Məhkəmə qərarları › İş №2(1-8)-1182/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1182/2026

23.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1182/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Cavabdehlər cavabdeh3 ilə X2 2010-cu ildə nikaha daxil olmuşlar, onların birgə nikahdan 2011 və 2013-cü il təvəllüdlü 2 uşaqları var.

3. Digər cavabdeh cavabdeh1 cavabdeh3 anasıdır.

4. Cavabdeh cavabdeh3 2006-cı ildən iddiaçı qurumda işləmiş, 2014-cü ildə öz arzusu ilə onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir.

5. 2015-ci ildə ünvan 1 ünvanında yerləşən xidməti mənzillər üçün nəzərdə tutulan bina və bir sıra başqa binalar iddiaçının balansına keçmişdir.

6. Cavabdehlər ünvan 1 ünvanında yerləşən * nömrəli 2 otaqlı xidməti mənzildə (bundan sonra – mübahisəli mənzil) yaşayırlar.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı məhkəməyə müraciət edərək, mübahisəli mənzildən cavabdeh3, cavabdeh2, cavabdeh1, X1 və X3 çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddiaçı ərizəsini belə əsaslandırmışdır ki, cavabdehlər mübahisəli mənzildə hər hansı hüquqi əsas olmadan yaşayırlar.

9. Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim: R.Qafarova). 10.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.5, 157.2-ci maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli mənzili istifadə və sahiblik etməsinə əsas verən hal müəyyən edilməmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh cavabdeh1 qızı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: 1)onun birinci instansiya məhkəməsinin iclasında iştirakı təmin olunmamışdır; 2)iddiaçı binanın onun mülkiyyətində olmasına dair məhkəməyə sübut təqdim etməmişdir; 3)cavabdehin həmin mənzildən başqa yaşayış yerinin olmaması məhkəmələr tərəfindən nəzərə alınmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: A.Imanov - sədrlik edən və məruzəçi, A.Isgəndərov və S.Səlimova).

14. Aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzilin cavabdehlərin sahiblik və istifadəsində qalmasına əsas verən hər hansı bir halın olması müəyyən edilmir. Belə olan halda iddiaçı cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Qanunverciliyin tələbindən göründüyü kimi, əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

15. O da qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh kimi göstərilmiş Sadiq Qarayev və Pərişan Qarayeva 14 yaşına çatmamış uşaqlardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayıldığından valideynləri ilə birlikdə onlar da mübahisəli mənzildən çıxarılmalıdır.

16. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Mənzil Məcəlləsinin 91.1, 91.1.1, 92, 98.1, 99.2, 103.3-cü maddələrinə, Nazirlər Kabinetinin ##.##.2010 tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydasının” 2.1, 3.2-ci bəndlərinə də istinad etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh cavabdeh1 kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Şikayətin dəlilləri apellyasiya şikayətinin 2 və 3-cü dəlilləri ilə eyniməzmunludur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 157.2.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

22. Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri.

23. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

24. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

25. Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehlərin mübahisəli mənzildə qalmasına hüquqi əsas mövcud olmadığından, onların mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi tələbi qanuni və əsaslıdır.

35. Iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun olmaması barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, mübahisəli mənzilin yerləşdiyi binanın iddiaçı qurumun balansında olması iş materialları ilə sübuta yetirilmişdir.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar