Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1178/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən qərar qəbul edilməsi (Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Bakı şəhəri Əzizbəyov rayonu *** nömrəli orta məktəbin direktoru Namazov tərəfindən ##.##.1995-ci il tarixdə *** nömrəli əmrlə, İddiaçı Əzizbəyov rayonu *** nömrəli orta məktəbin rus dili müəlliməsi vəzifəsinə təyin edilmiş, ## #### 2025-ci il tarixinədək həmin vəzifədə çalışmışdır.
2. ## #### 2025-ci il tarixində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilmişdir. Bakı şəhəri Pirallahı rayonu *** nömrəli tam orta ümumtəhsil məktəbinin rus dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırma imtahanına gəlməmiş və bununla da imtahandan keçməmiş hesab edilmişdir.
3. Bakı şəhəri *** nömrəli tam ümumtəhsil məktəbinin direktoru Mehparə Mansurovanın əmək müqaviləsinin ləğv edilməsi barədə OU**********/e nömrəli ## #### 2025-ci il tarixli əmrinə əsasən, ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmri əsas götürülərək, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilən Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin rus dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ## #### 2025-ci il tarixindən ləğv edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. Iddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra cavabdeh, yaxud Təhsil Idarəsi, Orta Məktəb) qarşı iddia ərizəsi, iddia ərizəsinə əlavə və dəqiqləşdirmə aparılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri *** nömrəli tam ümumtəhsil məktəbinin direktoru Mehparə Mansurova tərəfindən imzalanmış əmək müqaviləsinin ləğv edilməsi barədə OU**********/e nömrəli ## #### 2025-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 ildən artıqdır ki, müəllimlik fəaliyyəti ilə məşğuldur. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair OU**********/e nömrəli ##.##.2025-ci il tarixli əmr qəbul edilib. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
6. Iddiaçının nümayəndəsi və vəkili Vəkil ##.##.2025-ci il tarixli iddia ərizəsində əlavə və dəqiqləşdirmə aparılmasına dair ərizəsində qeyd edilmişdir ki, iddiaçı üzürlü səbəbdən, yəni səhhətində olan problemlərlə əlaqədar olaraq təkrar sertifikasiyada iştirak edə bilmədiyini, Iakin bu halın cavabdeh tərəfindən nəzərə alınmadığını, iddiaçı ilk dəfə sertifikasiyaya cəlb edildiyi zaman ona verilmiş sualların tədris bölməsinə uyğun olmadığını, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edildiyini və Bakı şəhər *** nömrəli tam orta məktəbin direktoru tərəfindən xitam verildiyini bildirərək, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsini, iddiaçının işə bərpa edilməsin və məcburi işə buraxmağa görə ödənilməyən bütün ödənişlərin ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi X1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı 30 ildən çoxdur ki, müəllimlik fəaliyyəti ilə məşğuldur və onunla bağlanmış əmək müqaviləsinə Bakı şəhəri Pirallahı rayonu *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktorunun OU**********/e nömrəli ## #### 2025-ci il tarixli əmri ilə xitam verilmişdir. ## #### 2025-ci il tarixində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilmişdir. Bakı şəhəri Pirallahı rayonu *** nömrəli tam orta ümumtəhsil məktəbin rus dili müəllimi iş üzrə iddiaçı təkrar sertifikatlaşdırma imtahanına gəlməmiş və bununla da imtahandan keçməmiş hesab edilmiş və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülşən Fərəcova) iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı işdən azad etmənin qanunsuz olmasını üç halla əsaslandırır: 1. iddiaçı təkrar sertifikatlaşma zamanı bülletendə olub; 2. Əmr səlahiyyəti olmayan şəxs tərəfindən, yəni məktəb direktoru tərəfindən verilib; 3. Iddiaçı ilk dəfə sertifikatlaşmaya cəlb edildiyi zaman ona verilmiş suallar tədris bölməsinə uyğun olmamışdır.
10. Iddiaçının təkrar sertifikatlaşdırma zamanı bülletendə olması əmək müqaviləsinə xitam verilməsi əmrinin qanunsuz hesab edilməsi üçün əsas deyil. “Təhsil haqqında” Qanuna və sertifikatlaşdırma qaydalarına əsasən, yalnız ilkin sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etməyən və ya keçməyən şəxslərə bir il ərzində təkrar iştirak hüququ verilir. Lakin təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər səbəbindən asılı olmayaraq sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Qanunverici burada “üzrlü” və “üzrsüz” səbəblər arasında fərq qoymamışdır. Sertifikatlaşdırmanın məqsədi müəllimlərin peşə hazırlığını və pedaqoji yararlılığını qiymətləndirmək, təhsilin keyfiyyətini qorumaq və zəif nəticə göstərən şəxsləri sistemdən uzaqlaşdırmaqdır. Buna görə də təkrar sertifikatlaşdırmada iştirak etməmək hüquqi nəticə etibarilə sertifikatlaşdırmadan keçməmək kimi qiymətləndirilir və həmin şəxsin pedaqoji fəaliyyətini davam etdirməsi üçün hüquqi əsas qalmır. Müəllimin bülletendə olması onun sosial təminat hüquqları baxımından nəzərə alınsa da, sertifikatlaşdırmanın nəticəsinə təsir etmir.
11. Təhsilalanların keyfiyyətli təhsil almaq hüququ bir şəxsin əmək münasibətlərindən üstün tutulmalıdır. Əks yanaşma təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslərə qanunda nəzərdə tutulmayan əlavə imkanlar yaradaraq sertifikatlaşdırma institutunun mahiyyətini pozardı.
12. Əmrin səlahiyyətsiz şəxs tərəfindən verilməsi ilə bağlı arqumentə münasibətdə məhkəmə bildirmişdir ki, iddiaçı ilə əmək müqaviləsini bağlayan da məktəb direktoru olmuşdur. Əgər direktorun əmək münasibətlərinə xitam vermək səlahiyyəti olmasaydı, əmək müqaviləsi bağlamaq səlahiyyəti də etibarsız sayılardı. Bundan əlavə, Elm və Təhsil Nazirliyi yanında Dövlət Agentliyinin əmri ilə təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərin əmək müqavilələrinin ləğvi səlahiyyəti təhsil idarələrinə və məktəblərə həvalə edilmişdir. Iddiaçının sertifikatlaşdırma suallarının fənninə uyğun olmaması ilə bağlı arqumenti də əsassız hesab olunmuşdur. Sertifikatlaşdırmanın keçirilməsi və nəticələrinin qiymətləndirilməsi inzibati orqanın səlahiyyətinə aiddir və bunun mübahisələndirilməsi inzibati məhkəmədə aparılmalıdır. Ümumi məhkəmə yalnız əmək müqaviləsinə xitam verilməsinin əmək qanunvericiliyinə uyğun olub-olmadığını qiymətləndirə bilər. Sertifikatlaşdırmanın nəticələri vaxtında mübahisələndirilmədiyindən hüquqi qüvvədə qalmışdır və həmin nəticəyə əsaslanan xitam əmri qanuni hesab edilir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə bağlı təminatlar bu işə tətbiq edilə bilməz. Çünki iddiaçı xəstəliyə görə deyil, sertifikatlaşdırmadan keçməmiş hesab olunduğu üçün işdən azad edilmişdir. Buna görə də əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı sayılmışdır.
14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 2-ci hissəsi, 70-ci maddəsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.6-1, 33.3, 36-2-ci maddələrinə və ## ##### 2020-ci il tarixli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarının 5.1-5.4-cü bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyi işçilərə təmin olunan hüquqların minimum səviyyəsini müəyyən edir və işçinin vəziyyətini yaxşılaşdıran halların tətbiqinə imkan verir. Iddiaçı cavabdeh1 30 ildən artıq pedaqoji staja malik olmuş, son 30 ili isə həmin məktəbdə müddətsiz əmək müqaviləsi əsasında fasiləsiz çalışmışdır. Təkrar sertifikatlaşdırma ## #### 2025-ci il tarixinə təyin edilmişdir. Lakin iddiaçı ##.##.2025-##.##.2025 tarixlərində müvəqqəti əmək qabiliyyətini itirmiş, X4 tərəfindən elektron xəstəlik vərəqəsi ilə təmin olunmuşdur. Bu barədə həm Əmək və X2 (MAS) vasitəsilə, həm də birbaşa qaydada cavabdeh məlumatlandırılmışdır. Buna baxmayaraq, həmin hal nəzərə alınmamış və məktəb direktorunun ##.##.2025-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırması Qaydası”nın 5.2-ci bəndinə əsasən, sertifikatlaşdırmada iştirak etməyən şəxslərə bir il müddətində, üzrlü səbəblər olduqda isə iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak hüququ verilir. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunur. Məhkəmə “üzrlü” və “üzrsüz” səbəblər arasında ayrıca fərq göstərilməməsini əsas gətirərək iddianı rədd etmişdir. Halbuki bu yanaşma Əmək Məcəlləsinin 2-ci maddəsində nəzərdə tutulan işçinin sosial müdafiəsi və hüquqlarının qorunması prinsiplərinə ziddir. Konstitusiya Məhkəməsinin ## ####### 2023-cü il və ## ##### 2024-cü il tarixli qərarlarında vurğulanmışdır ki, əmək münasibətlərində işçi daha zəif tərəf kimi xüsusi hüquqi müdafiəyə malik olmalıdır. Bu baxımdan, müvəqqəti əmək qabiliyyətsizliyi iddiaçının sertifikatlaşdırmada iştirak etməməsi üçün üzrlü səbəb hesab edilməli və əmək münasibətlərinin davamlılığı təmin olunmalı idi. Bundan əlavə, əmək müqaviləsinə xitamın məktəb direktoru tərəfindən verilməsi də hüquqi baxımdan mübahisəlidir. Direktorun belə səlahiyyətə malik olub-olmaması araşdırılmadığından, xitam əmrinın hüquqi qüvvəsi şübhə altındadır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2026-ci il tarixli qətnaməsi ilə (Elşən Kazımov (sədrlik edən və məruzəçi), Ikram Şirinov və Namiq Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 30 ildən artıq əmək stajına və pedaqoji təcrübəyə malik olması, həmçinin fasiləsiz olaraq müddətsiz əmək müqaviləsi əsasında fəaliyyət göstərməsinin arzu etdiyi nəticəyə müsbət təsiri ola bilməz. Çünki təkrar sertifikatlaşdırmanın ## #### 2025-ci il tarixində keçirilməsinin nəzərdə tutulduğunu bilirdi. Düzdür, iddiaçının ##.##.2025–##.##.2025 tarixləri arasında müvəqqəti əmək qabiliyyətini itirməsinin həqiqiliyi və qanuniliyinin yoxlanılması bilavasitə hazırkı iddianın və icraatın predmeti olmasa da, əmək qabiliyyətini itirməsinin təkrar sertifikatlaşdırmada iştirak etməyini mümkünsüz etdiyi hallara dair də məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Başqa sözlə, iddiaçı istəsə idi, təkrar sertifikatlaşdırmada iştirak edə bilərdi, ancaq etməyib yaxud etmək istəməyib.
19. Göründüyü kimi, iddiaçı dövlət ümumi təhsil müəssisəsində işləyən təhsilverən kimi peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilib. Yəni sertifikatlaşdırma qeyd olunan müəssisələrdə pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru olduğundan iddiaçının bundan keçməsi qanunvericiliyin impertaiv tələbi olub. Bu mənada Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsi də sertifikatlaşdırmanın, o cümlədən təkrar sertifikatlaşdırmanın “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirildiyini və sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas olduğunu təsbit edib.
20. Iddiaçı şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırması Qaydası”nın 5.2-ci bəndinin məzmununu yanlış təfsir etməsinə baxmayaraq, həmin bəndin məzmunu ilə “Təhsil haqqında” Qanunun 36-2.5-ci maddəsinin məzmunu tam eynilik təşkil edir. Belə ki, hər iki normada qeyd olunub ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi, həm Qanunun normasında, həm də Qaydada üzrlü səbəb yalnız ilk dəfə sertifikatlaşdırmada iştirak etməyən şəxslərə aid edilib. Iddiaçı isə ilkin sertifikatlaşdırmada iştirak edib və keçmədiyi üçün onun 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olub. Lakin təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Bu nəticə isə Əmək Məcəlləsinin 2-ci maddəsinin tələblərinə zidd ola bilməz və məhkəmə də o normaları səhv təfsir etməyib. Çünki iddiaçının əmək və sosial təminat hüquqları çoxsaylı təhsilalanların hüquqlarının pozulması hesabına təmin edilə bilməz.
21. Apellyasiya şikayətinin növbəti dəlili olan əmək müqaviləsinə səlahiyyəti olmayan şəxs tərəfindən xitam verilməsi dəlili bağlı da məhkəmə tərkibi birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, iddiaçı ilə əmək müqaviləsini işəgötürən kimi məktəb direktoru imzalayıb. Demək ki, məktəbin adından direktorun əmək müqaviləsi bağlamaq səlahiyyəti olmasa idi, əmək müqaviləsini ləğv etmək səlahiyyəti də ola bilməzdi. Bununla yanaşı, ##.##.2025-ci il tarixli Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsi üzrə Dövlət Agentliyi əmrində göstərib ki, Agentlik Təhsil Idarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülməsini təmin etsin. Bu hal da şikayətin bu dəlilinin əsassız olduğunu bilavasitə təsdiq edir.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 67-ci maddəsinin 2-ci hissəsi, 2, 70-ci maddəsinin “c” bəndi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-1, 33.3, 36-2.1, 36-2.2, 36-2.5-ci, ## ##### 2020-ci il tarixli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarının 5.1-5.4-cü bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, iddianın faktiki əsası maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia haqlı hesab edilə bilməz və bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Lakin məhkəmənin bu nəticəsi iş üzrə mövcud faktiki halların və tətbiq edilməli olan maddi hüquq normalarının düzgün hüquqi qiymətləndirilməməsi nəticəsində formalaşmışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan bölməsi üzrə rus dili müəllimi kimi 30 ildən artıq əmək stajına malik olmuş, sonuncu iş yerində isə uzun müddət fasiləsiz olaraq müddətsiz əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Bu hal iddiaçının uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olduğunu və peşəkar təcrübəsinin mövcud olduğunu göstərir. Iddiaçının təkrar sertifikatlaşdırmada iştirak etməməsi onun iradəsindən asılı olmayan obyektiv səbəblərlə bağlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə bu halı nəzərə almamış və iddiaçının sertifikatlaşdırmada iştirak etməməsini onun öz iradəsi ilə baş vermiş hal kimi qiymətləndirərək nəticəyə gəlmişdir ki, iddiaçı istəsəydi sertifikatlaşdırmada iştirak edə bilərdi. Məhkəmə qərarında göstərilmişdir ki, iddiaçının əmək stajına və pedaqoji təcrübəyə malik olması mübahisənin həllinə təsir etmir. Lakin əmək münasibətlərinin mahiyyəti nəzərə alındıqda bu kimi hallar işçinin hüquqlarının qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan mühüm faktiki hallardır. Çünki əmək qanunvericiliyinin əsas məqsədi yalnız formal prosedurların tətbiqi deyil, eyni zamanda əmək münasibətlərində tərəflərin hüquq və mənafelərinin balanslı şəkildə qorunmasını təmin etməkdir. Qeyd olunan Qaydalar ilkin sertifikatlaşdırmadan keçməyən və ya müxtəlif səbəblərdən həmin sertifikatlaşdırmada uğur qazanmayan şəxslərə bir il müddətində təkrar sertifikatlaşdırmada iştirak etmək imkanı verir. Bu baxımdan məsələyə hipotetik hüquqi vəziyyət prizmasından yanaşdıqda da görünür ki, mövcud yanaşma hüquqi baxımdan məntiqi nəticə doğurmur. Məsələn, əgər əvəzinə həmin təhsil müəssisəsində çalışan kişi müəllimlərdən biri olsaydı və o, ilkin sertifikatlaşdırmadan keçmədikdən sonra bir il ərzində səfərbərliyə çağırılmış olsaydı, belə bir şəxs faktiki olaraq təkrar sertifikatlaşdırmada iştirak etmək imkanından məhrum qalardı. Eyni yanaşma şəxsin səhhəti ilə bağlı yaranan hallara da şamil olunmalıdır. Belə ki, səfərbərliyə çağırılma və ya səhhətin pisləşməsi ilə əlaqədar müvəqqəti əmək qabiliyyətinin itirilməsi kimi hallar şəxsin iradəsindən asılı olmayaraq baş verən obyektiv hallardır. Bu kimi hallarda həmin səbəblərə görə şəxsin əmək münasibətlərindən kənarlaşdırılması əmək hüququnun mahiyyətinə və sosial müdafiə prinsiplərinə uyğun hesab edilə bilməz. Belə olan halda təkrar sertifikatlaşdırmada iştirak etmək hüququnun realizəsi zamanı şəxsin iradəsindən asılı olmayan səbəblərin nəzərə alınmaması həmin hüququn faktiki olaraq məhdudlaşdırılması ilə nəticələnir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirərkən göstərmişdir ki, iddiaçı ilə əmək müqaviləsi məktəbin direktoru tərəfindən imzalandığından həmin şəxsin əmək müqaviləsini ləğv etmək səlahiyyətinin də mövcud olduğu qəbul edilməlidir. Bundan əlavə, məhkəmə ##.##.2025-ci il tarixli Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə istinad edərək təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin ləğv edilməsinin təmin edilməsinin nəzərdə tutulduğunu qeyd etmiş və bununla da apellyasiya şikayətinin bu hissəsini əsassız hesab etmişdir. Lakin məhkəmənin bu nəticəsi həm iş üzrə mövcud sübutların tam və hərtərəfli araşdırılmaması, həm də tətbiq edilməli olan hüquq normalarının düzgün şərh olunmaması nəticəsində formalaşmışdır. Məlum olduğu kimi, dövlət ümumtəhsil müəssisələrində müəllimlərin işə qəbulu və onların əmək müqavilələrinə xitam verilməsi səlahiyyəti müvafiq təhsil idarəetmə orqanına – Bakı Şəhəri üzrə Təhsil Idarəsi məxsusdur və bu hal cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Əsasnamədən də görünür. Bu baxımdan məktəb direktorunun həmin səlahiyyətləri müstəqil qaydada həyata keçirməsi yalnız müvafiq səlahiyyətverici hüquqi aktın mövcud olduğu halda mümkün ola bilərdi. Bu isə məhkəmə tərəfindən iş materiallarının tam araşdırılması prinsipinin pozulması ilə nəticələnmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
25. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
26. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
27. Maddə 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırması: 1-ci hissə. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 4-cü hissə. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
28. Maddə 70 “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
29. Maddə 79. Əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallar: Işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır.
30. Maddə 288 “x” bəndi. Işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu.
31. Maddə 1.0.6-1. Sertifikatlaşdırma-dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.
32. Maddə 33.3.9. Qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək Təhsilverənlərin vəzifəsidir.
33. Maddə 36-2.1. Dövlət ümumi təhsilmüəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər.
34. Maddə 36-2.2. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
35. Maddə 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
36. Maddə 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli Qərarı.
37. Bənd 5.1. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır.
38. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
39. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
40. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
41. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
50. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi əmək qanunvericiliyinə uyğun olmuşdur. Ona görə ki, iddiaçı birinci sertifikatlaşdırma imtahanından keçməmiş, təkrar sertifikatlaşdırmada isə iştirak etməmişdir. Qanunvericilikdə işçilərin üzrlü səbəblərdən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi hallar üçün isə sertifikatlaşdırmanı təxirə salmaq kimi bir qayda nəzərdə tutmamışdır. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.
57. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
59. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
62. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
63. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
65. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.