Məhkəmə qərarları › İş №2(1-8)-1187/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1187/2026

09.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1187/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı Şəhəri üzrə Təhsil Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı Şəhəri üzrə Təhsil Idarəsi tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı Şəhəri üzrə Təhsil Idarəsinin müdiri əvəzi X2 ilə İddiaçı arasında ##.##.2016-cı il tarixli əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı Bakı şəhəri *** nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşdur.

2. Cavabdeh Həmkarlar Ittifaqı Komitəsinin sədri Sevinc Quliyevaya, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil Idarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova tərəfindən göndərilən məktubdan görünür ki, “Ümumi təhsil müəssisələrində monitorinqin təşkili barədə” ##.##.2025-ci il tarixli əmrə əsasən ##.##.2025-##.##.2025-ci il tarixlərində Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbində monitorinq keçirildiyini, araşdırma zamanı *** nömrəli tam orta ümumtəhsil məktəbinin rəhbər şəxslərinin fəaliyyətində bir sıra qanun pozuntusu halı müəyyən edildiyini, əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, habelə vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi üçün məsələyə baxılaraq müvafiq qərarın verilməsi xahiş olunmuşdur.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil Idarəsinin № *-29-59/3-1-927k/2025 saylı, ##.##.2025-ci il tarixli əmri ilə Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

4. ##.##.2025 ci il tarixli ərizə ilə İddiaçı Qaradağ RPI-nin 10-cu Polis şöbəsinə ona atılan böhtanla bağlı müraciət etmiş, Bakı şəhər Qaradağ RPI-nin 10-cu Polis şöbəsinin ##.##.2025-ci il tarixli məktubu ilə İddiaçı ##.##.2025 ci il tarixli ərizəsinə baxıldığını və müvafiq araşdırılma aparıldığı və aparılmış araşdırma zamanı müraciətdə qeyd edilən xüsusatların öz təsdiqini tapmadığı bildirilmişdir.

5. Bakı şəhər Təhsil Idarəsi Həmkarlar Ittifaqı Komitəsinin # #### 2025-ci il tarixli qərarından görünür ki, 13 nəfər komitə üzvünün səsvermə nəticəsində İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı Şəhəri üzrə Təhsil Idarəsinə (bundan sonra – “cavabdeh”) qarşı “Əmək müqaviləsinə xitam verilməsinə barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ###### 2016-cı il tarixdən Bakı şəhəri, Neftçi Qurbanov adına *** nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmış, ## ######## 2023-cü il–## ### 2024-cü il tarixlərində isə məktəb direktorunun səlahiyyətlərini müvəqqəti icra etmişdir. ## ### 2024-cü il tarixdə məktəbə yeni direktor təyin edildikdən sonra tədrisin təşkili və idarə olunmasında, habelə maliyyə fəaliyyətində çoxsaylı qanun pozuntularına yol verilmiş, iddiaçının həmin hallarla bağlı etirazları isə rəhbərlik tərəfindən mənfi qarşılanmışdır. Məktəbdə baş verdiyi göstərilən qanun pozuntuları barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Bakı Şəhəri üzrə Təhsil Idarəsinə dəfələrlə müraciətlər edilmiş, lakin müraciətlər üzrə effektiv tədbirlər görülməmişdir. Sonradan məktəbdə monitorinq aparılmış, monitorinqdən əvvəl və sonra Bakı Şəhəri üzrə Təhsil Idarəsinin əməkdaşları tərəfindən iddiaçıya başqa məktəbə yerdəyişmə təklif olunmuş, bundan imtina etdiyi halda əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam veriləcəyi bildirilmışdır. Monitorinqin qərəzli şəkildə aparıldığı, müəllimlər tərəfindən onun əleyhinə şikayətlərin təşkil olunduğu, müxtəlif məsələlərlə bağlı izahatlarının alındığı qeyd edilmişdir. ## #### 2025-ci il tarixdə monitorinq aktları ilə tanış edildikdən sonra həmkarlar ittifaqı komitəsinin iclası keçirilmiş, həmin iclasda əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsinə razılıq verilmişdir. Elə həmin gün son haqq-hesab ödənilmiş, sonradan Bakı Şəhəri üzrə Təhsil Idarəsinin # #### 2025-ci il tarixli, *-**-**/*-*-***k/**** nömrəli əmri ilə əmək müqaviləsinə xitam verildiyi məlum olmuşdur.

8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə prosesi, tədris-pedaqoji və metodiki sənədlərlə, kadrlarla işin təşkili, əmək və təhsil qanunvericiliyinin tələblərinin icra vəziyyətinin öyrənilməsi məqsədilə ##.##.2025-##.##.2025-ci il tarixlərində monitorinq keçirilmişdir. Monitorinq zamanı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini olan iddiaçının fəaliyyətində bir sıra qanun pozuntuları aşkar edilmişdir. Belə ki, onun ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərində iş vaxtı bitmədən məktəb rəhbərliyinə məlumat vermədən məktəbi tərk etdiyi, ##.##.2025, eləcə də ##.##.2025 və ##.##.2025-ci il tarixlərində üzrlü səbəb olmadan işə gəlmədiyi müəyyən edilmişdir. Həmçinin müəllimlərə mənəvi-psixoloji təzyiq göstərdiyi, onlarla kobud və qeyri-etik formada rəftar etdiyi, 2024-2025-ci tədris ilində informatika fənnindən dərs aparmalı olduğu bəzi siniflərdə öz fənnini, ümumiyyətlə, bəzi siniflərdə isə qismən tədris etmədiyi aşkar olunmuşdur. Bundan başqa, sinif jurnallarında şagirdlərin dərsdə iştirak etməməsi barədə müvafiq qeydiyyat aparmamış, fənn müəlliminin yazmalı olduğu “Mövzular” hissəsində qeydiyyat aparmışdır. Iddiaçı bu hərəkətləri ilə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun, “Təhsilverənlərin etik davranış qaydaları”nın və Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Həmçinin o müəssisə rəhbərinə qarşı subordinasiya qaydalarını gözləməmiş, vəzifə funksiyalarını yerinə yetirməkdən imtina etmiş, məktəb kollektivində qeyri-sağlam mühitin yaranmasına səbəb oldmuşdur. Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil Idarəsi tərəfindən Həmkarlar Ittifaqı Komitəsinə təqdimat verilmiş, Komitənin razılığı nəzərə alınmaqla ##.##.2025-ci il tarixli, *-**-**/*-*-***k/**** nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

9. Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – G.Fərəcova).

10. Məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə işdən azad etmənin qanuniliyinə və əsaslılığına qiymət vermək üçün ilk növbədə, işdən azad etmə barədə ##.##.2025-ci il tarixli əmrdə qeyd olunan hər bir halın əsaslılığı və qanuniliyi yoxlanılmalıdır. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmr yalnız o halda məhkəmə tərəfindən qanuni və əsaslı hesab edilə bilər ki, həm formal hüquqi tələblərə riayət olunmuş olsun, həm də əmrin verilməsinə səbəb olan halların obyektivliyi və reallığı sübuta yetirilsin. Qanunilik dedikdə, əmrin Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməklə, səlahiyyətli şəxs tərəfindən və müəyyən olunmuş qaydalara uyğun verilməsi nəzərdə tutulur. Əsaslılıq isə, əmrin faktiki hallara, yəni işçinin, həqiqətən, əmək vəzifələrini pozmasına və ya digər xitam səbəbinin obyektiv mövcudluğuna söykənməsi deməkdir. Əgər əmr qanuni olsa da, əsaslı deyilsə, yaxud əsaslı olsa da, qanuni deyilsə, belə xitam işəgötürənin iradəsini təsdiqləsə də, məhkəmə baxımından hüquqi qüvvəyə malik olmur və işçini işə bərpa üçün əsas yaradır.

11. Ilk növbədə əmrdə, iddiaçının ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci tarixlərdə iş vaxtı bitmədən, məktəb rəhbərliyinə məlumat vermədən məktəbi tərk etməsi qeyd olunur. Bu məlumat, ## #### 2025-ci il tarixli monitorinqin nəticələrinə dair aktın 7-ci bəndində öz əksini tapmışdır. Həmin bənddin məzmunundan görünür ki, qeyd olunan hallar məhz monitorinq zamanı təqdim olunan aktlar vasitəsilə müəyyən olunmuşdur. ## #### 2025-ci il tarixli monitorinqin nəticələrinə dair arayışın üçünçü abzasında qeyd olunur, iddiaçının qeyd olunan tarixlərdə işdən vaxtından əvvəl getməsi ##.##.2025-ci il tarixli aktda öz təsbitini tapmışdır. Məhkəmə bu hala münasibətdə qeyd etmişdir ki, akt– konkret faktın, hadisənin, vəziyyətin mövcudluğunu təsdiqləmək üçün tərtib olunan, müəyyən formada yazılmış, iştirak edən şəxslərin imzaları ilə təsdiq edilmiş rəsmi sənəddir. Bu, pozuntu baş verən anda və ya dərhal sonra tərtib olunmalıdır. Əks halda, aktın obyektivliyi itir və məhkəmədə sübut kimi dəyəri azalır. Beləliklə, akt mötəbər sübut kimi qiymətləndirilə bilməz.

12. Məhkəmə iclasında cavabdeh tərəfindən videogörüntü təqdim edilmişdir və həmin görüntülərdə yalnız ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində iddiaçının məktəbi tərk etməsi öz əksini tapır. Əmək Məcəlləsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların siyahısı verilmiş, maddənin məzmunundan göründüyü kimi bu siyahı qapalı siyahıdır. Yəni yalnız həmin maddədə göstərilən halları kobud pozuntu kimi qiymətləndirmək mümkündür. Belə ki, yuxarıda qeyd olunan tarixlərdə iddiaçının iş yerini iş vaxtı bitmədən tərk etməsi fərz edilsə belə, bu, özlüyündə əmək intizamının pozulması kimi qiymətləndirilə bilər. Lakin bu hal kobud pozuntu anlayışına daxil edilə bilməz. Çünki Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən “özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi” halı qeyd olunur. Iş yerinin iş vaxtı bitmədən tərk etmək kobud pozuntular siyasında göstərilməyib.

13. Həmçinin əmrdə ## ### 2025-ci il tarixdə iddiaçının iş günü olduğu halda işə gəlmədiyi və heç bir üzürlü səbəb olmadan bütün iş günü ərzində işdə olmadığı qeyd olunur. Iş materiallarına əlavə edilmiş fotoşəkillərdən, məhkəmə iclasında iştirak edən şahidlərin ifadələrindən, həmçinin Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon Təşkilatının ## #### 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı həmin tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə saat 08.00-12.00-dək gülqoyma mərasimində iştirak etmişdir. Həmçinin məhkəmə baxış iclasında həm iddiaçı tərəfindən, həm də cavabdeh tərəfindən çağırılmış şahid ifadələri onu təsdiq edir ki, məktəb müəllimlərinin əksəriyyəti qeyd olunan tədbirdə iştiraka çəlb edilmiş və bunu məktəb direktoru özü təşkil etmişdir. Cavabdehin nümayəndəsi məktəb direktorunun özünün də bu tədbirdə iştirakının olduğunu qeyd etmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinin dispozitiv şərtlərini aşağıdakı kimi qruplaşdırmaq olar: işçi bütün iş günü ərzində işdə olmamalıdır; Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi halı olmamalıdır və heç bir üzürlü səbəb olmamalıdır.

15. Işin hallarından görünür ki, məktəb kollektivinin günün müəyyən hissəsində tədbirdə iştirak etməsinə görə işə gəlməməsi məktəb rəhbərliyinin icazəsi və birbaşa göstərişi nəticəsində baş vermişdir. Cavabehin bildirdiyi kimi tədbir bitdikdən sonra iddiaçının geri qayıtmaması artıq bütün iş günü ərizində işdə olmama kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı həmin günün müəyyən hissəsində rəhbərliyin icazəsi ilə, digər iş kollektivi ilə birgə, tədbirdə iştirakı ilə əlaqədar işdə olmayıb. Yəni bütün iş günü ərzində yox, yalnız iş gününün müəyyən hissəsində üzürsüz səbəbdən işdə olmayıb. Bununla da, iddiaçının əməlində Əmək Məcəlləninin 70-ci maddəsinin “a” bəndinin dispozitiv şərtləri mövcud olmur.

16. Əmrdə digər əsas olaraq,iddiaçının müəllimlərə mənəvi-psixoloji təsir göstərməsi, kobud və qeyri-etik formada rəftar etməsi halı göstərilir. Məhkəmə bu əsasa münasibətdə qeyd edir ki, tərəflər iddia etdikləri halları sübut etmək öhdəliyi daşıyır. Mənəvi-psixoloji təsir və qeyri-etik ifadələr dedikdə, konkret hansı halların nəzərdə tutulduğu və bu halların konkret kimə qarşı, hansı ifadələrdən istifadə edilməklə tətbiq olunması işin halları ilə öz təsdiqini tapmır. Beləki, iş materiallarına ##.##.2025-ci il tarixli 59 nəfər tərəfindən təsdiq olunan akt əlavə edilib, həmin aktın məzmununa əsasən, iddiaçının ayrı-ayrı vaxtlarda müəllimlərə hədəqorxu gəldiyi,yenə ayrı-ayrı vaxtlarda direktor otağına daxil olub qeyri etik ifadələr işlətdiyi bildirilir. Bu qeyd olunanlara münasibətdə, məhkəmə birdaha bildirir ki, akt o halda möhtəbər xarakter daşıyır ki, hadisənin baş verdiyi zaman və ya ondan dərhal sonra tərtib edilsin. “Ayrıayrı vaxtlarda” ifadəsi qeyri-dəqiq olmaqla, aktın tərtib olunma tarixi ilə qeyd olunan hadisələrin üst-üstə düşmədiyini təsdiq etmiş olur. Bundan əlavə, həmin aktla ##.##.2025-ci il tarixdə müəllimlər otağında baş vermiş münaqişə ilə bağlı məlumat öz əksini tapmışdır.Həmin münaqişə iddiaçı ilə məktəbin direktor müavini Şəhla Mirzəyeva arasında baş vermişdir. Belə bir hadisənin baş verməsi işin mübahisəsiz halı olmaqla, hər iki tərəf, həmcinin məhkəmə iclasında iştirak edən şahidlər tərəfindən təsdiq edilmişdir. Lakin həmin akt, münaqişənin baş verdiyini təsdiq etsə də, həmin hadisə zamanı iddiaçının “hədə-qorxu, təzyiq və şər böhtan” atmasını təsdiq etmək üçün kifayət deyil.Ilk növbədə, hədə qorxunun nədə ifadə olunduğu dəqiq göstərilmir və məhkəmə iclaslarında da, cavabdeh tərəfindən ifadə olunmur. Məhkəmə iclasında münaqişənin digər tərəfi olan Şəhla Mirzəyeva şahid qismində dindirilmişdir. Şəhla Mirzəyevə öz ifadəsində həmin gün müəllimlər ilə söhbət etdiyi zaman iddiaçının içəri girib onun üstünə qışqırdığını bildirmişdir. Yəni, konkret hədə-qorxu, təzyiq və şər böhtanın nədə ifadə olunması məhkəmə üçün aydın olmamışdır.

17. Məhkəmə işin hallarını araşdıraraq və həmcinin şahid ifadələrini dinləyərək, o qənaətə gəlir ki, məktəb kollektivinin bir qismi qeyd olunan halları təsdiq etsə də, bir qismi belə olmadığını, həmcinin baxış iclasında iştirak etdən 14 şahidin hər biri iddiaçının onlarla mehriban rəftar etdiyini və hər hansı təsir göstərmədiyini bildirir. Beləliklə, iddiaçının kollektivlə pis rəftar etməsi barədə qəti fikrə gəlmək işin hallarına əsasən mümkün olmamışdır.

18. Digər tərəfdən, tərtib edilmiş aktla yalnız iki nəfər arasında-iddiaçı və Şəhla Mirzəyeva arasında olan münaqişə öz təsdiqini tapdığından, bu halın ümumilikdə kollektivə qarşı təzyiq kimi qiymətləndirmək əsaslı deyil.

19. Əmrdə, həmçinin iddiaçının jurnalları yazmaması və müəyyən dərsləri tədris etməməsi qeyd olunur. Əmrdə qeyd olunur ki, bu hallar monitorinq zamanı aşkar olunmuşdur. Lakin monitorinqin nəticələrinə dair ## #### 2025-ci il tarixli aktın 10-cu bəndinin məzmunundan görünür ki, iddiaçının dərslərini tədris etməməsi bilavasitə monitorinq zamanı müəyyən edilməmiş, sadəcə monitorinq zamanı bununla bağlı bir sıra müəllimlərin izahatlarının verildiyi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş şahidlər isə belə bir halın baş vermədiyini bildirmişdir. Belə olan halda, məhkəmə sırf izahatlara əsaslanaraq, dərslərin tədris olunmaması barədə qəti nəticəyə gəlməyin mümkün olmadığını bildirmişdir.

20. Həmçinin məhkəmə vurğulamışdır ki, əmrdə qeyd olunan halların əsaslılığını sübuta yetirmə vəzifəsi məhz işəgötürənin üzərinə düşür. Hazırkı halda, bununla bağlı yalnız izahatlar məhkəməyə təqdim olunmuşdur, beləliklə, birmənalı nəticəyə gəlmək mümkün deyil. Jurnalların yazılmaması halı isə monitorinqin nəticələrinə dair aktın 4-cü bəndində öz təsbitini tapır. Bəndin məzmunundan görünür ki, bu əsas bilavasitə monitorinq zamanı aşkara çıxarılmışdır. Beləliklə, yalnız jurnallarda müvafiq qeydlərin aparılmamasını məhkəmə sübuta yetirilmiş kimi qəbul edir.

21. Buna münasibətdə məhkəmə qeyd etmişdir ki, monitorinq fəaliyyəti inzibati orqanın özünün həyata keçirdiyi diskresion səlahiyyətdir. Monitorinqin aparılması qaydasını məhz inzibati orqan müəyyən edir və məhkəmə buna müdaxil ola bilməz. Digər tərəfdən, monitorinq fəaliyyətinin inzibati hüququn prinsiplərinə uyğun həyata keçirilib-keçirilməməsi məsələsini hazırkı mülki mühakimə icraatı çərçivəsində qiymətləndirmək yolverilməzdir. Lakin monitorinqin nəticəsinə sübut kimi istinad etmək yalnız bilavasitə monitorinq gedişində aşkar edilən hallara münasibətdə mümkündür. Yuxarıda sadalanan əsaslar monitorinq zamanı müəyyən edilən əsaslar deyil. Monitorinqin nəticələrinə dair aktdan da görünüdüyü kimi, iddiaçının işdən tez getməsi, dərs keçməməsi, kollektivə mənəvi-psixoloji təsir göstərməsi monitorinq zamanı müəyyən edilə edilə bilməz. Çünki bu hallar 2-# #### 2025-ci il tarixlərində yox, daha əvvəlki tarixlərdə baş verib. Monitorinq zamanı yalnız bu hallarla bağlı müvafiq izahat və aktlar təqdim olunub. Beləliklə, əmrdə qeyd olunan həmin əsasların mövcudluğunu sübut etmək bilavasitə işəgötürənin vəzifəsidir. Həmçinin monitorinq qiymətləndirmə fəaliyyətinin bir hissə olub, bilavasitə hər hansı işçinin işdən azad edilməsi ilə bağlı birbaşa göstərişi özündə ehtiva etmir. Digər tərəfdən, monitorinqin nəticələrinə əsasən yalnız iddiaçının deyil, bir sıra digər əməkdaşların da fəaliyyətində nöqsanlar aşkar edildiyi qeyd olunur.

22. Beləliklə, məhkəmə mülki mühakimə icraatı çərçivəsində monitorinq fəaliyyətinə qiymət vermədən, yalnız işdən azad etmə barədə əmrin əmək qanunvericiliyinin tələblərinə uyğunluğunu və əsaslılığını yoxlayır.

23. Əmrdə işdən azad etmənin digər əsası kimi 2-# #### 2025-ci il tarixlərində iş günü olduğu halda iddiaçının işə gəlməməsi qeyd olunur. Qeyd olunan hal işin mübahisəsiz halı olmaqla iddiaçı tərəfindən qəbul edilmişdir. Iddiaçı həmin günlərdə işdə olmamasını Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunması ilə əlaqələndirmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli sorğusuna cavab olaraq, Dövlət Təhlükəsizlik Xidmətindən bildirilmişdir ki, *** nömrəli məktəbdə baş vermiş neqativ hallarla bağlı iddiaçının qızı X1 müraciəti üzrə X1 çağrılmış və 3 iyul tarixində iddiaçı da onunla birgə gəlmiş və dinlənilmişdir. # ###### 2025-ci il tarixində keçirilən iclasda cavabdehin nümayəndəsi iddiaçının işdən azad edilməsinin əsas səbəbinin 2-3 iyul iş günü olmasına baxmayaraq işə gəlməməsi olduğunu qeyd etmişdir. Məhkəmə bildirmişdir ki, nə qədər ki, işdən azad etmə əmrində yalnız 2-# #### 2025-ci il tarixində işəgəlməmə yeganə əsas kimi göstərilməyib və yuxarıda sadalanan digər hallar da əmrdə qeyd olunub, deməli həmin əsaslar bilavasitə işdən azadetməyə səbəb olan əsaslar kimi məhkəmə tərəfindən yoxlanılıb qiymət verilməlidir.

24. Məhkəmə Əmək Məcəlləsinin 80.1 və 80.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, həmkarlar ittifaqının üzvü olan işçilər 70-ci maddənin “ç” bəndi ilə işdən azad edildikdə, qabaqcadan həmkarlar ittifaqı təşkilatının razılığı alınır. Bu zaman işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Burada, əsaslandırılmış yazılı təqdimat anlayışını təfsir edərək məhkəmə bildirmişdir ki, təqdimatda yalnız işçinin işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilməsinə razılığın olub-olmamasının öyrənilməsini qanunverici nəzərdə tutmur. Belə ki, təqdimatın əsaslandırılmış olması tələbi onu ifadə edir ki, həmin təqdimatda işdən azad edilən işçinin azad edilməsinə səbəb olan bütün hallar şərh olunmalı, məhz hansı kobud pozuntulara işçinin yol verməsi, bunun nəticəsində hansı mənfi nəticələrin yaranması ətraflı şərh edilməlidir. Əks halda təqdimat əsaslandırılmış olmaz.

25. Iş materiallarında olan # #### 2025-ci il tarixli Həmkarlar Ittifaqı Komitəsinin sədri Sevinc Quliyevaya ünvanlanmış məktubun(səh. 27) məzmunundan görünür ki, cavabdeh iddiaçının 2-# #### 2025-ci il tarixlərində işdə olmaması ilə bağlı əsası əmrdə qeyd etsə də, həmkarlar ittifaqına bu barədə məlumat verməmiş, bununla bağlı həmkarlar ittifaqının mövqeyini öyrənməmişdir. Həmçinin, # #### 2025-ci il tarixli Bakı Şəhəri üzrə Təhsil Idarəsi Həmkarlar Ittifaqı Komitəsinin(səh 182) qərarının məzmununda da həmin hala qiymət verilmədiyi aşkar olunur.

26. Məhkəmə bildirmişdir ki, iş günü ərzində heç bir üzrlü səbəb olmadan işdə olmama əmək vəzifələrinin kobud pozuntusudur. Lakin qanunvericilik kobud pozuntunun birmənalı şəkildə əmək müqaviləsinə xitam vermə əsası kimi müəyyən etmir. Əmək Məcəlləsinin 70 ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun, həmçinin işəgötürən həmin əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmış olsun. Hazırkı iş üzrə ##.##.2025-ci il tarixli əmrdə işdən azad etmə əsasları sadalanmış, bu əsasların, həmçinin 2- # #### 2025-ci il tarixlərində işçinin işdə olmamasının işəgötürənə, əmək kollektivinə, işin normal ahənginə, kollektivə və onun ayrı-ayrı üzvlərinə nə kimi ziyan vurulduğu əsaslandırılmamış, bu barədə mövqe bildirilməmişdir.

27. Yuxarıda qeyd olunanların davamı olaraq, məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr hüquqi qüvvəyə malik olması üçün həm qanuni, həm də əsaslı olmalıdır. Qanunilik tələb edir ki, əmrdə göstərilən xitam əsasları Əmək Məcəlləsində nəzərdə tutulmuş hallardan biri ilə uzlaşsın. Əsaslılıq isə tələb edir ki, əmrdə göstərilən bütün əsaslar obyektiv və sübutlarla təsdiq edilmiş olsun. Əgər əmrdə bir neçə xitam əsası göstərilmiş, lakin onların yalnız bir qismi sübut olunmuş, digər qismi isə təsdiqini tapmamışdırsa, bu halda əmr tam həcmdə şübhə altına düşür. Belə ki, işəgötürənin əmri vahid hüquqi akt olub, işçini əmək hüquqlarından məhrum edən ən ağır nəticəni doğurur. Buna görə də əmrin yalnız qismən təsdiqlənməsi onun qanuniliyini və əsaslılığını təmin etmir.

28. Məhkəmə, həmçinin qeyd etmişdir ki, əmrdə göstərilən bütün əsasların yox, yalnız bir sıra əsasların öz təsdiqini tapdığı halda, əmr əsaslı hesab edilə bilər ki, təsdiqini tapmış əsaslar əmək müqaviləsinə xitam verilməsi üçün kifayət etsin. Beləliklə, məhkəmə əmrdə göstərilən əsaslara qiymət verərək, belə qənaətə gəlmişdir ki, qeyd olunan əsaslar (jurnallarda müvafiq qeydlərin aparılmaması istisna olmaqla) təqdim edilmiş sübutlarla və işin halları ilə öz təsdiqini tapmamışdır.Yalnız jurnallarda müvafiq qeydlərin aparılmaması isə, əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Monitorinqin nəticəsində jurnalda müvafiq qeydlərin yalnız iddiaçı tərəfindən deyil, digər əməkdaşlar tərəfindən də aparılmadığını nəzərə alaraq bərabərlik və mütənasiblik prinsipini rəhbər tutaraq, məhkəmə bu qənaətə gəlmişdir.

29. Məhkəmə öz mövqeyini mövqeyini Əmək Məcəlləsinin 68, 70 (“ç” bəndi), 71, 80, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 81, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

30. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir üzrlü səbəb olmadan iki gün ardıcıl işə gəlməmiş, tədris ilin sonu ilə əlaqəli hesabatlarını və jurnalları rəhbərliyə təqdim etməmişdir. Belə ki, tərəfindən məhkəməyə iddiaçının ərizəsinin əsassız olmasına dair yetəri qədər sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutlara və cavabdehlərin nümayəndələrinin izahatlarına qiymət vermədən əsassız qərar qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, mülki mühakimə icraatı çərçivəsində monitorinq fəaliyyətinə qiymət vermir və yalnız əmrin əmək qanunvericiliyi tələblərinə uyğunluğunu və əsaslığını yoxlayır. Lakin Bakı şəhəri Neftçi Qurbanov adına *** nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə prosesi, tədris-pedaqoji və metodiki sənədlərlə, kadrlarla işin təşkili, əmək və təhsil qanunvericiliyinin tələblərinin icra vəziyyətinin öyrənilməsi, ümumi təhsil müəssisəsinin təchizat və təsərrüfat üzrə fəaliyyətinin yoxlanılması məqsədilə ##.##.2025- ##.##.2025-ci il tarixlərində monitorinq keçirilmişdir. Monitorinq zamanı məktəbinin iddiaçının fəaliyyətində bir sıra qanun pozuntuları aşkar edilmişdir. Belə ki, iddiaçının ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərində iş vaxtı bitmədən məktəb rəhbərliyinə məlumat vermədən məktəbi tərk etməsi, ##.##.2025-ci il tarixində iş günü olduğu halda işə gəlmədiyi və heç bir üzrlü səbəb olmadan bütün iş günü ərzində işdə olmadığı, müəllimlərə mənəvi-psixoloji təzyiq göstərdiyi, onlarla kobud və qeyri-etik formada rəftar etməsi müəyyən edilmişdir. Həmçinin 2024-2025-ci tədris ilində iddiaçının təlim-tərbiyə işləri üzrə direktor müavini kimi informatika fənnindən dərs aparmalı olduğu bəzi siniflərdə öz fənnini, ümumiyyətlə, tədris etmədiyi, bəzi siniflərdə isə öz fənnini qismən tədris etdiyi aşkar olunmuşdur. Bununla da, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən olan keyfiyyətli, yəni təhsilin mövcud standartlara və normalara uyğun formada tədrisi həyata keçirilməmiş, təhsilalanların hüquq və vəzifələrindən olan dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq hüququ pozulmuş, eyni zamanda maliyyə pozuntusuna yol verilərək dərs aparmadığı halda əsassız olaraq əməkhaqqı ödənişi aparılmışdır. Həmçinin iddiaçı sinif jurnallarında şagirdlərin dərsdə iştirak etməməsi barədə müvafiq qeydiyyat aparmamış, fənn müəlliminin yazmalı olduğu “Mövzular” hissəsində dərsləri tədris etməsi ilə bağlı qeydiyyat aparmışdır. Bu əməlləri ilə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Təhsilverənlərin etik davranış qaydaları”nın və Əmək Məcəlləsinin normalarını kobud şəkildə pozmuşdur. Bundan əlavə, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, iddiaçının 02-03 iyul tarixlərində işə gəlməməsi barədə Həmkarlar Ittifaqının mövqeyi öyrənilməmişdir. Lakin iddiaçının bu barədə izahatı alınmış və iş materiallarına əlavə edilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: F.Talışınski – sədrlik edən və məruzəçi, K.Əkbərov və M.Məmmədov).

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması halları müəyyən edilməsi üzrə əmr əsaslandırılmamışdır. Belə ki, işəgötürən tərəfindən iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməməsinə, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırmasına dair mötəbər sübutlar təqdim edilməmişdir.

34. Həmkarlar ittifaqının üzvü olan işçilər 70-ci maddənin “ç” bəndi ilə işdən azad edildikdə, qabaqcadan həmkarlar ittifaqı təşkilatının razılığı alınır. Bu zaman işəgötürən həmin müəsisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Iş materiallarında olan # #### 2025-ci il tarixli Həmkarlar Ittifaqı Komitəsinin sədri Sevinc Quliyevaya ünvanlanmış məktubun (səh. 27) məzmunundan görünür ki, cavabdeh iddiaçının 2-# #### 2025-ci il tarixlərində işdə olmaması ilə bağlı əsası əmrdə qeyd etsə də, həmkarlar ittifaqına bu barədə məlumat verməmiş, bununla bağlı həmkarlar ittifaqının mövqeyini öyrənməmişdir. Həmçinin, # #### 2025-ci il tarixli Bakı Şəhəri üzrə Təhsil Idarəsi Həmkarlar Ittifaqı Komitəsinin qərarının məzmununda da həmin hala qiymət verilmədiyi aşkar olunur.

35. Iş günü ərzində heç bir üzrlü səbəb olmadan işdə olmama əmək vəzifələrinin kobud pozuntusudur. Lakin qanunvericilik kobud pozuntunun birmənalı şəkildə əmək müqaviləsinə xitam vermə əsası kimi müəyyən etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun, həmçinin işəgötürən həmin əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmış olsun. Hazırkı iş üzrə ##.##.2025-ci il tarixli əmrdə işdən azad etmə əsasları sadalanmış, bu əsasların, həmçinin 2- # #### 2025-ci il tarixlərində işçinin işdə olmamasının işəgötürənə, əmək kollektivinə, işin normal ahənginə, kollektivə və onun ayrı ayrı üzvlərinə nə kimi ziyan vurulduğu əsaslandırılmamış, bu barədə mövqe bildirilməmişdir. Yəni həmkarlar ittifaqı qərarının formal olaraq tərtib edilməsi və əsassızlığı göz qabağındadır və burada müzakirə edilməyən məsələlər əsasında işəgötürənin hərəkətləri əmək hüquqlarının pozulmasına bilavasitə dəlalət edən xüsusatlardır.

36. Əlavə olaraq diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsinin ##.##.2025ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ##.##.2025-ci il tarixdə X1 iddiaçının işlədiyi *** saylı tam orta məktəbdə baş vermiş neqativ hallar ilə bağlı DTX-yə ərizə ilə rəsmi müraciət etmişdir. Bununla əlaqədar, Gül Qədirli ##.##.2025-ci il tarixdə ərizəçi qismində DTX-yə şəxsən dəvət olunmuş, lakin o, iddiaçı ilə birlikdə DTX-yə gəlmiş və onlarla müvafiq qaydada görüş keçirilmişdir.

37. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, ##.##.2025-ci il tarixində iddiaçı Qaradağ RPI-nin 10-cu Polis şöbəsinə ona atılan böhtanla bağlı müraciət etmişdir. ##.##.2025-ci il tarixli əmrin surətindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmək Məcəlləsinin 187.4-cü maddəsinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.

38. Göründüyü kimi işəgötürən tərəfindən işçi ilə əmək münasibətlərinə xitam verilməsi barədə əmrinin öz mülahizəsi ilə formal əsaslandırsa da, bu əsaslandırmanın normativ və faktiki əsasları uzlaşmayaraq tətbiq edilən maddənin dispozitiv şərtinin tələbləri sübuta yetirilməmiş, qeyd edilən əsaslar iddiaçının funksional vəzifələrinə müvafiq dəyərləndirilməyərək öz təsdiqini tapmamışdır.

39. Məhkəmə kollegiyası xüsusi olaraq diqqətə çatdırımağı vacib bilmişdir ki, əmrdə ayrıayrı vaxtlarda və əsaslarla baş vermiş pozuntulara istinad edilsə də, bu pozuntulara dair məktəb direktoru tərəfindən vaxtında lazımi tədbirlərin görülməsi müəyyən edilməmişdir. Halbuki məktəbin direktoru öz vəzifə səlahiyyətləri həddində inzibati nəzarət və müvafiq müraciətlər etmək kimi hüquqi imkana malik olsa da, bu tədbirlərin zamanında həyata keçirilməsi sübuta yetirilməmiş və məhz iddiaçının hüquq mühafizə orqanlarına müraciətləri və iştirakından sonra iddiaçı barədə ən qəddar intizam tənbeh tədbiri tətbiq edilmişdir.

40. Məhkəmə kollegiyası mövqeyini Əmək Məcəlləsinin 68, 70 (“ç” bəndi), 71, 80, 83.1, 186.1, 300.1, MPM-in 14.2, 77.1, 81, 88 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “b” bəndi, eləcə də Təhsilverənlərin etik davranış Qaydalarının 3.2, 3.4 və 3.5-ci bəndləri üzrə - iş materiallarından göründüyü kimi iddiaçı rəsmi olaraq işdə olmasına baxmayaraq, heç kimdən icazə almadan 2 gün işə gəlməmiş, dəfələrlə rəhbər şəxs olan direktora məlumat vermədən və icazə almadan işdən tez çıxmış, direktorun əmrinə baxmayaraq jurnalda qeydlər aparmamış və jurnalı təhvil verməmişdir. Təhsilverənlərin etik davranış Qaydalarının 3.2-ci bəndinə görə təhsilverən icra və əmək intizamına riayət etməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır. Iddiaçı heç bir üzrlü səbəb olmadan iki gün ardıcıl işə gəlməmiş, tədris ilin sonu ilə əlaqəli hesabatlarını və jurnalları rəhbərliyə təqdim etməmişdir. Yəni, iddiaçı birbaşa əmək funksiyalarını icra etməmişdir.

43. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyd etmişdir ki, iddiaçı Dövlət Təhlükəsizlik Xidmətinə getmişdir. Lakin qeyd edilməlidir ki, Dövlət Təhlükəsizlik Xidmətinə özü yox, qızı çağırılmışdır və 2 gün yox, bir günün yarısı orada olmuşdur.

44. MPM-in 9, 77, 81, 88 və 217-ci maddələri üzrə - tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Məhkəmə işə baxarkən və qətnamə çıxararkən adı çəkilən maddələrin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halarını özünün, iddiaçının və iddiaçının nümayəndəsinin mülahizələri ilə təsdiq edilmiş hesab etmişdir.

45. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, guya iddiaçının işə gəlməməsi barədə məsələ müzakirə edilməmişdir, amma əmrin əsası olmuşdur. Lakin qeyd edilməlidir ki, iddiaçıdan bununla bağlı izahat alınmışdır. Bundan əlavə qərar qəbul edilərkən iş materialları və tərəflərin mövqeləri kifayət qədər hərtərəfli araşdırılmamışdır. Iddiaçının fəaliyyətinin təhsil sistemində nüfuza zərər vurduğu sübuta yetirilmişdir və bu, əmək müqaviləsinin ləğvi üçün kifayət qədər əsasdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Iddiaçı kassasiya şikayətinə qarşı etirazını aşağı instansiya məhkəmələrinin mövqeyinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, dözülməz fakt və qərəzli münasibət ondan ibarətdir ki, Bakı şəhəri üzrə Təhsil Idarəsi Həmkarlar Ittifaqı Komitəsinin sədri Sevinc Quliyeva # #### 2025-ci il ** №-li məktubla iddiaçıya bildiriş göndərib, onu # #### 2025-ci il tarixdə saat 16:08-da BŞTI-nin Inzibati binasına iclasa çağırır, həmin gün iclas olur və həmin gün də qeyd olunan əmrlə iddiaçı işdən çıxarılır. Əgər eksperiment aparıb bir gün ərzində bu göstərilən faktları kimsə yaza, iclas keçirə və əmr yaza bilsə (saat 16:00-dan 18:00-dək, yəni cəmi 2 saat), iddiaçı bu “qəhrəmanlığa” görə iddiadan imtina etməyə hazırdır. Bu Təhsil Idarəsinə başucalığı gətirməyən və ictimai qınağı artıran hərəkətdən başqa bir şey deyildir və işçinin hüquqlarının kobud pozulmasıdır və inanır ki, bu hərəkətə də məhkənə münasibət bildirəcəkdir. Bundan başqa apellyasiya məhkəməsi tərəfindən düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, iddiaçının və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə həmin dəlillər (formal mülahizələr) qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

47. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

48. Maddə 70 (“ç” bəndi). işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

49. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

50. Maddə 71.3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır.

51. Maddə 76.1. Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

52. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir.

53. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

54. Maddə 186.2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.

55. Maddə 187.1. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

56. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

61. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsasən mülahizə xarakterli olmaqla, iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

66. Iddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar