Məhkəmə qərarları › İş №2(1-8)-1173/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1173/2026

09.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1173/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Kamal Məmmədov adına *** nömrəli tam orta məktəbə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı ##.##.2002-ci il tarixdə Sabunçu rayonu, K.Məmmədov adına *** nömrəli orta məktəbdə riyaziyyat müəllimi vəzifəsinə qəbul olunmuş, ##.##.2025-ci il tarixli *************/e nömrəli əmr ilə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün məktəbin riyaziyyat müəllimi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmr ##.##.2025-ci il tarixdə İddiaçı təqdim edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı anası olan X1 gözdən əlil olduğundan birinci dərəcə əlilik statusuna malikdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kamal Məmmədov adına *** nömrəli tam orta məktəb (bundan sonra – “cavabdeh”) tərəfindən verilmiş ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması, məcburi işburaxma günləri üçün əmək haqqının və 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə onunla əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı dəfələrlə cavabdehin səlahiyyətli şəxslərinin diqqətinə çatdırmışdır ki, onun öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü (anası) var və Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən onun bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bütün bunlara baxmayaraq cavabdeh əmək qanunvericiliyinin tələbini kobud surətdə pozaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr vermişdir. Iddiaçının ailə üzvü olan anası X2 birinci qrup əlildir. X2 iddiaçının himayəsindədir və onun kənar şəxsin köməyinə ehtiyacı var. Hazırkı vəziyyətdə cavabdeh öz üstün mövqeyindən və dövlətin vermiş olduğu səlahiyyətlərdən sui-istifadə edərək qanunsuz və əsassız bir əmr qəbul etmişdir. Bu qanunsuz əmr 30 ildən çoxdur mövcud sistemdə işləyən, bu sahədə kifayət qədər təcrübəsi olan işçinin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir.

5. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra – “üçüncü şəxs”) iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı təkrar sertifikatlaşdırma imtahanından 16 bal toplamış və bununla da keçid balını (30 bal) toplamadığına görə imtahandan keçməmiş hesab edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Xitam verilən vaxt iddiaçı tərəfindən öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olması barədə heç bir məlumat (təsdiqedici sənəd) təqdim edilməmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.2-ci maddəsində və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 2-ci və 3-cü hissələrində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndində sertifikatlaşdırmadan keçirilməyən şəxslərin siyahısı müəyyən olunmuşdur. Həmin normalarda sertifikatlaşdırmaya cəlb edilməyən şəxslərin siyahısı müəyyən edilərkən müvəqqəti hallar nəzərə alınmışdır. Lakin Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan və işçinin öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olması mahiyyət etibarilə daimi xarakter daşıyır və bu işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasının qarşısının alınması təhsilalanların hüquqlarının pozulması ilə nəticələnir, təhsil sahəsində aparılan islahatlarla və Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasəti ilə uyğunsuzluq yaradır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən *(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli 3 ulduzlu qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanın tətbiqini, ümumiyyətlə, mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Həmçinin bir normanın tətbiqi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmamalıdır. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən hallar baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda 70ci maddənin “c” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin sertifikatlaşdırmada iştirakı və sertifikatlaşdırmanın nəticələrinə əsasən əmək müqaviləsinin ləğv edilməsi ilə onun öhdəsində əlilliyi olan uşağın olması və ya əlilliyi müəyyən edilmiş digər ailə üzvünün olması arasında səbəbli əlaqə mövcud deyil.

6. Sabunçu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim - Ş.Qədirova).

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işdən çıxarılmasına əsas ##.##.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmri olmuşdur. Həmin əmr hazırda qüvvədədir və təkrar sertifikatlaşdırmanın nəticəsi inzibati icraat qaydasında ləğv edilməmişdir. Iddiaçının (işçi) bilik səviyyəsi əmək müqaviləsi üzrə tutduğu vəzifəyə uyğun olmamışdır. Iddiaçı sertifikasiya imtahanında minimum keçid balı, yəni 30 baldan 16 bal toplamışdır. Göstərilənlər mülki işin mübahisəsiz halıdır. Odur ki, cavabdehin ##.##.2025-ci il tarixli, *************/e nömrəli əmri qanunidir.

8. Bundan başqa işçinin müəllim kimi uzun illər işləməsi ixtisası üzrə müvafiq ixtisas biliklərinə malik olmamasına haqq qazandırmır. Əmək müqaviləsi üzrə işçi həm əmək funksiyalarını layiqincə həyata keçirtməli, həm də ixtisası üzrə biliklərə malik olmalıdır. Savad, bilik, peşəkarlıq baxımdan uyğun olmayan işçilərin əmək müqavilələrinə xitam verilməlidir. Əks halda, Təhsil Nazirliyi tərəfindən əsaslı olaraq keçirilən sertifikasiya imtahanlarının hər hansı hüquqi nəticəsi olmayacaqdır. Sertifikasiyanın məqsədi əmək kollektivinin peşəkarlığının və hazırlığının artırılması, qənaətbəxs biliyə malik olmayan şəxslərin işdən kənarlaşdırılması, ixtisaslı, savadlı yeni kadrların işə cəlb edilməsidir. Nəzərə alınmalıdır ki, iddiaçının işləmiş olduğu qurum təhsil baxımından cəmiyyətin aparıcı, həssas qurumlarındandır.

9. Iddiaçı öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş anası və baldızının olması, sonuncunun üzərində patron təyin olmasına əsaslanmaqla əmri mübahisələndirmişdir. Həmin arqumentə münasibətdə məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79cu maddəsi

10. həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya və s. qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır.

11. Məhkəmə qeyd etmişdir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması halı yaranmışdırsa, işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. Işçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. Işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. Bu halın baş verməsi və sübut olması vəziyyətində işçinin Əmək Məcəlləsinin 79-cu maddəsinə istinadla qoruma altında olmasına əsaslanaraq işəgötürənə onunla əmək münasibətlərinə son verilməsini qadağan etmək, işçinin hüquqlarından suiistifadəsinə əhəmiyyətli şərait yaradaraq belə halların təkrar baş verməsi hallarına rəvac verir, nəticədə işəgötürənin mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurur, ümumiyyətlə, əmək və iş şəraitinin pozulmasına şərait yaratmış olur ki, bu da mövcud hüquq münasibətlərində bərabər olmayan bir mühit yaranması ilə nəticələnir.

12. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarındakı mövqeyə istinadla məhkəmə qeyd etmişdir ki, bir normanın tətbiqi digər normanı tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması zamanı 70-ci maddənin c bəndinin tətbiqi məhdudlaşdırıla bilməz.

13. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, işçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulan peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur. Baxılan iş üzrə isə iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasının əlilliyi müəyyən edilmiş ailə üzvünə qulluq etməsi ilə hər hansı bağlılığı yoxdur. Belə olan halda isə iddiaçının qoruma altında olan şəxs kimi iddiası istinad olunanlar baxımından məhkəmə tərəfindən ədalətli və qanuni hesab edilə bilməz.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12, 35, Əmək Məcəlləsinin 65, 67-2.1, 67-2.4, 70 (“c” bəndi), 76.2, 79.1, 83 (1, 3 və 4-cü bəndlər), Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır (bax: bu qərarın §4).

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: İ.Şirinov – sədrlik edən və məruzəçi, E.Kazımov və N.Cəfərov).

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasının əlilliyi müəyyən edilmiş ailə üzvünə qulluq etməsi ilə hər hansı bağlılığı yoxdur. Yəni, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçinin sertifikatlaşdırmada iştirakı və sertifikatlaşdırmanın nəticələrinə əsasən əmək müqaviləsinin ləğv edilməsi ilə onun öhdəsində əlilliyi müəyyən edilmiş ailə üzvünün olması arasında səbəbli əlaqə mövcud deyil.

19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12, 35, Əmək Məcəlləsinin 11, 46.1, 65, 66, 67-2.1, 67-2.4, 70 (“c” bəndi), 71.3, 79.1, 83.1, 83.3, 296.2, 296.3, “Təhsil haqqında” Qanunun 36-2, MPM-in 4.1, 9, 14.2 və 77.1-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli 3 ulduzlu qərarına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv və yeni qərar və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Əmək Məcəlləsinin 79-cu maddəsi üzrə - iddiaçının ailə üzvü olan anası X2 birinci qrup əlildir. X2 iddiaçının himayəsindədir və onun kənar şəxsin köməyinə ehtiyacı var.

22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsi üzrə - Əmək Məcəlləsi “Təhsil haqqında” Qanunla bərabər hüquqi qüvvəyə malik aktlar olsa da, Əmək Məcəlləsi əmək münasibətlərinin tənzimlənməsi sahəsində sahəvi normativ hüquqi akt hesab edildiyindən Əmək Məcəlləsinin 79-cu maddəsi “Təhsil haqqında” Qanunun 36-cı maddəsinə münasibətdə daha üstün hüquqi norma olmaqla qeyd olunan hal üzrə Əmək Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməli idi.

23. MPM-in 217-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi adı çəkilən maddənin tələblərinə zidd olaraq mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış və nəticədə əsassız qətnamə qəbul edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 67-2.1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

26. Maddə 67-2.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən xitam verilməsi üçün əsasdır.

27. Maddə 70 (“c” bəndi). Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

28. Maddə 79.1. Işəgötürən tərəfindən: …öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

33. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

38. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

40. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının # ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar