Məhkəmə qərarları › İş №2(1-8)-1175/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1175/2026

23.06.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1175/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, X1 və cavabdeh1 Malik qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, X1 və cavabdeh1 Malik qızına qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisə predmeti olan ünvan 2 ünvanında, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 77,36 m2, ümumi sahəsi 112.02 m² olan 5 otaqlı ** saylı mənzil 1/7 hissədə İddiaçı, 1/7 hissədə cavabdeh5, 1/7 hissədə cavabdeh4, 1/7 hissədə cavabdeh3, 1/7 hissədə cavabdeh2, 1/7 hissədə Dzhabbarov Fadaılin, 1/7 hissədə cavabdeh1 paylı mülkiyyətindədir.

2. Cavabdehlərdən ikisi– cavabdeh4 və cavabdeh1 hazırda qeyd edilən mənzildə yaşayır.

3. "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əsasən mənzilin bazar qiyməti 144.506 manat təşkil edir

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, Dzhabbarov Fadaıl və cavabdeh1 qarşı “ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən ** nömrəli mənzildən payının naturada ayrılması, paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda açıq hərracdan satılaraq satış məbləğindən əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddiaçı işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən və sahəsi 112.92 m² olan mənzil mərhum X2 adına qeydiyyatda olmuş, onun vəfatından sonra vərəsələr miras paylarına uyğun olaraq həmin əmlakda 1/7 hissə üzrə mülkiyyət hüququ əldə etmişlər, lakin paylı mülkiyyətin idarə olunması və istifadəsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmədiyindən iddiaçı öz mülkiyyət hüquqlarından sərbəst istifadə edə bilmədiyini, mənzilin naturada bölünərək payının ayrılmasını, bu mümkün olmadığı halda isə mənzilin hərrac yolu ilə satılaraq əldə olunan vəsaitin tərəflər arasında paylarına uyğun bölüşdürülməsini tələb etmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-*(***)-****/**** nömrəli iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Miriyeva Səlimə) iddia qismən təmin edilmiş, ünvan 3, mənzil 73 ünvanında yerləşən mənzil 144506 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsaitin payçıların paylarına uyğun (iddiaçı İddiaçı 1/7 hissə, cavabdeh cavabdeh5 1/7 hissə, cavabdeh4 1/7 hissə, cavabdeh3 1/7 hissə, cavabdeh2 1/7 hissə, Dzhabbarov Fadaıl 1/7 hissə və cavabdeh1 1/7 hissə) bölünməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil üzərində yeddi payçının hər birinin 1/7 pay hüququ mövcud olduğundan və payçılardan altısı paylı mülkiyyətdən çıxmaq istədiyindən, mübahisəyə Mülki Məcəllənin 220-ci maddəsi ilə nəzərdə tutulmuş payın ayrılması deyil, 221-ci maddəsi ilə tənzimlənən ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi qaydaları tətbiq edilməlidir,

8. Hazırkı işdən görünür ki, ümumi paylı mülkiyyətdə olan mübahisəli mənzilin tərəflərin paylarına uyğun naturada (fiziki) bölgüsü mümkün deyil. Ona görə ki, mənzil beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşir və ümumi sahəsi 112.02 m2-dir. Bu vəziyyətdə həmin mənzildən hər bir payçının payının naturada ayrılmasının mümkün olmadığını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac yoxdur. Bu baxımdan məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi üçün ikinci mərhələ - əşyanın məhkəmə qərarı ilə hərracdan satılması – tətbiq edilməlidir.

9. Bununla bağlı məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin əlaqəli qərardadına istinadla qeyd etmişdir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.

10. Hazırkı iş üzrə tərəflərin məhkəmə iclasında verdiyi izahatlar əsasında onların əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, əmlak elə birbaşa açıq hərracdan satılmalıdır.

11. Hərraca çıxarılacaq mənzilin ilkin satış qiymətinə gəldikdə isə məhkəmə ilk növbədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin əlaqəli qərardadında ortaya qoyulmuş mövqeyə uyğun olaraq qeyd etmişdir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməlidir.

12. Hazırkı iş üzrə keçirilmiş qiymətləndirmə nəticəsində verilmiş mütəxəssis rəyindən görünür ki, mütəxəssis tərəfindən mənzilin bazar qiyməti 144506 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə, bu rəylə tanış olan tərəflərin əmlakın müəyyən edilmiş qiymətindən daha fərqli (əhəmiyyətli dərəcədə aşağı və ya yuxarı) məbləğdə qiymətləndirilməsini təsdiq edən heç bir sübut təqdim etməməsini nəzərə alaraq, verilmiş rəylə razılaşmışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3–220.6-cı maddələrinə, paylı mülkiyyətdə olan əşyadan payın ayrılması qaydalarını tənzimləyən 221-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin ümumi paylı mülkiyyətin bölünməsi ilə bağlı hüquqi mövqeyinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh cavabdeh4 apellyasiya şikayətində göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi iş üzrə mühüm faktiki hallar tam araşdırılmadan qəbul edilmişdir. Belə ki, mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olub-olmaması, əmlakın real bazar dəyəri, iddiaçının pay satış təklifinin cavabdehə faktiki təqdim edilməsi və istifadəyə maneə hallarının mövcudluğu məhkəmə tərəfindən obyektiv şəkildə araşdırılmamış, tikinti-texniki ekspertiza keçirilmədən yalnız mütəxəssis rəyinə əsaslanılmışdır. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, satış və hərrac qərarı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar tam icra edilmədən qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının, Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin müvafiq maddələrinə istinad edərək, sübutların tam və hərtərəfli araşdırılmaması səbəbindən qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Talışinski Fuad (sədrlik edən və məruzəçi), Abbasova Günel və Məmmədov Məmməd) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Məhkəmə apellyasiya şikayətini əsassız hesab edərək qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 112.02 m2 olan ** nömrəli (5 otağlı) mənzilin ayrı-ayrılıqda ailə hüququ olan payçıların sayına nisbətdə naturada ayrılmasının mümkünsüzlüyü hamıya bəlli olan hal kimi sübuta ehtiyacı olmadığından əlavə araşdırma zəruri deyil.

18. Apellyasiya şikayəti verən cavabdeh ümumi mülkiyyətdə olan payların bölünməsi və ya ayrılmasına, o cümlədən kompensasiya ilə bağlı hər hansı təklif vermədən əsas dəlili özünün yaşayış sahəsindən istifadə və mənzil təminatları hüquqları ilə əsaslandırmağa çalışır. Lakin bərabər əmlak hüquqlarına malik digər payçıların əmlakın açıq hərracda satılaraq əldə edilmiş pul vəsaitinin paylara uyğun bölünməsi barədə israrlı mövqeləri müstəvisində qeyd edilməlidir ki, narazı qalan cavabdehin hər hansı üstünlük hüquqları mövcud deyil və mənzilə təminat hüquqlarında sonuncuya töhfə verilməsi yalnız digər mülkiyyətçilərin iradə ifadəsinə aid məsələdir.

19. Apellyasiya şikayətinin əmlakın həqiqi dəyərinin müəyyən edilməsi ilə bağlı olan dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş ***/E nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami Ismayılov küçəsi, ev ünvanında yerləşən ** nömrəli mənzilin bazar qiyməti 144506 manat təşkil edir. Cavabdeh cavabdeh4 əmlakın dəyərinin daha yuxarı qiymətdə olmasına dair hər hansı sübut təqdim etməmişdir, deməli, göstərilən arqumentlər sübuta yetirilmir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən əmlakın dəyərinin dəyişdiyi təqdirdə icra qaydasında ilkin satış qiymətinin müəyyən edilməsi mümkünlüyünü təsbit etməkdə haqlı olmuşdur

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 220 və 221-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.1, 88 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ##.##.2024-cü il tarixli, **/**** nömrəli qərardadında formalaşdırılmış hüquqi mövqeyə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarında müəyyən edilmiş hüquqi izahlara istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh cavabdeh4 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil üzrə mülkiyyət hüquqları Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunur və hər bir payçının öz əmlakından sərbəst istifadə etmək, sahib olmaq və sərəncam vermək hüququ vardır. Kassator qeyd etmişdir ki, Mülki Məcəllənin 152, 213, 220 və 221-ci maddələrinin tələblərinə əsasən paylı mülkiyyətdə olan əmlak üzrə ilkin olaraq naturada bölgü imkanları araşdırılmalı, bu mümkün olmadıqda isə kompensasiya və ya hərrac mexanizmi tətbiq edilməlidir. Buna baxmayaraq, aşağı instansiya məhkəmələri əmlakın naturada bölünməsi imkanını tam və obyektiv araşdırmamış, payçının mülkiyyət hüquqlarının müdafiəsi və qanunvericilikdə nəzərdə tutulmuş ardıcıl prosedurlar nəzərə alınmadan qətnamə qəbul etmişlər.

23. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinin tələblərini pozaraq iş üzrə təqdim edilmiş sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış, qətnaməni kifayət qədər tədqiq olunmamış hallara əsasən qəbul etmişdir. Kassator qeyd etmişdir ki, məhkəmə naturada bölgü imkanları, əmlakın real bazar dəyəri və digər mühüm hallar üzrə əlavə sübutların araşdırılmasını təmin etməmiş, nəticədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu səbəbdən MPM-nin 417 və 418-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul olunması və ya işin yenidən baxılması üçün göndərilməsi xahiş edilmişdir. Sübutların qiymətləndirilməsi zamanı obyektivlik prinsipi pozulmuş, təqdim edilmiş etiraz və arqumentlər lazımi qaydada nəzərə alınmamış, nəticədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

24. Həmçinin kassator qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi qəbul edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ##.##.2024-cü il tarixli, **/**** nömrəli qərardadında formalaşdırılmış hüquqi mövqe nəzərə alınmamış və bununla hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsi pozulmuşdur. Kassator bildirmişdir ki, həmin qərardada əsasən məhkəmələr ilk növbədə əmlakın naturada bölünməsi imkanlarını tam və hərtərəfli araşdırmalı, yalnız bu mümkün olmadıqda hərrac yolu ilə satış məsələsini həll etməlidirlər. Lakin apellyasiya instansiyası məhkəməsi tikinti-texniki ekspertiza keçirmədən və naturada bölgünün mümkünsüzlüyünü obyektiv sübutlarla müəyyən etmədən mənzilin açıq hərracdan satılması barədə nəticəyə gəlmişdir.

25. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213, 220 və 221-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 417 və 418-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” ##.##.2024-cü il tarixli, **/**** nömrəli qərardadında formalaşdırılmış hüquqi mövqeyə istinad edərək əsaslandırmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

29. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

30. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” **/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı

31. Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

32. Bənd 63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır.

33. Bənd 64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. Iddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.

34. Bənd 65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.

35. Bənd 66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.

36. Bənd 67. Əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə bu qərardadın 59-61-ci bəndlərində göstərilən qaydada həll olunmalıdır.

37. Bənd 42. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Kassasiya instansiyası məhkəməsi iş materiallarını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və kassasiya şikayətinin dəlillərini hüquqi baxımdan yoxlayaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir.

43. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisə ünvan 2 ünvanında yerləşən ** saylı mənzilin digər mülkiyyətçiləri paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçilər arasında paylarına mütənasib bölünməsi ilə bağlıdır.

44. Kassasiya şikayəti vermiş cavabdeh istisna olmaqla digər mülkiyyətçilər birgə mülkiyyətdə olan əmlakın bölünməsinə etiraz etmədiyindən mübahisə düzgün olaraq ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə bağlı münasibətləri tənzimləyən MM-nin 221-ci maddəsi əsasında həll edilmişdir.

45. Kassasiya şikayətində qeyd edilir ki, məhkəmələr əmlakın naturada bölgü imkanını araşdırmadıqlarından qətnamə maddi hüquq normasının tələbinə və formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil. Kollegiya bu mülahizəni əsassız hesab edərək qeyd edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr paylı mülkiyyətdə olan daşınmaz əmlakın xüsusiyyətlərini nəzərə alaraq yaşayış sahəsi 77,36 m2, ümumi sahəsi 112.02 m² olan 5 otaqlı mənzilin 7 mülkiyyətçi arasında naturada bölünməsinin açıq-aşkar mümkün olmadığı (hər mülkiyyətçiyə heç olmasa bir yaşayış otağı düşməli olduğu nəzərə alınarsa) qənaətinə gəlmiş, bu baxımdan naturada bölgünün mümkünlüyünün yoxlanılması üçün ekspertiza təyin edilməsini zəruri hesab etməmişlər.

46. Kollegiya məhkəmələrin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, MPM-nin 97.1ci maddəsinə əsasən ekspertiza işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edilə bilər. Əgər işin hər hansı halının müəyyən edilməsi üçün xüsusi bilik tələb edilmirsə məhkəmə tərəfindən həmin halın ekspertiza təyin edilmədən müəyyənləşdirilməsi pozuntu hesab edilə bilməz.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” **/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadının 42-ci bəndində də qeyd edilmişdir ki, əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir.

48. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə uyğun olduğundan kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,

Qərara aldı: Cavabdeh cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar