdən çıxarılıb. Yəni, iddiaçı digər ciddi intizam pozuntuları ilə işdən çıxarılmış olsa idi, məhkəmə işəgötürənin mənafeyini xüsusi diqqətə almaqla müddətin bərpa olunması məsələsinə daha həssas formada hüquqi qiymət verərdi.

95. Göründüyü kimi, apellyasiya məhkəməsinin gəldiyi nəticə qanunilik və əsaslılıq baxımından AR MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, bu normanın mənasına görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

96. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

97. Kassasiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, iddiaçının kassasiya şikayətində göstərdiyi digər dəlilləri də müzakirə edərək hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə qaytarılmalıdır.

98. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar