Məhkəmə qərarları › İş №2(1-8)-1184/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1184/2026

24.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1184/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti *** saylı ünvanda yerləşən “Turan” hərbi yataqxanası “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla AR Müdafiə Nazirliyinin mənzil fonduna aiddir və bu barədə # ###### 1989-cu il tarixli, *** saylı dövlət aktı verilmişdir.

2. AR Müdafiə Nazirliyi, Mənzil-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin ##.##.2019-cu il tarixli, **** saylı məktubu əsasında Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti *** saylı ünvanda yerləşən “Turan” hərbi yataqxana binasında ***-*** nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilmişdir.

3. AR Müdafiə Nazirliyi, Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi tərəfindən Əsaslı Tikinti İdarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, aparılmış araşdırma zamanı “Turan” yataqxanasının 91 bir otaqlı və 5 iki otaqlı mənzillərdən ibarət olması, onlardan 2 mənzilin inzibati otaq kimi istifadə olunduğu, 82 mənzildə 54 ailənin yerləşdirildiyi, 12 mənzilin isə boş olduğu məlum olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, yalnız 5 mənzil kirayə müqaviləsi bağlanılmaqla verilsə də, AR Mənzil Məcəlləsinin 98-ci maddəsinin (Xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün əsaslar), eləcə də sözügedən Əsasnamənin 6-cı bəndinin tələbləri kobud şəkildə pozularaq 72 mənzil kirayə müqaviləsi bağlanmadan əsassız olaraq Mənzil İstismar hissəsinin məktubları ilə, digər 5 mənzil isə ümumiyyətlə heç bir sənədləşmə aparılmadan müddətsiz istifadəyə verilmişdir. Göstərilənlərə əsasən, aşkar olunmuş qanunsuz halların aradan qaldırılması üçün zəruri tədbirlər görülməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur.

4. “Azər İnşaat Layihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti *** saylı ünvanda yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında ##.##.2025-ci il tarixli rəyindən görünür ki, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır.

5. Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən X1 ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, AR Müdafiə Nazirliyi Mənzil-İstismar Xidməti rəisinin ##.##.2025-ci il, Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi rəisinin ##.##.2025-cı il tarixli telefonoqrammalarına əsasən, “Turan” yataqxanasında əsaslı təmir işləri aparılcaq. Qeyd olunanları nəzərə alaraq, “Turan” yataqxanasında yaşadığı 201 və *** nömrəli otaqların ## #### 2025-ci il tarixədək təhvil verilməsi tələb olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Azərbaycan Respublikası, Müdafiə Nazirliyi (bundan sonra- iddiaçı) cavabdeh X2 (bundan sonra- cavabdeh) qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti *** saylı ünvanda yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti *** saylı ünvanda yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli, *** nömrəli dövlət aktından göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla iddiaçının mənzil fonduna aiddir. AR Müdafiə Nazirliyi, Mənzil-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin ##.##.2019-cu il tarixli məktubu əsasında cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti *** saylı ünvanda yerləşən “Turan” hərbi yataqxana binasında ***-*** nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilmişdir. AR Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil olmuş ##.##.2025-ci il tarixli rəyindən görünür ki, AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində iddiaçının balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti *** saylı ünvanda yerləşən “Turan” hərbi yataqxana binasında hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Əsaslı-Tikinti İdarəsi tərəfindən cavabdehə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti *** saylı ünvanda yerləşən “Turan” hərbi yataqxana binasında olan ***-*** nömrəli xidməti otaqları Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sonuncu, yaşayış sahəsi ilə təmin edildiyi halda həmin yaşayış sahəsini təhvil verəcəyini bildirmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh hazırda Müdafiə Nazirliyi ilə heç bir əmək münasibəti qalmamışdır. Həmçinin, cavabdeh xüsusi təyinatlı yaşayış sahəsinə aid olan yuxarıda sözügedən mənzildən çıxarılmasını istisna edən, AR Mənzil Məcəlləsinin 102.2- 102.2.4-cü maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin xüsusi təyinatlı yaşayış sahəsində müqavilə ilə deyil, məktub vasitəsilə müvəqqəti yerləşdirildiyi üçün həmin yaşayış sahəsini boşaltması və aidiyyəti üzrə təhvil verməsinə dair qətnamə qəbul edilməldir.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, 40 il iddiaçıda çalışmışdır və hazırda evsizdir. Həyat yoldaşı vəfat etmiş və getməyə başqa yeri yoxdur. Böyük oğlu kirayə qalır, evi balacadır. Pensiyası ilə kirayə ödənişi edə bilməyəcəkdir. Əvvəl oğlu ilə yaşayırdı, oğlunun beşinci övladı dünyaya gələndən sonra oradan köçmüşdür. Oğlu da daxili qoşunların hərbiçi olub. 2018-ci ildə binanın sökülməsi ilə bağlı akt tərtib edilmişdir. 1985-ci ildən növbəyə yazılmış, lakin 1988-ci ildə müharibə olduğuna görə siyahı atılmışdır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia təmin edilələrək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti *** saylı ünvanda yerləşən, iddiaçının mənzil fonduna daxil olan “Turan” hərbi yataqxanasının 201 və *** nömrəli otaqlarından çıxarılması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, AR Mənzil Məcəlləsinin müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilməlidir. Həmçinin, kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. İş materiallarından isə cavabdehin bu sahəyə yalnız Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin ##.##.2019-cu il tarixli məktubu əsasında müvəqqəti yerləşdirildiyi görünür. Kirayə müqavilə və ya xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi haqqında qərar iş materiallarında mövcud deyil.

11. Bundan başqa, AR Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə təsdiq olunur ki, 72 mənzil, o cümlədən cavabdehin məskunlaşdığı mənzil də, AR Mənzil Məcəlləsinin 98-ci maddəsi və müvafiq Əsasnamənin tələbləri kobud şəkildə pozularaq, kirayə müqaviləsi bağlanmadan, əsassız olaraq məktublarla müvəqqəti istifadəyə verilmişdir.

12. Məhkəmə onu da qeyd etmişdir ki, AR Mənzil Məcəlləsinin 92-ci maddəsinə görə, xidməti yaşayış sahələri əmək münasibətləri ilə əlaqədar verilir. Cavabdehin hazırda iddiaçı ilə heç bir əmək münasibəti qalmamışdır. Həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən, Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. Qeyd olunanlar, cavabdehin yaşayış sahəsinə yerləşdirilməsinin qanuni əsasının olmadığını göstərir.

13. Mənkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ##.##.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə cavabdehə mənzili təhvil verməsi barədə ##.##.2025-ci il tarixli, **** nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Mənzil Məcəlləsinin 102.2-102.2.4-cü maddələrində xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməyən şəxslərin kateqoriyaları sadalanır. Cavabdehin iddiaçı Müdafiə Nazirliyi ilə əmək münasibətləri kəsildiyindən və bu maddədə nəzərdə tutulan istisna hallara aid olmadığı üçün ona başqa yaşayış sahəsi verilmədən çıxarılması qanunla məhdudlaşdırılmır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşın həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də onun yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirildiyi və hazırda Müdafiə Nazirliyi ilə heç bir əmək münasibəti qalmadığı üçün yolverilməzdir.

14. Məhkəmə öz hüquqi mövqeyini AR Mənzil Məcəlləsinin 92, 98.1, 98.2, 99.1-99.2, 101.1, 101.2, 102.1, 102.2, 102.3, 103.3-cü, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4cü maddələrinə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1, 1.13, 5.2, 5.7-5.11-ci bəndinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən, məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün səlahiyyətli subyektin qərarı olmalı və kirayə müqaviləsi bağlanmalıdır.

18. Belə ki, AR Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə görə, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, yataqxananın qeyd olunan otaqlarının cavabdehə verilməsi barədə səlahiyyətli subyekt tərəfindən qərar qəbul olunmayıb və cavabdeh ilə kirayə müqaviləsi bağlanmayıb. Cavabdeh həmin otaqlara AR Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi rəisinin “Turan” hərbi yataqxanasının komendantına ünvanladığı ##.##.2019-cu il tarixli məktub əsasında yerləşdirilib. Bu məktub qərar sayılmır.

20. Ona görə də cavabdehin həmin otaqlarda yaşaması qanunsuz sahiblik sayılır. AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, birinci instansiya məhkəməsi cavabdehin yataqxananın həmin otaqlarından çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

21. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 157.2-ci, Mənzil Məcəlləsinin 98.1-ci, habelə Mülki Prosessual Məcəllənin 372, 384-392-ci madələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən irəli sürülmüş tələbləri təmin edərkən əsasən tərəflər arasında yazılı kirayə müqaviləsinin mövcud olmamasına istinad etmişlər. Lakin işin faktiki halları göstərir ki, bu yanaşma birtərəfli qiymətləndirməyə əsaslanmış və mübahisənin mahiyyətini tam əhatə etməmişdir. İş materiallarından aydın olur ki, cavabdehin mübahisəli yaşayış sahəsinə daxil olması özbaşına baş verməmişdir. Cavabdeh həmin yaşayış sahəsinə məhz Müdafiə Nazirliyinin səlahiyyətli struktur bölməsi olan Mənzil-İstismar İdarəsinin rəsmi göstərişi əsasında yerləşdirilmişdir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən “Turan” hərbi yataqxanasının komendantına ünvanlanmış ##.##.2019-cu il tarixli, **** nömrəli məktubda Bakı Qarnizonu Mənzil-İstismar hissəsindən daxil olmuş ##.##.2019-cu il tarixli, *** nömrəli məktuba əsasən mülki işçi Cavabdeh müvəqqəti olaraq “Turan” hərbi yataqxanasına yerləşdirilməsi barədə göstəriş verilmişdir. Məhz həmin rəsmi göstəriş əsasında Cavabdeh 2019-cu ildə “Turan” hərbi yataqxanasına yerləşdirilmiş və həmin vaxtdan etibarən fasiləsiz olaraq həmin yaşayış sahəsində yaşayır. Bu fakt cavabdehin yaşayış sahəsindən istifadəsinin birbaşa Müdafiə Nazirliyinin qərarına əsaslandığını təsdiq edir. Belə olan halda sənədin müqavilə formasında tərtib edilməməsi və ya qanunvericiliyin tələblərinə tam uyğun rəsmiləşdirilməməsi cavabdehin təqsiri kimi qiymətləndirilə bilməz. Çünki yaşayış sahəsinə yerləşdirilmə barədə qərarı qəbul edən və müvafiq sənədləşməni həyata keçirməli olan tərəf məhz Müdafiə Nazirliyidir. Müdafiə Nazirliyi tərəfindən sənədləşmə ilə bağlı mümkün prosessual nöqsanların hüquqi nəticələri vətəndaşın üzərinə qoyula bilməz. Bundan başqa, cavabdeh Cavabdeh uzun illər ərzində Müdafiə Nazirliyi sistemində mülki işçi kimi müxtəlif idarələrdə məsul vəzifələrdə çalışmışdır. Onun ümumilikdə təxminən 40 ilə yaxın fasiləsiz əmək fəaliyyəti olmuş, bu müddət ərzində qüsursuz xidmətinə görə dəfələrlə mükafatlandırılmış, fəxri fərmanlarla təltif edilmiş və “Əmək veteranı” adına layiq görülmüşdür. Hazırda o, yaşla əlaqədar əmək fəaliyyətini dayandırmış və pensiyaçı statusuna malikdir. Cavabdeh məhz Müdafiə Nazirliyi sistemində uzun illər göstərdiyi əmək fəaliyyəti nəzərə alınmaqla mənzil təminatı məqsədilə Nazirliyin Mənzil-İstismar İdarəsinə müraciət etmiş və həmin müraciətin nəticəsi olaraq 2019-cu ildə “Turan” hərbi yataqxanasında yaşayış sahəsi ilə təmin olunmuşdur. Hazırda cavabdeh həmin yaşayış sahəsində ailə üzvləri – gəlin və nəvələri ilə birlikdə yaşayır və onun, eləcə də ailə üzvlərinin başqa yaşayış sahəsi mövcud deyil. Bundan əlavə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi sosial müdafiə prinsipini rəhbər tutaraq müəyyən kateqoriyadan olan şəxslərin yaşayış hüquqlarının qorunmasına yönəlmiş normalar müəyyən etmişdir. Məcəllənin 102.2-ci maddəsinə əsasən belə şəxslərin başqa yaşayış sahəsi təqdimedilmədən yaşayış sahəsindən çıxarılması yolverilməz hesab olunur. Məhkəmə isə qətnaməsində Mənzil Məcəlləsinin 92-ci maddəsinə istinad edərək xidməti yaşayış sahələrinin yalnız əmək münasibətləri ilə əlaqədar verildiyini və cavabdehlə Müdafiə Nazirliyi arasında hazırda əmək münasibətlərinin mövcud olmadığını göstərmişdir. Həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnaməyə istinad edilərək xidmət münasibəti olmayan şəxslərə Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Lakin məhkəmənin bu nəticəsi işin faktiki halları nəzərə alınmadan verilmişdir. Əvvəla, cavabdeh yaşayış sahəsinə öz təşəbbüsü ilə daxil olmamış, Müdafiə Nazirliyinin səlahiyyətli struktur bölməsinin səlahiyyətli şəxsi Müdafiə Nazirliyinin Mənzil istismar idarəsinin rəisi R Fikrət Mirzəyevin rəsmi göstərişi əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin # ##### 2014-cü il tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı Yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnaməsinin 1.8. maddəsinə əsasən həmin yataqxanaya yerləşdirilmişdir. Buna görə də yerləşdirilmənin normativ aktların tələblərinə tam uyğun rəsmiləşdirilməməsi vətəndaşın deyil, qərarı qəbul etmiş Müdafiə Nazirliyinin məsuliyyəti hesab edilməlidir. Digər tərəfdən, cavabdeh uzun illər Müdafiə Nazirliyi sistemində qüsursuz fəaliyyət göstərmiş, sosial müdafiəyə ehtiyacı olan pensiyaçı şəxsdir. Bundan əlavə, cavabdeh 2011-ci ildən etibarən 2-ci dərəcəli şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik daimi tibbi nəzarət və stabil yaşayış şəraiti tələb edir. Belə bir vəziyyətdə onun uzun illər yaşadığı yaşayış sahəsindən çıxarılması sağlamlıq vəziyyətinə ciddi mənfi təsir göstərə bilər. Lakin məhkəmə qərar qəbul edərkən cavabdehin sağlamlıq vəziyyətini, sosial statusunu və uzun illər dövlətə xidmət etməsini lazımi qaydada nəzərə almamışdır. Eyni zamanda iş materialları göstərir ki, cavabdeh tərəfindən mübahisəli yaşayış sahəsinə görə Müdafiə Nazirliyinin səlahiyyətli struktur bölməsinin səlahiyyətli şəxsi ilə bağlanmış şifahi müqavilə əsasında, razılaşdırmaqla mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir. Mənzil haqqı, su və məişət tullantıları üzrə ödənişlər birbaşa Müdafiə Nazirliyinə ödənilmiş və bu ödənişlərə görə rəsmi mədaxil qəbzləri verilmişdir. Digər kommunal xidmətlər isə müvafiq xidmət təşkilatları ilə bağlanmış müqavilələr əsasında ödənilmişdir. Müdafiə Nazirliyi tərəfindən uzun müddət ərzində qəbul edilmiş bu ödənişlər cavabdehin yaşayış sahəsindən istifadəsinin faktiki olaraq qəbul edildiyini və tərəflər arasında hüquqi münasibətin mövcud olduğunu göstərməklə kirayə müqaviləsi kimi nəzərdə tutulmalı idi. Bu halda sonradan həmin şəxsin qanunsuz yaşaması barədə iddia irəli sürülməsi hüquqi baxımdan ziddiyyətli mövqe təşkil edir. Bundan başqa, “Turan” yataqxanasının ailə tipli yataqxana statusunda olduğu da nəzərə alınmalıdır. Bu status yaşayış sahəsinin yalnız xidmət məqsədli müvəqqəti istifadə üçün deyil, ailə üzvləri ilə birlikdə yaşayış üçün nəzərdə tutulduğunu göstərən mühüm haldır. Beləliklə, cavabdehin yaşayış sahəsinə Müdafiə Nazirliyinin rəsmi göstərişi ilə yerləşdirilməsi, uzunmüddətli faktiki yaşayış, kommunal ödənişlərin qəbul edilməsi, sosial vəziyyəti və sağlamlıq durumu, eləcə də başqa yaşayış sahəsinin olmaması nəzərə alınmadan onun yaşayış sahəsindən çıxarılması ədalət və sosial müdafiə prinsiplərinə uyğun hesab edilə bilməz. Bundan əlavə, mübahisəyə qiymət verilərkən hüququn ümumi prinsipləri də nəzərə alınmalıdır. Hüquq tətbiqetmə praktikasında qəbul edilmiş əsas prinsiplərdən biri dövlətin öz hərəkətləri nəticəsində yaranmış hüquqi vəziyyətə sonradan vətəndaşın ziyanına istinad edə bilməməsidir. Bu iş üzrə müəyyən olunur ki, cavabdeh mübahisəli yaşayış sahəsinə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəsmi göstərişi əsasında yerləşdirilmişdir. Cavabdeh həmin qərarın qanuniliyini və ya normativ aktlara uyğunluğunu yoxlamaq imkanına malik olmayan adi vətəndaşdır. Buna görə də yerləşdirilmənin hüquqi formasının düzgün rəsmiləşdirilməməsi cavabdehin məsuliyyəti kimi qiymətləndirilə bilməz. Digər mühüm hüquqi prinsip isə qanuni gözlənti prinsipidir. Bu prinsipə görə Müdafiə Nazirliyinin rəsmi qərarı və ya davranışı nəticəsində vətəndaşda müəyyən hüquqi vəziyyətin davamedəcəyi barədə əsaslı gözlənti yaranmışdırsa, həmin vəziyyət sonradan vətəndaşın ziyanına əsassız şəkildə dəyişdirilə bilməz. Hazırkı iş üzrə cavabdeh Müdafiə Nazirliyinin rəsmi göstərişi əsasında yaşayış sahəsinə yerləşdirilmiş, uzun illər həmin yaşayış sahəsində yaşamış və ödənişləri mütəmadi şəkildə həyata keçirmişdir. Bu hallar cavabdehdə həmin yaşayış sahəsindən istifadə hüququnun davam edəcəyi barədə əsaslı və qanuni gözlənti formalaşdırmışdır. Bununla yanaşı, yaşayış sahəsindən çıxarılma ilə bağlı mübahisələrə baxılarkən yaşayış hüququnun müdafiəsi ilə bağlı beynəlxalq hüquqi standartlar da nəzərə alınmalıdır. Uzun müddət faktiki yaşayış yeri kimi istifadə edilən sahədən şəxsin çıxarılması yalnız formal hüquqi əsaslarla deyil, həmdə sosial vəziyyət, hüquqi gözləntilər və alternativ yaşayış imkanları nəzərə alınmaqla qiymətləndirilməlidir. Beləliklə, iş üzrə məhkəmələr tərəfindən yalnız formal hüquqi əsaslara istinad edilməklə cavabdehin yaşayış hüququnun məhdudlaşdırılması mübahisənin bütün faktiki və hüquqi halları hərtərəfli qiymətləndirilmədən həyata keçirilmişdir. Bundan əlavə qeyd olunmalıdır ki, mübahisəyə baxılarkən proporsionallıq və sosial ədalət prinsipləri də nəzərə alınmalıdır. Cavabdeh uzun illər həmin yaşayış sahəsində yaşamış və faktiki olaraq bu yaşayış sahəsindən daimi yaşayış yeri kimi istifadə etmişdir. Belə olan halda, məhkəmə cavabdehin yaşayış sahəsindən çıxarılması nəticəsinə gəlsə belə, bu məsələ yalnız formal hüquqi yanaşma ilə həll edilməməli, cavabdehin sosial vəziyyəti, uzunmüddətli faktiki yaşayışı və Müdafiə Nazirliyinin davranışı nəticəsində formalaşmış hüquqi münasibətlər nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh uzun illər dövlət xidmətində çalışmış, hazırda pensiyaçı statusuna malik olan və başqa yaşayış sahəsi olmayan şəxsdir. Bu şəraitdə onun heç bir alternativ yaşayış sahəsi təqdim edilmədən və ya kompensasiya ödənilmədən yaşayış yerindən çıxarılması sosial ədalət və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmır. Bu səbəbdən, məhkəmə cavabdehin yaşayış sahəsindən çıxarılması qənaətinə gəldiyi təqdirdə belə, ən azı cavabdehin uzunmüddətli faktiki yaşayışı, formalaşmış hüquqi vəziyyəti və sosial statusu nəzərə alınmaqla kompensasiya ödənilməsi və ya alternativ yaşayış sahəsi ilə təmin olunması məsələsinə hüquqi qiymət verməli idi. Lakin məhkəmələr tərəfindən bu hallar araşdırılmamış və mübahisənin sosialhüquqi aspektlərinə qiymət verilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı tərəfindən mənzildən çıxarılma tələbinin irəli sürülməsi hüquqdan sui-istifadə xarakteri daşıyır. İş materiallarından görünür ki, binanın qəzalı vəziyyətdə olması əsas göstərilməklə sakinlərin binadan çıxarılır. Bu isə mübahisəyə formal yanaşma ilə yanaşı, faktiki vəziyyətin də nəzərə alınmasını zəruri edir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

26. Maddə 92 Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

27. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

28. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

29. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

30. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.

31. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.

32. Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir.

33. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

34. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular.

35. Maddə 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir.

36. Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamə

37. Bənd 1.1 Həqiqi hərbi xidmətdə olan generallar, Rlar, zabitlər, Rlər, Rlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa İddiaçı xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar.

38. Bənd 1.13 Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə İddiaçı mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır.

39. Bənd 5.2 Bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir.

40. Bənd 5.7-5.11 Yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılırvə təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

51. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

52. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

53. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün səlahiyyətli subyektin qərarı olmalı və kirayə müqaviləsi bağlanmalıdır. Çünki, AR Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə görə, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

54. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, yataqxananın qeyd olunan otaqlarının cavabdehə verilməsi barədə səlahiyyətli subyekt tərəfindən qərar qəbul olunmayıb və cavabdeh ilə kirayə müqaviləsi bağlanmayıb. Cavabdeh həmin otaqlara AR Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi rəisinin “Turan” hərbi yataqxanasının komendantına ünvanladığı ##.##.2019-cu il tarixli məktub əsasında yerləşdirilib. Bu məktub qərar sayılmır.

55. Ona görə də cavabdehin həmin otaqlarda yaşaması qanunsuz sahiblik sayılır. AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, birinci instansiya məhkəməsi cavabdehin yataqxananın həmin otaqlarından çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

56. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar