Məhkəmə qərarları › İş №2(1-8)-1146/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1146/2026

10.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1146/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri, A.M.Şərifzadə küçəsində yerləşən ümumi sahəsi 79,3 kv.m olan 2 otaqlı *** saylı fərdi yaşayış evi və yerləşdiyi 0,029480 ha torpaq sahəsi hər birində 1/3 pay olmaqla tərəflərin və cavabdeh1 paylı mülkiyyətindədir.

2. İddiaçı ilə cavabdeh1 arasında bağlanmış notarial qaydada təsdiq edilmiş ##.##.2024-cü il tarixli razılaşma müqaviləsinə əsasən, qeyd edilən fərdi yaşayış evinin üç paylı müliyyətçisindən iki tərəf olaraq razılaşır ki, naturada bölgü aparılması zamanı İddiaçı faktiki istifadəsində olan 137 kv.metr torpaq sahəsi və 36.8 kv.metr tikili İddiaçı pay hissəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına razıdırlar. Tərəflər razılaşır ki, bəhs edilən fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan hissəsində cavabdeh1 məxsus payın bir hissəsi də var. Həmin hissəni tərəflər 39 kv.metr torpaq sahəsi olaraq müəyyən edirlər. Tərəflər razılaşır ki, cavabdeh1 məxsus payın qalan hissəsi digər payçı mülkiyyətçi olan cavabdeh2 arasında müəyyən edilməlidir. Tərəflər razılaşır ki, fərdi yaşayış evinin X1 faktiki istifadəsində olan 137 kv.metr torpaq sahəsi və 36 kv.metr tikili hissəsi ilə bağlı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra belə söküntüyə məruz qaldığında, 39 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan qeydiyyatdan keçməmiş tikintilərə dair veriləcək kompensasiya məbləği cavabdeh1 məxsusdur və həmin hissəyə görə kompensasiya cavabdeh1 çatmalıdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və daşınmaz əmlakın dövlət reyestrində hərəsi 1/3 pay hissəsi olmaqla İddiaçı, cavabdeh1, cavabdeh2 adına qeydiyyata alınmış mülkiyyətdə olan 0,029480 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79,30 kv.m. təşkil edən *** saylı evin -137 kv.m. torpaq sahəsi və fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının İddiaçı; - 1/3 hissə cavabdeh2; - 1/3 hissədən qalan hissəsinin cavabdeh1; olmaqla pay hissələri kimi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir 4.Iddiaçı işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində hərəsi 1/3 pay olmaqla İddiaçı, cavabdeh1 və cavabdeh2 mülkiyyətində qeydiyyatda olan 0,029480 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 79,30 kv.m olan *** saylı fərdi yaşayış evi faktiki olaraq ayrı-ayrı hissələrdən ibarət olmaqla istifadə edilir. Belə ki, evin və torpaq sahəsinin faktiki bölgüsünə əsasən 137 kv.m torpaq sahəsi və fərdi yaşayış evinin 16,8 kv.m və 22 kv.m sahəyə malik iki otağı İddiaçı istifadəsindədir. Əmlakın iddia tələbində qeyd edilən qaydada naturada bölgüsü xahiş olunur.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-*(***)-***/**** nömrəli iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Oruclu Aydan) iddia təmin edilməmişdir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 294.8 kv.m (0.029480 ha) olan torpaq sahəsindən iddiaçının payına düşən sahənin 98.27 kv.m (0.009827 ha), ümumi sahəsi 79.3 kv.m olan fərdi yaşayış evindən iddiaçının payına düşən sahənin 26.44 kv.m olduğunu, faktiki olaraq istifadəsində olan 137.0 kv.m torpaq sahəsinin və sahəsi 16.8 və 22.0 kv.m olan tikililərin iddiaçının payına (1/3 pay) uyğun olmadığı müəyyən edilmişdir.

7. “X2 və Ekspertiza Mərkəzi” MMC-nin *** nömrəli, ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 137.0 kv.metr, Dövlət reyestrində qeydiyyatına alınmış tikililərin faktiki istifadəsində olan hissəsinin isə 38.8 kv.m olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, sorğuya əlavə edilmiş bölgü sxemi layihəsi faktiki istifadə ölçülərinə uyğun gəlir.

8. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli yerində müayinə protokoluna əsasən yerində müayinə zamanı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsindən cavabdeh cavabdeh2 yaşayış sahəsi kimi istifadə etdiyi, iddiaçı İddiaçı isə qeyriyaşayış sahəsi (lombard və geyim mağazası) kimi istifadə etdiyi və əlavə tikililərin olduğu müəyyən olunmuşdur. Həmçinin yerində müayinədə iştirak edən cavabdeh cavabdeh1 ona düşən payın hansı hissədə və harada yerləşdiyini bilmədiyini, cavabdeh cavabdeh2 isə payların iddiada qeyd edildiyi şəkildə müəyyən olunmasına qəti etiraz etdiyini bildirmişdir

9. Məhkəmə qeyd etmişdir ki, üç paylı mülkiyyətçiyə məxsus ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi və fərdi yaşayış evinin üzərində iki paylı mülkiyyətçi, yəni iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış razılaşma müqaviləsi həmin əmlak üzərində payların müəyyən edilməsi baxımından hüquqi əhəmiyyət kəsb edən mötəbər sübut hesab edilə bilməz. Belə ki, həmin razılaşma müqaviləsinə əsasən paylı mülkiyyətçilərin paylarına konkret olaraq hansı sahənin, nə qədər kvadratda torpaq sahəsinin və fərdi yaşayış evinin düşdüyü müəyyən olunmur. Iddiaçı tərəfindən təqdim edilən bölgü sxemi isə paylı mülkiyyətçilər tərəfindən imzalanmaqla təsdiq edilməmişdir. Qanunvericiliklə müəyyən olunur ki, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə azılaşmasınlar. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Göründüyü kimi, paylı mülkiyyətdə olan 0,029480 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79,30 kv.m təşkil edən *** saylı evin -137 kv.m torpaq sahəsi və fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının İddiaçı pay hissəsi kimi müəyyən edilməsi barədə bütün paylı mülkiyyətçilər arasında müvafiq razılaşma yoxdur. Yerində müayinə zamanı cavabdeh1 ona məxsus torpaq sahəsinin və tikilinin hansı hissədə və harada yerləşməsi barədə məlumatının olmamasını bildirməsinə baxmayaraq, ona məxsus payın bir hissəsi - 39 kv.m torpaq sahəsi olmaqla, İddiaçı faktiki istifadəsində olan 137 kv.m torpaq sahəsi və 36.8 kv.m tikilinin İddiaçı pay hissəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə razılıq vermişdir. Belə olan halda, məhkəmə İddiaçı ilə cavabdeh1 arasında bağlanmış razılaşma müqaviləsini ümumi mülkiyyətdə olan əmlak üzərində payların müəyyən olunması üçün mötəbər sübut kimi qəbul edə bilməz. Həmçinin yerində müayinə zamanı digər paylı mülkiyyətçi cavabdeh2 payların qeyd olunan şəkildə müəyyən olunmasına razılıq verməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 213.1–213.3, 214.1, 215.1–215.5, 220.1–220.3 və 223.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Mülki Məcəllənin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” ##.##.2024-cü il tarixli **/**** nömrəli Qərardadının 11, 17 və 18-ci bəndlərində formalaşdırılmış hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 215.1, 215.2 və 215.3-cü maddələrini düzgün tətbiq etməmiş, həmin normaların qətnamədə formal şəkildə sadalanmasına baxmayaraq, onların iş üzrə faktiki tətbiqi və hüquqi əsaslandırılması aparılmamışdır. Şikayətdə qeyd olunur ki, mübahisəli daşınmaz əmlak faktiki olaraq iki təcrid olunmuş hissəyə bölünmüş, paylı mülkiyyətçilər arasında faktiki istifadə ilə bağlı əsaslı mübahisə mövcud olmamış, habelə bir tərəflə notarial razılaşma əldə edilmişdir. Eyni zamanda iddiaçının istifadəsində olan hissəyə dair digər cavabdehin iddiasının olmaması və kompensasiya barədə razılaşmanın mövcudluğu nəzərə alınaraq, payların faktiki istifadə üzrə reyestrdə qeydiyyatına hüquqi maneə olmadığı vurğulanmışdır. Şikayətdə birinci instansiya məhkəməsinin əlavə tikililərin mövcudluğu, sahənin qeyri-yaşayış kimi istifadəsi və cavabdehlərin subyektiv etirazlarını mübahisənin həlli üçün əsas kimi götürməsi əsassız hesab edilmiş, həmçinin Ali Məhkəmənin **/**** nömrəli Qərardadının 11, 17 və 18-ci bəndlərinin yanlış tətbiq edildiyi, ekspert rəyinin isə natamam və formal xarakter daşıdığı, yerində baxış və sübutların isə düzgün qiymətləndirilmədiyi bildirilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Axundova Günay (sədrlik edən və məruzəçi), Rüstəmli Məhəmməd və Qasımov Fərrux) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmiş, iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qəbul etdiyi qətnamə işin faktiki hallarına və mötəbər sübutlara uyğundur.

15. Məhkəmə kollegiyası iş materiallarını, o cümlədən dövlət reyestri çıxarışlarını, tərəflər arasında bağlanmış notarial razılaşmanı, yerində müayinə protokolunu və məhkəmə ekspertizasının rəyini qiymətləndirərək müəyyən etmişdir ki, paylı mülkiyyətdə olan əmlakın iddiaçının göstərdiyi qaydada naturada bölünməsi 1/3 ideal pay nisbətinə uyğun gəlmir və ekspert rəyi də bu uyğunsuzluğu təsdiq edir.

16. Kollegiya hesab etmişdir ki, paylı mülkiyyətdə yalnız şəxsin öz payının ayrılması tələb oluna bilər, digər payçıların hüquqlarına müdaxilə edilmədən və onların paylarının dəyişdirilməsi yolu ilə iddia irəli sürülməsi qanuna ziddir. Eyni zamanda tərəflər arasında tam razılaşmanın mövcud olmaması və ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsi nəzərə alınaraq iddianın təmin edilməsi üçün hüquqi əsasların olmadığı qənaətinə gəlinmişdir.

17. Kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1–215.3, 215.5–215.6, 220.2–220.6, 218-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ##.##.2024-cü il tarixli **/**** nömrəli Qərardadına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

19. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətində də iddiaçı apellyasiya şikayətində göstərdiyi dəlilləri təkrar edərək birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin Mülki Məcəllənin 215.1–215.3, 220.2–220.6-cı maddələrini düzgün tətbiq etmədiyini, işin faktiki hallarının və tərəflər arasında mövcud olan notarial razılaşmanın nəzərə alınmadığını, ekspert rəyinin və yerində baxışın düzgün qiymətləndirilmədiyini, eləcə də paylı mülkiyyətdə faktiki istifadə üzrə bölgünün reyestrdə əks etdirilməsinə hüquqi maneə olmadığını göstərmişdir.

21. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1–215.3 və 220.2–220.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

24. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

25. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

26. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

27. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

31. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

32. Kollegiya kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, MM-nin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş paylı mülkiyyətdə olan əşyanın bölgüsü ilə bağlı razılaşmanın paylı mülkiyyətçilərdən yalnız ikisi arasında tərtib edildiyini və digər mülkiyyətçinin həmin razılaşmada iştirak etmədiyini nəzərə alaraq bu müqaviləni 220.1-ci maddədə nəzərdə tutulmuş razılaşma kimi qəbul etməmişlər. Kollegiya məhkəmələrin bu mövqeyini maddi hüquq normasının tələbinə uyğun hesab edir.

33. Tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, A.M.Şərifzadə küçəsində yerləşən ümumi sahəsi 79,3 kv.m olan *** saylı fərdi yaşayış evi cəmi 2 yaşayış otağından ibarət olduğundan əmlakın naturada bölgüsü zamanı bu otaqların hər ikisinin iddiaçıya ayrılması ona düşən mülkiyyət payından artıq olmaqla digər mülkiyyətçilərin hüquqlarının pozulmasına əsas olan qeyri-mütənasib bölgü kimi qiymətləndirildiyindən məhkəmələr iddiaçının tələb etdiyi qaydada naturada bölgünü mümkün saymamışdır. Kollegiya qeyd edir ki, tələb edilən qaydada naturada bölgünün mümkün olubolmamasını

34. qiymətləndirmək kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmamaqla işə mahiyyəti üzrə baxan məhkəmələrin səlahiyyətinə aiddir.

35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının və prosessual normaların pozuntusuna yol verilmədiyindən, mübahisə formalaşmış məhkəmə təcrübəsinə uyğun həll edildiyindən qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar