Məhkəmə qərarları › İş №2(1-8)-1194/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1194/2026

11.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1194/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı əmrin ləğvi, məcburi iş buraxmaya görə əmək haqqının, maddi-mənəvi zərərin əvəzinin, çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Iddiaçı ## ##### 2022-ci il tаriхli əmrlə Bаkı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin еdilmiş, ## ##### 2024-cü il tаriхdə Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin 68-ci mаddəsinin 2-ci hissəsinin “а” bəndinə əsаsən ərizəsi nəzərə аlınаrаq оnunlа bаğlаnmış əmək müqаviləsinə хitаm vеrilmişdir. ## ##### 2024cü il tаriхdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsinin əmri ilə Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin еdilmişdir.

2. ## #### 2025-ci il tarixli, 3-29-69/3-150K/2025 sаylı əmri ilə Iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

3. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsinin Intizam tənbehi tədbirinin görülməsi barədə ## #### 2025-ci il tarixli 3-29-69/3- 150K/2025 sаylı əmrindən görünür ki, Bakı şəhəri Nadir Teymurov adına *** nömrəli tam orta ümumtəhsil məktəbində neqativ halların baş verməsi barədə sosial media hesablarında və xəbər saytlarında məlumatlar yayılmışdır. Həmin məlumatların araşdırılması məqsədilə ## #### 2025-ci tarixdə həmin məktəbdə monitorinq aparılmış və monitorinq zamanı məktəbin direktoru Iddiaçı tərəfindən qanunvericiliyin, əmək funksiyalarının və vəzifə öhdəliklərinin pozulması halları müəyyən edilmişdir. Məktəbin müəllimlərinin izahatlarına və tərtib edilmiş aktlara əsasən direktorun göstərişi ilə 10a, 6a, 7a, 8a və 5a siniflərində təhsil alanlardan 2024cü ilin dekabr ayında video müşahidə kamerası çəkilişi üçün pul yığıldığı, 10-cu və 11-ci sinif şagirdlərinin həftənin 2-3 günü direktor ilə razılaşmaya əsasən dərslərdə iştirak etmədikləri, 11a sinif şagirdləri XXX və XXXun tədris ili ərzində dərsdə iştirak etmədikləri, XXXa dərsdə olmadığı günlər üçün çoxlu sayda qaib yazdığına görə direktor tərəfindən məktəbin riyaziyyat müəllimi XXXdan izahat tələb edildiyi, 2022-ci ilin sentyabr ayından etibarən məktəbin direktoru Iddiaçı tərəfindən məktəb işçilərinin qarşısına aylıq əmək haqlarının 2 faizinin ona verilməsi tələbi qoyulduğu, direktor tərəfindən yığılan pulun məktəbin müəyyən xərclərinin qarşılanması məqsədilə toplandığının qeyd olunduğu müəyyən edilmişdir. Məktəbin kollektivinə məktəb rəhbərliyi tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumtəhsil müəssisələrinə ünvanlanmış məktubun məzmunu barədə şifahi şəkildə məlumat vermiş, sinif rəhbərləri tərəfindən isə valideynlərə müvafiq məsələ ilə əlaqədar heç bir yazılı məlumat verilməmişdir. Bundan əlavə, məktəbdə pedaqoji şuranın protokol kitabının sonuncu dəfə ## ###### 2025-ci il tarixdə yazıldığı, həmin tarixdən pedaqoji şuranın müzakirəsinə 9 məsələ çıxarıldığı, lakin cəmi 3 məsələ müzakirə edildiyi, pedaqoji şura iclaslarının protokolu tamamlanmamışdır. Sosial media hesablarında və xəbər saytlarında yayılan məlumatlarla bağlı müəyyən edilmişdir ki, ## #### 2023-cü il tarixdə məktəbin direktoru Iddiaçı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə məktəb kollektivi tərəfindən qızıl hədiyyəsi alınmış, ## #### 2023-cü tarixdə məktəbin müəllimi XXX ilə yaranmış konfliktli situasiyadan sonra direktor məktəbin katibəsi XXXdan yığılmış pulların siyahısını istəmişdir. Lakin, XXX siyahını cırdığına görə direktora heç bir məlumat verməmişdir. Yığılmış pulların siyahısını həmin məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı XXX direktora təhvil vermişdir. Məktəbin direktoru siyahıdakı məbləğləri (5, 10 və 20 manat) gördükdən sonra qızıl hədiyyəsini geri qaytarmışdır. Baş vermiş hadisədən sonra Iddiaçı bəzi müəllimlərə bullinq etmiş və tez-tez konfliktli situasiyalar yaratmış, bir neçə dəfə “qaraçı”, “dilənçi”, “səviyyəsiz”, “tərbiyəsiz” kimi sözlərdən istifadə edərək müəllimləri təhqir etmişdir. Məktəbin “whatsapp” qrupuna isə cəm halında “zibillərin qrupu” demişdir. Monitorinqin nəticələrinə dair tərtib edilmiş aktla, aidiyyəti şəxslərin izahatları ilə və monitorinq nəticəsində əldə edilmiş digər sənədlərlə müəyyən edilir ki, Iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ### 2024-cü il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış qaydaları”nın 2.2-ci, 2.5-ci, 2.6-cı, 3.1-ci, 3.3-cü, 3.6-cı və 3.7-ci bəndlərinin tələblərini pozmuş, öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş nəticədə müvafiq məktəbdə təlim-tərbiyə prosesi pozulmuş, ümumi təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nadir Teymurov adına *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ## #### 2025-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir.

4. Pirallahı Rayon Prokurorluğunun ## ##### 2025-ci il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə, qərаrın təsviri hissəsində göstərilənlərə əsаsən tоplаnmış mаtеriаl üzrə cinаyət işinin bаşlаnmаsı rədd еdilmişdir. Ilhаmsоy Lаmiyə Ilhаm qızınа internеt səhifələrində bаrəsində böhtаn хаrаktеrli pаylаşımlаr еdilməsi ilə ədаqədаr xüsusi ittiham qaydasında şəxsi nüfuzunа хələl gətirilməsi ilə əlаqədаr isə mülki qаydаdа məhkəməyə şikаyət еtmək hüququ izаh еdilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən azad olunmasına dair ## #### 2025-ci il tarixli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa edilməyi, yaranmış mübahisə ilə əlaqədar məcburi iş buraxmağa görə əmək haqqlarının, məzuniyyət pullarının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, 2005-ci ildən 2008-ci ilə kimi ** nömrəli tam orta məktəbdə laborant, 2008-2022-ci illərdə isə *** saylı idman təmayüllü tam orta məktəbdə (* nömrəli Idman Liseyi) ingilis dili müəllimi vəzifəsində işləmiş, ## ######## 2022-ci ildə isə DIQ müsabiqəsində iştirak etmiş, uğur qazanmış və Azərbaycan Respublikası Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin əmri ilə Pirallahı rayonu *** nömrəli orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. *** nömrəli məktəbdə direktor təyin olunduqdan sonra işlədiyi müddət ərzində məktəbdə çalışmayan bütün texniki məsələləri həll etmiş, məktəbdə güclü nizamintizam yaratmış, şagirdlərin dərsə davamiyyətinin düzəlməsi üçün zəruri bütün addımları atmışdır. Əgər əvvəl məktəbin 9-cu sinfində yalnız bir uşaq buraxılış imtahanlarında 200 və daha çox bal toplaya bilirdisə, bu gün belə şagirdlərin sayı beş dəfə artmışdır. Bu qədər səylə çalışmağı rayon ictimaiyyətinin də diqqətini cəlb etmiş və məktəb göstəriciləri ilə rayon üzrə nümunəvi məktəbə çevrilmişdir. Ən yaxşı tədbirlər Pirallahı rayonunda məhz оnlаrın məktəbində keçirilirdi. Həttа Pirallahı Rayon Icra Hakimiyyətinin internet səhifəsində də bu barədə kifayət qədər materiallar paylaşılmışdır. Məktəbə yeni təyin olunanda kollektivə dərhal bildirmişdir ki, hamı bir nəfər kimi işində məsuliyyətli, dəqiq və düzgün olmalıdır. Əvvəlki rəhbərliyin dövründə icazə ilə işdən tez gedənlərə, tapşırıq və tanışlıqla iş görməyə çalışanlara ciddi xəbərdarlıq etmişdir. Təbii ki, hamı ciddiyyəti, nizam-intizamın sərt qorunduğu rejimi sevmir. Direktor olaraq iddiaçıya məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, həmçinin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı vəzifəsinə namizədlər lazım idi. Оnа kimi məktəbdə direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxs bəzi müəllimləri bu vəzifəyə təyin edilməsi üçün tərəfindən təqdimat yazılmasını istəmişdir. Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı yerinə Vüsalə Alyarova, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə isə X3 barəsində təqdimat yazmağı tapşırılmışdır. X9 namizədliyini qəbul etmiş, düşünmüşdür ki, düzgün seçim ol bilər. Lakin, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə X3 təyin edilməsi üçün təqdimat yazmamışdır. Hesab etmişdir ki, vəzifə məsuliyyətlidir və bunun öhdəsindən gələ bilməyəcək. Bundan sonra, XXX hər vəchlə özünü оnа yaxın etməyə çalışmışdır ki, onun bu vəzifəyə təyin edilməsinə razılıq versin. ## ####### 2022-ci ildə müəllimlər günü münasibətilə XXXnin təşkilatçılığı ilə məktəb kollektivi tərəfindən iddiaçıya dibçəkdə gül və zərfdə pul hədiyyə edilmişdir. Elə həmin günü kollektivə təşəkkürünü bildirmiş, dibçəkdə gülü qəbul etmiş, zərfi isə geri qaytarmışdır. Bunu bütün məktəb bilir. Bu Ilhamənin təbii ki, xoşuna gəlməmişdir. Yəqin özlərini pərt olunmuş saydılar, lakin hesab edir ki, düzgün hərəkət etmişdir. Bu hadisədən təxminən 3-4 ay sonra, 2023-cü ilin mart ayının 8-i münasibətilə kollektiv yenə iddiaçıya hədiyyə etmək qərarına gəlmiş, оnun xəbəri və məlumatı olmadan pul yığıb оnа qızıl hədiyyə almışlar. 06 mart tarixdə bütün kollektiv оnun otağına daxil olaraq, оnu təbrik etmiş və əllərində olan qutunu iş masasının üzərinə qoymuşlar. Onlara təşəkkür etmişdir. Sonradan isə qutuda qızıl olduğunu biləndə, dərhal həmin qızılı kiçik xidmətedici işçi olan XXXyə vermiş və müəllimlərə geri qaytarmasını istəmişdir. Bundan hiddətlənən təşkilatçılar, başda XXX olmaqla, kollektiv içində barəsində şər böhtan xarakterli şayiələr yayaraq, guya оnu müəllimlərin gözündən salmaq istəmişlər. Yeganə məqsəd bu şəxslərin qol-qanad açmaları üçün iddiaçının məktəbdən çıxarılmağı idi. Bu məqsədlə TTÜDM olmaq arzusunda olan X6 və X3 növbəti gün müəllimləri yığaraq оnun otağına gəlmişlər. Bu zaman sən demə bunların məkrli planı var imiş və otaqda оnа qarşı provokativ danışıb səsini gizli şəkildə yazmaq istəmişlər. Lakin, söhbət istədikləri kimi alınmadığı üçün həmin səs yazısından istifadə edə bilməmişlər. 2023-cü ilin mart ayında isə о, məktəbin müəllimi XXXü ictimai əsaslarla təlim-tərbiyə işləri üzrə direktor müavini təyin etmişdir. Buna kimi isə, bir daha qeyd edir ki, dəfələrlə XXX, XXX və XXX bu yerdə işləmək üçün оnа müraciət etsələr də, yüksək bal topladığını da bildiyi üçün bu yerə XXXü təyin etmişdir. 2024-cü ilin mart ayında XXX tərəfindən bir il əvvələ aid səs yazısı Bakı Şəhər Təhsil Idarəsinə təqdim edilmişdir. Həmin vaxt о bəzi qurumların köməyi ilə səs yazısının orijinal versiyasını (yəni montaj olunmamış həqiqi versiyasını) əldə edərək sübut etmişdir ki, bu işlər quraşdırmadır və böhtan, qarayaxma xarakterlidir. Lakin, həmin vaxt rəhbərlik tərəfindən оnа həmin səs yazısını qeydə alan və montaj edib saxtalaşdıran şəxslər barəsində şikayət etməməyi tövsiyə etdilər. 2025-ci ilin fevral ayında isə, buna kimi məktəbdə işləyən XXX оnun təqdimatı ilə işdən azad edildikdən sonra həmin gün “Whatsapp” üzərindən оnа hədə qorxu xarakterli səs ataraq, guya onda olan оnun videosunu (yəqin ki bu səs yazısını nəzərdə tuturmuş) internetdə canlı yayım açaraq paylaşacağı barədə hədə qorxu gəlmişdir. Həmin səslərdə həm оnа, həm də ailə üzvlərinə hədə qorxu gəlmişdir. Bu yolda XXXya həmin məktəbdə işləyən və təlim-tərbiyə işləri üzrə boşalan yerə təyin olunmaq arzusu ilə yaşayan XXX və XXX kömək etmişdir. Lakin bu vicdansız adamlar heç cür ehtimal etməmişlər ki, əllərində saxtalaşdırdıqları səs yazısının montaj edilməmiş orijinal versiyasını о, əldə edə bilər. Həmin səs yazısı оndа var, təqdim edəcəkdir. Həmçinin tələb edəcəkdir ki, lazım gələrsə müvafiq ekspertiza aparılmaqla bu şəxslərin media vasitəsilə ictimaiyyətə saxta məlumat verilməsi və nəticədə gunahı olmayaolmaya işgüzar nüfuzuna xələl gətirilməsinə, оnа böhtan atılmasına görə cinayət məsiliyyətinə cəlb edilsinlər. Оnu hədələdikləri barədə dərhal Bakı Şəhəri Təhsil Idarəsinə xəbər vermiş və orijinal səs yazını təqdim etmişdir. Оnа hələ ki, media vasitəsilə açıqlama verməmək və onların özlərinin daxili araşdırma aparacaqlarını deyib gözləmək bildirilmişdir. Lakin bu montaj edilmiş səs yazısı facebook səhifəsindən başlayaraq, XXX vasitəsilə kütləvi informasiya vasitələri və internet resurslarında ## #### 2025-ci il tarixdən başlayaraq yayımlanmağa başlanmışdır. Ilk dəfə bunu paylaşan məhz XXX olmuş və heç bir mənbəyə istinad etmədən məlumatı birbaşa öz adından paylaşmışdır. Bundan dərhal sonra onunla əlaqə saxlamış və paylaşdığı yazının həqiqətə uyğun olmadığı, məlumatın həqiqi olub-olmamasının yoxlamaq üçün ilk öncə оnunlа əlaqə saxlamalı olmasını və həqiqəti araşdırıb daha sonra kiminsə barəsində bu cür ağır ittihamlar səsləndirməyin mümkün olmasını bildirmişdir. Həmçinin ondan yazını silməyi və ya təkzib verməsini tələb etmiş, əks halda onun bu qanunsuz əməli barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. X4 bu məlumatın ona adını çəkmək istəmədiyi bir informatorun ötürməsini bildirmiş, yazını silməyəcəyini demiş və “hara istəyirsiz şikayət edin” demişdir. Ona o səs yazısının saxta olmasını, оndа orijinal versiyanın olmasını bildirsə də, buna maraq göstərməmiş, yalandan guya ona zəng gəldiyini bəhanə edərək telefonu söndürmüşdür. Təsəvvür edin mediada ilk dəfə ## #### 2025-ci ildə “məktəb direktoru 600 manatlıq qızılı bəyənmədi” manşetli yazı çıxan kimi, ildırım sürəti ilə bütün ölkə mediasina yayılmış və kimsə bunun 2 il əvvəlki söhbətlərdən qaynaqlandığını bilməmişdir. Kömək üçün Təhsildə keyfiyyətə Nəzarət Şöbəsinə, Bakı Şəhər Təhsil Idarəsinə müraciət edərək, bu vəziyyətə nə etməli olduğunu, hüquq mühafizə orqanlarına şikayət edə bilib-bilməyəcəyini soruşmuşdur. Оnа “hələ heç nə etmə” deyib, ## #### 2025-ci il tarixdə məktəbə tələm-tələsik yoxlama göndərilmişdir. Yoxlama оnun iştirakı ilə aparılmış və məktəbin fəaliyyətində hər hansı ciddi nöqsanlar aşkar edilməmişdir. Elə həmin gün оnu Bakı şəhər Təhsil Idarəsinə çağırdılar. Ümidlə getmiş, lakin оnа bildirilmişdir ki, işdən azad olunmuşdur. Heç bir günahı olmayaolmaya, məktəb üçün bu qədər işlər gördüyü halda оnu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişlər. Cavabdeh tərəfindən əmək hüquqları kobud formada pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilmişdir. Həmin maddəyə əsasən yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Оnun nikahı pozulmuşdur. Hazırda nikahda deyildir və öhdəsində 6 yaşına çatmamış azyaşlı uşağı var. Məktəb оnun yeganə iş və qazanc yeridir. Özünü biləndən həyаtını pedaqoji fəaliyyətə həsr etmişdir. Bu gün оnu ƏM-nin 70 “ç” bəndi ilə işdən günahsız yerə azad etmək оnun nəinki bu iş yerini itirməyi, hətta bundan sonra başqa yerdə işlə təmin olunmasının mümkün olmayacağı anlamına gəlir.

7. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi iddiaya еtirаz təqdim edərək göstərmişdir ki, iddiaçı məktəbin pedaqoji kollektivi tərəfindən təqdim olunmuş hədiyyəni ilkin mərhələdə tərəddüdsüz şəkildə qəbul etmişdir. Bu hal, xüsusilə nəzərə alındıqda ki, o, sonradan həmin hədiyyənin (qızıl-zinət əşyasının) alınmasında iştirak etmiş şəxslərin siyahısı və toplanan vəsaitin məbləği ilə tanış olduqdan sonra hədiyyəni geri qaytarmış, onun ilkin mərhələdə məsuliyyətsiz yanaşmasının mümkünlüyünü istisna etmir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Qanunun qeyd olunan maddəsinə əsasən vəzifəli şəxs - bu halda məktəb direktoru xidməti vəzifələrinin qərəzsiz və obyektiv icrasına təsir edə biləcək və ya bu cür təsəvvür yarada biləcək hədiyyələri qəbul etməməlidir. Hətta həmin hədiyyənin təklif olunmasında məqsəd hər hansı bir konkret güzəşt və ya əvəz gözləntisi ilə bağlı olmasa belə, hüquqi qiymətləndirmə zamanı əsas götürülən meyar təəssürat və təhrif olunmuş obyektivlik riskidir. Bundan əlavə, qanun hədiyyənin ümumi dəyərinə də məhdudiyyət qoyur. Təqdim olunan hədiyyənin maddi dəyəri və əhatə dairəsi (kollektiv tərəfindən toplanan vəsaitin məbləği və alınan qızıl-zinət əşyasının xarakteri) bu məhdudiyyəti aşdığı təqdirdə, həmin hərəkət birbaşa qanun pozuntusu hesab olunur. Hadisənin ardınca yayılan səs yazılarının bütün ölkə ictimaiyyətində geniş rezonans doğurması, həmçinin agentliyin, təhsil müəssisəsinin və rəhbər şəxslərin nüfuzuna ciddi ziyan vurmuşdur. Təhsil və idarəetmə sahəsində rəhbər şəxs yalnız şəxsi davranışlarına görə deyil, həm də bu davranışların cəmiyyətdə necə qəbul olunacağına görə də məsuliyyət daşıyır. Qızıl hədiyyə faktı, xüsusilə kollektiv tərəfindən pul toplanması və bu hadisənin ictimaiyyətə açıqlanması, təhsil müəssisələrinə və idarəetmə orqanlarına olan etimadın sarsılmasına, ictimai qınağın artmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının iddiaçı sabiq direktor X2 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə qarşı iş üzrə ## #### 2025-ci il tarixli Qərarında da qeyd olunduğu kimi, qanunverici işəgötürənin hüquq və mənafeyinə vurulan ziyan mənası altında yalnız maddi ziyanı nəzərdə tutmamışdır. Məhkəmə işinin predmetini təşkil edən görüntülər kifayət qədər yayılmaqla öz aktuallığını saxlamış, məktəbin, təhsil sisteminin nüfuzuna, müəllim və valideyn münasibətlərinə mənfi təsir göstərmişdir. Göründüyü kimi, iddiaçının vəzifə öhdəliyinin yerinə yetirilməməsi cavabdehin işgüzar nüfuzunun zədələnməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, rəhbərlik etdiyi müəssisədə baş verən qeyri-etik hallar direktorun birbaşa məsuliyyətini istisna etmir. Həmin qərarda da vurğulandığı kimi, təhsil müəssisələrinin nüfuzuna dəymiş ziyan yalnız formal deyil, real ictimai etimadın itirilməsi ilə nəticələnmişdir ki, bu da məhz hazırkı işə tam aid edilə bilər. Agentlik olaraq, həm daxili nizam-intizamın, həm də ictimai etimadın qorunmasına birbaşa cavabdehik. Direktorun hərəkəti nəticəsində yaranmış ictimai qınaq və nüfuz itkisi şəraitində onun vəzifəyə bərpa olunması nə hüquqi, nə də etik baxımdan mümkün deyil. Belə bir bərpa, həm kollektivdə sağlam iş mühitinin pozulmasına, həm də agentliyin nüfuzuna daha da ciddi zərbə vurmağa səbəb olacaqdır. Direktorun iddiası ilə ziddiyyət təşkil edən faktlar səs yazısında açıq şəkildə əks olunur. Həmin səs yazısında direktorun əvvəlcə qızılı qəbul etməsi, lakin sonradan toplanan vəsaiti gördükdən sonra geri qaytarmaq istəməsi öz ifadələri ilə təsdiqini tapır. Bu, onun “qızılı heç vaxt qəbul etməmişəm” iddiasını əsassız edir. Belə ki, səs yazısının lap əvvəlində direktor özü bildirir: Səs yazısının başlanğıcında (0:00): “Heç kim öz xoşu ilə gətirmədi. Mən təkid ilə aldım o siyahını. Alanda gördüm nə? 5, 10, 20 manat. Dedim, nə danışırsınız siz? Siz iş yoldaşınızın evinə getmirsiniz. Siz nəsə edirsinizsə, rəhbər üçün edirsiniz. 5 manatdan pul yığmaq nə deməkdir? Dedim ki, mən bunu özümə təhqir sayıram. Hələ, mənim burda ürəyim getdi, mən nə hallara qaldım?! Yəni, mən o səviyyədəyəm ki, mənə 5, 10, 20 manatdan pul yığılır?!” Bu etiraf onun prosesi bilavasitə özü yönləndirdiyini və hədiyyənin təşəbbüskarı olduğunu açıq şəkildə göstərir. 1:10də müəllim və direktorun dialoqu: Dedik ki, ürəyinizcə olsun, birincini bildik ki, bəyənmədiniz. Şəxsən mən özüm də öz adıma dedim ki, mən özüm taxmayacağım şeyi müəlliməyə hədiyyə etmərəm. Ona görə də düşdüm qabağa, getdim dəyişdim, gəldim. Düşündüm ki, sizin də ürəyinizcədir. - Yox, mənim ürəyimcədi, şəklini atıbsınız, mən okei vermişəm ona. - Geyindiniz, gəldiniz, bizə də xoş oldu. Bu ifadə qızılın əvvəlcə direktor tərəfindən bəyənilmədiyi üçün yenidən direktorun razılığı alınaraq dəyişdirildiyini və sonradan direktorun qızılı taxaraq məktəbə gəldiyini birbaşa təsdiqləyir. 2:45-də müəllimlərdən birinin sözləri: “Əvvəldən götürməsəydiniz, biz də bilərdik işimizi. Desəydiniz ki, ehtiyac yoxdu, kim nə edər özü bilər. O başqa məsələ” Bu, qəbul etmə faktının kollektiv tərəfindən də təsdiqləndiyini göstərir. 4:00-da direktorun sözləri: “Yığmasanız, bundan milyon dəfə yaxşı idi.” Bu ifadə onun etirazının qızılın qəbul olunmasına deyil, pulun yığılma formasına aid olduğunu göstərir. 5:30-da direktorun sözləri: “Mənə hər gün nəsə eləmirsiniz, eləyirdinizsə, ildə bir dəfə bir şey edərdizdə ən azından.” Bu isə direktorun hədiyyəni götürməkdə istəkli və maraqlı olduğunu nümayiş etdirir. Beləliklə, təqdim edilən səs yazısı direktorun ilkin iddiasını tam təkzib edir və obyektiv olaraq sübut edir ki, o, qızılı qəbul etmiş, lakin yalnız toplanan pul məbləğini gördükdən sonra geri qaytarmağa qərar vermişdir. Yuxarıdakı sitatlar direktorun mövqeyini birbaşa inkar edir və onun iddiasını əsassız hesab etməyə əsas yaradır.

8. Cavabdeh tərəfindən təqdim еdilmiş digər еtirаzdа göstərilmişdir ki, intizam tənbehi kimi 2024-cü il tarixdə texniki işçilərin vəzifə funksiyalarının icrasının tənzimlənməsində nöqsanların olduğu, məktəb sənədlərində zamanında standartlara uyğun qeydlərin aparılmaması, dərnək və dərsdənkənar məşğələlərin qaydalara uyğun formada tədris edilməməsi, müəssisə rəhbəri X1 ona həvalə edilmiş ingilis dili fənni üzrə dərs saatlarının tədrisində iştirak etmədiyi, dərslərin digər fənn müəllimi tərəfindən qruplar birləşdirilərək sinif halında tədrisini həyata keçirdiyi, habelə X1 tərəfindən sağlam iş münasibətlərinin pozulması və müəssisədaxili nizam-intizam qaydalarına riayət olunmaması halları ilə əlaqədar olaraq töhmət verilmişdir. Yuxarıda qeyd edilmiş halları və həmin intizam tənbehinin məhz məktəbin fəaliyyəti ilə əlaqədar olaraq verildiyini iddiaçı özü də Prokurorluq orqanlarına verdiyi izahatda etiraf edir və bu fakt Pirallahı rayon Prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda da öz əksini tapmışdır. Deməli eyni əsasla 2 intizam tənbehi verilməyib. Səs yazısı çoxsaylı xəbər saytlarında, sosial media hesablarında və telekanallarda yayılmış, təhsil müəssisəsinin nüfuzunun zədələnməsi və ona qarşı ictimai etimadın aşağı düşməsinə səbəb olmuş, bu halın ümumi təhsilin mahiyyət və məqsədlərinə uyğun olmaması ilə bağlı ictimai qınaq formalaşmış, təhsilverənlər, təhsil müəssisələri və təhsili idarəetmə orqanları töhmət altında qalmışdır. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinin tələbinə görə, intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən 2 il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Bakı şəhəri Nadir Teymurov adına *** nömrəli tam orta ümumtəhsil məktəbində neqativ halların baş verməsi barədə sosial media hesablarında və xəbər saytlarında neqativ məlumatlar yayıldığı üçün onların araşdırılması məqsədilə məktəbdə monitorinq (yoxlama) keçirilmişdir. Qeyd edilən iddiaçının hərəkəti adi intizam xətası deyil, vəzifə hüquqpozması ilə bağlı intizam xətasıdır. Buna görə də qəbul edilməlidir ki, həmin intizam xətası ilə əlaqədar iddiaçının barəsində ## #### 2025-ci il tarixdə intizam tədbirinin görülməsi yuxarıda qeyd edilən 2 il çərçivəsində olmuşdur. 2. Yoxlama zamanı məktəbin fəaliyyətində bir çox ciddi qüsurlar aşkarlanmışdır. Bunlardan biri də 11a sinif şagirdləri XXX və XXXun tədris ili ərzində dərsdə iştirak etmədikləri, XXXa dərsdə olmadığı günlər üçün çoxlu sayda qaib yazdığına görə direktor tərəfindən məktəbin riyaziyyat müəllimi XXXdan izahat tələb edilməsi halıdır. 10-cu sinif - XXX və XXXun 10-cu sinifdə oxuduqları dövrdə UTIS sistemində adları qeyd olunsa da, jurnallarda adları olmamış və onlarla bağlı heç bir qiymətləndirmə aparılmamışdır. Bütün bunlara baxmayaraq il sonunda onlara mövcud olmayan qiymətlər əsasında ədədi orta hesablanaraq kifayət qədər yuxarı summativ qiymətlər yazılmış və yekun qiymətləndirmələr aparılaraq növbəti tədris ilinə keçirilmişlər. Halbuki, mövcud halları nəzərə alaraq və “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti” Qaydalara əsasən ümumi təhsil müəssisələrinin İ-VIII və X (XI)* sinif şagirdləri təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət (“kafi” və daha yüksək) olduğu halda keçirilirlər. Qeyd edirik ki, XXXun yerdəyişməsi ## ###### 2023-cü il tarixdə UTIS sistemi üzərindən həyata keçirilmişdir. 11-ci sinif- Arаşdırmа zаmаnı XXX və XXXun 11-ci sinifdə oxuduqları dövrdə müəyyən еdilmişdir ki, sinif jurnalında adı qeyd edilmiş şagirdlərin 2024-2025-ci tədris ilinin başlandığı vaxtdan dərslərdə iştirak etmədiyi aşkar edilmiş, şagirdlər dərsdə olmadığı halda, fiziki göstəriciləri izlənərək onların yüksək qiymətlərlə qiymətləndirilməsi aparılmış və şagirdlərdən biri əvvəlki qiymətləri yüksək olduğundan fərqlənmə ilə məktəbdən məzun olmuşdur. Qeyd edilən hallar UTIS sistemindən əldə edilmiş ekran görüntüləri, müəllimlərin izahatları, jurnallar və il sonu qiymətləndirilmələri ilə təsdiq edilir. Göründüyü kimi, bu hallar sadəcə nizam-intizam və sənədləşmə pozuntusu deyil, ümumi təhsil müəssisəsində tədris prosesinin etibarlılığını, qiymətləndirmənin obyektivliyini və təhsil nəticələrinin həqiqiliyini ciddi şəkildə şübhə altına alan çox ciddi qanun pozuntusudur. Əlavə olaraq, məktəb direktorunun maraqları baxımından da bu halın izahı mümkün deyil, çünki heç bir rəhbər üçün dərsə davamiyyət göstərməyən, lakin sənədlərdə müvəffəqiyyətli kimi təqdim olunan şagirdlərin mövcudluğu nə hüquqi, nə də pedaqoji baxımdan əsaslandırıla bilər. Belə bir hərəkət nə tədris intizamına, nə də məktəbin nüfuzuna xidmət etmir. Əksinə, bu təhsil sənədlərinin saxtalaşdırılması və hesabatların təhrif edilməsi ehtimalını artıran, rəhbər şəxsə qarşı etimadı zədələyən hal kimi qiymətləndirilməlidir. Iddiaçının monitorinq zamanı verdiyi izahatında qeyd edilir ki, XXX autizm sindromundan əziyyət çəkdiyi üçün dərslərdə iştirakı mümkün olmamışdır. Bu arqumentlə bağlı bildirilir ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sağlamlıq imkanları məhdud şəxslər - xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan, fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxslərdir. Qanunun tələbinə görə, belə şəxslər xüsusi təhsilə cəlb olunmalıdırlar, yəni onların təhsili fərdi yanaşma və xüsusi tədris proqramı əsasında təşkil edilməlidir. Autizm, həmin Qanunda qeyd olunduğu kimi, psixi ləngimə formalarından biridir. Belə olduqda, ümumi təhsil müəssisəsində digər şagirdlərlə eyni qaydada davamiyyət və qiymətləndirmənin aparılması, bu status nəzərə alınmadan ümumi sinif üzrə qiymətlər verilməsi qanunvericiliyin tələblərinə ziddir və direktor bu hal barədə məlumatı öyrəndiyi andan dərhal şagirdin xüsusi təhsilə cəlb olunması ilə bağlı Bakı şəhər üzrə Təhsil Idarəsinə məlumat verməli idi. Bu səbəbdən, məktəb rəhbərliyinin autizm sindromlu şagirdin dərsdə iştirakı mümkün olmadığı halda onu adi qaydada qiymətləndirməsi və növbəti sinfə keçirməsi təhsil qanunvericiliyinin pozulması və tədris prosesinin saxtalaşdırılması kimi qiymətləndirilməlidir. ## ####### 2025-ci il tarixdə keçirilmiş sonuncu iclasda iddiaçı özü şəxsən çıxış edərək müəllimlərdən hər ay aylıq məvaciblərinin 2%-i miqdarında pul vəsaiti aldığını təsdiqləmişdir. Iddiaçı bunun məktəbdə özündən əvvəlki dövrlərdə də alındığını və bunu könüllülük prinsipinə əsasən həyata keçirdiyini vurğulasa da, məktəbdə müəllim heyətindən alınmış izahatlarla bunun direktor tərəfindən onların üzərinə bir öhdəlik kimi qoyaraq məcburi şəkildə toplanması halı özünü açıq şəkildə göstərir. Direktor tərəfindən irəli sürülən “vəsaitlərin müəllimlər tərəfindən könüllü şəkildə verilməsi” iddiası reallığı əks etdirmir və heç bir məntiqi əsas daşımır. Aylıq əməkhaqqısı orta hesabla 400–500 manat olan müəllimlərin öz istəkləri ilə bu məbləğin 2 faizini hər ay direktora verməsi absurddur. Belə bir “könüllülük” iddiası faktiki olaraq əmək münasibətlərində tabelilik asılılığından sui-istifadə halını ört-basdır etmək məqsədi daşıyır. Direktorun bu hərəkəti əmək münasibətlərinin mahiyyətinə zidd olmaqla yanaşı, etik davranış qaydalarının kobud şəkildə pozulmasıdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı Iddiaçı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqı və məzuniyyət haqqının ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edilir.

9. Təqdim еdilmiş digər еtirаzdаn görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Jalə Məhərrəmova, Bakı şəhəri üzrə Təhsil Idarəsinin Məktəbəqədər təhsilin təşkili sektorunun baş məsləhətçisi XXX, ümumi təhsilin təşkili sektorunun aparıcı məsləhətçisi XXX və həmin sektorun məsləhətçisi XXXun, eyni zamanda iddiaçı Iddiaçı iştirakı həyata keçirilmiş yoxlama nəticəsində ciddi nöqsanlar aşkarlamışdır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi aşağıda qeyd olunanlara əsasən iddiaçı Iddiaçı iddia ərizəsinə etiraz edir:

1. Aparılmış monitorinq tədbirləri zamanı əldə olunmuş məlumatlara və məktəb müəllimlərinin verdiyi izahatlara əsasən Iddiaçı göstərişi nəticəsində tədris müəssisəsində 10a, 6a, 7a, 8a və 5a siniflərində təhsilalanlardan 2024-cü ilin dekabr ayında səs yazan kameraların quraşdırılması məqsədilə məcburi qaydada pul yığılması halları müəyyən edilmişdir. Qeyd olunan hal iddiaçının öz izahatında göstərdiyi məlumatlarla da dolayısı ilə təsdiq olunmuşdur ki, bu da onun fəaliyyətində inzibati və ya intizam məsuliyyətinə səbəb ola biləcək pozuntu əlamətlərinin mövcudluğuna əsas yaradır. Məktəb müəllimləri XXX, XXX və XXX tərəfindən təqdim edilmiş izahatlara, həmçinin aparılmış monitorinq nəticəsində tərtib olunmuş aktda öz əksini tapan məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçı Iddiaçı birbaşa göstərişi əsasında 10-cu və 11-ci sinif şagirdlərinin bir qismi, o cümlədən 11a sinif şagirdləri XXX və XXX, həftənin 2-3 günü tədris prosesində iştirak etməmiş, bu hallar isə məktəb direktoru ilə əvvəlcədən razılaşdırılmış şəkildə həyata keçirilmişdir. Qeyd edilən şagirdlərin xüsusilə XXXun dərsdə iştirak etmədiyi günlər üzrə məktəb jurnallarında davamiyyətin düzgün əks olunmaması faktı, yəni iştirak etmədiyi günlərə görə qeydlərin aparılması səbəbindən məktəbin direktoru tərəfindən fənn müəllimi XXXdan izahat tələb olunması da bu halların sistemli xarakter daşıdığını göstərir. Bundan əlavə, əldə olunmuş izahat və sənədlər əsasında məlum olmuşdur ki, 2022-ci ilin sentyabr ayından başlayaraq direktor Iddiaçı tərəfindən məktəbdə çalışan pedaqoji və texniki heyətin üzvləri qarşısında aylıq əməkhaqlarının 2 faizinin ona təqdim edilməsi tələbi irəli sürülmüşdür. Iddiaçı tərəfindən toplanmış vəsaitlərin məktəbin müəyyən xərclərinin qarşılanması məqsədilə yığıldığı bildirilsə də, bu cür fəaliyyətin qanuni əsaslara söykənmədiyi açıq-aşkar görünməkdədir. Belə halların baş verməsi iddiaçının rəhbərlik etdiyi təhsil müəssisəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini göstərməklə onun barəsində intizam məsuliyyəti tədbirinin tətbiqi üçün hüquqi əsas yaradır. Monitorinqin nəticələrinə dair tərtib edilmiş aktla, aidiyyəti şəxslərin izahatları ilə və monitorinq nəticəsində əldə edilmiş digər sənədlərlə müəyyən edilir ki, Iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ### 2024-cü il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış qaydaları”nın 2.2-ci, 2.5-ci, 2.6-cı, 3.1-ci, 3.3cü, 3.6-cı və 3.7-ci bəndlərinin tələblərini pozmuş, öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə müvafiq məktəbdə təlim-tərbiyə prosesi pozulmuş, ümumi təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. 3. Əlavə olaraq bildirilir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim R.Quliyev) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Iddiaçı işdən azad olmağı barədə verilmiş ## #### 2025-ci il tarixli *-**-**/*- ***K/**** saylı əmri qanunsuz hesab edilməklə ləğv edilmiş, Iddiaçı Bаkı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə bərpа edilmiş, Iddiaçınа məcburi iş buraxmaga görə əmək haqqı, məzuniyyət pulları hesablanaraq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qеyd еtmişdir ki, Pirallahı Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 206 və 207.1.1-ci maddələrinə əsasən başlanılmış araşdırmanın nəticələrinə uyğun olaraq ## ##### 2025-ci il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qəbul edilmiş qərara əsasən mediada səsləndirilən ittihamların heç biri təsdiqini tapmamışdır. Direktor tərəfindən nə vaxtsa məktəb kollektivindən pul və ya hədiyyə tələb edilmədiyi rəsmən təsdiq edilmişdir. Sözügedən qızıl əşyası isə hələ 2023-cü ilin mart ayında verilmiş və həmin an direktor qəbul etməyərək geri qaytarmışdır. Iddiаçının qızıl hədiyyəsini geri qaytarmаsı bаrəsində vеrilmiş mübаhisələndirilən əmrdə də əksini tаpmışdır. Lаkin əmrdə bu qаytаrmа məktəbin direktorunun qızıl аlаn şəхslərin siyahıdakı məbləğləri (5, 10 və 20 manat) gördükdən sonra qаytаrmаsı kimi göstərilmişdir.

12. Məhkəmə qеyd etmişdir ki, 2023-cü ilin mart ayında pоzuntu kimi qiymətləndirilən hаdisənin bаş vеrməsindən 2 il sоnrа аrаşdırılmаsının səbəbləri bаrədə cаvаbdеh tərəfin mövqеyi аğlаbаtаn mühаkiməyə uyğun gəlmir və məhkəmə bu mövqеyə tənqidi yаnаşmışdır. Bеlə ki, əvvəlа həmin hаl ilə bаğlı səs yаzısının niyə 2023-cü ildə və yа 2024-cü ildə dеyil, məhz 2025-ci ildə yаyılmаsı və kim tərəfindən, hаnsı məqsədlə yаyılmаsınа diqqət yеtirilməmişdir. Həmçinin həmin səs yаzısı tаm məzmunlu оlmаmаsı müşаhidə еdilir və bu hаl həmçinin də “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarındа əksini tаpmış ## ##### 2025-ci il tаriхli prоtоkоldа dа qеyd еdilmişdir. Iddiаçı tərəf bu səs yаzısının əslinin оlmаmаsı ilə оnа tехniki müdахilə еdilməsini, bu bаrədə cаvаbdеh tərəfə аrаşdırmа zаmаnı bildirdiyini qеyd еdir. Lаkin cаvаbdеh tərəf iddiаçının bu dəlillərinin əsаslı оlmаsı istiqаmətində hеç bir аrаşdırmа аpаrmаyаrаq bu səs yаzısını оlduğu kimi vеrilən məzmundа rəhbər tutmuşdur. Məhkəmənin qənаətinə görə ən mаrаqlısı оdur ki, qızılı qəbul etmiş, lakin yalnız toplanan pul məbləğini gördükdən sonra geri qaytarmağa qərar vermiş şəхsin əməlinə subyеktiv mülаhizə əsаsındа qiymət vеrilərək оnu hədiyyə təşəbbüskarı kimi qələmə vеrmişlər. Iddiаçı bu cür хаrаktеrizə еdilirsə (yəni, mən o səviyyədəyəm ki, mənə 5, 10, 20 manatdan pul yığılır, - Siz iş yoldaşınızın evinə getmirsiniz. Siz nəsə edirsinizsə, rəhbər üçün edirsiniz. - 5 manatdan pul yığmaq nə deməkdir?) bu hərəkətləri mütəmаdi, təkrаr оlаrаq dаvаm еtdirməli оlmаlı idi. Lаkin sоnrаkı illərdə və bаyrаm günlərində bеlə bir hаllаrın təkrаr bаş vеrməsi bаrədə məlumаt оlmаsınа dаir cаvаbdеh tərəf hər hаnsı bir fаkt göstərməmişdir.

13. Birinci instansiya məhkəməsi hеsаb еtmişdir ki, qızıl hədiyyəsini götürmədiyi və qаytаrdığı hаldа, оnun bu əməlinin pоzuntu kimi qiymətləndirilməsi səhv оlmuşdur. Bаşqа sözlə, cаvаbdеh аrtıq оnа bu hədiyyənin təqdim еdilməsini pоzuntu kimi qiymətləndirmişdir. Lаkin, iddiаçının bunа istəyi, təşəbbüsü оlmаmаsı kimi diqqətə lаyiq hаllаr, хüsusən də qızılı qəbul еtməyərək qаytаrmаsı fаktı cаvаbdеh tərəfindən nəzərə аlınmаmış, əksinə bu qаytаrmаyа dа qеyd еdildiyi kimi bir növ “pоzuntu” kimi yаnаşılmışdır.

14. Məhkəmənin qənаətinə görə оbyеktiv mövqе sərgiləmək niyyəti оlduğu təqdirdə cаvаbdеh ən аzındаn bu hаllа əlаqədаr ətrаflı аrаşdırmа аpаrmış prоkurоrluq оrqаnının ## ##### 2025-ci il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarının məzmununа diqqət yеtirməli idi. Qərаrdа əksini tаpmış XXX, XXX və XXXnın еyni məzmunlu izаhаtlаrındаn аydındır ki, Iddiaçıа hədiyyə аlınmаsı üçün pul könüllü yığılmış, о bunа hеç kimi təkid еtməmiş, hеç kimdən pul tələb еtməmiş, ümumiyyətlə hədiyyə üçün pul yığılmаsındаn məlumаtsız оlmuşdur. Iddiaçı pul tələb еtməməsini, hədiyyə аlınmаsı üçün göstəriş vеrməməsini izаhаtlаrı аlınmış XXX, XXX, XXX, XXX, XXX, XXX və XXX təsdiq еtmişdir. Qərаrdаn dаhа sоnrа aydın olmuşdur ki, аlınmış izаhаtlаrlа müəyyən еdilmişdir ki, hədiyyə аlınmаsının təşəbbüskаrı XXX оlmuş, оnun tərəfindən pul yığılmış, müəllimlər rаzılаşmışlаr, 600 mаnаt pul yığılmış və Iddiaçıа qızıl dəsti аlınmışdır. Bеləliklə də, cаvаbdеh iddiаçı bаrəsində sosial media hesablarında və xəbər saytlarında yayılan məlumatların həqiqətə uyğun оlub-оlmаmаsını аrаşdırmаdаn əmrinin əsаslаndırılmаsındа iddiaçıya 2023-cü ildə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə məktəb kollektivi tərəfindən qızıl hədiyyəsi alınmаsınа istinаd еtmişdir ki, bu hаldа dа iddiаçının qızılı qəbul еtməsi öz təsdiqini tаpmаmışdır.

15. Məhkəmə аrаşdırmаsı zаmаnı 2022-ci ilin sentyabr ayından etibarən məktəbin direktoru Iddiaçı tərəfindən məktəb işçilərinin qarşısına aylıq əmək haqlarının 2 faizinin ona verilməsi tələbi qoyulmаsınа dаir cаvаbdеh tərəfin dəlili də hеç bir mötəbər sübut növləri ilə öz təsdiqini tаpmаmışdır. Bundаn əlаvə, sаdаlаnаn hаdisələrin bаş vеrməsi qəbul еdilsə bеlə, cаvаbdеh tərəfindən bu хətаlar ilə bаğlı intizаm tənbеhinin tətbiq еdilməsi müddətinə (2022 və 2023-cü illər) diqqət yеtirilməli idi. Məhkəmə qeyd etmişdir ki, cаvаbdеh iddiаçının Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan (yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən) şəxs оlmаsınа dа diqqət yеtirilməmişdir.

16. Məhkəmə həmçinin onuda qеyd еtmişdir ki, qızıl hədiyyəsi ilə bаğlı hissə istisnа оlmаqlа, ## #### 2025-ci il tarixdə həmin məktəbdə aparılmış monitorinq zamanı məktəbin direktoru Iddiaçı tərəfindən qanunvericiliyin, əmək funksiyalarının və vəzifə öhdəliklərinin pozulması halları оlmаsı qəbul еdildiyi hаldа bеlə оnun bаrəsində ciddi intizаm tənbеhinin görülməsinin zəruriliyi cаvаbdеh tərəfindən əsаslаndırılmаmışdır. Işin mаtеriаllаrındаn iddiаçının əvvəllər intizаm tənbеhi аlmаsı müəyyən еdilməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, iddiаçının cаvаbdеh təşkişlаtdа işləyərkən heç bir ciddi sаyılа bilən nöqsana yol verməməsi, heç bir cəza almamаsı, аilədə yeganə qazanc gətirən şəxs оlmаsı kimi оnu səciyyələndirilən hаllаrın mövcudluğu iş yеri üzrə əmək funksiyаsının tаm və yа qismən yеrinə yеtirməməsi ilə yоl vеrdiyi kоbud səhvləri nəticəsində işəgötürənin qаnuni mənаfеyinə ciddi хələl gətirdiyi və bu hərəkətləri əmək vəzifələrinin kоbud şəkildə pоzulmаsı hеsаb еdildiyi üçün işəgötürənin оnun bаrəsində Аzərbаycаn Rеspublikаsının 186cı mаddəsinin 2-ci hissəsinə əsаsən “əmək müqаviləsini bu Məcəllənin 70-ci mаddəsinin “ç” bəndi ilə ləğv еtmək” intizаm tənbеh növünü vеrməyə kifаyət qədər hüquqi əsаs vеrməmişdir. Хüsusilə qeyd edilmişdir ki, yuхаrıdа qеyd еdildiyi kimi Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə fəаliyyət dövründə hər hansı intizam tənbehi almayan iddiaçının yol verdiyi iddia olunan pozuntuya (monitorinq nəticələrinə) görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun - əgər pozuntu hesab edilsə idi belə xarakterinə adekvat olmamışdır.

18. Məhkəmə hеsаb еtmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsassız və qanunsuz olaraq xitam verilmişdir.

19. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə, 301-ci maddəsinin 1-ci bəndinə, 74-cü maddəsinin 2-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 106.1-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Pirallahı Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı bu mülki iş üzrə hüquqi qiymət verilməsi üçün həlledici əsas kimi qəbul edilə bilməz. Çünki cinayət tərkibinin olmaması, yaxud cinayət işinin başlanmasından imtina edilməsi faktı əmək münasibətlərində işçinin davranışına hüquqi qiymət verilməsinə mane olmur. Başqa sözlə, cinayət tərkibi müəyyən olunmaya bilər, lakin həmin davranış dövlət müəssisəsində çalışan vəzifəli şəxs üçün intizam tənbehi və əmək müqaviləsinin xitamı üçün yetərli əsas təşkil edə bilər. Dövlət müəssisəsində çalışan işçi tərəfindən vəzifəli şəxs statusuna zidd davranışlara yol verilməsi, ictimai qınağa səbəb olan hərəkətlərin edilməsi, habelə bu davranışların səs yazısına düşərək ictimailəşməsi əmək intizamının kobud pozuntusu sayılır və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə görə əmək müqaviləsinin xitamı üçün müstəqil hüquqi əsas yaradır. Bu baxımdan, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara istinad edilməsi doğru deyil. Çünki sözügedən səs yazısının ilk saniyələrindən də açıq şəkildə görünür ki, Iddiaçı tərəfindən alınmış qızıl komplektinə görə pul verənlərin siyahısı tələb olunur və siyahıya baxıldıqdan sonra iddiaçının “mən nə görüm, mənə 5, 10, 20 manatdan pul yığılır… Siz nə danışırsınız? Siz iş yoldaşınızın evinə getmirsiniz, siz nə edirsinizsə rəhbər üçün edirsiniz” kimi ifadələr işlətməsi tam şəkildə əks olunub. Bu ifadələr və davranış tərzi göstərir ki, iddiaçı özünün vəzifəli şəxs statusundan istifadə etmiş, təhsilverənlərin etik davranış qaydalarını pozmuş və müəllim adına yaraşmayan hərəkətlərə yol vermişdir. Səs yazısında deyilənlər tam şəkildə aydın görünür və ictimai qınağın yaranmasına səbəb olmuşdur. Beləliklə, həmin davranışın cinayət tərkibinə malik olmaması onun intizam qaydalarının, etik davranış normalarının və əmək funksiyalarının pozulması faktını aradan qaldırmır və əmək müqaviləsinə xitam verilməsi üçün yetərli əsasdır. Məhkəmə qeyd etmişdir ki, məhkəmə аrаşdırmаsı zаmаnı 2022-ci ilin sentyabr ayından etibarən məktəbin direktoru Iddiaçı tərəfindən məktəb işçilərinin qarşısına aylıq əmək haqlarının 2 faizinin ona verilməsi tələbi qoyulmаsınа dаir cаvаbdеh tərəfin dəlili də hеç bir mötəbər sübut növləri ilə öz təsdiqini tаpmаmışdır. Cavabdeh qeyd etmişdir ki, məhkəmənin istinad etdiyi “mötəbər sübutların olmaması” barədə qənaət faktiki vəziyyəti əks etdirmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsinin tələblərinə uyğun olaraq təhsil müəssisələrində monitorinq aparılması və bununla bağlı tədbirlərin görülməsi Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. Bu çərçivədə Agentlik tərəfindən tərtib edilmiş aktlar, toplanmış materiallar, eləcə də əməkdaşlardan alınmış izahatlar dövlət nəzarəti tədbirləri nəticəsində sənədləşdirildiyinə görə prosessual qanunvericiliyə uyğun olaraq tam hüquqi qüvvəyə malik, mötəbər sübut hesab olunmalıdır. Sözügedən sənədlərin sübut dəyəri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin sübutların mənbələri və qiymətləndirilməsi tələblərinə tam uyğun gəlir. Bu baxımdan Agentlik tərəfindən rəsmiləşdirilmiş və hüquqi qüvvəyə malik olan monitorinq materiallarının məhkəmə tərəfindən “mötəbər sübut deyil” kimi qiymətləndirilməsi əsassızdır və işin obyektiv, tam və hərtərəfli araşdırılması prinsiplərinə ziddir. Bundan əlavə, iddiaçının direktor vəzifəsində çalışdığı təhsil müəssisəsində fəaliyyət göstərən təxminən 30 nəfər işçi heyətindən 24 nəfəri, həmçinin valideynlər belə məhkəmə prosesinə könüllü şəkildə gəlmiş və izahat vermək istəmişdir. Lakin məhkəmə həmin şəxslərin şahid qismində dindirilməsinə imkan verməmiş və bunun nəticəsində məsələnin tam, hərtərəfli və obyektiv araşdırılması üçün mühüm əhəmiyyət kəsb edən şahid ifadələri iş materiallarında öz əksini tapmamışdır. Bu hal Mülki Prosessual Məcəllənin sübutların hərtərəfli, tam və obyektiv araşdırılması barədə tələbini pozur və iş üzrə faktların müəyyən edilməsinə birbaşa təsir göstərir. Şahidlərin ifadələri təqdim edilsəydi, cavabdeh tərəfin mövqeyini təsdiqləyən və direktorun davranışları barədə obyektiv mənzərə yaradan əlavə faktlar məhkəmə tərəfindən nəzərə alınmış olardı. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən qeyd olunan halların təsdiq edilmədiyi iddia olunur. Lakin nəzərə alınmalıdır ki, iddiaçı özü məhkəmə iclasında verdiyi izahat zamanı bu halların mövcudluğunu birbaşa etiraf etmiş, pul vəsaitinin yığılması faktının baş verdiyini inkaredilməz şəkildə təsdiqləmişdir. Bu halı məhkəmə iclasının videoyazısının izlənilməsi yolu ilə də aydın şəkildə təsdiq etmək mümkündür. Iddiaçı bunu öz müdafiəsi məqsədilə əsaslandırmağa çalışsa da, faktiki etirafın özü həmin halların mövcudluğunu şübhə altına almağa imkan vermir. Bundan başqa, obyektiv reallıqları da göstərir ki, aylıq əmək haqqısı 350–400 manat olan işçilərin könüllü şəkildə əmək haqlarının 2 faizini verməkdə maraqlı olmaları inandırıcı deyil. Belə bir ödənişin bütün kollektiv üzrə həyata keçirilməsi, onun sistematik xarakter daşımasını və işçilərin şəxsi təşəbbüsü ilə deyil, müəyyən tələbin nəticəsi olaraq baş verdiyini göstərən ciddi indikatorlardan biridir. Məhkəmə həmçinin qеyd еtmişdir ki, yuхаrıdа qеyd еdilən qızıl hədiyyəsi ilə bаğlı hissə istisnа оlmаqlа, ## #### 2025-ci il tarixdə həmin məktəbdə aparılmış monitorinq zamanı məktəbin direktoru Iddiaçı tərəfindən qanunvericiliyin, əmək funksiyalarının və vəzifə öhdəliklərinin pozulması halları оlmаsı qəbul еdildiyi hаldа bеlə оnun bаrəsində ciddi intizаm tənbеhinin görülməsinin zəruriliyi cаvаbdеh tərəfindən əsаslаndırılmаmışdır. Lakin cavabdeh qeyd edilmişdir ki, Bakı şəhəri Nadir Teymurov adına *** nömrəli tam orta məktəbdə neqativ halların baş verməsi barədə sosial media və xəbər resurslarında yayılmış məlumatlar əsasında həmin sahədə dövlət siyasətini həyata keçirən orqan tərəfindən monitorinq (yoxlama) aparılmışdır. Bu monitorinq zamanı yalnız mediada yayılan məlumatlar araşdırılmamış, həmçinin məktəbin fəaliyyətinin digər istiqamətləri üzrə ciddi pozuntular aşkar edilmişdir. Iddiaçının monitorinq zamanı verdiyi izahatında qeyd edilir ki, XXX autizm sindromundan əziyyət çəkdiyi üçün dərslərdə iştirakı mümkün olmamışdır. Bu arqumentlə bağlı qeyd edilmişdir ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sağlamlıq imkanları məhdud şəxslər — xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan, fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxslərdir. Qanunun tələbinə görə, belə şəxslər xüsusi təhsilə cəlb olunmalıdırlar, yəni onların təhsili fərdi yanaşma və xüsusi tədris proqramı əsasında təşkil edilməlidir. Autizm, həmin Qanunda qeyd olunduğu kimi, psixi ləngimə formalarından biridir. Belə olduqda, ümumi təhsil müəssisəsində digər şagirdlərlə eyni qaydada davamiyyət və qiymətləndirmənin aparılması, bu status nəzərə alınmadan ümumi sinif üzrə qiymətlər verilməsi qanunvericiliyin tələblərinə ziddir və direktor bu hal barədə məlumatı öyrəndiyi andan dərhal şagirdin xüsusi təhsilə cəlb olunması ilə bağlı Bakı şəhər üzrə Təhsil Idarəsinə məlumat verməli idi. Bu səbəbdən, məktəb rəhbərliyinin autizm sindromlu şagirdin dərsdə iştirakı mümkün olmadığı halda onu adi qaydada qiymətləndirməsi və növbəti sinfə keçirməsi təhsil qanunvericiliyinin pozulması və tədris prosesinin saxtalaşdırılması kimi qiymətləndirilməlidir. Bu cür çoxsaylı, sistematik və təsdiqlənmiş hüquqpozmalara baxmayaraq, məhkəmənin yalnız prokurorluğun cinayət işi üzrə qərarına istinad etməsi və 70-ci maddənin “ç” bəndi üzrə intizam xətası üçün yetərli əsasların mövcud olmadığını bildirməsi hüquqi baxımdan qaneedici deyil. Aşkarlanmış pozuntuların miqyasına və mahiyyətinə görə intizam tənbehinin, o cümlədən əmək müqaviləsinə xitamın tətbiqi üçün kifayət qədər əsas mövcuddur. Beləliklə, Agentliyinin ## #### 2025-ci il tarixli *-**-**/*-***K/**** nömrəli əmri Əmək Məcəlləsinin tələblərinə uyğun olmuş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmışdır.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər S.Səlimova və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə yeddi pozuntuya istinad olunduğuna görə, məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd etmişdir:

24. Birinci pozuntu cavabdeh tərəfindən belə təqdim edilmişdir ki, direktora 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə məktəb kollektivi tərəfindən qızıl hədiyyəsi alınıb, bununla əlaqədar direktor ilə digər işçilər arasında konflikt yaranıb və direktor işçiləri təhqir edib. Cavabdehin əmri həmin pozuntuya aid hissədə qanunsuzdur. Belə ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla xitam verilməsi iki qaydada mümkündür: 1) ümumi qaydada; 2) intizam tənbehi kimi. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə görə, əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək intizam tənbehinin növlərindən biridir. Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ikinci qaydada - intizam tənbehi kimi xitam verilib. Əmrin başlığında “intizam tənbehi tədbirinin görülməsi barədə” yazılması bunu təsdiq edir. Intizam tənbehinin tətbiqi zamanı Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsində müəyyən edilmiş müddətə əməl edilməlidir. Əmr ## #### 2025-ci il tarixdə verilmiş, cavabdehin intizam xətası kimi təqdim etdiyi əməl isə 2 il əvvəl – 2023-cü ilin mart ayında baş vermişdir. Bu, göstərilənlərlə təsdiq olunmuşdur. Birinci, əmrin özü ilə - əmrdə həmin hadisənin 2023-cü ilin mart ayında baş verdiyi qeyd edilmişdir. Ikinci, prokurorluğun “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## ##### 2025-ci il tarixli qərarı ilə. Qərara əsasən direktorun hədiyyə qismində məktəb işçilərindən pul vəsaiti tələb etməsi barədə kütləvi informasiya vasitələrində yayılmış səs yazısı və məlumatla əlaqədar araşdırma aparılmışdır. Qərarın əsaslandırıcı hissəsində qeyd olunub: “... aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, 2023-cü ilin mart ayında 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Bakı şəhəri *** saylı tam orta məktəbin işçi kollektivi həmin məktəbin direktoru vəzifəsində işləmiş Iddiaçı hədiyyə almaq məqsədilə pul yığılması barədə təşəbbüs irəli sürərək öz aralarında razılığa gəlmişlər. Hədiyyə alınması üçün pul yığılması barədə təşəbbüsdən və həmin prosesdən Iddiaçı məlumatı olmamış, qızıl dəsti alınaraq bayram günü münasibətilə hədiyyə qismində sonuncuya verilmişdir. Lakin Iddiaçı tərəfindən hədiyyə qəbul edilməmiş, hədiyyə geri qaytarılaraq yığılan pullar bütün işçilərə geri qaytarılmışdır. Hədiyyənin qəbul edilib-edilməməsi müzakirə olunan zaman Iddiaçıla işçilər arasında mübahisə düşmüş və həmin vaxt işçilərdən biri həmin prosesi səs yazı şəklində qeydə alaraq saxlamış, 2025-ci ilin mart ayının əvvəli isə həmin səs yazısının bir qismi kütləvi formada paylaşılmışdır”. Iddiaçı pozuntuya yol vermədiyini bildirir. Prokurorluq da iddiaçının pozuntuya yol vermədiyini təsdiq etmişdir. Intizam təhbehinin verilməsi müddəti keçdiyinə görə, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının həmin pozuntuya yol veribvermədiyinin məhkəmə tərəfindən araşdırılmasına zərurət olmamışdır.

25. Ikinci pozuntu cavabdeh tərəfindən qeyd edilmişdir ki, 2022-ci ilin sentyabr ayından etibarən direktor məktəb işçilərinin qarşısına aylıq əmək haqlarının 2 faizinin ona verilməsi tələbini qoymuş və həmin pulun məktəbin müəyyən xərclərinin qarşılanması məqsədilə toplandığını qeyd etmişdir. Bu pozuntuya münasibətdə də Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsində müəyyən olunan müddət keçmişdir. Əmrdə pozuntunun 2022-ci ilin sentyabr ayında başlandığı qeyd edilsə də, hansı tarixədək davam etdiyi göstərilməyib. Pozuntunun əmrin tarixinə altı ay qalandan sonra da davam etdiyini təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Işin bu halını sübutetmə yükü cavabdehin üzərinə düşür. Ona görə də, intizam tənbehi altı aylıq müddət keçdikdən sonra tətbiq olunub. Iddiaçı pozuntuya yol vermədiyini bildirmişdir. Intizam təhbehinin verilməsi müddəti keçdiyinə görə, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının həmin pozuntuya yol verib-vermədiyinin məhkəmə tərəfindən araşdırılmasına zərurət olmamışdır.

26. Üçüncü pozuntu cavabdeh tərəfindən belə təqdim olunmuşdur ki, direktorun göstərişi ilə 10a, 6a, 7a, 8a və 5a siniflərində təhsilalanlardan 2024-cü ilin dekabr ayında videomüşahidə kamerası çəkilişi üçün pul yığılmışdır. Iddiaçı belə göstəriş vermədiyini bildirmişdir. Cavabdeh isə iddiaçının belə göstəriş verdiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Iddiaçı dördüncü, beşinci, altıncı və yeddinci pozuntulara yol vermədiyini bildirmişdir. Hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının həmin pozuntulara yol veribvermədiyinin

27. araşdırılmasına zərurət olmamışdır. Əgər iddiaçı həqiqətən həmin pozuntulara yol vermişdirsə, bu pozuntular öz-özlüyündə (birinci, ikinci və üçüncü pozuntular mövcud olmadan) Əmək Məcəlləsinin 70-ci maddəçinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsas sayılmır. Belə ki, əmək müqaviləsinə xitam verilməsi işçi üçün ən ağır inzibati tənbeh növüdür, o, işini və qazancını itirir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, əvvəllər iddiaçıya intizam tənbehi verilməyib. Əgər iddiaçı həqiqətən həmin pozuntulara yol vermişdirsə ona daha yüngül növdə intizam tənbehi (töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət və s.) tətbiq edilə bilərdi. Bundan başqa, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsini zəruriliyini əsaslandırmalıdır. Əmrin məzmununda dördüncü, beşinci, altıncı və yeddinci pozuntulara münasibətdə belə əsaslandırma yoxdur. Cavabdehin istinad etdiyi əsas pozuntu birinci pozuntu olmuşdur. Prokurorluqda araşdırma da birinci pozuntu üzrə aparılmışdır. Əmrin birinci abzasından görünür ki, məktəbdə monitorinqin aparılmasına səbəb məhz birinci pozuntu barədə sosial media hesablarında və xəbər saytlarında yayılmış məlumatlar olub.

28. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi əmrin ləğv edilməsini, iddiaçının əvvəlki vəzifəsində bərpa olunmasını və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini qət etməklə düzgün nəticəyə gəlmişdir.

29. Məhkəmə həmçinin qeyd etmişdir ki, qətnamədə iddiaçıya məzuniyyət pulunun hesablanaraq ödənilməsi qət olunmuşdur. Iddia ərizəsində belə tələb irəli sürülsə də, daha sonra “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verilmiş və xahiş edilmişdir ki, əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Həmin ərizədə məzuniyyət pulunun ödənilməsi barədə tələb irəli sürülməmişdir. Bundan başqa, qətnamədə iddianın qalan hissəsinin rədd edilməsi qət olunsa da, “qalan hissə” deyiləndə hansı hissənin nəzərdə tutulduğu qeyd olunmamışdır. Apellyasiya şikayətinin məzmununa əsasən qətnamənin göstərilən hissələri mübahisələndirilməyib, yəni həmin hissələrin qanunsuzluğuna dair hər hansı dəlil irəli sürülməyib, qətnamə yalnız əmrin ləğv olunması, iddiaçının əvvəlki vəzifəsində bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsinə aid hissədə mübahisələndirilib. Ona görə də qətnamə mübahisələndirilən hissədə apellyasiya qaydasında yoxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 187-ci maddəsinin 3-cü hissəsinə, 300-cü maddələrinə istinad etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

31. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b”, “ç” və “f” bəndləri, 57-ci maddəsi, 71-ci maddəsinin 3-cü hissəsi, 186 və 187-ci maddələri, Mülki Prosessual Məcəllənin 9, 76, 77, 81, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.

33. Belə ki, iddiaçının hərəkəti adi intizam xətası deyil, vəzifə hüquqpozması ilə bağlı intizam xətasıdır. Buna görə də, həmin intizam xətası ilə əlaqədar iddiaçının barəsində ## #### 2025-ci il tarixdə intizam tədbirini görülməsi yuxarıda qeyd edilən 2 il çərçivəsində olmuşdur. Birinci instansiya məhkəməsində ## ####### 2025-ci il tarixdə keçirilmiş sonuncu iclasda iddiaçı özü şəxsən çıxış edərək müəllimlərdən hər ay aylıq məvaciblərinin 2%-i miqdarında pul vəsaiti aldığını təsdiqləmişdir. Iddiaçı bunun məktəbdə özündən əvvəlki dövrlərdə də alındığını və bunu könüllülük prinsipinə əsasən həyata keçirdiyini vurğulasa da, məktəbdə müəllim heyətindən alınmış izahatlarla bunun direktor tərəfindən onların üzərinə bir öhdəlik kimi qoyaraq məcburi şəkildə toplanması halı özünü açıq şəkildə göstərir. Direktor tərəfindən irəli sürülən “vəsaitlərin müəllimlər tərəfindən könüllü şəkildə verilməsi” iddiası reallığı əks etdirmir və heç bir məntiqi əsas daşımır. Aylıq əməkhaqqısı orta hesabla 400–500 manat olan müəllimlərin öz istəkləri ilə bu məbləğin 2 faizini hər ay direktora verməsi absurddur. Belə bir “könüllülük” iddiası faktiki olaraq əmək münasibətlərində tabelilik asılılığından sui-istifadə halını ört-basdır etmək məqsədi daşıyır. Iddiaçının məhkəmə iclasında çıxışı zamanı qeyd etdiyi hallar Agentliyin nümayəndəsi tərəfindən apellyasiya məhkəməsinin diqqətinə çatdırılmışdır. Lakin birinci instansiya məhkəməsinin iclasının videogörüntülərinə baxılmamışdır. Üçüncü pozuntu barədə apellyasiya instansiya məhkəməsinin qeyd etdiyi “mötəbər sübut” anlayışının nəyə istinad etdiyini aydınlaşdırmaq zəruridir. Belə ki, bu yanaşmadan belə nəticə çıxır ki, Respublika üzrə məktəbəqədər və ümumi təhsil sahəsində dövlət siyasətini həyata keçirən Agentliyin apardığı araşdırmalar, tərtib etdiyi aktlar, topladığı izahatlar və digər rəsmi sənədlər məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Lakin qeyd olunmalıdır ki, Agentlik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli Fərmanı ilə təsdiq edilmiş öz Əsasnaməsinə uyğun olaraq səlahiyyətləri çərçivəsində araşdırma aparır, faktları toplayır, aktlar tərtib edir və izahatlar alır. Bu sənədlər səlahiyyətli dövlət orqanı tərəfindən qanunvericiliyə uyğun qaydada əldə edildiyindən, onların sübut kimi qiymətləndirilməməsi və ya mötəbər sayılmaması əsaslandırılmalıdır. Digər pozuntular birinci, ikinci və üçüncü pozuntularla əlaqəli olmayıb, hər biri ayrıca və müstəqil şəkildə ciddi pozuntu kimi qiymətləndirilməlidir. Bu səbəbdən, onların ümumiləşdirilərək “digər pozuntular” kimi xarakterizə olunması və hüquqi qiymətləndirmədən kənarda saxlanılması düzgün yanaşma deyildir. Məhkəmənin adi pozuntu kimi qiymətləndirdiyi hallardan biri də 11-ci sinif şagirdləri XXX və XXXla bağlı baş vermiş ciddi qanun pozuntusudur. Belə ki, 10-cu sinifdə oxuduqları dövrdə adı UTIS sistemində qeyd olunsa da, sinif jurnallarında onların adları olmamış, heç bir qiymətləndirmə aparılmamışdır; Buna baxmayaraq, ilin sonunda mövcud olmayan qiymətlər əsasında onların illik nəticələri hesablanmış, yüksək summativ qiymətlər yazılmış və növbəti sinifə keçirilmişlər. 11-ci sinifdə isə şagirdlərin dərslərdə faktiki iştirak etmədiyi halda, onlara yüksək qiymətlər verilmişdir. Halbuki, qüvvədə olan qaydalara əsasən şagirdlərin sinifdən-sinfə keçirilməsi yalnız bütün fənlər üzrə müsbət illik qiymətləri olduqda mümkündür. Faktiki iştirak etməyən və qiymətləndirilməyən şagirdlərin növbəti sinfə keçirilməsi və məzun edilməsi açıqaşkar qanun pozuntusudur. Qeyd olunan hallar UTIS sistemi üzrə məlumatlar, ekran görüntüləri, müəllim izahatları, sinif jurnalları və yekun qiymətləndirmə sənədləri ilə tam şəkildə təsdiq olunur. Belə olan halda, bu kimi ciddi pozuntuların “yüngül intizam xətası” kimi qiymətləndirilməsi və əmək müqaviləsinə xitam verilməsi üçün əsas sayılmaması ilə bağlı məhkəmənin mövqeyi əsaslı hesab edilə bilməz. Həmçinin, iddiaçının monitorinq zamanı verdiyi izahatda qeyd olunur ki, XXX autizm sindromundan əziyyət çəkdiyi üçün dərslərdə iştirakı mümkün olmamışdır. Bu arqumentlə bağlı bildiririk ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanununa əsasən sağlamlıq imkanları məhdud şəxslər xüsusi şərait yaradılmadan təhsil almasında çətinlik çəkən, fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxslər hesab edilir. Həmin Qanunun tələbinə görə, bu kateqoriyaya aid şəxslər xüsusi təhsilə cəlb olunmalı, onların təhsili fərdi yanaşma və xüsusi tədris proqramları əsasında təşkil edilməlidir. Autizm də qeyd olunan qanunvericilik çərçivəsində psixi inkişaf pozuntularından biri kimi qiymətləndirilir. Bu baxımdan, belə bir şagirdin ümumi təhsil müəssisəsində digər şagirdlərlə eyni qaydada davamiyyətinin aparılması və qiymətləndirilməsi, onun statusu nəzərə alınmadan ümumi əsaslarla qiymətlərin verilməsi qanunvericiliyin tələblərinə ziddir. Direktor bu hal barədə məlumat əldə etdiyi andan etibarən, şagirdin xüsusi təhsilə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görməli, o cümlədən aidiyyəti üzrə məlumat verməli idi.

34. Əmək qanunvericiliyində işçi ilə bağlanmış “Əmək müqaviləsinin” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsindən öncə mütləq qaydada işəgötürən tərəfindən başqa intizam tənbehinin tətbiq edilməsi qaydası nəzərdə tutulmamışdır. Əmək Məcəlləsi işəgötürənə işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olaraq intizam tənbehi seçmək və onu tətbiq etmək hüququ verilmişdir. Işəgötürən olan cavabdeh Agentlik də hüququndan istifadə edərək bu seçimi etmişdir. Əmrdə yalnız birinci pozuntuya (səs yazısı) istinad edildiyi deyil, əksinə, hər bir nöqsan ayrıca əsaslandırılmış və əmrdə qeyd edilmişdir. Belə ki, qeyd edilməlidir ki, əmrin əsas hissəsində aktlar, izahatlar və digər sənədlər qeyd olunmuş, hər bir nöqsan ayrıca və konkret olaraq sənədləşdirilmiş və əmrə qoşma edilmişdir. Apellyasiya məhkəməsinin əmrdəki əsaslandırmanın yalnız səs yazısına istinad etdiyini qeyd etməsi də yanlışdır. Həmin səs yazısı ictimaiyyətdə yayılandan sonra Agentlik tərəfindən məktəbdə yoxlama aparılmış və yoxlama nəticəsində digər nöqsanlar aşkarlanmışdır. Hər bir aşkarlanmış nöqsan müstəqil və ciddi xarakter daşıyır, sadəcə birinci pozuntu ilə məhdudlaşdırmaq düzgün deyil. Nəticə etibarilə, əmrdə hər bir nöqsan üçün ayrıca əsaslandırma mövcuddur və bu, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasını təşkil edir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək funksiyasının nədən ibarət olduğunu araşdırmamış və düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında qərarının 5.15-ci bəndinə əsasən məktəb direktoru: Ümumi təhsil müəssisəsinin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır (5.15.1); Fəaliyyət istiqamətləri üzrə qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və nəzarət edir (5.15.10); Pedaqoji Şuranın qərarlarını təsdiq edir və həyata keçirir (5.15.11); Məcburi icrası tələb olunan daxili əmrlər və sərəncamlar verir (5.15.5); Tədris və cari fəaliyyətlə bağlı müvafiq dövlət orqanlarına hesabat verir (5.15.13) və s. Yuxarıda sadalanan hallar göstərir ki, iddiaçı əmək funksiyalarını və rəhbərlik öhdəliklərini yerinə yetirməmiş, nəzarəti təmin etməmiş, nəticədə dövlət vəsaitlərinin əsassız xərclənməsinə və tədris prosesində sistemli pozuntulara yol vermişdir. Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək münasibətlərinə xitam verilməsi üçün tam əsas yaradır.

35. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

36. Iddiaçı Iddiaçı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

37. Belə ki, cavabdeh kassasiya şikayətində özü qəbul etmişdir ki, intizam tədbirlərinin görülməsi üçün ƏM-in 187-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq və 6 aylıq müddətləri ötürmüşdür. Lakin, bunu belə əsaslandırır ki, qeyd olunan hüquqpozma guya ciddi vəzifə pozuntusudur və 2 il keçəndən sonra da işçiyə intizam tənbehi verilə bilər. Bu yanaşması ilə cavabdeh qanunu özü üçün özünə uyğun formada şərh edir, belə ki, cavabdehin istinad etdiyi əmək qanunvericiliyinin həmin normasında (ƏM, maddə 187.3) “ciddi vəzifə pozuntusu” anlayışı yoxdur, belə termindən istifadə edilmir. Intizam tənbehinin verilməsi üçün 2 illik müddəti nəzərdə tutan normanın təsiri altına düşməsi üçün işçinin hərəkətində olan hüquqpozma, həmin müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş olmalıdır. Hazırkı işdə isə, nəinki heç audit yoxlaması və ya maliyyə-təsərrüfat fəaliyyətinin təftişi aparılmamış, sadəcə iddiaçının zamanında barəsində təqdimat yazdığı direktora qarşı qərəzli mövqedə bir-iki işçinin izahatı alınmışdır. Həmin izahatlar əsasında, başqa heç bir mötəbər sübut və dəlil olmadan işçi günahlandırılaraq işdən azad edilmişdir. Iş materiallarında olan sənədlərdən görünür ki, əmrdə qeyd olunan bütün hallar barəsində, o cümlədən mövcud olan səs yazısı və işçilərdən əmək haqqılarından 2 faiz (fond pulu) yığılması ilə bağlı 2024-cü ilin mart-aprel ayında işçilərin izahatları alınmış, həmin vaxt artıq direktora töhmət verilmişdir. Izahatlarda da var ki, 2024-cü ilin yanvar ayından etibarən həmin məktəbdə “fond pulu” olmamışdır. Mediada yayımlanmış səs yazısı ən azı 2024-cü ilin fevral ayından işəgötürənə məlum olmuş, bu məhkəməyə təqdim olunan həmin tarixə aid Bakı şəhər Təhsil Idarəsinin vəzifəli şəxsləri ilə olan votsap yazışmalarında var. Cavabdeh məhkəmədə Bakı şəhər Təhsil Idarəsinin işəgötürən olmadığını bildirir. Amma əmək kitabçasında işdən azadolma əmrinə dair qeydinin altında niyə Bakı şəhər Təhsil Idarəsinin hüquqşünası Aygün Bayramovanın adı və imzası var, onu izah edə bilmir. Səs yazısına hər iki məhkəmə instansiyasında məhkəmə tərəfindən dinlənilərək hüquqi qiymət verilmişdir. Işin mahiyyəti ondan ibarətdir ki, iddiaçı onun üçün alınan hədiyyəni istəməmişdir. Buna “bəyənmədi” adı vermək istəyirlər, əslində isə, sadəcə qəbul etmək istəməmişdir. Iddiaçının yeganə “qüsuru” işlədiyi kollektivdə sərt olması, korrupsiyanı tam ləğv etməsi, məktəbdə ciddi nizam-intizam yaratması və işinə əvvəllər öyrəşdikləri kimi səhlənklar yanaşan müəllimlərə töhmət verməsi, bu da işə yaramayanda onlar barədə işəgötürənə müxtəlif təqdimatlar yazması və məlumatlar verməsi olmuşdur. Işlədiyi dövrdə heç bir müəllimdəm maddi olaraq nəsə qəbul etməmiş, dərs bölgülərini düzgün aparmış, işlədiyi məktəbin maddi texniki bazasını yaxşılaşdırmış və məktəbi kosmetik təmir etmişdir. Işçinin işdən ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə azad etmək üçün heç bir qanuni əsas olmamışdır.

Kassasiya baxışının hədləri

38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

39. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

40. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

42. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ####### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi işəgötürən olan cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən əmrini 7 pozuntu ilə əsaslandırmışdır.

46. Birinci pozuntu kimi qeyd olunan ## #### 2023-cü il tarixdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə iddiaçıya qızıl hədiyyəsi edilməsi, bununla bağlı iddiaçı ilə məktəbin bir sıra müəllimləri ilə konflikt etməsi və ikinci pozuntu kimi göstərilən 2022-ci ilin sentyabr ayından etibarən əməkdaşların əmək haqlarından 2 faizinin tələb edilməsi hissələrdə apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh işəgötürən tərəfindən Əmək Məcəlləsinin 3-cü hissəsində müəyyən olunan müddət ötürülmüşdür.

47. Üçüncü pozuntu kimi qeyd olunan bir neçə siniflərdə təhsil alanlardan videomüşahidə kameralarının alınması üçün pul yığılması ilə bağlı apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının belə göstərişi cavabdeh tərəfindən sübut olunmamışdır.

48. Digər pozuntulara münasibətdə isə apellyasiya məhkəməsi belə pozuntuların baş verib-verməməsini araşdırmadan, hesab etmişdir ki, onlar əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qiymətləndirməməlidir.

49. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu qiymətləndirməsi ilə razılaşmır.

50. Belə ki, işəgötürənin mübahisələndirilən əmrindən müəyyən olunur ki, əmrin qəbul edilməsi əsaslarından biri kimi məktəbin 10-cu və 11-ci sinif şagirdlərinin həftənin 2-3 günü direktor ilə razılaşmaya əsasən dərslərdə iştirak etmədikləri, 11a sinif şagirdləri XXX və XXXun isə tədris ili ərzində dərsdə iştirak etmədikləri, XXXa dərsdə olmadığı günlər üçün çoxlu sayda qaib yazdığına görə direktor tərəfindən məktəbin riyaziyyat müəllimi XXXdan izahat tələb edildiyi göstərilmişdir.

51. Məhkəmə kollegiyası hesab edir ki, məktəbin 10-11-ci sinif şagirdlərinin mütəmadi olaraq dərslərdə iştirak etməməsinə şərait yaradılmasının, bəzi şagirdlərin isə ümumiyyətlə məktəbə gəlməməsinə razılıq verməsinin, vəzifə borclarını icra edərək, bu halları qeydə alan müəllimin isə təhdid edilməsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə əsas olmamasından ibarət mövqe əsaslı hesab oluna bilməz.

52. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ### 2024cü il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş Təhsilverənlərin etik davranış Qaydalarının: 3.1. Təhsilverən öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində cəmiyyət və dövlətin maraqları naminə keyfiyyətlə, səmərəli və peşəkarlıqla yerinə yetirməyə borcludur. 3.6. Təhsilverən korrupsiyaya imkan verməməli, təhsilalanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir. 3.7. Təhsilverən xidməti vəzifəsinin qərəzsiz icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödəniş və s. tələb və ya qəbul etməməlidir. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. 4.4. Təhsilverən ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirib çıxaran əməllərdən çəkinməli, təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır.

53. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-Ixtisas Sorğu Kitabçasının VII bölməsinə görə ümumi təhsil müəssisəsinin direktorunun əmək funksiyalarına aşağıdakılar daxildir: Məktəbin fəaliyyətini idarə edir. Məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, məktəbdaxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, onun həyata keçirilməsinin optimal həlli yollarını tapır, dövlət orqanları və ictimai təşkilatlarda müəssisənin marağını təmsil edir. Tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir. Tədris planı və proqramlarının yerinə yetirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün tədbirlər həyata keçirir. Şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir. Şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə köməklik göstərir; sinifdənxaric və məktəbdənkənar işlərin təşkili üzərində nəzarəti həyata keçirir. Icbari ümumi orta təhsilin həyata keçirilməsini, uzun müddət təhsildən kənarda qalmış şəxslərin və istedadlı şagirdlərin fərdi təhsilə cəlb olunmasını təmin edir. Qabaqcıl iş təcrübəsini tətbiq edir, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Əmək qanunvericiliyinə uyğun pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır. Əməkdə xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini mükafatlandırma və təltif üçün təkliflər verir. Müavinlərin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir. Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir. Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir. Işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir. Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. Işçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur. Valideynlərlə (onların qanuni nümayəndələri ilə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələri və xeyriyyə cəmiyyətləri ilə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir. Dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunda nəzərdə tutulan digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir.

54. Göründüyü kimi, rəhbər vəzifəli şəxs olan məktəb direktorunun səlahiyyətlərindən sui-istifadə etməklə, bəzi şagirdlərin məktəbə mütəmadi və ya daimi olaraq gəlməmələrinə şəraitin yaradılması, bunun qarşısının alınmaması “Təhsilverənlərin etik davranış Qaydalarına” uyğun olmayaraq, məktəbdə işin, əmək və icra intizamının normal ahənginin, təhsil prosesinin səmərəli təşkilinin pozulması, son nəticə olaraq isə həm tədrisdə iştirak etməyən, həm də başqa şagirdlərin, həmçinin məktəb kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurulması kimi qiymətləndirilə bilər.

55. Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsində göstərilən “ziyan” anlayışı yalnız maddi ziyanı ehtiva etmir. Belə ki, uşaqların mütəmadi olaraq təhsildən yayınmasına şəraitin yaradılması ümumi təhsil sisteminin nüfuzuna, müəllim və valideynlərin arasındakı münasibətlərə qeyri-sağlam və mənfi təsir göstərə, son nəticədə iddiaçının vəzifə öhdəliyini lazımi qaydada yerinə yetirməməsi və ya qəsdən yerinə yetirməkdən yayınması işəgötürənin işgüzar nüfuzunun zədələnməsi ilə nəticələnə bilər.

56. Cavabdeh apellyasiya şikayətində bununla bağlı dəlillərini irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallarla bağlı hər hansı araşdırma aparmamış, ümumi ifadələrlə apellyasiya şikayətini rədd etmişdir.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin bu qaydada əsaslandırılmış qətnaməsi Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 218.1, 372.2, 392.1.5-ci maddələrinin tələblərinə uyğun olmamışdır.

58. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

59. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı” iş üzrə ## ###### 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

60. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

61. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

62. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 372.2-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar