Məhkəmə qərarları › İş №2(1-8)-1186/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1186/2026

11.06.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1186/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisələri, mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), X2 və X5 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. cavabdeh2 və cavabdeh1 (bundan sonra - cavabdehlər və ya ad, soyad) qardaşdılar. İddiaçı (bundan sonra – iddiaçı) isə cavabdeh cavabdeh1 övladıdır.

2. ünvan 1 nömrəli ünvanda yerləşən mənzil (bundan sonra – mübahisəli mənzil) ilkin olaraq X1, yəni iddiaçının nənəsinin və cavabdehlərin anasının mülkiyyətində olmuş, həmin mənzil 2015-ci il # ###### tarixli bağışlama müqaviləsi ilə iddiaçının mülkiyyətinə keçmiş və 2015-ci il ## ###### tarixində onun adına çıxarış rəsmiləşdirilmişdir. Cavabdehlər həmin ünvanda qeydiyyatdadırlar.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus mübahisəli mənzildən cavabdehlərin istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər həmin ünvanda qeydiyyatda olduqları üçün iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsi məhdudlaşmışdır. Onların qeydiyyatdan çıxarılması ilə bağlı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis Idarəsinə müraciət olunmuş, lakin müraciətin təminindən imtina edilərək məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

5. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh cavabdeh2 bildirmişdir ki, 1993-cü ildən mübahisəli mənzildə qeydiyyatdadır. Həmin mənzil iddiaçıya müvəqqəti verilmişdir. Özü və digər cavabdeh cavabdeh1 Polşada yaşayır, lakin qayıtdıqdan sonra həmin mənzildə yaşaya bilər. Ona görə də, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

6. Digər cavabdeh cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim K.B.Xudayev ) 2025-ci il # #### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlər 33 ildən artıq müddətdə mübahisəli mənzildə yaşamamış, həmçinin onların həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasını şərtləndirən hər hansı hüquqi əsas aşkar edilməmişdir. Bu səbəbdən cavabdehlərin mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır.

9. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının tam həcmdə həyata keçirilməsinə maneə yaratdığından, sonuncunun hazırkı tələblə məhkəməyə müraciəti əsaslıdır. Buna görə də, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia təmin edilməlidir.

10. Bundan əlavə məhkəmə müəyyən etmişdir ki, cavabdehlərin uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşamamaları üzrlü səbəblərlə deyil, daimi yaşamaq məqsədilə başqa yaşayış yerinə köçmələri ilə bağlı olmuşdur. Iş materialları ilə təsdiq edilmişdir ki, cavabdehlər mübahisəli yaşayış sahəsini tərk etmiş, başqa yaşayış yeri seçərək həmin mənzillə faktiki əlaqələrini kəsmişlər. Beləliklə, cavabdehlərin uzun müddət ərzində yaşayış sahəsindən istifadə etməmələri nəzərə alınaraq, onların iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün hüquqi əsaslar mövcuddur.

11. Həmçinin, yaşayış sahəsindən istifadə hüququnun hüquqi mahiyyəti etibarilə servitut xarakteri daşıdığı nəzərə alınaraq, həmin hüquqa kompensasiya ödənilmədən xitam verilməsi məsələsində Mülki Məcəllənin 262-ci maddəsinin analogiya üzrə tətbiqi mümkün hesab edilir. Həmin normaya əsasən, servitutun müəyyən edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda, yüklü əmlakın mülkiyyətçisinin tələbi ilə servituta xitam verilə bilər.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddənin 2-ci bəndinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolun 1-ci, Mülki Məcəllənin (bundan sonra - MM) 152.1, 152.5, 157.4, 157.8, 262.2-ci, Mənzil Məcəlləsinin (##.##.2009-cu ilədək qüvvədə olan) 60.1, 87.2-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 1999-cu il ## #### tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il ## #### tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil uzun illər cavabdehlərin valideynlərinin mülkiyyətində olmuş, ailə üzvləri tərəfindən faktiki olaraq istifadə edilmişdir. Cavabdehlərin atası 1993-cü ildə vəfat etdikdən sonra mənzil mərhum analarının adına rəsmiləşdirilmişdir. Bir neçə il əvvəl mərhum ana, cavabdehlərin işlə əlaqədar müəyyən müddət ərzində evdə olmamalarını nəzərə alaraq, mənzilin müvəqqəti olaraq iddiaçının adına keçirilməsini təklif etmiş, işləri başa çatdıqdan sonra isə yenidən cavabdehlərin adına rəsmiləşdiriləcəyini bildirmişdir. Cavabdehlər bu təkliflə razılaşmışlar. Sonradan mərhum ana həmin qərardan narazı qalmış və mənzilin yenidən öz adına keçirilməsi niyyətini dəfələrlə ifadə etmişdir. Lakin səhhətinin pisləşməsi səbəbindən bunu həyata keçirə bilməmişdir. Cavabdehlər mənzildən istifadə etməyə davam etmiş, yalnız işlə bağlı səbəblərdən müəyyən müddətlər ərzində müvəqqəti olaraq başqa ünvanda yaşamışlar. Işləri başa çatdıqdan sonra isə mənzilə qayıtmışlar. Mənzildə onların şəxsi əşyaları da saxlanılmışdır. Bir müddət əvvəl mənzilə qayıtdıqda giriş qapısının kilidinin dəyişdirildiyini müəyyən etmiş və mənzilə daxil ola bilməmişlər. Iddiaçı ilə əlaqə saxladıqda, o, kilidin nasazlıq səbəbindən dəyişdirildiyini bildirmişdir. Lakin sonradan yeni açarı təqdim etməmiş və cavabdehlərin mənzilə daxil olmalarına icazə verməyəcəyini bəyan etmişdir. Iddiaçı hazırkı iddianı yalnız 2024-cü ildə cavabdehlərin anası vəfat etdikdən sonra irəli sürmüşdür. Cavabdehlərin mübahisəli mənzildən başqa yaşayış sahələri yoxdur və onların həmin mənzildən istifadə etməyə ehtiyacları mövcuddur.

15. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qızı və X3 ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Onlar eyni zamanda ərizədə mübahisəli mənzilin hazırda onların mülkiyyətində olduğunu, cavabdehlərin mənzildə qeydiyyatda qalmalarının onların mülkiyyət hüquqlarını pozduğunu göstərmiş və bu əsasla hüquqlarının qorunmasını məhkəmədən xahiş etmişlər.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – A.Ə.Isgəndərov (sədrlik edən və məruzəçi), S.R.Səlimova və A.N.Imanov) 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmış, dəlillərə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlilləri cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun mövcud olması, həmin hüququ itirməmələri və mənzilə ehtiyaclarının olması ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlillərini əsassız hesab etmiş və bununla əlaqədar qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehlər həmin mənzildə daimi yaşamırlar. Bu hallar tərəflər arasında mübahisələndirilmir.

18. Hazırkı iddia da iddiaçının mənzil üzərində mülkiyyət hüququna əsaslanır. Iddiaçı cavabdehlərin mənzilə istifadə hüququnun ilkin yaranmasını mübahisələndirmir, lakin onların uzun müddət həmin mənzildə yaşamamalarını əsas gətirərək istifadə hüququna xitam verilməsini tələb edir. Qanunverciliyə əsasən icarədar və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

19. Birinci instansiya məhkəməsində keçirilmiş ##.##.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh cavabdeh2 izahatında göstərmişdir ki, o və digər cavabdeh Polşa Respublikasında yaşayırlar, Azərbaycana gəldikləri zaman isə mübahisəli mənzildə qalmışlar. Həmçinin bildirmişdir ki, mənzil 1992-ci ildə alınmış, özü 2022-ci ildə, digər cavabdeh isə 2023-cü ildə həmin ünvanda qeydiyyata düşmüşdür. Digər cavabdeh 1997-ci ildən etibarən Polşada yaşayır. Elektron Məhkəmə Sistemindən əldə edilmiş sərhədkeçmə məlumatları da təsdiq etmişdir ki, cavabdehlər daimi olaraq Polşada yaşayır, ildə bir neçə dəfə Azərbaycana gələrək qısa müddət – təxminən 2-3 gün qaldıqdan sonra yenidən Polşaya qayıdırlar. Belə ki, cavabdehlər uzun müddətdir, təxminən 33 ildən artıqdır ki, mübahisəli ünvanda yaşamırlar. Məhkəmə araşdırması zamanı onların mənzildən istifadə hüququnun saxlanılmasını zəruri edən hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Cavabdehlərin Azərbaycanda olduqları zaman qısa müddət ərzində həmin mənzildə qalması təsdiq edilsə belə, bu hal istifadə hüququnun davam etməsi üçün kifayət qədər əsas sayıla bilməz. Beləliklə, onların mənzildə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin faktiki yaşamamasına baxmayaraq qeydiyyatlarının və istifadə hüquqlarının saxlanılması iddiaçının mülkiyyət hüququndan irəli gələn səlahiyyətlərinin həyata keçirilməsini əsassız məhdudlaşdırır.

20. Eyni zamanda, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin yekun qərarından sonra mənzil ##.##.2025-ci il tarixli alqı-satqı müqavilələri əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qızına və X3 hər birinə 1/2 pay olmaqla satılmışdır. Hazırda mübahisəli mənzil həmin şəxslərin mülkiyyətində olduğundan məhkəmə kollegiyası onları müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir. Həmin şəxslər məhkəməyə təqdim etdikləri ərizədə işə iştirakları olmadan baxılmasını xahiş etmiş, eyni zamanda mənzilin onların mülkiyyətinə keçdiyini, cavabdehlərin qeydiyyatda qalmasının mülkiyyət hüquqlarını pozduğunu bildirərək hüquqlarının müdafiəsini məhkəmədən xahiş etmişlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Apellyasiya məhkəməsi öz mövqeyini 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan MM-in 152.1, 152.5, 157.4, 157.8-ci, Mənzil Məcəlləsinin (##.##.2009-cü ilədək qüvvədə olan) 60.1, 87.2-ci, MPM-in 14.2, 77.1, 88, 384.0.1, 358.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1999-cu il ## #### tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehlər birgə qaydada (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki birinci instansiya məhkəməsi MPM-nin tələblərinə zidd olaraq, qətnamə qanuni qüvvəyə minməmiş onun icrası üçün icra sənədini aidiyyəti üzrə göndərmişdir. Nəticədə, qanuni qüvvəyə minməmiş qətnamə icra olunmuş və yaşayış yeri üzrə qeydiyyat ləğv edilmişdir. Yalnız apellyasiya şikayəti təqdim edildikdən sonra Yasamal Rayon Məhkəməsi icra sənədini geri çağırmış və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar icra icraatının dayandırılması barədə Yasamal Rayon Icra Şöbəsinə müraciət etmişdir.

24. Bundan başqa, iddiaçının istinad etdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, cavabdehlər mübahisəli mənzildə yaşamış və məhkəmə qətnaməsi qəbul edilənədək həmin mənzildən faktiki istifadə etmişdirlər. Hazırda isə yeni mülkiyyətçi tərəfindən mənzilə daxil olmaqlarına maneələr yaradılır və mənzildən istifadə etmələrinə imkan verilmir. Həmçinin, istifadə hüququna xitam verilməsi üçün hər hansı qanuni və əsaslı səbəb iddiaçı tərəfindən təqdim edilməmişdir. Polşa Respublikasında və ya digər ölkələrdə müəyyən müddətlər ərzində olmaq özlüyündə mənzilə münasibətdə yaranmış istifadə hüququnun xitamı üçün əsas hesab edilə bilməz. Cavabdehlər iş fəaliyyətilə əlaqədar il ərzində Polşa Respublikasına və digər ölkələrə gedib-gəlmiş, qalan vaxtlarda isə mübahisəli mənzildə yaşamışlar. Əgər məhkəmənin gəldiyi nəticəyə əsasən xarici ölkədə fasiləsiz yaşadıqları və bu səbəbdən mənzildən istifadə etmədikləri qəbul edilirsə, bu halda uzun müddət əvvəl Azərbaycan Respublikası vətəndaşlığından çıxaraq başqa dövlətin vətəndaşlığını qəbul etməli idilər. Lakin onlar hazırda da Azərbaycan Respublikasının vətəndaşları olaraq qalırar ki, bu da ölkə ilə daimi hüquqi və faktiki bağlılığın mövcudluğunu göstərir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz ərizəsi məhkəməyə təqdim olunmuşdur. Ərizədə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur .

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi (##.##.2009-cu ilədək qüvvədə olan)

30. Maddə 60, 1-ci hissə. Icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, R və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır.

31. Maddə 87, 2-ci hisssə. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 1999-cu il ## #### tarixli Qərarı

32. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

40. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

45. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər olmuş və apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehlərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar